Məhkəmə qərarları › İş №2(103)-11451/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11451/2021

23.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11451/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(006)-3710/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla TBC KREDİT BOKT MMC arasında bağlanmış BAKU3-1225-3876+BAKU3-1230 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3710/2021 saylı, 31.08.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, onun cavabdeh "xxxx" MMC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işin icraata qəbul edilərək baxılması üçün təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad əsassız və qanunsuzdur. Belə ki, qeyd edilən məhkəmə aktı iddiaçının “TBC Kredit BOKT MMC-yə olan öhdəliklərini artıq “zamin” statusunda yox, “birgə borclu” kimi icra etməsi üçün zəmin yaratmışdır. Bu məsələyə düzgün qiymət verilməmişdir. Zaminlik müqaviləsi bağlanılıb və hal-hazırda da qüvvədədir. Pirallahı Rayon Məhkəməsi əsl cavabdeh tərəfindən kreditin ödənilmədiyinə görə və o da həmin müqavilə üzrə öhdəlik götürdüyünə görə cavabdeh kimi məhkəməyə dəvət olunmuşdur. Kredit götürən öldüyü günə qədər krediti lazımi qaydada ödədiyinə görə onun zamin kimi fəaliyyətinə xitam verilməlidir. Bu səbəbdən də, hesab edir ki, iş üzrə icraata xitam verilməsi əsassızdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.10.2021-ci il tarixli 2(006)-3710/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(006)-3710/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 22.12.2014-cü il tarixli, BAKU3-1225-3876 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə X4 arasında bağlanmışdır. Razılaşmaya əsasən X3 36 ay müddətində illik 20 faiz ödəmək şərti ilə 20.000 USD məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə zamin İddiaçı arasında bağlanmış 22.12.2014-cü il tarixli BAKU3-1225-3876+BAKU3-1230 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı 22.12.2014-cü il tarixli, BAKU3-1225-3876 saylı kredit xətti müqaviləsi üzrə borcalan X2 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-346/2017 saylı, 04.05.2017-ci il tarixli məhkəmə əmrinə əsasən, X1 və İddiaçı birgə qaydada "xxxx" BOKT MMC-nın xeyrinə 15697,56 ABŞ dolları məbləğində əsas borc, 4325,55 ABŞ dollan məbləğində faiz borcu, 100,00 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 20123,11 ABŞ dollan məbləğində borc ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının hazırki mülki iş çərçivəsində mübahisələndirdiyi zaminlik müqaviləsi mövcud deyildir, onun cavabdeh qarşısında daşıdığı öhdəliyin yaranması səbəbi isə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 04.05.2017-ci il tarixli məhkəmə əmridir. Belə ki, qeyd edilən məhkəmə aktı iddiaçının "xxxx" MMC-yə olan öhdəliklərini artıq “zamin” statusunda yox, “birgə borclu” kimi icra etməsi üçün zəmin yaratmışdır. Kollegiya iddiaçının məhkəməyə müraciət etməsinin əsası kimi mübahisə predmeti olan 22.12.2014-cü il tarixli, BAKU3-1225-3876+BAKU3-1230 saylı zaminlik müqaviləsinin hal-hazırda mövcud olmadığını və beləliklə də olmayan müqaviləyə xitam verilməsinin mümkün olmadığını nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq, hazırki iş üzrə icraata xitam verməkdə birinci instansiya məhkəməsi tam haqlı olmuşdur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(006)-3710/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(006)-3710/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar