Məhkəmə qərarları › İş №2(103)-1143/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1143/2024

08.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1143/2024 08.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8147/2023 saylı, 23 noyabr 2023cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Xətai rayon VVAQ şöbəsində bağlanmış 574 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulmasını, tərəflərin birgə nikahından doğulan xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017- ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günləri ananın iştirakı olmadan uşaqların atanın yanında qalması şərtilə axşam saat 19:00-dan bazar günləri axşam saat 21:00-dək uşaqlarla ünsiyyət, bayram və qeyri-iş günləri (3 təqvim günündən artıq olarsa), 1 (tam) təqvim günü uşaqların atalarının yanında qalmaları hər həftə 3 dəfə olmaqla övladları ilə telefon rabitəsi vasitəsilə əlaqə saxlamaq imkanı əsasları ilə ünsiyyətdə olmaq hüququnun təmin olunması və nikah dövründə "xxxx" ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli İP1122 nömrəli kredit müqaviləsinə əsasən cari tarixə olan 62 998,45 manat borc öhdəliyinin cavabdehlə iddiaçı arasında yarı bölünməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8147/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddianın icraata qismən qəbul edilərək Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin İddiaçı və Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Xətai rayon VVAQ şöbəsində bağlanmış 574 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması hissəsində icraata qəbul edilməsi və qarşılıqlı iddia ərizəsində qeyd edilən qalan tələblərin icraata qəbul edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, hal-hazırki mülki iş üzrə iddiaçının tələbi alimentin təyin edilməsi tələbidir. MPM-in 172.1-ci maddəsinə əsasən işə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Mülki prosessual qanunvereiciliyin tələbinə əsasən aliment tutulmasına dair işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 ay müddətindən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Qarşılıqlı iddiada qeyd edilən uşaqla ünsiyyət, ər-arvad arasında əmlak bölgüsü üzrə mübahisələrin məhkəmədə 2 ay müddətinə baxılması qeyri-mümkündür. Belə ki, mülki prosessual qanunvericilikdə qeyd edilir ki, qarşlıqlı iddianın ilkin iddia ilə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə icraata qəbul edilir. Hazırki qarşılıqlı iddia üzrə tələb nikahın pozulması, uşaqla ünsiyyətdə olmaq və əmlak bölgüsü tələbidir. Lakin qarşılıqlı iddiaçının bütün tələblərinə ilkin iddia üzrə “alimentin təyin edilməsi” tələbi ilə birlikdə baxılması qeyri-mümkündür. Birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü mülki işin gedişində işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün müxtəlif orqanlara sorğuların verilməsi, uşaqla ünsiyyət tələbi isə mütləq qaydada uşaqla ünsiyyətdə olmaq istəyən şəxsin həyat və şəraitinin öyrənilməsi məqsədilə qəyyumluq və himayəçilik orqanının müvafiq rəy verməsi ilə şərtlənir. Bu cür sorğuların hazırlanması və aidiyyəti üzrə göndərilməsi, həmçinin mülki işin qəyyumluq və himayəçilik orqanına göndərilməsi və rəyin əldə edilməsi kifayət qədər vaxt tələb edir. Bu isə son nəticədə alimentin alınması barədə tələblər üçün qanunvericiliklə dəqiq müəyyən edilmiş müddətin ötürülməsi ilə nəticələnə bilər. Sadalananlar alimentin təyin edilməsi üçün müəyyən edilmiş 2 aylıq prosessual müddətdə qeyd edilən mübahisələrlə bağlı keyfiyyətli məhkəmə araşdırmasını qeyri-mümkün edir. Məhkəmə alimentin ilk dəfə təyini zamanı prosessual qənaət prinsipinin əhəmiyyətli olduğunu qeyd edir. Belə ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Eyni zamanda Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən baxılmalı olan məsələlər sırasında uşaqla ünsiyyət mübahisəsi qeyd edilməmiş, ər-arvad arasında olan əmlak mübahisələrinin birgə baxılması məhkəmənin mülahizəsinə buraxılmışdır. Məhkəmə hesab edib ki, mülki prosessual qanunvericilikdə aliment tutulmasına dair işlərə 2 aylıq müddətin müəyyən edilməsinin əsas məqsədi uşaqların ən üstün maraqlarının qısa dövrdə həyata keçirilərək, alimentə ehtiyacı olan uşaqların saxlanması üçün lazımi maddi təminatın müəyyən edilərək təmin edilməsidir. Məhkəmə uzun müddətli məhkəmə araşdırması tələb edən uşaqla ünsiyyət və ər-arvad arasında əmlak mübahisələrinin ilkin iddia tələbi olan alimentin təyin edilməsi tələbi ilə birgə baxılmasını prosessual qənaət prinsipi, uşaqların üstün maraqları prinsipi baxımından məqsədəmüvafiq hesab etmir. Məhkəmə qarşılıqlı iddia ərizəsində İddiaçı və Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Xətai rayon VVAQ şöbəsində bağlanmış 574 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması tələbi ilə bağlı qarşılıqlı iddia tələbini icraata qəbul edilməsini məqbul hesab edir. Belə ki, Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən nikahın pozulması, aliment tələbi bir yerdə baxılmalı mübahisə kimi xarakterizə olunur. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) şikayət verərək qərardadın ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin bütün hissələrdə icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8147/2023 saylı, 05 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi şikayəti təmin etməmə barədə qənaətində qarşılıqlı iddiaçıya uşaqla ünsiyyət və ər-arvad arasında əmlak tələbləri üzrə məhkəməyə ayrıca icraat qaydasında yenidən müraciət etmək hüququnun mövcud olduğunu izah etmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində, yəni 20 gün müddətində verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Əvvəla, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini icraata qismən qəbul edərkən və digər hissələrdə geri qaytararkən gəldiyi qənaət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmuş və kifayət qədər geniş formada əsaslandırılmışdır. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirildiyindən qarşılıqlı iddia ərizəsi də Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa uyğun olmalıdır. Uyğun olmadıqda isə qarşılıqlı iddia ərizəsi də geri qaytarılır. Çünki, qarşılıqlı iddia ərizəsi də MPM-in tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ancaq qarşılıqlı iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlı olsa da bir-biri ilə bağlı olmayan tələbləri bir icraatda birləşdirməyə haqlı deyildir. Cavabdehin ayrıca icraatda məhkəməyə müraciət etməsinə də hər hansı bir maneə yoxdur. Ancaq qarşılıqlı iddiaçı məhkəmənin gəldiyi düzgün nəticəyə məhəl qoymayaraq qərardaddan şikayət vermək qərarına gəlmişdir. Ancaq nail olmaq istədiyi məqsədə çatmaq üçün seçdiyi vasitə düzgün olmamışdır. Çünki, qarşılıqlı iddiada göstərilən və geri qaytarılan tələblərə ilkin iddia ilə birlikdə baxılmasının mümkünsüzlüyünü birinci instansiya məhkəməsi kifayət qədər aydın və anlaşılan şəkildə öz qərardadında göstərmişdir. Şərh olunanlara görə şikayət əsassız olduğundan təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8147/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8147/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar