Məhkəmə qərarları › İş №2(103)-1138/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1138/2024

09.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1138/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2023-cü il tarixli qərardaddan cavabdeh Birliyin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh Birliyə qarşı irəli sürdüyü “mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiaya dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Birlik xx.xx.2023-cü il tarixdə Rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı (İş № 2(103)-5809/2023) ilə apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi, şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Cavabdeh Birlik həmin nöqsanı aradan qaldıraraq xx.xx.2023-cü il tarixdə Rayon Məhkəməsinin qətnaməsindən yenidən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Birliyin xx.xx.2023-cü il tarixdə verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Rayon Məhkəməsinin eyni tarixli digər qərardadı ilə cavabdeh Birliyin xx.xx.2023-cü il tarixdə verdiyi apellyasiya şikayəti qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh Birlik xx.xx.2023-cü il tarixdə Rayon Məhkəməsinin qətnaməsindən yenidən apellyasiya şikayəti vermişdir. Cavabdeh Birlik, eyni zamanda Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək apellyasiya şikayətinin verilməsi üçün onun tərəfindən ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamədən ilk dəfə vaxtında verilmiş apellyasiya şikayəti geri qaytarıldığı üçün prosessual müddət üzrlü səbəbdən ötürülmüş hesab edilməlidir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilməməsini, apellyasiya şikayətinin və ona əlavə olunan sənədlərin qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Birlik kifayət qədər böyük və təcrübəli şirkət olmasına baxmayaraq, ilk dəfə apellyasiya şikayəti verərkən yuxarıda göstərilən qanunvericiliyin apellyasiya şikayətinin elektron qaydada verilməli olmasına dair tələbinə riayət etməmişdir. Daha sonra elektron qaydada verdiyi apellyasiya şikayətinə (müddəti ötürülməsinə baxmayaraq) müddətin bərpası barədə ərizə əlavə etməmişdir. Prosessual müddətin ötürülməsinin məhz üzürlü səbəbdən baş verməsi müəyyən edilmir. Odur ki, hesab edilməlidir ki, cavabdeh Birlik qətnamədən apellyasiya şikayəti verilmə müddətini üzrsüz səbəbdən ötürmüşdür. Cavabdeh Birlik həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və verilmiş şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi əsassız olaraq qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəbdən ötürülməsini nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Mülki iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən iddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizə ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətə etiraz etmişdir. O, öz etirazını belə əsaslandırmışdır ki, cavabdeh Birlik hüquqi şəxs olduğundan və peşəkar hüquqşünaslar tərəfindən təmsil olunduğundan müddətin onun tərəfindən ötürülməsinin əsasları üzrlü hesab edilə bilməz. Cavabdeh Birlik qətnamənin icrasına süni əngəllər yaratmaq və müddəti uzatmaq məqsədilə bilərəkdən apellyasiya şikayətlərində nöqsanlara yol vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi cavabdeh Birliyin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yüklənmişdir. Cavabdeh Birlik ilk dəfə xx.xx.2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilmişdir. Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti forma və tələblərə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh Birlik yenidən apellyasiya şikayəti ilə (“müddətin bərpası barədə” vəsatət əlavə edilmədən) Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin şikayət də müddətin ötürülməsi əsası ilə Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh Birlik xx.xx.2023-cü il tarixdə artıq üçüncü dəfə apellyasiya şikayəti ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə, iş materiallarına əsasən belə qənaətə gəlir ki, Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Kifayət qədər böyük və təcrübəli olan, çoxsaylı hüquqşünas ştatına malik şirkət olan cavabdeh Birlik tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının istinad edilən səbəbi üzrlü hesab edilə bilməz. İddiaçının nümayəndəsinin (vəkilinin) şikayətə etirazının dəlilləri əsaslıdır. MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardad qanuni və əsaslıdır. Həmin qərardaddan cavabdeh Birliyin verdiyi şikayət əsassızdır – formal mülahizə xarakteri daşıyır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar