Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1150/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, üçüncü şəxs Cəmalə Mahmudovanın vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilənin ləğv edilməsi və binanın istismra verilməsi barədə təhvil-təslim aktının verilməsi barədə” iddiasına, üçüncü şəxs X1 cavabdehlər Cavabdeh MTK və İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzillə bağlıdır. Mənzilin yerləşdiyi bina Cavabdeh MTK-ya aiddir. MTK mənzilə dair 3 müqavilə bağlayıb. 1-ci müqavilə 18.03.2008-ci ildə Cəmalə Mahmudova ilə bağlanıb (iş v. 48). Bu müqavilə podrat müqaviləsidir. Müqavilədə MTK podratçı, Cəmalə Mahmudova payçı kimi göstərilib. Müqavilənin predmeti isə ünvan 1 №-li ev, 1-ci giriş, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 128,2 kv.m olan 3 otaqlı nömrəsiz mənzil kimi göstərilib. 2-ci müqavilə 19.09.2018-ci il tarixdə İddiaçı ilə bağlanıb (iş v 9). Bu müqavilə podrat müqaviləsidir. Müqavilədə MTK podratçı, İddiaçı payçı kimi göstərilib. Müqavilənin predmeti isə ünvan 1 №-li ev, 1-ci giriş, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı nömrəsiz mənzil kimi göstərilib. 3-cü müqavilə 13.07.2021-ci il tarixdə İddiaçıla bağlanıb (iş v. 124). Bu müqavilə alqı-satqı müqaviləsidir. Müqavilədə MTK satıcı, İddiaçı alıcı kimi göstərilib. Müqavilənin predmeti isə ünvan 1 №-li ev, 1-ci girişdə yerləşən, ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı 31 №-li mənzil kimi göstərilib. Müqavilə notariat qaydasında təsdiq olunub. Mənzillin sahəsi müqavilələrdə fərqli göstərilsə də hər 3 müqavilənin predmeti eyni mənzildir. Başqa iş – 2(009)-752/2021 nömrəli mülki iş üzrə Səbail RM tərəfindən qəbul olunmuş 21.04.2021-ci il tarixli qətnamə ilə qət olunub ki, mənzilin Cəmalə Mahmudovaya verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarının verilməsi və mənzilin Cəmalə Mahmudovaya təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun, Cəmalə Mahmudova mənzilə köçürülsün. Tələb və onun həlli: İşdə 2 iddia var. 1-ci iddiada, yəni İddiaçı iddia ərizəsində tələb olunub ki, mənzilə dair Cavabdeh MTK-nın Səyyadə Süleymanova və Cəmalə Mahmudova ilə bağladığı müqavilələr ləğv edilsin və binanın istismara verilməsi barədə təhvil-təslim aktının iddiaçıya verilməsi vəzifəsi MTK-nın üzərinə qoyulsun. 2-ci iddiada, yəni üçüncü şəxs Cəmalə Mahmudovanın iddia ərizəsində tələb olunub ki, mənzilə dair Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi və ondan əmələ gələn nəticələr etibarsız hesab edilsin, İddiaçı və digər şəxslər mənzildən çıxarılsın, habelə mənzildə olan əşyalar mənzildən çıxarılsın. Səbail Rayon Məhkəməsi iş üzrə 10.11.2021-ci il tarixdə qətnamə, 03.12.2021ci il tarixdə isə əlavə qətnamə qəbul edib. Qətnamə ilə qət olunub ki, İddiaçı iddiası təmin edilməsin, üçüncü şəxs Cəmalə Mahmudovanın iddiası təmin edilsin, İddiaçı ilə Cavabdeh MTK arasında mənzilin alqısatqısına dair bağlanmış 13.07.2021-ci il tarixli müqavilə etibarsız hesab edilsin, İddiaçı və digər şəxslər mənzildən bütün əmlakları ilə birlikdə çıxarılsın, mənzil boşaldılaraq Cəmalə Mahmudovanın sahibliyinə verilsin. Əlavə qətnamə ilə qət olunub ki, İddiaçı ilə Cavabdeh MTK arasında mənzilin alqı-satqısına dair bağlanmış 19.09.2018-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, İddiaçı iddiası təmin edilsin, üçüncü şəxs Cəmalə Mahmudovanın iddiası rədd edilsin. Məhkəmə iclasında iştirak edən, üçüncü şəxs Cəmalə Mahmudovanın vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Qətnamə ilə 2 iddia həll edilib. 1-ci iddianın, yəni İddiaçı iddiasının həlli 2-ci iddianın, yəni üçüncü şəxs Cəmalə Mahmudovanın iddiasının həllindən asılıdır. Ona görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. Üçüncü şəxs Cəmalə Mahmudovanın iddiası: Bu iddiaya aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, istər porat münasibətləri, istərsə də kooperativ münasibətləri baxımından bu iddia əsaslı hesab olunur. Podrat münasibətləri baxımından: Artıq formalaşmış məhkəmə təcrübəsinə görə mənzil tikintisi ilə bağlı münasibətlər podrat münasibəti hesab olunur. Mülki Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Göründüyü kimi, “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir” ifadəsi ilə mülkiyyəti sifarişçiyə vermək podratçının vəzifəsi kimi müəyyən edilib. Podrat münasibətində ilk sifarişçi Cəmalə Mahmudovadır, o, MTK ilə podrat müqaviləsini 18.03.2008-ci il tarixdə bağlayıb. Podratçının hüququ yoxdur ki, Cəmalə Mahmudovanın sifarişi ilə hazırlanmış mənzili 10 il sonra - 19.09.2018-ci il tarixdə İddiaçı versin. Mənzil podratın maddiləşmiş nəticəsidir, Cəmalə Mahmudovanın sifarişi və maliyyəsi hesabına əmələ gəlib, ona görə də podratçının vəzifəsidir ki, mənzili Cəmalə Mahmudovaya versin. Hazırkı mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsindəki norma tətbiq oluna bilməz. Həmin madədə qeyd olunub: “Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır.” Bu norma o halda tətbiq olunur ki, şəxs özünə məxsus olan əmlakın özgəninkiləşdirilməsi barədə bir neçə şəxslə müqavilə bağlayır, lakin əmlakı onlardan birinin mülkiyyətinə verir, belə halda müqavilə bağlamış digər şəxslərin mənzili tələb etmək hüququ aradan qalxır. Burada hüquqi məntiq ondan ibarətdir ki, qanunverici mülkiyyətçinin seçim hüququna hörmətlə yanaşıb. Ancaq podrat münasibətlərində podratçının belə seçim hüququ yoxdur, o, mülkiyyətçi deyil, podratçıdır, ona görə də podratın maddiləşmiş nəticəsini Mülki Məcəllənin 752.2-ci maddəsinin göstərişinə uyğun olaraq sifarişçiyə verməyə borcludur. Əgər MTK öz mülkiyyətində olan mənzili üzərində sərəncam vermək üçün əvvəlcə Cəmalə Mahmudova ilə, daha sonra isə İddiaçı ilə alqı-satqı müqaviləsi bağlasayıdı, lakin mənzili İddiaçı versəyidi, belə halda Cəmalə Mahmudovanın mənzili tələb etmək hüququ aradan qalxardı. Hazırkı işdə belə hal yoxdur, podratçı var, həmin podratçı əvvəlcə sifarişçi Cəmalə Mahmudova ilə, daha sonra isə sifarişçi İddiaçı ilə podrat müqaviləsi bağlayıb. Beləliklə, mənzil Cəmalə Mahmudovanın sifarişi və maliyyəsi ilə onun üçün inşa olunub. Mənzilin İddiaçı verilməsi Cəmalə Mahmudovanın əmlakının başqasına verilməsi kimi qiymətləndirilir. Təsadüfi deyildir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 25.04.2018-ci il tarixli Qanunda da tikilməkdə olan binada mənzili əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin xeyrinə təminat qeydinin aparılmalı olduğu müəyyən edilmişdir. Bu isə artıq onu təsdiq edir ki, dövlətin qanunvericilik siyasəti mənzil əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin müdafiəsinə yönəlib. Kooperativ münasibətləri baxımından: MTK-nın Cəmalə Mahmudova ilə müqavilə bağladığı zaman Mülki Məcəllənin 178.8-ci maddəsinin qüvvədə olmuş redaksiyasına görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Həmin maddənin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 25.10.2010-cu il tarixli qərarına görə kooperativ üzvü və ya pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Cəmalə Mahmudova “pay yığımına hüququ olan digər şəxs” kimi qəbul olunduqda o, pay haqqını tam ödəyib, bunun nəticəsində isə onun mənzilə münasibətdə sahiblik və istifadə hüququ əmələ gəlib. Göründüyü kimi, MTK ilə İddiaçı arasında müqavilə bağlanan zaman artıq Cəmalə Mahmudovanın mənzil üzərinə sahiblik və istifadə hüququ var idi. Bundan başqa, Mülki Məcəllənin 139-1.1.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Artıq belə belə qərarın verilməsi vəzifəsi məhkəmə tərəfindən MTK-nın üzərinə qoyulub. Belə ki, başqa iş – 2(009)-752/2021 nömrəli mülki iş üzrə Səbail RM tərəfindən qəbul olunmuş 21.04.2021-ci il tarixli qətnamə ilə qət olunub ki, mənzilin Cəmalə Mahmudovaya verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarının verilməsi MTK-nın üzərinə qoyulsun. Göründüyü kimi, həm podrat münasibətləri, həm də kooperativ münasibətləri baxımından Cəmalə Mahmudova hazırkı mübahisədə haqlı tərəfdir. MTK İddiaçıla 2 müqavilə bağlayıb: 1) 19.09.2018-ci il tarixli podrat müqaviləsi; 2) 13.07.2021-ci il tarixli alqı-satqı müqaviləsi. 1-ci müqavilə, yəni podrat müqaviləsi yalan əqd kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir, yalan əqd əhəmiyyətsizdir. İddiaçı ilə bağlanmış podrat müqaviləsinin yalan əqd olduğu müqavilənin məzmunundan aydın görünür. Belə ki, müqavilənin məzmununda qeyd olunub İddiaçı mənzilin tikintisini podratçıya həvalə edir. Artıq tikilmiş mənzil yenidən tikilə bilməz. Mənzil Cəmalə Mahmudovanın sifarişi əsasında tikildiyinə görə İddiaçı həmin mənzilin təkrarən tikilməsi barədə sifariş verə bilməz. Podrat münasibətlərində iş bitdikdən sonra həmin işin görülməsi barədə sifariş verilməsi mümkün deyil. 2-ci müqavilə, yəni alqı-satqı müqaviləsi uydurma əqddir. Həmin müqavilə hazırkı iş üzrə icraat zamanı görünüş üçün bağlanıb. Belə ki, İddiaçı iddiası 20.05.2021-ci il tarixdə, üçüncü şəxs Cəmalə Mahmudovanın iddiası 27.05.2021-ci il tarixdə verilib, müqavilə isə 13.07.2021-ci il tarixdə bağlanıb. O cümlədən, mənzil üzərində MTK-nın mülkiyyət hüququ hazırkı iş üzrə icraat zamanı (12.07.2021-ci il tarixdə) qeydə alınıb, bundan 1 gün sonra (13.07.2021-ci il tarixdə) isə MTK İddiaçı ilə alqı-satqı müqaviləsi bağlayıb. İddiaçı iddia ərizəsində 1-ci müqaviləyə istinad edib və mənzili satın aldığını qeyd edib. Satın alınmış mənzilin məhkəmə icraatı zamanı təkrarən satın alması onu təsdiq edir ki, müqavilə uydurma əqddir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Alqı-satqı müqaviləsinə uyğun hüquqi nəticələr ondan ibarətdir ki, satıcı özünə məxsus əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satın alınmış mənzilin məhkəmə icraatı zamanı təkrarən satın alması onu təsdiq edir ki, tərəflərin alqı-satqı müqaviləsinə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmayıb. Birinci instansiya məhkəməsi düzgün olaraq alqı-satqı müqaviləsini etibarsız sayıb, baxmayaraq ki, müqavilə iddianın verilməsindən sonra bağlanıb. Bu müqavilənin etibarsız sayılması üçün iddianın verilməsinə zərurət yoxdur, məhkəmə işin halı kimi müqavilənin etibarsızlığını tanıya bilər. Belə ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə isə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Üçüncü şəxs İddiaçı iddiası: Bu iddia etibarsız əqdə - 19.09.2018-ci il tarixli podrat müqaviləsinə əsaslanır. Həmin müqavilə etibarsızdır. Bunun səbəbləri yuxrıda qeyd olunub. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Ona görə də birinci instansiya məhkəməsi İddiaçı iddiasını rədd etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1150/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1150/2022
28.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver