Məhkəmə qərarları › İş №2(103)-115/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-115/2021

12.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-115/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “binanın çirkab su borularının təmir edilməsinin cavabdehin şəxsi hesabına təmin edilməsi və sair tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 may 2019-cu il tarixli qətnamədən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının özünün və vəkili (nümayəndəsi) Vəkil2, cavabdehin özünün və vəkili (nümayəndəsi) Vəkil1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, bina № 81 “A”-da yerləşən 49 №-li mənzilə, yuxarı mərtəbədə yerləşən və cavabdehə məxsus 50 №-li mənzildən suyun axıdılması nəticəsində ona vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə 2.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən 49 saylı mənzil iddiaçıya məxsusdur. İddiaçı bildirir ki, cavabdehin mənzilindən onun mənzilinə əvvəllər bir neçə dəfə su sızmış, iddiaçı bu barədə cavabdehə məlumat vermiş, yaranmış problemin aradan qaldırılmasını xahiş etmiş, lakin cavabdeh heç bir tədbir görməmiş, bu səbəbdən də, iddiaçı mənzilini öz vəsaiti hesabına təmir etdirmişdir. 23.02.2018-ci il tarixdə iddiaçı evə qayıdarkən mənzilinin su basdığını görmüşdür. Mənzildə olan xalçalar, yumşaq mebel, noutbuk suda islanmış vəziyyətdə idi. İddiaçının mənzilinin üstündə yerləşən 50 saylı mənzildən çirkab suların daşması nəticəsində mənzilini su basmış və mənzil yararsız hala düşmüşdür. Həmin mənzilin mülkiyyətçisi olan cavabdehə kanalizasiya və su sistemində problemin olması, bununla əlaqədar lazımi təmirin aparılması barədə müraciət etsə də, cavabdeh iddiaçının xahişlərini nəzərə almamışdır. Qeyd olunan hadisə ilə əlaqədar 151 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi və rəisi tərəfindən iddiaçının mənzilinə 24.02.2018-ci il tarixdə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. İddiaçı bildirir ki, onun mənzilinə dəymiş zərərin aradan qaldırılması üçün 2.000 manat məbləğində vəsait tələb olunur. Buna görə də, o hesab edir ki, cavabdeh həmin zərərin əvəzini ona ödəməlidir. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Bundan sonra, cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilərək yaşadıqları binanın zirzəmisinin iddiaçı tərəfindən bağlanmasının, zirzəminin iddiaçı tərəfindən zəbt edilməsinin qanunsuz hesab edilməsi, iddiaçının şəxsi vəsaiti hesabına binanın çirkab borularının yenisi ilə əvəz edilərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, binanın birinci mərtəbəsində yaşamasından istifadə edən iddiaçı, binanın kommunikasiya xətləri, o cümlədən çirkab su boruları keçən zirzəmiyə gedən yola qapı qoyaraq yolu bağlamış və zərurət yarandığı təqdirdə təmir-bərpa işlərinin görülməsi üçün zirzəmiyə daxil olmağa heç kimə icazə vermir. Bina isə öz-özlüyündə köhnə bina olduğuna görə tez-tez istifadə müddəti keçmiş kanalizasiya boruları bütün sakinlərə problemlər yaradır. Blokda ana kanalizasiya xəttinin (istifadə müddəti keçdiyi səbəbindən) tez-tez tutulması nəticəsində yuxarı mərtəbələrdən axan çirkab suları 2-ci mərtəbədə cavabdehin mənzilinin hamanına dolaraq trapdan aşağı, o cümlədən iddiaçının mənzilinə və hətta bloka axır. Cavabdehdə olan məlumata görə, birinci (yarı zirzəmi) mərtəbədə yaşayan iddiaçı öz mənzilini təmir etdirən zaman öz mənzilinə aid kanalizasiya xəttini ümumi xətdən ayırmış, iddiaçının mənzilində işləyən ustalar ümumi kanalizasiya borusunu zədələmiş və ya xəttin istiqamətini dəyişmişlər. Nəticədə çirkab sularının normal axıntısı pozmuş, boru tez-tez dolaraq su axıntısı baş verir. Yuxarıda qeyd olunanlarla bağlı iddiaçı tərəfindən binaya xidmət göstərən 151 saylı MKİS-ə hələ 27.04.2018-ci il tarixdə rəsmi müraciət olunmasına baxmayaraq, zirzəminin qapısının iddiaçı tərəfindən qanunsuz olaraq bağlanması və onun binanın zirzəmisinə daxil olmağa icazə verməməsi səbəbindən artıq köhnəlmiş kanalizasiya (çirkab su) borularına baxış keçirilməsi mümkün olmamışdır. Həmin borular məhz iddiaçı tərəfindən məcburi qaydada dəyişdirilərək onun şəxsi vəsaiti hesabına təmir edilməlidir. Qarşılıqlı iddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata götürülmüş və ilk iddia ilə bir icraatda baxılmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 08.05.2019-cu il tarixli qətnamə ilə ilk iddianın təmin edilməsini, iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.000 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya, iş üzrə keçirilmiş ekspertizanın xərcinin ödənilməsi məqsədi isə 170 manat məbləğində pulun cavabdehdən tutularaq dövlət nəfinə ödənilməsini, qarşılıqlı iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, çirkab suların daşmasının səbəbi iddiaçının zəbt etdiyi ərazidə boru xətlərinin sıradan çıxmasıdır. İddiaçının təqdim etdiyi fotoşəkillərdən də görünür ki, iddiaçı binanın ümumi istifadədə olan hissəsini, yəni zirzəmini zəbt etmişdir, kanalizasiya xətlərində problem məhz həmin hissədə yaranmışdır. Lakin iddiaçı oranı zəbt etdiyi üçün təmir qeyri-mümkün olmuşdur. Cavabdeh və cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin dəlillərinə, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və ilkin iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdilər. İddiaçı əlavə olaraq bildirdi ki, zirzəmini o zəbt etməyib, zirzəminin girəcəyinə qapı qoymayıb. Zirzəmiyə qoyulan qapı 1990-cı illərdə qoyulmuşdur. Həmçinin təkcə onlara aid zirzəmiyə deyil, həmin binada bütün zirzəmilərə təhlükəsizliyi təmin etmək məqsədi ilə qapı qoyulmuşdur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İşdə olan sənədlərə və iş üzrə tərəflərin bildirdiklərinə əsasən müəyyən edilir ki, iddia ərizəsində qeyd edilən 49 saylı mənzil iddiaçıya, bir mərtəbə yuxarıda yerləşən 50 saylı mənzil isə cavabdehə məxsusdur. 23.02.2018-ci il tarixdə cavabdehin mənzilindən iddiaçının mənzilinə çirkab su axmışdır. Nəticədə iddiaçının mənzilinin təmiri korlanmış, iddiaçıya maddi zərər dəymişdir. Məhkəmə mövcud mülki mübahisənin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki Məcəllənin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İlk iddianı müdafiə edən qarşılıqlı iddiaya etiraz edən iddiaçı bildirir ki, cavabdehin mənzilindən onun mənzilinə suyun axması çirkab su xəttində problemin yaranması səbəbindən deyil, cavabdehin təqsiri üzündən baş vermişdir. İlk iddiaya etiraz edən və qarşılıqlı iddiaya etiraz edən cavabdeh onun mənzilindən iddiaçının mənzilinə çirkab suyun axmasını inkar etmir. O, bildirir ki, su axma onun təqsiri üzündən deyil, iddiaçının çirkab su xəttinə etdiyi müdaxilə nəticəsində xətdə yaranmış nasazlıq nəticəsində baş vermişdir ki, bu kimi halın baş verməsində iddiaçı özü təqsirkardır. Göründüyü kimi, mövcud mülki mübahisənin həlli iddiaçının mənzilinə suyun axıdılmasının cavabdehin hüquqazidd, təqsirli əməli nəticəsində baş verməsindən əmələ gəlib-gəlməməsinin müəyyən edilməsindən asılıdır. İşə baxmış Rayon Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatını həyata keçirmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24557 nömrəli, 04.01.2019-cu il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus 49 saylı mənzilə, həmin mənzilin üst mərtəbəsində yerləşən və cavabdehə məxsus 50 saylı mənzildən kanalizasiya borusunda yaranmış qəza ilə əlaqədar su axıdıldığı və nəticədə 49 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 49 saylı mənzildə yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 2.795 manat məbləğində müəyyən olunmuşdur. Tədqiq olunan yaşayış evinin mühəndis-kommunikasiya xətlərini əks etdirən tikinti layihəsi ekspertizaya təqdim edilmədiyindən, qərardadın 4-cü və 5-ci sualları üzrə tədqiqat aparılması mümkün olmamışdır. İşə baxmış Rayon Məhkəməsi rəyə istinad edərək, cavabdehin əməli nəticəsində iddiaçıya zərər vurulması qənaətinə gələrək ilk iddianı təmin etmiş, qarşılıqlı iddianı isə rədd etmişdir. Lakin Məhkəmə qeyd edir ki, qeyd olunan ekspert rəyi ilə cavabdeh tərəfindən hüquqazidd əməlin törədilməsi müəyyən olunmur. Əksinə ekspert rəyindən görünür ki, iddiaçının mənzilinə su birbaşa cavabdehin təqsirli hərəkəti nəticəsində deyil, kanalizasiya borusunda yaranmış qəza ilə əlaqədar axmışdır. Kanalizasiya borusunda yaranmış qəzanın cavabdehin davranışı ilə yaranması isə öz təsdiqi tapmır. Belə ki, ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində qeyd olunur ki, mərtəbələrarası örtük konstruksiyalarından su sızması aşağıdakı səbəblərə görə ola bilər: boru xətlərində yaranan qəzalar, sanitar qovşaq avadanlıqlarında əmələ gələn qüsurlar, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmalardan, yararsız sanitar qovşaq avadanlıqlarından istifadə edilməsindən, mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən və s. Göründüyü kimi suyun axıdılmasının cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi ekspert rəyi ilə birmənalı təsdiq olunmur. Bundan başqa, öz növbəsində iddiaçı onun mənzilinə suyun axıdılmasının cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyini bildirsə də, buna dair sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, nə qədər ki cavabdehin təqsirini müəyyən edən tutarlı sübutlar mövcud deyil, onun həmin əməldə təqsirləndirilməsi yolverilməzdir. Bundan başqa nəzərə alınmalıdır ki, "xxxx" ASC-nin Nəsimi Rayon Sukanal İdarəsinin cavabdehin vəkili Vəkil1 ünvanlandığı 15.08.2019-cu il tarixli, VC-02/2-01/491 saylı məktubda qeyd edilmişdir ki, qəza-bərpa briqadası tərəfindən Nəsimi rayonu, Səməd Vurğun küçəsi, bina № 81 “A”-da yerləşən 49 və 50 saylı mənzillərin içərisindən, sanitar qovşağı yerləşən hissədən “dik dayaq” ümumi istifadə kanalizasiya borusuna baxış keçirilmiş, binanın yuxarı mərtəbələrində yerləşən mənzillərdə yaşayan sakinlər tərəfindən əski parçaları (pampers, yaş salfet və s.) kanalizasiya borularına atılması və binanın zirzəmi hissəsində kanalizasiya xəttində konstruktiv dəyişiklik edilməsi səbəbindən aşkarlanmışdır. “Dik dayaq” kanalizasiya borusunun (iddiaçıya məxsus) 49 saylı mənzil hissəsində yerləşən təmizlik və profilaktika üçün nəzərdə tutulmuş “təftiş” adlanan xüsusi pəncərədən müdaxilə edilərək kanalizasiya borusunun zirzəmidən dirsək vasitəsi ilə əyilərək məhəllədaxili kanalizasiya xəttinə gedən hissəsi müxtəlif təyinatlı məişət tullantılarından təmizlənərək, tutulma aradan qaldırılmışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçının mənzilinə cavabdehin mənzilindən suyun axıdılması cavabdehin təqsiri üzündən deyil, iddiaçının çirkab su xəttinə etdiyi müdaxilə nəticəsində xətdə yaranmış nasazlıq nəticəsində baş vermişdir ki, bu kimi halın baş verməsində iddiaçı özü təqsirkardır. Bu baxımdan Məhkəmə hesab edir ki, ilk iddia əsaslı deyil, qarşılıqlı iddia isə qismən, yəni “iş üzrə tərəflərin yaşadıqları binanın çirkab su borularının birinci mərtəbədə yerləşən və birinci mərtəbədən zirzəmiyə gedən hissəsi ilk iddia üzə iddiaçının hesabına tikinti norma və qaydalarına uyğun olaraq təmir edilərək, işlək vəziyyətə gətirilməsi barədə” hissədə əsaslıdır. Qarşılıqlı iddianın qalan hissəsi isə əsassızıdır, çünki həmin tələbi irəli sürmək üçün cavabdehin subyektiv hüququ yoxdur. İşə baxmış Rayon Məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə tam həcmdə rədd etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. MPM-nin 385.1-ci maddəsinə görə isə, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, ilk iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə” ilk iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “binanın çirkab su borularının təmir edilməsinin cavabdehin şəxsi hesabına təmin edilməsi və sair tələbi barədə” qarşılıqlı iddiası qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən binanın çirkab su borularının birinci mərtəbədə yerləşən və birinci mərtəbədən zirzəmiyə gedən hissəsi ilk iddia üzə İddiaçı hesabına tikinti norma və qaydalarına uyğun, habelə işlək vəziyyətə gətirilsin. Qalan hissədə qarşılıqlı iddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərcinin ödənilməsi məqsədi ilə İddiaçı və Cavabdeh, hər birindən 25 (iyirmi beş) manat tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar