Məhkəmə qərarları › İş №2(103)-1138/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1138/2025

03.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1138/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «avtonəqliyyat hadisəsi zamanı vurulmuş zərərin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1865/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı Nərimanov RPİ-də verdiyi xx.xx.2023-cü il tarixli izahatında göstərib ki, o, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, "Ford Fujin" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Z.Bünyadov prospekti ilə üzü “Koroğlu” metrostansiyası istiqamətində sol 1-ci zolaqla hərəkətdə idi, bu zaman Z.Bünyadov prospektində onunla eyni zolaqda arxada hərəkət edən yük avtomobilinin sürətlə hərəkət etdiyini güzgüdən gördüyü üçün o, sağa manevr edərək hərəkət zolağını dəyişmək istədi, bu zaman ondan arxada hərəkət edən yük avtomobilinin sürücüsü də 2-ci hərəkət zolağına keçdi və onun avtomobilinin sağ arxa hissəsinə çırpıldı. O, zərbə nəticəsində 1-ci zolaqda dayanmış olan Hyundai markalı avtomobilə çırpıldıqdan sonra 2-ci zolaqda ondan qarşıda dayanmış digər yük avtomobilinin arxa hissəsinə çırpılmışdır. Hadisə zamanı xəsarət almışdır.

2. Cavabdeh1 Nərimanov RPİ-də verdiyi xx.xx.2023-cü il tarixli izahatında göstərib ki, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində o, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Daf” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 1-ci hərəkət zolağı ilə 60 km/saat sürətlə üzü “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edirdi. Bu zaman onunla eyni zolaqda qarşıda hərəkət edən avtomobil yolda hərəkət sıxlığı olduğu üçün hərəkət sürətini azaltdı, o, da avtomobildə yük olduğundan sürətini azaltmaq istədi və avtomobili dayandıra bilmədiyi üçün sağ zolağa keçdi və onun qarşısındakı avtomobil də zolağı ikinci hərəkət zolağına keçirdiyindən, o, ara məsafəsini düzgün saxlamadığından, eyni zamanda avtomobildə olan yükün həcmini və tormozlanma gücünü nəzərə almadığı üçün avtomobili dayandıra bilməyib qarşısında hərəkətdə olan “Ford Fujin” markalı avtomobilin arxa hissəsinə çırpıldı. Zərbədən “Ford Fujin” markalı avtomobilin sürücüsü 1-ci zolaqda dayanmış olan “Hyundai” markalı avtomobilə çırpıldıqdan sonra 2-ci zolaqda ondan qarşıda dayanmış digər yük avtomobilinin arxa hissəsinə çırpılmışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-431/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır.

4. "Ford Fujin" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı, “DAF FT ** XF ***" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Ford Fujin" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın əvəzi olaraq 22905 (iyirmi iki min doqquz yüz beş) manatın və 5726,25 (beş min yeddi yüz iyirmi altı manat iyirmi beş qəpik) manat amortizasiya xərcinin, mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pulun və 190,9 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir..

6. İddiada göstərilib ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində etibarnamə əsasında idarə etdiyi, digər Cavabdeh2 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, “DAF FT ** XF ***" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində 1-ci hərəkət zolağı ilə 60 km/saat sürətlə üzü “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən qarşıda olan avtomobil ilə ara məsafəsini düzgün seçmədiyindən ona məxsus "Ford Fujin" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, daha sonra zəncirvari yol qəzası baş vermişdir. Baş vermiş qəza nəticəsində onda aşkar edilən xəsarətin dərəcəsini müəyyənləşdirmək məqsədilə məhkəmə tibbi-ekspertizası keçirilmiş, ekspert rəyinə əsasən onun xəsarəti sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Mirsaleh Cavadovun 20 yanvar 2024-cü il tarixli qərarı ilə Cavabdeh1 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Cavabdeh1 barəsində Nərimanov rayon DYPŞ-nin YNH üzrə inspektoru X2 tərəfindən 04 fevral 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-431/2024 saylı qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Ona məxsus “Ford Fujin” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcminin müəyyən olunması məqsədilə onun tərəfindən “Akay Auto” servis mərkəzinə müraciət edilmiş, avtomobilə texniki baxış keçirilmiş, xx.xx.2024-cü il tarixli qüsur aktı tərtib olunmuşdur. Həmin qüsur aktına əsasən, ona məxsus avtomobilin təmir-bərpa xərcinin 22905 manat olduğu müəyyən edilmişdir, ona görə də maddi ziyanın əvəzi olaraq 22905 manat tələb etmişdir. Bundan əlavə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 114.3.3-cü maddəsinin tələbinə əsasən amortizasiya olunan aktivlər üzrə illik amortizasiya norması nəqliyyat vasitələri üzrə 25 faizədək müəyyənləşdirilmişdir. Ona görə də əlavə olaraq maddi ziyan məbləğinin 25 faizi məbləğində, yəni 5726,25 manat həcmində amortizasiya xərcinin tutulmasını tələb edir. Eyni zamanda, qeyd edir ki, prosesin uzanmaması üçün ekspert rəyi ilə razılaşır və ekspert rəyində müəyyən edilmiş maddi ziyan məbləği ilə razıdır, həqiqətən avtomobilin təmiri çətin görünür, hazırki vəziyyətdə ona yeddi mindən artıq qiymət verən yoxdur. Həmçinin bildirir ki, baş verən hadisə onun sağlamlığına zərər vurmaqla yanaşı, əhəmiyyətli dərəcədə əsəb, gərginlik, stress, mənəvi sarsıntı keçirməsinə, şüurunda mənfi psixi reaksiyaya səbəb olmuşdur, hələ də klinik psixoloqun müalicəsinə ehtiyacı vardır, təmir işlərinin uzun müddət ərzində yekunlaşmaması, xərclərin kifayət qədər böyük həcmdə olması nəticəsində on bir ay ərzində avtomobilsiz olduğuna görə də mənəvi zərərə məruz qalmışdır. Hazırda mənəvi zərər məbləğini 5000 manat həddində qiymətləndirir. Hadisədə Cavabdeh1 təqsirli olduğu mübahisə doğurmur. Hadisədən sonra Cavabdeh1 özü bildirdi ki, digər Cavabdeh2 işçisidir. Ona görə də iddia tələbini işəgötürən kimi digər cavabdehə qarşı da yönəltmişdir. Hesab edir ki, Cavabdeh2 da işəgötürən kimi öz işçisinin vurduğu ziyana görə məsuliyyət daşıyır. Mübahisənin sülh yolu ilə həlli mümkün olmamış, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1865/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Hüseynov) iddia tələbinin qismən təmin edilərək Cavabdeh1 maddi ziyanın əvəzi olaraq 13600 (on üç min altı yüz) manat məbləğində, mənəvi ziyanın əvəzi olaraq 1500 (min beş yüz) manat məbləğində pulun və 86 (səksən altı) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi və iş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı 22 (iyirmi iki) manat, Cavabdeh1 28 (iyirmi səkkiz) manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, 20 dekabr 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə qüvvədə olan məhkəmə qərarına əsasən Cavabdeh1 təqsirli bilinmiş, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanın məbləğini dəqiq müəyyən etmək üçün ekspertiza keçirilmiş və ekspert rəyi alınmışdır, tərəflər də həmin ekspert rəyi ilə razı olduqlarını bildirmişlər. Qeyd olunanlara əsasən, iddiaçıya məxsus avtomobilə dəymiş maddi ziyan barədə iddia tələbi Cavabdeh1 münasibətdə ekspert rəyi ilə müəyyən edilmiş hissədə əsaslı hesab edilərək qismən, 13600 manat həddində təmin olunmalıdır. Eyni zamanda, ekspert rəyində avtomobilin normal vəziyyətdə bazar dəyəri ilə bağlı göstərilən məlumatlar və iddiaçının özünün izahatında avtomobilin hazırki dəyəri ilə bağlı qeyd olunan hallar, həmçinin amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normalarının mahiyyəti nəzərə alınmaqla, əlavə olaraq dəymiş ziyan məbləğinin iyirmi beş faizi həcmində amortizasiya xərcinin tələb edilməsi əsassız hesab olunmalıdır. Ona görə də iddia tələbi maddi ziyan hissəsində Cavabdeh1 münasibətdə 13600 manat həcmində əsaslı hesab olunaraq təmin edilməlidir. Bundan əlavə, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də qismən əsaslı hesab olunmalı, Cavabdeh1 təqsiri səbəbindən iddiaçının sağlamlığına yüngül zərərin vurulması, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, klinik psixoloji müalicəsi alması, yaşadığı stress və gərginliyin başadüşülən olması nəzərə alınaraq, Cavabdeh1 mənəvi zərərin əvəzi kimi 1500 manat məbləğində pulun tutulması qanuni və ədalətli hesab olunmalıdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 8-ci bəndində izah olunmuşdur ki, mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bununla yanaşı, mülki iş üzrə sübutlara əsasən məhkəmə müəyyən edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Cavabdeh1 Cavabdeh2 işçisi olması və onların arasında əmək münasibətlərinin olması barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir, bu barədə iddiaçının və Cavabdeh1 izahatları isə digər izahatlar, şahidlərin ifadələri, habelə Cavabdeh1 əmək müqaviləsi üzrə başqa işəgötürənin işçisi olması barədə çıxarışla təkzib olunur. Həmçinin, Cavabdeh1 hadisədən sonra nə polisə, nə də məhkəməyə verdiyi izahatlarında bu barədə hər hansı məlumat verməmişdir. Ona görə də Cavabdeh2 hazırda işəgötürən qismində məsuliyyətə cəlb edilməsi əsaslı hesab oluna bilməz. Digər tərəfdən, hadisə zamanı Cavabdeh1 nəqliyyat vasitəsinə etibarnaməyə əsasən sahiblik etdiyindən, Cavabdeh2 mülkiyyətçi qismində də məsuliyyətə cəlb edilməsi əsaslı hesab oluna bilməz. Ona görə də iddia tələbinin Cavabdeh2 münasibətdə təmin olunması üçün hüquqi əsas mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə tam təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, Mülki Məcəllənin 1097.3-cü maddəsinə əsasən, dəymiş ziyan avtonəqliyyat vasitəsinin mülkiyyətcisi tərəfindən ödəniliməli idi. Bundan əlavə, məhkəmə iddiaçının avtonəqliyyat vaitəsinin qəzadan öncəki qiyməti ilə indiki real bazar qiyməti arasında olan fərqi hesablanması barədə ekspert qarşısında sual qoymalı və həmin məbləğin ödənilməsini təmin etməli idi. Hesab edir ki, məhkəmə işi tam araşdırmamış və iş üzə formal qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın tam təmin edilməsini xahiş etdi. Həmçinin məhkəmə iclasında təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Cavabdeh1 və cavabdeh X1 arasında mülki hüquq münasibətləri mövcud olmuşdur, sonuncunun göstərişi əsasında Cavabdeh1 Natiqə aid olan avtonəqliyyat vasitəsini idarə etmişdir. Azərbaycan Respublikasnın Mülki Məcəlləsinin 777-ci maddəsinə əsasən, tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanıla bilər. Avtomobilin Cavabdeh2 aid olması və onun göstərişi əsasında Cavabdeh1 tərəfindən idarə edilməsi tərəflər arasında mülki hüquq münasiblətlərinin mövcudluğunu təsdiq edir və Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, iddia tələbi Cavabdeh2 aid edilməlidir. Bundan əlavə, məhkəmə iddiaçının avtonəqliyyat vasitəsinin qəzadan öncəki qiyməti ilə indiki real bazar qiyməti arasında olan fərqi hesablanması barədə ekspert qarşısında sual qoymalı və həmin məbləğin ödənilməsi təmin etməli idi.

11. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinin digər cavabdehə münasibətdə təmin olunmasına etiraz etmədi.

12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli qərarına əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqress tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.

15. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilmədiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

23. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edilmədiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddiaçının mübahisələndirdiyi hissədə iddia haqlı sayılmır.

24. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin digər cavabdehə münasibətdə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, iddiaçı şikayətində Mülki Məcəllənin 1097.3-cü maddəsinə əsasən, dəymiş ziyan avtonəqliyyat vasitəsinin mülkiyyətcisi tərəfindən ödəniliməli olduğunu göstərməsi həmin dəlillərin həqiqi və sübutlarla təsdiq olunduğuna dəlalət etmir. Əvvəla nəqliyyat vasitəsinin Cavabdeh2 istifadəsində və sahibliyində olmaması işin mübahisəsiz halıdır. Çünki mülkiyyətçi olsa da, avtomobili qanuni əsaslarla, yəni etibarnamə ilə iddiaçının istifadəsinə vermişdir. Demək ki, yol nəqliyyat hadisəsi baş verən zaman avtomobil qanuni əsaslarla sahibliyindən və istifadəsindən çıxmışdır. Ona görə də qanuni əsaslarla avtomobili idarə edərək yol nəqliyyat hadisəsi törətmiş Cavabdeh1lə yanaşı Cavabdeh2 mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməzdi. Başqa sözlə, Cavabdeh1 hadisə baş verən zaman nəqliyyat vasitəsini qanuni əsaslarla sahiblik və istismar etdiyindən Mülki Məcəllənin 1108.1-ci maddəsinin 2-ci cümləsində olan normanın tələbinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi onunla yanaşı digər cavabdehin üzərinə qoyula bilməz. Mülki Məcəllənin 1097.3-cü maddəsinin dispozisiya şərtləri Cavabdeh2 həmin maddə ilə mülki hüquqi məsuliyyətə cəlb edilməsinə əsas vermir.

25. Bununla yanaşı, hazırkı iddia üzrə Cavabdeh2 Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən mülki hüquqi məsuliyyətə cəlb edilə bilməz. Çünki Cavabdeh1 onun işçisi olmamışdır. Əksinə Cavabdeh1 apellyasiya baxışı zamanı izahatından bəlli oldu ki, Cavabdeh2 avtomobilin mülkiyyətçisi olsa da icarə haqqını sonuncunun qardaşı Namiqə verib və Natiqin tapşırığı ilə hər hansı bir işi yerinə yetirməmişdir. Bu halın özü də Cavabdeh2 avtomobilin mülkiyyətçisi olsa da mülki hüquqi məsuliyyət daşmasını istisna edir.

26. Apellyasiya şikayətinin digər dəlili olan avtonəqliyyat vasitəsinin qəzadan öncəki qiyməti ilə indiki real bazar qiyməti arasında olan fərqi hesablanması barədə ekspert qarşısında sual qoyulması və həmin məbləğin ödənilməsininin təmin edilməməsi ilə bağlıdır. Məhkəmə tərkibi bu hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bu dəlil üzrə də şikayəti əsaslı hesab etmir. Çünki ekspertiza rəyi ilə iddiaçının məruz qaldığı zərərin real məbləği müəyyən edildiyindən həmin miqdarda da təmin edilmişdir.

27. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 1865/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1865/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar