Məhkəmə qərarları › İş №2(103)-1132/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1132/2023

22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1132/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın ödənilməsi” barədə iddiasına dair mülki iş üzrə (Açar sözlər: mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X16 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, iddiaçının qanuni nümayəndəsi X10, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5368/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. X4 Qaz İstismar idarəsinin 3 saylı Qaz istismar sahəsinin ustası işlədiyi vaxt Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ərazisində yerləşən X8 evinin arxasındakı adsız küçədən keçən qaz kəmərinə dövri baxış keçirməmiş, onun cihazla texniki yoxlanmasını aparmamış, texniki vəziyyəti müayinə etməmiş, eləcə də qaz xəttinin dövrlər üçün cari və əsaslı təmirini yerinə yetirməmiş, yerüstü qaz xəttinin yoxlanılması zamanı qazın sızmasını, kəmərin əyilməsini, yastılanmasını, zədələnməsini aşkar etməmiş, kəmərin paslanmadan qabağını almaq üçün rənglənməsini təmin etməmiş, kəmərin torpağın altında olduğu təqdirdə kəmər boyu xarici əlamətlər üzrə və cihazlarla qaz sızmasını aşkar etməmiş, qaz kəmərinin yoxlanılmasının nəticələrini qeyd dəftərində yazılmasını təmin etməmiş, qaz kəmərində nasazlıqlar olduğu təqdirdə bu barədə müvafiq qaydaya uyğun aktlar tərtib etməmiş, yeraltı qaz kəmərinin cihazla texniki yoxlanılmasında zədələnmə və qazsızma yerlərini aşkar etməmiş, həmin qaz kəmərinin gələcək istismarının mümkünlüyü, onun yerdəyişməsi və ya təmir zərurəti, habelə müddəti haqqında qərar qəbul etməməklə 01 oktyabr 2005-ci il tarixdə təsdiq olunmuş «X1ydaları» nın 3.3.5, 3.3.6, 3.3.7, 3.3.8, 3.3.10, 3.3.12, 3.3.19 və 3.3.27-ci bəndlərinin tələblərini, 26 iyun 1979-cu ildə təsdiq olunmuş «X3ydaları» nın 9.29, 9.30, 9.36, 9.44, 9.45, 9.47 və 9.50-ci bəndlərinin tələblərini, xx.xx.1987-ci il tarixdə təsdiq olunmuş «Tikinti norma və qaydalarının» 4.17 və 4.22-ci bəndlərinin tələblərini, 21 dekabr 2005-ci ildə təsdiq olunmuş «X9 İstismar qaydaları»nın 3.3-cü bəndlərinin tələblərini pozmuş, nəticədə 23 yanvar 2008-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsində yaşayan X8 evinin arxasından divarın dibi ilə adsız küçə istiqaməti boyu keçən qaz kəmərindən evin zirzəmisinə, sonra isə yataq otağına təbii qaz sızmasından partlayış baş verərək yanğın olmuş, Zaur Abbasov sifətinin, hər iki yuxarı və hər iki aşağı ətraflarının, gövdənin arxa səthinin 2-3 «a» və 4 «b» dərəcəli termiki yanğın təsirindən aldığı bədən xəsarətlərindən xx.xx.2008-ci il tarixdə, arvadı Günel Dadaşova başın tüklü hissəsi və süd vəziləri istisna olmaqla bütün bədən səthinin 2-3 «a» və 4 «b» dərəcəli termiki alov yanığından aldığı bədən xəsarətlərindən xx.xx.2008-ci il tarixdə ölmüş, Arzu Abbaszadə bədən səthinin 12- 14%, İddiaçı isə bədən səthinin 18- 20% hissəsinin 1-3 dərəcəli termiki yanıqları nəticəsində hər ikisi həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq bədən xəsarətləri almış, evin və müxtəlif təyinatlı əşyaların yanıb məhv olması nəticəsində zərərçəkmişlərə 7.000 manatdan artıq məbləğdə maddi ziyan dəymişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-149/2009 saylı, 24 iyun 2009-cu il tarixli hökmünə əsasən X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, 1 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh İB-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səhhətinə yetirilmiş xəsarətlərə görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 100.000 manat, valideynlərinin faciəvi şəkildə həlak olması nəticəsində vurulmuş mənəvi zərərə görə 400.000 manat, ümumilikdə 500.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırmışdır ki, cavabdehin işçisinin təqsiri üzündən ona mənəvi zərər vurulmuşdur. Belə ki, X18 idarəsinin 3 saylı Qaz İstismar idarəsinin 3 saylı Qaz istismar sahəsinin ustası işləmiş X12 Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ərazisində yerləşən, atasının evinin arxasındakı küçədən keçən qaz kəmərinə dövrü baxış keçirmədiyindən, onun cihazla texniki yoxlamasını aparmadığından, texniki vəziyyətini müayinə etmədiyindən, qaz xəttinin dövrlər üzrə cari və əsaslı təmirini yerinə yetirməyərək yerüstü qaz xəttinin yoxlanılması zamanı qazın sızmasını, kəmərin əyilməsini, yastılanmasını, zədələnməsini aşkar etmədiyindən, kəmərin paslanmadan qabağını almaq üçün rənglənməsini təmin etmədiyindən, kəmərin torpağın altında olduğu təqdirdə bu barədə müvafiq qaydaya uyğun aktlar tərtib etmədiyindən, yeraltı qaz kəmərinin cihazla texniki yoxlanılmasında zədələnmə və qazsızma yerlərini aşkar etmədiyindən, həmin qaz kəmərinin gələcək istismarının mümkünlüyü, onu yerdəyişməsi və ya təmir zərurəti, habelə müddəti haqqında qərar qəbul etmədiyindən, həmin qaz kəmərindən evlərinin zirzəmisinə, sonra isə yataq otağına təbii qaz sızmasından 23 yanvar 2008-ci il tarixdə saat 03 radələrində partlayış baş vermiş, nəticədə həyat üçün təhlükəli olan ağır dərəcəli, yəni bədən səthinin 12-14 faiz hissəsinin 2-3 dərəcəli termiki yanıq xəsarətləri almış, atası Zaur Abbasov və anası Günel Dadaşova isə aldıqları həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq xəsarətlərindən həlak olmuşlar. Cavabdehin işçisi olmuş X7 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsi onun həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq xəsarətləri almağına, valideynlərinin ölümünə, həmçinin evlərinin məhv olmasına səbəb olduğundan, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkəməyə verilmişdir. Binəqədi Rayon Məhkəməsinin 1(001)-149/2009 saylı 24 iyun 2009-cu il tarixli hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin 1(001)-149/2009 saylı, 24 iyun 2009-cu il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Partlayış və yanğın baş verərkən, o, 4 ayı tamam olmamış bir körpə idi. Yanıq şoku ilə müşayiət olunan, üzün, burunun, alt çənənin, boyunun, hər iki əlin üst səthlərinin geniş sahəli termiki yaraları, sağ əlin beşinci barmağının proksimal falanqadan və 4-cü barmağın distal falanqadan ayrılması ilə müşayiət olunan yanıq yaraları, yuxarı tənəffüs yollarının yanıqları, bədən səthinin 12-14% hissəsinin 2-3 dərəcəli termiki yanıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətləri ona davamlı iztirab yaşadır. Həmin xəsarətlərə görə başqa insanların ona qarşı münasibətlərini görəndə sarsılır, iztirab, əzab çəkir və hər gün valideynlərinin faciəvi şəkildə ölməsini xatırlayır. Bütün bunlar onu çox sarsıdır, yaşama həvəsini azaldır, mənəvi hüzurunu pozur.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(011)- 5368/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 70.000 (yetmiş min) manat məbləğində, səhhətinə vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində, cəmi 100.000 (yüz min) manat məbləğində pul vəsaiti Cavabdehndən alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdehndən 390 (üç yüz doxsan) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının bədən səthinin 18-20% hissəsinin 1-3 dərəcəli termiki yanıqlar nəticəsində həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq bədən xəsarətinin alması və valideynlərinin ölmələri ilə nəticələnmiş yanğın hadisəsi baş vermişdir. İddiaçı anasının və atasının ölümü, habelə özünün sağlamlığın həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq bədən xəsarətinin alması nəticəsində mənəvi sarsıntı keçirmişdir. Buna görə də, iddiaçının həm valideynlərinin ölümü, həm də xarici görünüşündə yaranan xəsarətin izləri ilə bağlı yaşanan stres, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ var. İddiaçının öz valideynlərini itirməsi onun üçün həyatındakı ən sarsıdıcı hadisədir. Onda kədər, xəyal qırıqlığı, qəzəb, mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaradır. Belə ki, valideynini ələlxüsus hər iki valideynini itirən uşaqlarda güvən duyğusunun zədələnməsi, sevgi çatışmamazlığı, hüzn kimi bir sıra emosional problemlər yarana bilir. Çünki valideynlərin itkisi uşaq böyüdükçə və özünü dərk etməyə başladıqca onun həyatında daha çox boşluq hissinin yaşamasına səbəb olur. Həmçinin yanıq xəsarətləri nəticəsində iddiaçının xarici görünüşündə yaranan qüsurlar onun sosial həyatında daima sıxıntı yaşamasına səbəb olur. İddiaçının ən yaxın ailə üzvü hesab edilən valideynlərinin ölümü və sağlamlığına vurulmuş xəsarətlərlə bağlı, onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1, 1099.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il tarixli qərarına, Nyu-York Apellyasiya Məhkəməsi “McDougald v. Garber” işi üzrə 1989-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, 2(011)-5368/2022 saylı qətnamənin ləğv edilməsi, İddiaçı qanuni nümayəndəsi, babası X15 tərəfindən Cavabdeh İB-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə təqdim edilmiş iddia ərizəsinin təmin edilməməsi, apelyasiya şikayətinin verilməsi ilə əlaqədar Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçıdan tutularaq Cavabdeh İB-yə ödənilməsini xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1(001)-149/2009 nömrəli cinayət işinin məhkəmə istintaqı zamanı ölmüş zərərçəkmiş şəxslərin hüquqi varisi qismində iştirak etmiş və hazırki mülki iş üzrə də iddiaçı şəxs olan İddiaçı xx.xx.2008-ci il tarixindən etibarən qəyyumu təyin olunmuş babası X5 Rayon Məhkəməsində vermiş olduğu izahatının sonunda dəymiş maddi ziyan kimi 4.000 manat məbləğində ona pul ödənildiyini, Ruslan Piriyevə qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını qeyd etmişdir. Bu barədə məhkəməyə yazılı ərizəsini və xx.xx.2009-cu il tarixli qəbzi təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasınının xx.xx.2019-cu il tarixli, 2(102)-5356/2019 nömrəli Qərarında müəyyən olunur ki, cavabdeh X7 təqsirli hərəkətləri nəticəsində ölmüş zərərçəkmiş şəxslərin hüquqi varisi və hazırki iş üzrə iddiaçının qanuni nümayəndəsi olan X15 Cavabdeh İB-yə qarşı mənəvi ziyanın ödənilməsi tələbi ilə əvvəllər ayrıca olaraq məhkəməyə müraciət etmiş və Ali Məhkəmənin həmin qərarına əsasən iddiaçı X13 qızının və kürəkəninin həlak olması, nəvələrinin ağır dərəcəli bədən xəsarətləri alması, nəvələrini atasız və anasız böyütmək məcburiyyətində qalması, azyaşlı qız nəvələrinin ağır dərəcəli yanıq xəsarətləri almış olmaları səbəbindən Cavabdeh tərəfindən ödəniləcək mənəvi ziyanın məbləği 70.000 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2008-ci il tarixində iddiaçının ailəsinə məxsus mənzildə baş vermiş yanğın nəticəsində ölmüş zərərçəkmiş şəxslərin hüquqi varisi qismində cinayət işində iştirak etmiş və hazırki mülki iş üzrə də iddiaçı şəxs olan İddiaçı xx.xx.2008-ci il tarixindən etibarən qəyyumu təyin olunmuş babası X13 təqsirləndirilən şəxs tərəfindən (iş yeri Cavabdeh İB tərəfindən) dəymiş maddi zərərin əvəzi qismində xx.xx.2009-cu il tarixində 4.000 manat pulun ödənilmiş olduğunu, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və iddiasının olmamasını, tərəflərin hələ 13 il bundan əvvəl razılıq əldə etməklə barışmalarını, habelə qızı və kürəkənin ölümü ilə barabər azyaşlı qız nəvələrinin yanıq xəsarətləri almış olmaları səbəbi ilə Cavabdeh İB-dən 70.000 manat mənəvi ziyan məbləğində ödənişin edilməsi kimi işin diqqətəlayiq və konkret hallarını Xətai Rayon Məhkəməsi nəzərə almamışdır. Məhkəmə qətnamə qəbul edən zaman yuxarıdakı halları, ələxsus da iddiaçının ailə üzvü və qəyyumu təyin olunmuş babasının ayrıca olaraq iddia qaldırmış olmasını, həmin iddiasında azyaşlı qız nəvələrinin səhhətində yaranmış yanıq izlərinə də istinad edərək mənəvi ziyan tələb edib Cavabdeh İB-dən 70.000 manat pul əvəzinin almış olmasını nəzərə almadan baxılan müvafiq mülki iş üzrə düzgün qənaətə gəlməmiş, ədalətli məhkəmə aktı qəbul etməmişdir. Nəticədə Xətai Rayon Məhkəməsi tərəfindən qanuni və əsaslı olmayan qətnamə qəbul etməklə iddiaçı tərəfin həddən artıq zənginləşməsinə, cavabdeh təşkilat Cavabdeh İB-nin isə maddi və əmlak vəziyyəti baxımından durumunun daha da pisləşməsinə səbəb olan yekun məhkəmə aktı qəbul edilmişdir. Nəzərə alsaq ki iddiaçı tərəfin ata və anasının ölümü, eləcə də səhhətində yaranmış yanıq izləri “Azəriqaz İB” əməkdaşının səhlənkarlığı nəticəsində baş vermişdir, Xətai Rayon Məhkəməsi zərərvuran şəxsin təqsirinin ehtiyyatsızlıqdan baş verməsi kimi işin diqqətəlayiq hallarını da nəzərə almamışdır. Xətai Rayon Məhkəməsi müvafiq mülki iş üzrə bu kimi diqqətəlayiq və konkret halları da nəzərə almadan, hökmdə göstərilən işin həqiqi hallarını ətraflı tədqiq etmədən “Azəriqaz İB”-nin üzərinə 100.000 manat kimi yüksək məbləğdə mənəvi zərər əvəzinin iddiaçı tərəfə ödənilməsi öhdəliyini qoyması düzgün və ədalətli deyildir. Zərər məbləğinin ağlabatan və ədalətli olmasını, eləcə də iddiaçının qanuni nümayəndəsi olan babasının Cavabdeh İB-dən ayrı-ayrılıqda 4.000 manat məbləğində maddi və 70.000 manat məbləğində mənəvi zərərin əvəzini almış olduğunu nəzərə alsaq, bu baxımdan hazırki iş üzrə qəbul edilmiş qətnamə ədalətli deyil, qəbul edilmiş mənəvi zərərin məbləği də ağlabatan olmamışdır. Xətai Rayon Məhkəməsi iddiaçının səhhətinə vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsini qət etmişdir. İddiaçının qəyyumu təyin olunmuş babasının insani və vicdani hissləri, gərəkki onun “Azəriqaz İB”-dən ümumilikdə aldığı 74.000 manat məbləğində pulun müəyyən bir qismini nəvəsi olan iddiaçının sağlamlığına xərcləməsini tələb edirdi. Lakin görünən odur ki, qanuni nümayəndə təyin olunmuş baba nəvəsinin sağlamlıq qeydinə qalmır və vicdansızcasına nəvəsinin adından təkrardan Cavabdeh İB-yə qarşı qanuni nümayəndə qismində iddia qaldırır. Bu kimi səbəblərdən iddiaçının qanuni nümayəndəsi tərəfindən qaldırılmış iddianı da əsassız hesab edirik və iddiaçının babasının müraciətini əsassız varlanmağa yönəlmiş müraciət kimi qəbul edirik. Müvafiq iş üzrə İddiaçı ailə üzvünə, qəyyumu təyin olunmuş babasına “Azəriqaz İB” tərəfindən kifayət qədər mənəvi zərər məbləğinin ödənilmiş olması səbəbindən iddiaçının yardım və digər qulluq növlərinə möhtac olması sübut olunmur. İddiaçı tərəfin hazırda 15 yaşı olduğunu nəzərə alsaq və hadisənin üzərindən də ötüb keçən 15 il ərzində iddiaçının üzərindən də ötüb keçən 15 il ərzində iddiaçının mənəvi zərər çəkmiş olduğunu iddia etdiyini nəzərə alsaq, ən azından bir dəfə iddiaçı gərəkki istinad etsin. Baş vermiş hadisənin onda yaratmış olduğu psixoloji stressin aradan qaldırılması məqsədilə nə zamansa dövlət və ya özəl xəstəxanada, habelə ibtidai təhsil aldığı məktəbdə psixoloji qeydiyyatdan keçmiş, psixoloq müayinəsi almış və s. kimi hərəkətlər etmişdir. İddiaçı tərəfin 15 il müddət ərzində psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmiş olması, sözdə deyilənlərdən başqa hər hansı bir formada sübut olunmamışdır. Hərçəndki 15 il öncəsində iddiaçının qanuni nümayəndəsi olan babası X15 ilə cavabdeh təşkilatın təqsirləndirilən əməkdaşı arasında razılıq əldə edilib barışığa nail olunmuşdur, əldə edilmiş barışığa da sadiq qalmayaraq daha sonradan 2019-cu il tarixində “Azəriqaz İB”-dən 70.000 manat mənəvi zərərin əvəzini almışdır, hesab edirik ki bundan sonra iddiaçının qanuni nümayəndəsi olan babasının nəvəsi adından mənəvi zərər tələb etməsi iddiası əsassızdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. O həmçinin bildirmişdir ki, sözügedən hadisə ehtiyatsızlıqdan baş vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilən zaman nəzərə alınmamış iş üzrə bir sıra halların, belə ki, zərərçəkmiş şəxslərin hüquqi varisinə ödənilmiş 4.000 manatın, eyni zamada məhkəmə qətnaməsi əsasında 70.000 manatın verilməsi kimi halların nəzərə alınmasını, cavabdeh olaraq onların da iqtisadi və əmlak vəziyyətinin nəzərə alınaraq təmin olunmuş məbləğin miqdarının azaldılmasını, Konstitusiya Məhkəməsinin Qərarına əsasən digər ailə üzvlərinin də iddia qaldırmaq hüququna malik olmasını, bu məhkəmə prosesindən sonra digər bacısının da iddia qaldıra bilməsinin nəzərə alınmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi X15 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, öhdəliyində iki uşaq vardır, mübahisə predmeti olan pul məbləği onların gələcəyinin təminatıdır.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində cinayət işinə baxılarkən təqsirləndirilən şəxsin təqsirinin nəticəsi olaraq 4000 manat müqabilində barışıq əldə olunmuşdur. Hal-hazırda isə mənəvi ziyan cavabdeh təşkilatdan tələb olunur. Bundan başqa birinci dəfə Dadaşov Şahin özünə münasibətdə dəymiş mənəvi ziyanın tutulmasını xahiş etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə 70000 manat məbləğində iddia qismən təmin olunmuşdur. Hal-hazırda İddiaçıdır və özünə münasibətdə dəymiş ziyanın ödənilməsini xahiş edir. Belə ki, iddiaçı hadisə nəticəsində valideynlərini itirməsi, sağalmayan xəsarətlər alması, səhhətində kobud olan yaraların əmələ gəlməsinə görə daimi olaraq mənəvi iztirab çəkməsinə əsaslanaraq iddia irəli sürmüşdür. İddiaçı qız uşağıdır, gələcək həyatı vardır və müəyyən maddi təminatı olmalıdır. Cavabdeh təşkilatın işçisinin təqsiri nəticəsində iddiaçının başına bu hadisə gəlmişdir və bu səbəbdən iddiaçının bu iddianı irəli sürməyə haqqı vardır.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, tələb olunan məbləğ babası üçün deyil özü üçündür, dəymiş mənəvi zərərin qarşılanmasına görədir.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

19. 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

21. 1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

22. 1099.1-ci və 1099.2-ci maddələrinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

23. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına əsasən şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Həmin qərara əsasən mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.

“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına əsasən

25. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

27.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsinə əsasən mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.

32. İş materiallarından göründüyü kimi hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.2 və 1099-cu maddələri təşkil edir. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri. Bundan başqa qeyd edilməlidir ki, qanunvericilikdə zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları da nəzərdə tutulmuşdur. Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı zərər vurmalı, yəni işçinin hərəkətlərində (hərəkətsizliyində) hüquqi və ya fiziki şəxsin fəaliyyəti ifadə olunmalı, o, əmək müqaviləsi və ya mülki hüquqi müqavilə üzrə iş görməli və müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməlidir.

33. Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən hüquqi və ya fiziki şəxsin işçisinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir.

34. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin (işçisinin törətdiyi əmələ görə) qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Belə ki, hökmlə müəyyən edilmiş bu faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz.

35. Beləliklə, Cavabdeh İB-nin əməkdaşı X12 vəzifə öhdəliklərini düzgün icra etmədiyinə görə iddiaçının valideynləri vəfat etmiş, özü isə bədən səthinin 18-20% hissəsinin 1-3 dərəcəli termiki yanıqları, yəni həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq bədən xəsarətləri almışdır. İddiaçının baş vermiş hadisə nəticəsində valideynlərin ölməsi və dərisində aradan qaldırılması mümkün olmayan yara izlərinin mövcud olması ilə əlaqədar mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı, yaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən səmimi münasibətinin və mənəvi yaxınlığının olması, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraitinin nə dərəcədə dəyişmiş olması, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

37. Şərh olunanların məcmusunu nəzərə almaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalması nəticəsinə əsaslı olaraq gəlmişdir. Bundan başqa kollegiya qeyd edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 100.000 (yüz min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan, ədalətli və mütənasib əvəzi kimi qəbul edilə bilər. Belə ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.

38. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi iddiaçının qanuni nümayəndəsi X10 “Azəriqaz İB”- dən ayrı-ayrılıqda 4.000 manat məbləğində maddi və 70.000 manat məbləğində mənəvi zərərin əvəzini almış olmasına dair dəlili ilə bağlı məhkəmə kollegiyası “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına istinadən qeyd edir ki, vəfat edənin mənəvi sarsıntı keçirmiş hər bir ailə üzvü keçirdiyi mənəvi iztirabın və zərərçəkmişlə (ölmüş şəxslə) yaxınlıq dərəcəsinə müvafiq olaraq digər ailə üzvləri ilə birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrı-ayrılıqda da müəyyən edilə bilər. Belə ki, Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.

39. İddiaçının baş vermiş hadisə nəticəsində öz valideynlərini itirməsi və sağlamlığına dəymiş zərər ucbatından keçirdiyi mənəvi iztirablarla əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, hazırda iddiaçı verdiyi iddiada hadisə ilə bağlı məhz onun keçirdiyi sarsıntı və iztirablar, fiziki əzab, fəal ictimai həyatının davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətini itirməsi, sağlamlığa zərər vurulması və s. nəticəsində yaranmış zərərin əvəzinin ödənilməsini tələb edir, bu tələb hüququ onun həmin hüquqların daşıyıcısı olmasına əsaslanır və bunun babasının bir valideyn və baba olaraq keçirdiyi mənəvi iztirablara, mənəvi zərər olaraq aldığı pul məbləğinə heç bir aidiyyəti yoxdur. Bu baxımdan da, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar hazırki iddianın qanuni əsasının mahiyyətinə ziddir və məhkəmə kollegiyası tərəfindən nəzərə alına bilməz.

40. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

42. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 43.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5368/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar