Məhkəmə qərarları › İş №2(103)-1140/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1140/2021

11.03.2021 · Müqavilələrin ləğv edilməsi - Əmək mübahisələri - Əmək mübahisələri - İşə bərpa - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1140/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı Mayıs oğlunun, nümayəndəsi-vəkili X6, Cavabdehin nümayəndəsi-vəkili X4 iştirakı ilə, İddiaçı Mayıs oğlunun cavabdeh X7 LTD MMC-yə qarşı (3-cü şəxs Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB olmaqla) “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərərəin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4093/20 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X7 LTD MMC-nin xx.xx.2020-ci il tarixli, 1173 saylı əmrinin ləğv edilməsi, İddiaçı Mayıs oğlunun işə bərpa edilməsi, İddiaçı Mayıs oğluna xx.xx.2020-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqı, işə buraxılmadığı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi müddətə görə orta aylıq əmək haqqının ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Mayıs oğlu cavabdeh X7 LTD MMC-yə, üçüncü şəxs Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-yə qarşı “əmək müqaviləsinin ləğv edilməsi barədə Əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 LTD MMC-nin xx.xx.2020-ci il tarixli, 1173 saylı əmri ləğv edilməsi, İddiaçı Mayıs oğlunun işə bərpa edilməsini, xx.xx.2020-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının, işə buraxılmadığı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi müddətə görə orta aylıq əmək haqqının ödənilməsi, 5000 manat maddi və 5000 manat mənəvi ziyan olmaqla, cəmi 10.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X7 LTD MMC-nin xx.xx.2020-ci il tarixli, 1173 saylı Əmri ilə onunla bağlanmış Əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən: “bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar” əsası ilə xx.xx.2020-ci il tarixdən ləğv olunmuşdur. X7 LTD MMC-nin xx.xx.2020-ci il tarixli, 1173 saylı Əmrini aşağıda göstərilən səbəblərə görə əsassız və qanunsuz hesab edir. Bildirmək istəyir ki, o İddiaçı uzun müddətdir ki, qüsursuz şəkildə əmək fəaliyyəti ilə məşğul olur. xx.xx.2011-ci il tarixdən Əmək müqaviləsi bağlamaqla X7 LTD MMCyə takelaşçı peşəsinə işə qəbul edilmiş, sonra isə qazma fəhləsi işləmişdir. X7 LTD MMC-də sonuncu peşə həmin iş (qazma fəhləsi) olmuşdur. Məhkəməyə bildirir ki, Covid-19 pandemiyası ilə əlaqədar ilkin karantin elan edildiyi vaxt dənizdəki platformada işdə idi. Həmin dövrə görə iş növbəsi 14 iş günü və 14 istirahət günlərindən ibarət idi. Karantinlə əlaqədar iş rejimləri də dəyişdi və iş növbəsi 28 iş günü və 28 istirahət günlərinə dəyişdi. Faktiki olaraq isə 38 gün işdə olmuşdur, bir o qədər istirahət etməli olduğumuz halda, istirahət gününün ilk 14 gündən sonra onları karantinə aldılar. Əslində bu iş rejimi çətin və əmək qanunvericiliyinin tələblərinə uyğun olmasa da, mövcud vəziyyətlə əlaqədar biz bu dəyişməni anlayışla qarşıladıq. Beləliklə, 2020-ci ilin may ayının 3-də onlar Mərdəkan qəsəbəsində yerləşən “Karvan Otel” kotteclərində yerləşdirdilər. Qeyd etmək istəyir ki, X7 LTD MMC “Karvan Otel” kotteclərində onlara normal şərait yarada bilmədi, eyni zamanda bir kottecdə ən azı 5 nəfər bir yerdə qalmağa məcbur olurdu. Qeyd edir ki, qaldıqları kottecdə işıqlar tez-tez sönürdü, hər dəfə də onlar narazılıqları bildirdikdən sonra elektrik çağırırdılar. Elektrik naqillərdəki nasazlığı bərpa edəndən çox keçməmiş işıqlar yenə də sönürdü. Yenidən elektrik çağrılır və vəziyyət belə davam edirdi. May ayının 7-də elektrik naqilində yenə də nasazlıq yarandı və elektrik enerjisi kəsildi. Onlar bu barədə əvvəllər olduğu kimi mərkəzin əməkdaşlarına və müəssisənin orada olan növbətçi nümayəndəsinə (Oktay müəllim) məlumat verdi. Otelin elektriki bildirdi ki, elektrik enerjisi ən azından səhərə kimi olmayacaq, yaranmış qəza problemi ciddididr. 2020-ci ilin may ayı Ramazan ayı idi. O və otaq yoldaşı oruc tuturdular. Elektrik enerjisi olmadığından otaqlarıda isti su hazırlamaq mümükün deyildi. Belə bir vəziyyətdə onlar də məcbur olub müvəqqəti ehtiyaclarını qarşılaya bilmək üçün qonşu kottecə keçməyi düşündülər. Həmin məqsədlə öz kotteclərindən çıxıb qonşu kottecə gedərkən qonşu kottecin qarşısında olan zaman qaldıqları mərkəzin mühafizəçisi kamerada bunu görüb onlara yaxınlaşdı və onlar də məsələni ona izah etdilər. Səhərisi gün, yəni, 2020-ci ilin may ayının 8-də onlar X7 LTD MMC-nin ofisinə apardılar və onlar bununla əlaqədar izahat yazdılar. Baş verənlərlə bağlı bütün məsuliyyəti ilə bildirir ki, onlar qonşu kottecdə qalanlarla aralarında hər hansı ünsiyyət, təmas yaranmadı, çünki mühafizəçinin müdaxiləsi ilə biz onlarla görüşə bilmədik, lazım olan isti suyu da onlardan ala bilmədilər. Müəssisənin ofisində görüş zamanı X7 LTD MMCnin Kadrlar şöbəsinin rəisi Emil Qədiməliyev onlara bildirdi ki, karantin qaydalarını pozduqları üçün ərizə yazıb öz xahişlərilə işdən getməlidilər, əks təqdirdə işdən qovulacaqsınız. Kadrlar Şöbəsinin rəisi Emil Qədiməliyevlə olan, eyni zamanda 12 may və x xxxx 2020-ci il tarixli görüşlərdə də dəfələrlə qeyd etdi ki, karantin qaydasını pozmağı sırf şirkətin öz işçilərinə lazımi şərait yaratmamasından irəli gəlmiş və oruc tutmaqları ilə əlaqədar olmuşdur. Eyni zamanda onlar qısa müddətə qonşu kottecin qarşısına keçməkləri heç kimə zərər dəyməmişdir. Bu arada xüsusi olaraq qeyd etmək istəyir ki, müəssisənin kadr məsələləri üzrə rəsmi şəxsinin bizə qarşı qərəzli mövqeyi həm də ondan görünürdü ki, onlar ofisə gedərkən, eyni zamanda ofisdə olarkən məlum yoluxucu xəstəliklə əlaqədar zəruri və eyni zamanda məcburi qabaqlayıcı tədbirlərin heç birinə (sosial məsafə, onların səhhətilərilə bağlı həkim rəyi və s.) nə həmin şəxs, nə də digər əməkdaşlar tərəfindən əməl olunmurdu. X7 LTD MMC-nin İnsan Resursarları Departamentinin rəhbərləri ilə görüşlərdə dəfələrlə bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov, X1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri dəfələrlə bildirib ki, hal-hazırki vəziyyətdə, yəni karantin dövründə işçilərin işdən çıxarılması hallarına yol verilməməlidir. Lakin, X7 LTD MMC-nin Kadrlar şöbəsinin rəisi Emil Qədiməliyev bildirdi ki, ona qarşı heç bir güzəşt olmayacaq və o işdən azad olunmalıdır. Eyni zamanda qeyd olunan müddətdə onun əmək haqqı da ödənilmədi. Nəticədə isə onunla bağlanmış Əmək müqaviləsi qanunsuz əsaslarla ləğv edildi. X7 LTD MMC-nin xx.xx.2020-ci il tarixli, 1173 saylı Əmri ilə onunla bağlanmış Əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən “bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar” əsası ilə ləğv edilmə barədə Əmri tərtib edilərkən əmək hüquqları bu müəssisə tərəfindən pozulmuşdur. X7 LTD MMC guya karantin qaydalarını, o cümlədən müəssisədaxili intizam qaydalarını pozduğunu əsas gətirərək barəsində onun hərəkətlərinə qeyriadekvat olan ağır intizam tənbehini tədbiq edərək əmək müqaviləsini ləğv etmişdir. Lakin, bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin digər tələblərini də pozmuşdur. Göründüyü kimi intizam tənbehi, cavabdehin onların hərəkətləri intizam xətası kimi aşkar etdiyi gündən 02 ay 06 gün sonra verilmişdir. Yəni X7 LTD MMC-nin intizam tənbehinin tətbiq olunması barədə xx.xx.2020-ci il tarixli, 1173 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozulmaqla qəbul edildiyindən, qanunsuz hesab olunmalı və məhkəmə qaydasında ləğv edilməlidir. Həmçinin hesab edir ki, qanunsuz işdən azad olunması ilə əlaqədar ona maddi ziyan dəymişdir. Həmin maddi ziyanın əvəzi kimi onun xeyrinə 5000 manat məbləğinin ödənilməsini tələb etmişdir.Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı Mayıs oğlu apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edərək iddia tələbimin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi tərəflərin maddi və prosessual hüquq normalarının kobud pozulması şəraitində çıxarılmışdır, məhkəmənin qətnamədə gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir, tətbiq edilməli olmayan maddi hüquq norması tətbiq edilmişdir, ona görə də, həmin qətnamə ləğv olunmalı və Azərbaycan Respublikasının qanunlarına və qanunvericilik aktlarının tələblərinə cavab verən iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Öz növbəsində qeyd olunan qətnamədən cavabdeh X7 LTD MMC tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə 3-cü şəxs Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-in nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, şikayətlərini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, rədd olunmasını xahiş edən iddiaçı və cavabdeh tərəfi dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə əlavə olunmuş İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə “İstiqlal” Qurğusunda portalda fəhlə vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan X7 LTD MMC-nin xx.xx.2020-ci il tarixli, 1173 saylı Əmrindən görünür ki, İddiaçı Mayısoğlu ilə X7 LTD şirkəti arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli əmək müqaviləsinin 16-cı bəndinin g) işçi qəsdən şirkətin hər hansı təhlükəsizlik qaydalarını pozduqda, təhlükəsizlik qaydaları üzrə imtahanda iştirak etmədikdə və ya bu cür imtahanları verə bilmədikdə) onunla şirkət arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2- ci hissəsinin d) bəndinə əsasən xx.xx.2020-ci il tarixdən xitam verilsin. Əsas: İddiaçı Mayıs oğlunun xx.xx.2020-ci il izahatı. İşdə olan X7 LTD şirkətinin qurğu rəisinin köməkçisi vəzifəsində çalışan Ariz Əliyevin xx.xx.2020-ci il tarixli raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə X7 LTD şirkətinin nəzarət olunna karantin mərkəzində vidiomüşahidə zamanı şirkətin dənizdəki qurğularından növbəli rejimdə işləmək üçün səyahət etməli olan və bu məqsədlə karantin məntəqəsinə yerləşdirilmiş 3 nəfər işçinin daxili qaydaları pozaraq icazəsiz qaydada öz otağını tərk etməsi və digər işçinin məskunlaşdığı otağa getməsi aşkar olunmuşdur. Bununala əlaqədar, şirkətin mühafizəşiləri hadisələri baş verdiyi otağa baş çəkdikdə karantin qaydalarını pozan həmin işçilərdən ikisinin şəxsiyyəti müəyyən edilmişdir. Həmin işçilər portalda fəhlə vəzifəsində çalışan X3 və portalda fəhlə 1.5 vəzifəsində çalışan X2. Lakin, qaydanı pozan digər üçüncü işçinin şəxsiyyətini kamera görüntələri və digər vasitələrlə aydınlaşdırmaq mümkün olmadı. İş materiallarına əlavə edilmiş X7 LTD şirkətinin “İstiqlal” qurğusunda qazma fəhləsi kimi işləyən İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən verilmiş izahatından görünür ki, həqiqətəndə xx xxx 2020-ci il tarixində şirkətin karantin qaydasını pozmuşdur. Həmin gün qaldığı 2 №-li kottejin işıqları bir neçə dəfə söndüyü üçün və gecə saat 02:00 radələrində bir dəfədə söndüyündə onlar elektrikə zəng edib bu barədə məlumat verdikdən sonra onlara bildirdilər ki, işiqları səhər bərpa edə bilərlər. Bu səbəbdən o qaldığı 2 №-li kotejdən 3 №-li kotejə oruc tutduğu üçün qaynanmış qaynar su üçün keçdi. İş materiallarına əlavə edilmiş X7 LTD şirkətinin “Gücləndirilmiş karantin rejimi tələbləri”nin 1.2-ci bəndindən görünür ki, işçilıər karantinin 12-ci günündə də bir COVİD-19 PZR (X5) testindən keçirələcək və nəticələr mənfi olarsa o zaman dənizə buraxılacaqlar. Həmin qaydalarının 1.4 bəndində qeyd edilmişdir ki, karantinin rejiminin tələblərinin pozulmasına görə cərimə və məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Mayıs oğlu ilə X7 LTD MMC arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli əmək müqaviləsinin 16- cı bəndinin g) işçi qəsdən şirkətin hər hansı təhlükəsizlik qaydalarını pozduqda, təhlükəsizlik qaydaları üzrə imtahanda iştirak etmədikdə və ya bu cür imtahanları verə bilmədikdə) onunla şirkət arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndində qeyd edilir ki, əmək müqaviləsində ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə əlavə hallar nəzərdə tutula bilər: bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallarda. Digər hallar dedikdə, cavabdeh, tərəflər arasında bağlanılmış xx xxxxx 2020-ci il tarixli əmək müqaviləsinin 16-cı bəndinin g) yarımbəndində göstərilənləri nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Lakin, işəgötürən X7 LTD MMC işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə alınmadan, işçini digər məsuliyyətə cəlb edilmədən, ona ağır intizam tənbehini tətbiq edərək əmək müqaviləsinə xitam vermişdir. Halbuki, İddiaçı Mayıs oğlu xx.xx.2011-cı il tarixdən X7 LTD MMC şirkətində takelaşçı peşəsinə işə qəbul edilmiş, sonra isə qazma fəhləsi işləmişdi. Onun sonuncu peşə həmin iş (qazma fəhləsi) olmuşdur Həmçinin müəyyən edilmişdir ki, İddiaçı Mayıs oğlu karantin qaydalarını xx.xx.2020-ci il tarixdə pozmuş, X7 LTD MMC isə xx.xx.2020-ci il tarixdə 1173 saylı əmri ilə əmək müqaviləsini ləğv etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Göründüyü kimi cavabdeh həmin maddənin tələblərini pozaraq intizam xətası kimi aşkar etdiyi gündən 2 ay 6 gün keçdikdən sonra, xx.xx.2020-ci il tarixdə İddiaçı Mayıs oğlu ilə bağlanılmış əmək müqaviləsini ləğv etmişdir. Həmçinin cavabdeh X7 LTD MMC xx xxx 2020-ci il tarixdən işdən çıxarılan xx.xx.2020-ci il tarixədək İddiaçı Mayıs oğlunu işdən kənarlaşdırmış və əmək haqqını ödəməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə görə, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; “ç” bəndinə görə, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi, İddiaçı Mayıs oğlu öz hərəkətləri ilə Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından heç birinə yol verməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, “İstiqlal” qurğusunda fəhlə vəzifəsində işləyən İddiaçı Mayıs oğlu ilə X7 LTD MMC arasında bağlanmış xx xxxxx 2020-ci il tarıxli əmək müqaviləsinin g) bəndinin pozulduğuna görə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən xx xxxx 2020-ci il tarixdən işdən azad olunması haqqında 1173 saylı xx xxxx 2020-ci il tarixli əmr qanunsuz qəbul edildiyindən, iddia tələbi işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının tələbi hissəsində əsaslıdır. İddia tələbinin cavabdeh X7 LTD MMC 5000 manat maddi və 5000 manat mənəvi ziyan olmaqla, cəmi 10.000 manat pulun tutulması hissəsi ilə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə haqlı olaraq təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfdən ona cavabdehin hərəkətləri nəticəsində maddi ziyan vurulması ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: İddiaçı Mayıs oğlu və cavabdeh X7 LTD tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar