Məhkəmə qərarları › İş №2(103)-11484/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11484/2021

23.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11484/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızının və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Üçüncü şəxs “X8” MMC-nin nümayəndəsi Nümayəndə və digər üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (“X8” MMC və Bakı Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakla bağlı müqavilələrin və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(007)- 3408/2021 saylı qərardadından cavabdeh X3 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlakla bağlı müqavilələrin və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə dair Cavabdeh1 Hafıs oğlunun adına verilən əsası göstərilməyən Hüquqların qabaqcadan qeydiyyatı barədə 13.12.2013-cü il tarixli arayışın, onunla DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi arasında bağlanan 02.04.2014-cü il tarixli torpağın alqı-satqı müqaviləsinin, ona əsasən verilən 30.05.2014-cü il tarixli çıxarışın, Cavabdeh1 Hafıs oğlu ilə Cavabdeh2 arasında bağlanmış 01.07.2014-cü il tarixli alqı-satqı müqaviləsinin, ona əsasən verilən 05.07.2014-cü il tarixli çıxarışın, Cavabdeh2 ilə X3 arasında bağlanmış 09.10.2019-cu il tarixli bağışlanma müqaviləsinin, ona əsasən verilən 09.10.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və qanuni əsaslarla MMC-yə məxsus torpaq sahəsinin istifadəçiyə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, eyni zamanda, iddianın təmin tədbiri (müvəqqəti təminat tədbiri) barədə ərizə verərək, işə baxılanadək mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsi və orada aparılan tikinti və sair işlərinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(007)- 3408/2021 saylı qərardadı ilə (hakim Babək Qasımov) ərizə təmin edilərək, sözügedən torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi və həmin torpaq sahəsində tikinti işlərinin aparılmasının dayandırılması qərara alınmışdır. Cavabdeh X3, qeyd edilən qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(007)- 3408/2021 saylı qərardadı ilə şikayəti təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Cavabdeh şikayəti – qərardadın əsassız olması, prosessual hüquq normalarının pozulması, qeyd edilən torpaq sahəsinin 2014-cü ildən xüsusi mülkiyyətdə olması, həmin əmlak üzərində müvafiq hərəkətlərin edilməsinin mülkiyyətçi kimi onun müstəsna hüququ olması, torpaq sahəsinin icra hakimiyyəti tərəfindən əsassız olaraq üçüncü şəxslərə istifadəyə verilməsi, ona görə də iddiaçının torpaq sahəsinə əsassız istifadə hüquqları nəzərə alınmaqla mülkiyyət hüququna müdaxilə edilməsinin yolverilməz olması və. s kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının, eyni zamanda üçüncü şəxlərin nümayəndələri şikayətə etiraz edərək, məhkəmə kollegiyasından təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbələri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. MPM-in 158.1.2 və 158.1.3-cü maddələrinə əsasən, məhkəmə, müvəqqəti təminat tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə, eyni zamanda başqa şəxslərə qadağan edə bilər. Göründüyü kimi, müvəqqəti təminat tədbiri, görülməsində məqsəd tərəflərin əvvəlki vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarət olmaqla, gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Həmçinin, nəzərə alınmalıdır ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər («Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarı). Hazırda iddiaçı, mübahisə predmeti olan torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyətinin 21.10.2016-cı il və 01.08.2019-cu il tarixli sərəncamlarına əsasən onun qanuni istifadəsinə verildiyinə istinad edərək, həmin torpaq sahəsinə dair cavabdehlərlə bağlanmış alqı-satqı müqavilələrinin və onlar əsasında verilmiş çıxarışların ləğv edilməsini tələb edir. Eyni zamanda, müvəqqəti təminat tədbiri kimi işə baxılıb qurtaranadək torpaq sahəsinin özgəninkiləşdirilməsinin və orada tikinti və sair işlərin cavabdehə və digər şəxslərə qadağan edilməsini xahiş edir. Kollegiya hesab edir ki, iddiaçının xahiş etdiyi təminat tədbiri, iddia ilə əlaqəli olmaqla, tələb haqlı sayılacağı halda qətnamənin icrasının mümkünsüz olmasının və ya çətinləşməsinin qarşısının alınmasına yönəlmişdir. Odur ki, işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi müvəqqəti təminat tədbiri institutunun mahiyyəti və məqsədi ilə uzlaşır. Şikayətdə göstərilənlər isə əsasən mübahisənin mahiyyətinə aid məsələ(lər) olmaqla, qərardadın ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları, habelə təminat tədbinin müvəqqəti xarakter daşıdığını nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (“X8” MMC və Bakı Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakla bağlı müqavilələrin və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(007)-3408/2021 saylı qərardadından cavabdeh X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(007)- 3408/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar