Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11560/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “sığorta ödənişi tələbinə dair” 2(005)-4099/2021 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “sığorta ödənişi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X2 ölümü ilə bağlı sığorta haqqının "xxxx" ASC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, qardaşı X2 avtomobil qəzasında həlak olduğuna görə sığorta ödəməsi barədə "xxxx" ASC-yə müraciət etmiş, lakin verilmiş cavab qanuni və əsaslı deyil, həqiqəti əks etdirmir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx"ASC tərəfindən İddiaçı xeyrinə 06.01.2020-ci il tarixdə vəfat etmiş X2 ölümü ilə bağlı sığorta haqqı ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx"ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində cavabdeh tərəfdən iddiaçıya təqdim olunmuş imtina məktubunu qeyd etsə də, bu mübahisədə mülki məsuliyyətin sığortası növündən bəhs olunduğunu bildirsə də, gəldiyi nəticədə isə fərdi qəza sığortasına istinad edir. Ümumiyyətlə "xxxx" ASC-nin heç sərnişinlərin icbari fərdi qəza sığortasına dair lisenziyası yoxdur. Yəni, işin faktiki halı mülki məsuliyyətin icbari sığortası növü üzrə araşdırılmalı olduğu halda, məhkəmə bu hissədə heç bir araşdırma aparmamışdır. Bu iş üçün əhəmiyyətli olan hal ölən - X2 ailə üzvünün olub-olmamasının müəyyən olunmasıdır. Ailə üzvü varsa, ona sığorta ödənişi verilir, yoxdursa, imtina edilir. Lakin məhkəmə bununla bağlı qətnamədə heç bir mötəbər sübuta və qanunun aidiyyəti müddəasına istinad etməmişdir. Apellyasiya baxışında iş üzrə cavabdehin nümayəndəsi H.Qarayev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etdi. Apellyasiya baxışında iş üzrə İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi və bildirdi ki, o, mərhum qardaşının vəfatından sonra sığorta ödənişini ala bilər. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X8 06.01.2020-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 22.01.2020-ci il tarixdə 162 nömrə ilə qeyd edilmişdir. İşdə olan “Qanun üzrə vərəsəlik haqqında” 09 iyul 2020-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X3 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 06.01.2020 tarixdə ölmüş X4 vərəsəsi bacısı, X5 – Bakı şəh., Suraxanı ray., Əmircan qəs., 1847-ci keçid, ev 8, mən. 34 (AA*******, 11/01/2020 - ASAN 4) və o miras əmlakdan irs almalı olduğunu, şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 27.02.2016-cı il tarixdə X6 verilmiş ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.64 kv/m olan mənzildən ibarət olduğunu təsdiq etmişdir. İşdə olan 22.04.2021-ci il tarixli cavab məktubu ilə qanunvericiliyin müvafiq müddəalarına istinadən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı 06.01.2020-ci il tarixdə vəfat etmiş X2 qanuni vərəsəsidir. "Vaz 21074" markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Həmin avtomobil 05.01.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ilə hərəkət edən zaman yolu keçən piyadanı - X7 vurmuş və həmin hadisə nəticəsində iddiaçının qardaşı X8 aldığı xəsarətlərdən ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. X2 yeganə vərəsəsi İddiaçıdır. "İcbari sığortalar haqqında" Azərbaycan Rspublikası Qanununun: 6.1-ci maddəsinə əssən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə görə mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 6.3-cü maddəsinə görə bu Qanunun xüsusi bölməsinin müvafiq müddəaları ilə hər bir icbari sığorta növü üzrə sığortalıların və ya sığorta olunanların konkret kateqoriyası müəyyən olunur. 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. 6.5-ci maddəsinə görə bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş, sığorta olunanın və ya üçüncü şəxsin faydalanan şəxs qismində çıxış edən ailə üzvləri sığorta ödənişinin alınmasında bərabər pay hüququna malikdirlər. 6.6-cı maddəsinə əsasən fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. 6.7-ci maddəsinə görə əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olubolmamasından asılı olmayaraq zərərçəkən hesab edilir. 6.8-ci maddəsinə əsasən şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən hesab edilir. 6.9-cu maddəsinə görə bu Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür. 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, vəfat edən şəxs X8 həmin sığorta şirkətində fərdi qəza sığortası növü üzrə sığortalanmadığından, mülki məsuliyyətin sığortası üzrə İddiaçı qardaşı mərhum X2 "İcbari sığortalar haqqında" Qanunun məqsədləri üçün ailə üzvü hesab edilmədiyindən, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(005)- 4099/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11560/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11560/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver