Məhkəmə qərarları › İş №2(103)-11550/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11550/2021

20.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11550/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Zaur Niftəliyevin iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «mənəvi ziyanın ödənilməsi tələbinə dair» 2(011)- 4368/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən vurulmuş 700000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08.12.2018-ci il tarixdə saat 20:30 radələrində oğlu Sənan bacısı oğlu Əlidən test kitabı almaq üçün onlara getmişdir. Bacısı onlara çay verdikdən sonra evin ikinci mərtəbəsində namaz qılmış, həmin vaxt Məhəmməd, Əli və Sənan birlikdə oynamaq üçün evin birinci mərtəbəsində yerləşən giriş qapısından sağ tərəfdə yerləşən otağa getmişlər. Uşaqlar orada oynayarkən çox güclü partlayış olmuşdur. Tələsik evdən çıxıb Günelgilin evinə gəlmiş və həyətə girən kimi Sənanın paltarları yanmış vəziyyətdə həyət qapısına tərəf gəldiyini görmüşdür. Evə çatanda Əlinin yana-yana talvarın altında olduğunu görmüş, əynindəki yanan paltarları çıxarmış, evə girdikdə isə Günelin Məhəmmədi qucağında çölə çıxardığını görmüşdür. Baş vermiş hadisə barədə həm təcili yardıma, həm də yanğın söndürənlərə məlumat vermişdir. Xəstəxanada göstərilən ilkin tibbi yardımdan sonra onların vəziyyətinin yaxşı olmadığı və müalicənin davam etdirilməsi üçün elə həmin gecə Bakı şəhərində yerləşən 5 saylı xəstəxananın nəzdindəki yanıq xəstəxanasına aparmışlar. Uşaqların yanıq xəsarətləri ciddi olmuş və həkimlər ilk gündən yaşamaq imkanlarının zəif olduğunu bildirmişlər. Göstərilən bütün tibbi yardımlara baxayaraq Əli 10.12.2018-ci il tarixdə, Məhəmməd 14.12.2018-ci il tarixdə, Sənan isə 16.12.2018-ci il tarixdə ölmüşdür. Qaz sızması bacısı Günelin evinin qarşısında açıq aydın göründüyü üçün bu barədə mərhum Əli 27.11.2018-ci il və 05.12.2018-ci il tarixlərində, o özü isə 08.12.2018-ci il tarixdə 104 qaynar xəttə zəng vurmuşdur. Lakin heç bir nəticəsi olmamış, 05.12.2018-ci il tarixdə sonradan adını bildiyi Məhəmməd Nuruyev adlı şəxs gələrək təmirin mümkün olmadığını bildirmiş və getmişdir. "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları X3 Regional Qaz İstismar İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətində mühəndis vəzifəsində, həmçinin, X1 X21 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir Bərpa Xidmətinin nəzarətçi-çilingəri vəzifəsində işləyərkən, Masallı rayonu Sığıncaq kənd sakini X15 məxsus olan fərdi yaşayış evinin həyət qapısının qarşısından keçən yeraltı qaz kəmərində qaz sızma olması barədə, məlumat almasına baxmayaraq, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək həmin qaz sızmasının qarşısını almaması səbəbindən 08.12.2018-ci il tarixdə baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin, yəni X9, X4 və X18 ölümünə səbəb olan səhlənkarlıq etmişlər. Masallı Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli, 1(050)- 55/2019 saylı hökmünə əsasən X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2,-ci maddəsinə əsasən 02 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifətutma hüququndan məhrum edilməklə 05 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Hökm qanuni qüvvəyə minmiş və hökm icraya yönəldilmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində azyaşlı oğlunun və azyaşlı bacısı uşaqlarının faciəvi surətdə ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən vurulmuş mənəvi zərərə görə 50000 manat məbləğində kompensasiya və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iş üzrə iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının hadisənin şahidi olmağını və yanmış uşaqları xəstəxanaya aparmağını, həmin anlar hansı stresslər keçirməyini nəzərə almamışdır.Həmçinin məhkəmə iddiaçının və həyat yoldaşının bundan sonra dünyaya uşaq gətirmək gücünü, bu uşağa qayğı göstərmək halının olmamasını da nəzərə almamışdır. Məhkəmə cavabdehin maliyyə durumunu da nəzərə almamışdır. Çünki cavabdeh təşkilat Azərbaycanın q az satışı ilə məşğul olan yeganə qurumudur və onun bu sahədə alternativi yoxdur. Həmçinin qaz satışından onun büdcəsinə kifayət qədər maliyyə vəsaiti daxil olmasını da məhkəmə nəzərə almamışdır. Həmin qətnamədən cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları X3 X21 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətində mühəndis vəzifəsində, həmçinin X2 X21 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-bərpa xidmətinin nəzarətçiçilingəri vəzifəsində işləyərkən Masallı rayonu Sığıncaq kənd sakini X15 məxsus olan fərdi yaşayış evinin həyət qapısının qarşısından keçən yeraltı qaz kəmərində qazsızma olması barədə məlumat alınmasına baxmayaraq, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibətləri nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək həmin qaz sızmasının qaşısının vaxtında alınmamaları səbəbindən 08 dekabr 2018-ci il tarixdə baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin, yəni X9, X4 və X18 ölümünə səbəb olan səhlənkarlıq etmişlər. Analoji işlərdə iddianın əsasını mülki hüquq pozuntusu və qeyd olunan pozuntu nətcəsində dəymiş maddi ziyan təşkil edir. Mənəvi ziyanla bağlı tələb isə törəmə tələbdir. Bu işlərdə ilkin olaraq mülki hüquq pozuntusunun təsdiq olunması faktının müəyyən olunması, başqa sözlə iddiaçının hüquqlarının pozulmasının tanınması mühüm əhəmiyyət kəsb edir. Belə ki, iddiaçının oğlunun və bacısı uşaqlarının arzuolunmaz hadisə nəticəsində həyatlarını itirmələrinə səbəb olan hallar cinayət orqanı tərəfindən tam araşdırılmış və cinayət işi üzrə təqsirləndirilən şəxslər Masallı Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 1(050)-55/2019 sayli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Hazırki işdə də iddiaçının hüquqlarının pozulması faktı tanınmışdır. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi onu deməyə əsas verir ki, iddiaçının pozulmuş hüquqları artıq bərpa olunub, bu baxımdan cavabdehdən mənəvi zərərə görə 50000 manat məbləğdə pulun tutulması ağlabatan və ədalətli kompensasiya hesab edilə bilməz. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil edilməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki müki mübahisə dair tərəflərin verdikləri apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsi tam həcmdə yoxlanılır. İş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli, 1(050)-55/2019 saylı hökmünə əsasən, təqsirləndirilən şəxs X3 X21 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətində mühəndis vəzifəsində, təqsirləndirilən şəxs X1 X21 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir Bərpa Xidmətinin nəzarətçi-çilingəri vəzifəsində işləyərkən Masallı rayonu Sığıncaq kənd sakini X15 məxsus olan fərdi yaşayış evinin həyət qapısının qarşısından keçən yeraltı qaz kəmərində qaz sızma olması barədə məlumat almasına baxmayaraq, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək həmin qaz sızmasının qarşısını almaması səbəbindən 08.12.2018-ci il tarixdə baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin, yəni X9, X4 və X18 ölümünə səbəb olan səhlənkarlıq etmişlər. X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifətutma hüququndan məhrum edilməklə 05 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən verilmiş apellyasiya şikayətləri Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17.02.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 17.02.2020-ci il tarixli qərarından verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20.10.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçının oğlunun və onun bacısının oğullarının ağır xəsarət alması və ölməsi Cavabdeh Lənkəran X21 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətində mühəndis vəzifəsində işləyən X10, Lənkəran X21 İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir Bərpa Xidmətinin nəzarətçi-çilingəri vəzifəsində işləyən X5 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi ilə əlaqədar yaranması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan onun təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X14 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X14 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçı apellyasiya şikayətində cavabdehdən tutulmalı olan mənəvi zərərə görə məbləğdən razı olmadığını qeyd etsə də, bunu əsaslandırmamış, ümumi mülahizələrdən istifadə etməklə və qanunvericilik nomalarını sadalamaqla kifayətlənmişdir. Digər tərəfdən, iş üzrə cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən verilmiş iddianın rədd edilməsini tələb etsə də, bunun əsası kimi istinad etdiyi halları sübut edən hər hansı mptəbər sübutu məhkəməyə təqdim etməmişdir. Mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq halları nəzərə alınaraq iddiaçıya azyaşlı uşaqların ölümü ilə əlaqədar dəymiş mənəvi ziyana görə 50000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi əsaslı və ədalətlidir. Belə olan halda, vurulmuş mənəvi ziyanın əvəzinin tutulmasına dair iddianın təmin olunmuş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2(011)-4368/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar