Məhkəmə qərarları › İş №2(103)-11362/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11362/2021

10.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11362/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən barət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Ofelya Rəhimovanın iştirakı ilə, İddiaçı Cavabdeh1 Petrovnaya qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 22.07.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflər keçmiş ər-arvaddır. Onların nikahı 21.08.2007-ci il ildə bağlanıb, Yasamal RM-nin 06.02.2019-cu il tarixli qətnaməsi ilə pozulub. Nikahdan 4 uşaq var. Nikahın pozulmasından sonra uşaqlar ananın yanında qalıb. Hazırkı mübahisə Nəsimi rayonu, Bakıxanov küçəsi, ev № 26 “A”-da yerləşən 43 №-li mənzilə bağlıdır (bundan sonra – mənzil). Mənzil dövlət reyestrində iddiaçının mülkiyyəti kimi qeydə alınıb. 06.12.2018-ci ildə mənzilin 2/3 hissəsinə dair iddiaçı (hədiyyə verən) ilə cavabdeh (hədiyyə alan) arasında notariat qaydasında bağışlama müqaviləsi bağlanıb. Bundan 2 ay sonra isə nikahın pozulması barədə qətnamə qəbul olunub. Tələb və onun həlli: İddia ərizəsində bağışlama müqaviləsinin əvvəlcə etibarsız sayılması tələb olunub, lakin sonradan iddia dəyişdirilib, müqavilənin ləğv edilməsi tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, müqavilə ləğv edilsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Ofelya Rəhimova apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Qətnamənin yoxlanılması: İddianın 4 əsası var, lakin həmin əsasların heç biri iddianın təmin edilməsinə səbəb ola bilməz. Məhkəmə həmin əsaslara münasibətdə ardıcıllıqla aşağıdakıları qeyd edir. 1-ci əsas barədə: İddianın 1-ci əsası ondan ibarətdir ki, bağışlama müqaviləsi aldatma nəticəsində bağlanıb. İddaçı aldatmanı belə izah edir ki, müqavilənin bağlandığı ərəfədə cavabdeh ondan boşanmaq istəmişdir. Cavabdeh ona bildirmişdir ki, mənzilə dair bağışlama müqaviləsi bağlayacağı təqdirdə onunla barışıb bir ailə kimi yaşaya bilər. O, cavabdehə inanmış, ailənin qorunub saxlanması üçün bağışlama müqaviləsi bağlamış, lakin müqavilə bağlandıqdan sonra cavabdeh ondan boşanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, birinci, aldatma sübut olunmur. Cavabdeh bildirir ki, iddiaçıya belə vəd verməyib, iddiaçı isə ona belə vədin verildiyini təsdiq edən sübut təqdim edə bilmir. İkinci, Mülki Məcəllənin 339.2-ci maddəsindən görünür ki, aldatma müqavilənin ləğv edilməsi deyil, etibarsız sayılması üçün əsasdır. Hazırkı işdə müqavilənin ləğvi tələb olunub. 2-ci əsas barədə: İddianın 2-ci əsası ondan ibarətdir ki, cavabdeh bağışlama ilə bağlı öhdəliyi əsassız olaraq icra etməmişdir, yəni cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, bağışlamanın müqabilində ailə münasibətlərini davam etdirəcək, lakin bağışlamadan sonra boşanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, birinci, Mülki Məcəllənin 670.1-ci maddəsindən görünür ki, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Mülki Məcəllənin 673.1.3-cü maddəsində isə qeyd olunub ki, hədiyyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Lakin belə öhdəliklər bağışlama müqaviləsi bağlanarkən razılaşdırılmalı və müqavilənin məzmununda qeyd olunmalıdır. Tərəflər bağışlama müqaviləsi bağlayarkən onun məmununda ailə münasibətlərinin davam etdirilməsi ilə bağlı hər hansı şərt və ya öhdəlik qeyd etməyiblər. İkinci, Ailə Məcəlləsinin 2.3-cü maddəsində nikaha verilmiş anlayışdan görünür ki, nikah könüllü ittifaqdır. Könüllülük əlaməti o deməkdir ki, heç kəs üçün nikahda qalmaq öhdəliyi müəyyən edilə bilməz. Əgər kimsə üzərinə belə öhdəlik götürsə, onun hüquqi əhəmiyyəti yoxdur. 3-cü əsas barədə: İddianın 3-cü əsası ondan ibarətdir ki, cavabdeh nikahı pozmaqla ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri iddiaçının barəsində pozub. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinə görə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Lakin nikahda çıxmaq (nikahı pozmaq) cavabdehin hüquqdur, hüququn həyata keçirməsi pozuntu kimi qiymətləndirilə bilməz. 4-cü əsas barədə: İddianın 4-cü əsası ondan ibarətdir ki, mənzil ər-arvadın ümumi mülkiyyətidir, odur ki, iddiaçı mənzilə dair cavabdehlə bağışlama müqaviləsi bağlaya bilməzdi. İddiaçı bunun hüquqi əsası kimi Mülki Məcəllənin 667.1-ci maddəsinin göstərişinə istinad edib. Bununla bağlı məhkəmə qeyd edir ki, 667.1-ci maddəyə görə fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Lakin hazırkı işdəki bağışlama müqaviləsi ər-arvadın öz arasında bağlanıb, ona görə də 667.1-ci maddənin göstərişi tətbiq edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 22.07.2019-cu il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh1 Petrovnaya qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi barədə” iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar