Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1139/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı mülki iş (Açar sözlər: «mənəvi zərər») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4121/2024 saylı, 04 noyabr 2024cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı xx.xx.1975-ci il tarixdə Saatlı rayonunda doğulmuşdur. İndiki Səfərbərlik və Hərbi Xidmətə Çağmş üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış xx.xx.2021-ci il tarixli 038 saylı əmrə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının 130978 saylı xx.xx.2023-cü il tarixli vəsiqəsinə əsasən İddiaçı müharibə veteranıdır.
3. Saatlı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı 2017-ci il tarixdən “şəkərli diabet İİ tip ağır forma insulin tələbli” diaqnozu ilə qeydiyyatdadır.
4. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-73/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilib ki,... 30 may 2017-ci il tarixdə dəstənin digər üzvləri tərəfindən sorğusual edilməsi üçün Beyləqan rayonu Daşburun qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin əvvəllər hauptvaxt kimi, həmin vaxt isə əşya anbarı kimi istifadə edilən köhnə tikilisinə gətirilmiş N nömrəli hərbi hissənin həmlə taborunun 2-ci bölüyünün baş çavuşu İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı ilkin təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq mütəşəkkil dəstənin adları qeyd edilən üzvləri və qeyriləri ilə birlikdə İddiaçı əllərini və gözlərini bağlamaqla onda psixoloji qorxu yaradaraq onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə onu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Beyləqan rayonu Daşburun qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin əvvəllər hauptvaxt kimi həmin vaxt isə əşya anbarı kimi istifadə edilən köhnə tikilisində silah və silah qismində istifadə edilən əşyadan istifadə etməklə 6 gün müddətində kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-16/2024saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilmiş, hökm digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən İddiaçı vurulmuş mənəvi zərərə görə 200.000 (iki yüz min) manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Tələb bununla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Saatlı rayonunda anadan olmuşdur. İddiaçı xx.xx.1994-cü ildən etibarən hərbi qulluqçu olaraq xidmət etməyə başlamış, 2013-cü ilin 2016-cı ilin iyuluna qədər olan dövr istisna olmaqla peşəkar hərbi qulluqçu olaraq xidmət keçmiş, baş gizir rütbəsinə yiyələnmişdir. İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən motoatıcı tağım komandirinin müavini kursunu, 22.09 - 01.11 2003-cü il tarixdə “Pirqulu” dağ təlim mərkəzində “Dağ hazırlığı” kursunun 3- cü dönəmini bitirmişdir. Vətən Müharibəsində iştirakı da daxil olmaqla xidmət illərində bir sıra fəxri fərmanlarla, 2008-ci ildə Azərbaycan Ordusunun 90 illiyi yubiley medalı, Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı, xx.xx.2020-ci il tarixdə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, 25 avqust 2021-ci il tarixdə “Qüsursuz xidmətə görə” 2-cı dərəcəli medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı və digər medallarla təltif edilmişdir. Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli əmri ilə xəstəliyinə görə ehtiyata buraxılmışdır. 07 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmişdir. Bəyanatda göstərilmişdir ki,: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkiledən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Sonradan mətbuatda və sosial şəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq “Tərtər işi” adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. 18 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da şərti olaraq “Tərtər işi” adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış,cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-73/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X4 xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin birinci müavini qərargah rəisi vəzifəsində general-mayor rütbəsində işləyərkən hərbi qulluqçu kimi vəzifəli şəxs olaraq yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq dəstənin üzvləri və qeyriləri ilə mütəşəkkil dəstədə birləşib Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət” Nizamnaməsinə əsasən öz borcunu dərindən dərk etmək, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, Azərbaycan dövlətinin işinə və mənafeyinə uyğun sayıq, namuslu və sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvələrini əsirgəməmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək, nalayiq hərəkətlər etməmək və yoldaşlarını belə hərəkətlərdən çəkindirmək kimi funksiyaları və digər bu kimi vəzifələri, həmçinin dövlətə xəyanət faktları üzrə ilkin təhqiqat apararaq sərancamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları”nın, xx.xx.2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat”ın və digər rəhbər edici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı şifahi şəkildə ona həvalə olunmuş, prosessual şəxs kimi Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, 30 may 2017-ci il tarixdə sorğu-sual edilməsi üçün Beyləqan rayonu Daşburun qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin əvvəllər haupvaxt kimi, həmin vaxt isə əşya anbarı kimi istifadə edilən köhnə tikilisinə gətirilmiş N nömrəli hərbi hissənin həmlə taborunun 2-ci bölüyünün baş çavuşu İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı ilkin təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda İddiaçı əllərini və gözlərini bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfiəməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumat verilməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən edilmiş məqsədinə nail ola bilmədikdə onu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək silah və ya silah qismində istifadə edilən əşyadan istifadə etməklə 6 gün müddətində kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə ləkələməklə ağır nəticələrə səbəb olan adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuzazadlıqdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-16/2024saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilmiş, hökm digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçıya həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa zərər vurulmuşdur. İddiaçı həmin hadisələrdən dərhal sonra şəkərli diabet xəstəliyinə tutulmuş, Saatlı RMX PHŞ-in poliklinika şöbəsində 2017-ci il tarixdən “Şəkərli diabet İİ tip ağır forma insulin tələbli” diaqnozu ilə qeydiyyatdadır. İddiaçı uzun illər ərzində nümunəvi xidmət göstərmiş hərbi qulluqçu olaraq heç bir əsas olmadan sorğu-sual prosesinə cəlb olunmaqla və qanunsuz azadlıqdan məhrum edilməklə mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. İddiaçı yaşadığı kəndin sakinləri, qonşuları onu “Vətən xaini” hesab edərək ona nifrətlə baxmış, buna görə evdən çıxa bilməmişdir. Hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında “Vətən xaini” adlandırılaraq qanunsuz azadlıqdan məhrum edildiyindən bu onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratmış, iztirab çəkməsinə səbəb olmuşdur. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı rayonda və kənddə qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyrimüəyyənlik, narahatlıq hissləri yaşatmışdır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4121/2024 saylı, 04 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddia tələbinin qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməsi; iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, iddiaçıya həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa zərər vurulmuşdur. İddiaçı həmin hadisələrdən dərhal sonra şəkərli diabet xəstəliyinə tutulmuş, Saatlı RMX PHŞ-in poliklinika şöbəsində 2017-ci il tarixdən “Şəkərli diabet İİ tip ağır forma insulin tələbli” diaqnozu ilə qeydiyyatdadır. İddiaçı uzun illər ərzində nümunəvi xidmət göstərmiş hərbi qulluqçu olaraq heç bir əsas olmadan sorğu-sual prosesinə cəlb olunmaqla və qanunsuz azadlıqdan məhrum edilməklə mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. İddiaçı yaşadığı kəndin sakinləri, qonşuları onu “Vətən xaini” hesab edərək ona nifrətlə baxmış, buna görə evdən çıxa bilməmişdir. Hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında “Vətən xaini” adlandırılaraq qanunsuz azadlıqdan məhrum edildiyindən bu onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratmış, iztirab çəkməsinə səbəb olmuşdur. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı rayonda və kənddə qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Cavabdeh bildirmişdir ki,... iş materiallarından göründüyü kimi iddiaçı Əliyev X3 Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz olaraq azadlığının məhdudlaşdırılmasının, qeyri-insani rəftara məruz qalmasının hüquqi əsası kimi Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-73/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünü əsas gətirib mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Bundan başqa, Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. İddiaçının iddia tələbi, dövlət orqanının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Mülki Məcəllənin 1097 və 1100-cü maddələri təşkil edir. İddiaçının tələbi müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində iddiaçının işgəncəyə məruz qalması işin sübuta yetirilmiş halıdır. Bununla bağlı Bakı Hərbi Məhkəməsinin 1-1(093)-73/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Deməli, hazırkı işdə zərərçəkənin işgəncəyə məruz qalmasının dövlət orqanının - Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İşgəncələrə və təzyiqə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi mənəvi sarsıntı və iztiraba məruz qalmış və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır. Hazırda iddiaçı qanunsuz olaraq qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlərə məruz qalmasını, habelə cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında alçaltmaqla onun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə ləkələnməklə ağır nəticələrə səbəb olması nəticəsində ona mənəvi ziyan vurulduğunu bildirərək 200.000 (iki yüz min) manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə hesab edir ki, hazırkı işin spesifik halları baxımından, habelə iddiaçının işgəncəyə məruz qaldığı 6 gün müddətinə mütənasib olaraq keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği 5000 manat məbləğdə müəyyənləşdirilməlidir. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 5000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə vurğulayır ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq azadlığı məhdudlaşdırılmaqla qəddar, qeyri insani, ləyaqəti alçaldan rəftar və hərəkətlərə məruz qalmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Lakin məhkəmə iddiaçının qanunsuz olaraq müvafiq hərəkətlərə məruz qalması müddətini (6 gün), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla hesab edir ki, ona kompensasiyanın müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli 2(102)-388/2023 nömrəli qərarında göstərilmişdir ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda göstərilmiş məqamlarla bağlı qeyd edir ki, Maliyyə Nazirliyi özünün cavabdeh qismində göstərilməsini düzgün hesab etməmişdir, lakin nəzərə alınmalıdır ki, Maliyyə Nazirliyinin cavabdehliyi gələcəkdə qətnamənin icrası baxımından müəyyən edilən haldır. Belə ki, Maliyyə Nazirliyindən ümumən dövlət büdcəsinin icrasına nəzarət edən orqan kimi pul şəklində kompensasiya məbləğlərinin tutulması barədə mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarları Maliyyə Nazirliyinin hüquqlarına toxunmur. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı bütövlükdə 6 gün müddətində qanunsuz hərəkətlərə məruz qalmasını nəzərə alaraq, müəyyən edilməli pul kompensasiyasının onun mənəvi aləmində müəyyən müsbət dəyişikliklərə səbəb olmasını əsas götürməklə vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsi xahiş edilib, şikayət isə iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. İşə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı nümayəndəsi və vəkili olmuş Vəkil Aöahəsən oğlu elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizədə iddiaçının məhkəmə iclasında iştirakının mümkün olmadığı bildirmiş və cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
13. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi:
Maddə 56.0.2 və 56.0.3. Bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
14. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu:
Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından iddianı təmin etdiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Əvvəla, iddiaçının Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə əsasən hazırkı iddia üzrə məhkəməyə müraciət etməkdə subyektiv hüquqları olmuş və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi isə iddianın sonuncuya qarşı yönəldilməsi kimi qiymətləndirilə bilməz. Çünki qeyd olunan maddədə də vurulmuş zərərin əvəzini Azərbaycan Respublikasının ödəməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin tələblərinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir və bu hallarda onun səlahiyyətlərini hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Lakin iddiaçı ilə qeyd olunan orqanların və onların vəzifəli şəxslərinin arasında hazırkı iddanın irəli sürülməsinə əsas olmuş münasibətlər mülki hüquq münasibətləri olmamış və hazırkı iddiada da mülki hüquq münasibətləri nəticəsində yaranmamışdır. Bu baxımdan həmin orqanlar və onların vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində göstərdikləri fəaliyyətə, hərəkət və hərəkətsizliyə görə cavabdehlik daşıya bilməzlər. Qanunvericilik bu hallara görə mülki hüquqi məsuliyyət daşımalı olan şəxsi, yəni Azərbaycan Respublikasını konkret olaraq nəzərdə tutmuşdur. Buna görə də, Maliyyə Nazirliyi digər dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərinə görə deyil, bu iddia üzrə Azərbaycan Respublikasını təmsil edən şəxs olaraq cavabdeh kimi qeyd olunmuş və bu da heç bir halda qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz.
23. Birinci instansiya məhkəməsinin qətnaməsində Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmalarına gətirib çıxaran qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verildiyi göstərilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, məhkəmə iddianı Maliyyə Nazirliyinə münasibətdə deyil, Azərbaycan Respublikasına münasibətdə qismən təmin etmiş, Maliyyə Nazirliyi isə dövləti təmsil etmiş və bu da qanunvericiliyin tələblərinin pozulması demək deyildir. Başqa sözlə Maliyyə Nazirliyi iş üzrə delikt törədən şəxs kimi dəyərləndirilməmişdir. Ona görə də cinayət təqibinə bəraətverici əsaslarla xitam verilmiş şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansısa şəxs tərəfindən ödənilməli olması məsələsini hazırda araşıdırılmasına da ehtiyac yoxdur və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi heç bir halda köhnə (vaxtı keçmiş) məhkəmə praktikası kimi qiymətləndirilə bilməz.
24. Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən Mülki Məcəllənin 1114.3-cü maddəsinin tələblərini istəsə belə nəzərə ala bilməzdi. Çünki həmin maddədə göstərilən orqanların hansısa vəzifəli şəxsinin vurduğu zərər üzrə təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilməmiş, eləcə də hazırkı iş üzrə Azərbaycan Respublikası hansısa şəxsə reqres qaydada tələb irəli sürməmişdir. Bununla yanaşı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddiaçıya ödənilməsi qət edilən vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən etmək vəzifəsi də yoxdur. Ona görə də, iddiaçıya ödənilən vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə hansısa bir izah verilməsi də mümkünsüzdür. Bu halları isə tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipinin, maddi hüquq normalarının pozulması kimi qəbul etmək olmaz.
25. İddiaçıya hökmlə müəyyən edilən formada işgəncə verilməklə qanunsuz azadlıqdan məhrum edilməsi ona mənəvi zərər vurmaya bilməzdi. Çünki təhqiqat orqanının qanunsuz hərəkətləri nəticəsində, yəni işgəncə verilməklə qanunsuz azadlıqdan məhrum edilməsinə görə bu məhrumiyyətlər ən azından ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirmişdir. İddiaçının bununla bağlı məhkəməyə əlavə sübut təqdim etməsinə də ehtiyac olmamışdır. Çünki ən mötəbər sübut ona təqsiri olmadığı halda işgəncə verilməklə qanunsuz azadlıqdan məhrum edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olmasıdır. Ona görə də, mənəvi ziyanla bağlı iddianın qismən təmin edilməsi qətiyyən əsassız və qanunsuz hesab edilə bilməzdi. Əlbəttə ki, mənəvi zərərlə bağlı tələb edilən məbləğdə ağlabatan olmalıdır. Lakin mənəvi zərərin həmin məbləğdə təmin olunması qətiyyən o demək deyil ki, iddiaçıya məhz həmin məbləğ həcmində mənəvi zərər dəymişdir. Belə ki, mənəvi zərərin əvəzi pul formasında ödənilsə də, nəinki təmin edilən məbləğ, heç tələb edilən məbləğ də ola bilər ki, iddiaçıya dəymiş mənəvi sarsıntının fəsadlarını aradan qaldırmasın. Lakin hazırkı iş üzrə dövlətin adından çıxarılan qətnamə ilə iddia mənəvi zərər hissəsində qismən təmin olunsa belə iddiaçının hüquqlarının pozulduğu bu qətnamə ilə açıq-aşkar təsdiq edilmiş olur.
26. Mənəvi zərər üçün 5000 manat kompensasiya müəyyən edilməsinin formalaşdırılmış məhkəmə təcrübəsinə uyğun olmaması barədə dəlillər də əsassız hesab edilir. Belə ki, iddiaçının azadlıqdan məhrum etmə yerində cəza çəkməməsi, yalnız 41 gün təhqiqata cəlb edilməsi və zərərin məbləğinin 6 gün üçün 5000 manat müəyyən edilməsinin şişirdilmiş və absurd olması və beynəlxalq məhkəmələin analoji işlər üzrə qəbul etdiyi qərarlara zidd olması barədə dəlillər açıq-aşkar əsassız hesab edilir. Çünki iddiaçı sadəcə qətimkan tədbiri yaxud azadlıqdan məhrum etmə cəzasına görə qanunsuz azadlıqdan məhrum edilməmişdir. Onun əllərini və gözlərini bağlamaqla onda psixoloji qorxu yaradaraq aşkarcasına alçaltmaqla “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” qanunsuz azadlıqdan məhrum edilib və uzun müddət bu təqiblərin təsiri altında qalmışdır. Burada azadlıqdan məhrum etmənin müddəti kompensasiyanın məbləğinin çox olması baxımından heç bir əhəmiyyət kəsb edə bilməz. Çünki kompensasiyanın məbləği işgəncənin və mənəvi sarsıntı və iztirabların xarakteri nəzərə alınmaqla müəyyən edilmişdir. Ona görə də şikayət xatirinə olsa da bu cür dəlillərdən istifadə edilməsi özü normal hüquqi yanaşma hesab edilmir.
27. "Büdcə sistemi haqqında" Qanunda Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti, xərc maddələrinin isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmaması hazırki iddianın təmin edilən hissəsinin rədd edilməsi üçün əsas ola bilməzdi. Qeyd olunduğu kimi, bu qətnamənin icrası hansısa büdcə təşkilatına deyil, məhz dövlət büdcəsinə həvalə olunmuşdur. Qətnamədə maliyyə mənbəyinin xüsusi olaraq göstərilməməsi onun mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi demək deyildir. Çünki maliyyə mənbəyi elə dövlət büdcəsidir və qətnamənin dövlət büdcəsindəki hansı maliyyə mənbəyi hesabına icra olunacağını dövlət özü müəyyən etməlidir. Çünki hazırki iddia üzrə dövlətin iddiaçı qarşısında zərərvurmadan irəli gələn öhdəliyi yaranmışdır. Ona görə də bu qətnamənin dövlət büdcəsi hesabına icra olunması hansısa büdcə təşkilatının Maliyyə Nazirliyinin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyini yaratmır və buna görə də xəzinədarlığın əsas prinsipləri pozula bilməz. Vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi mübahisə doğurmaması üçün Maliyyə Nazirliyi səlahiyyətləri daxilində bu məsələləri aidiyyəti dövlət orqanları ilə müzakirə edib həll etməlidir.
28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4121/2024 saylı, 04 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4121/2024 saylı, 04 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.