Məhkəmə qərarları › İş №2(103)-11546/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11546/2021

24.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11546/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2473/2021 saylı iş üzrə 17 sentyabr 2021-ci il tarixli qərardadından maraqlı şəxs Shahid Rizvan Muhammad tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Əliyeva Laləzar İsmayıl qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 dekabr 2017-ci il tarixli, 3M-675 reyestr nömrəli İcarə müqaviləsinin ləğv edilməsi, İcarə müqaviləsinə əsasən müəyyən edilmiş 150000 manat məbləğində kompensasiyanın, təmir-tikinti işlərinin aparılmasına, mebellərin quraşdırılmasına və digər təmir və yaxşılaşdırma işlərinin həyata keçirilməsinə çəkilən 250000 manat məbləğində xərclərin, əldən çıxmış faydaya görə 60000 manat məbləğində pulun, 20000 manat məbləğində mənəvi zərəriun, toplamda 480000 manat məbləğində pulun cavabdeh Əliyeva Laləzar İsmayıl qızından tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. İddiaçı eləcə də iddianın təmini tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin 4-cü mərtəbəsində yerləşən, 19, 20, 21, 22 saylı mənzillərdən ibarət icarə əmlakına maneəsiz daxil olmağı və istifadə etməyi cavabdeh Əliyeva Laləzar İsmayıl qızına və 3-cü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2473/2021 saylı iş üzrə 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana kimi Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin 4-cü mərtəbəsində yerləşən, 19, 20, 21, 22 saylı mənzillərdən ibarət icarə əmlakına maneəsiz daxil olmaq və istifadə etmək cavabdeh Əliyeva Laləzar İsmayıl qızına və 3-cü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Qərardaddan maraqlı şəxs Shahid Rizvan Muhammad şikayət verərək qərardadının ləğv edilməsini və iddianın təmini tədbiri barədə İddiaçı iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 23.06.2021-ci il tarixli icarə müqaviləsinə əsasən sözügedən mənzilləri Laləzar Əliyeva ona 23.06.2024-cü il tarixədək icarəyə vermişdir. Həmin müqaviləyə əsasən o, Laləzar Əliyevaya 1000 manat icarə haqqı ödəyir. Hesab edir ki, mübahisələndirilən qərardad sahibkar kimi onun fəaliyyətinə maneə yaradır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2473/2021 saylı iş üzrə 04 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2473/2021 saylı iş üzrə 17 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, maraqlı şəxs Shahid Rizvan Muhammad tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş 23.06.2021-ci il tarixli İcarə Müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh (tam hissə, 155 kv.m 7 otaq) icarəçi "xxxx" MMC-yə 23.06.2024cü il tarixədək icarəyə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək başqa şəxslərə qadağan edilə bilər. İddianın təmin etmə tədbirinin tətbiq olunmasının məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. Qanunvericilikdə iddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının məqsədi göstərilsə də, lakin bu tədbirlərin tətbiqinin zəruriliyinin meyarları müəyyən edilmir. Ona görə də hazırki iddianın təmin etmə tədbirinin tətbiq edərkən işin konkret hallarını nəzərə alaraq həmin məsələyə iddianın əsaslığı prezumpsiyası baxımından yanaşılmalıdır. İddianın təmin etmə tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış etməlidir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. İddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının MPM-nin 157.2-ci maddəsində göstərilən məqsədi o halda realizə olunur ki, iddia ilə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə mövcud olsun, yəni görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” AR Konstitusiya məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarına əsasən 1. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub- olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Kollegiya qeyd edir ki, qanunverici birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verəmək hüququnun olduğunu göstərmişdir. Hazırki halda da görünür ki, Shahid Rizvan Muhammad "xxxx" MMC-nin nümayəndəsi olaraq 23.06.2021-ci il tarixli İcarə Müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh (tam hissə, 155 kv.m 7 otaq) icarəçi "xxxx" MMC-yə 23.06.2024-cü il tarixədək icarəyə vermişdir. Birinci instansiya məhkəməsi ərizəyə baxarkən yalnız ərizənin irəli sürülmüş tələblərə mütənasib və əlaqəli olduğunu və gələcəkdə iddia təmin olunacağı halda qətnamənin icrasının təmin etməsinə qulluq etməsini əsas götürərək ərizəni təmin etmiş və qərardaddan maraqlı şəxs Shahid Rizvan Muhammad tərəfindən verilmiş şikayətin dəlillərinə ümumiyyətlə qiymət verməmiş və qərardadın və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinə toxunub-toxunmaması məsələsini nəzərə almamışdır Məhkəmə kollegiyası hesab edir ki, qəbul edilən qərardad aşkar şəkildə maraqlı şəxs Shahid Rizvan Muhammadun hüquqlarına toxunduğundan şikayətə yenidən baxılarkən həmin hal nəzərə alınmalqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbləri əsasında yoxlanılmalı və qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi müəyyən edən 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2473/2021 saylı iş üzrə 17 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, maraqlı şəxs Shahid Rizvan Muhammad tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs Shahid Rizvan Muhammad tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2473/2021 saylı iş üzrə 17 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Maraqlı şəxs Shahid Rizvan Muhammad tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar