Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11568/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 735/2021 saylı 07 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində iddiaçının ona borcunun olması və yüksək vəzifəli şəxs olduğuna görə ona hədə-qorxu gəlməyi barədə Azərbaycan Respublikası Ədliyyə Naziri cənab F.Məmmədova ünvanladığı, barəsində yazdığı şikayətlərdə yayılan məlumatların onun işgüzar nüfuzunu ləkələyən və həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, həmçinin cavabdehdən mənəvi zərərin əvəzi olaraq 1.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 ildən artıq müddətdir ki, özünün zəhmətsevərliyi, əzmkarlığı, cinayətkarlığa qarşı mübarizədə həyatını riskə atması bahasına belə qətiyyəti sayəsində Azərbaycan Respublikasının Ədliyyə orqanlarında (əsasən penitensiar xidmətdə) pillə-pillə dəstə rəisi vəzifəsindən müəssisə rəisi vəzifəsinə qədər yüksəlmişdir. Ədliyyə orqanlarından sərəncamda qaldığı zamanlarda müxtəlif dövrlər ərzində ailəsinin,övladlarının saxlanması üçün müxtəlif sahələrdə çalışmışdır. Cavabdehi yaxın dostlarının - Kamil və Səxavətin sayəsində tanımış, biznes fəaliyyəti ilə məşğul olduğuna görə digər dostları Vüqar və Ayazla birgə fəaliyyət qurmağı və xaricdən məişət avadanlıqlarının gətirilməsi niyyətini bildirmişdir. İddiaçı dostları Vüqar və Ayaza maddi köməklik göstərməklə onların qazanclarından müəyyən vaxtlada özünə aid hissədə vəsait əldə etmişdir. Təxminən bir il bundan əvvəl cavabdehin ona qarşı yalan ifadəsi nəticəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunduqda orada ona məlum olmuşdur ki, cavabdeh iddiaçının ona borclu olduğu, ona pulu qaytarmadığı haqda yalan izahat vermişdir. Bundan sonra cavabdeh ərizə ilə Ədliyyə Nazirliyinə şikayət edərək eyni səpkili yalan məlumatlar yaymaqla müəssisə rəisi olduğu üçün qorxacağını və geri çəkilərək məhz özünün səriştəsizliyi və qeyri-peşəkarlığı sayəsində batırmış biznesində itirdiyi pulları ona qaytaracağını düşünmüşdür. Cavabdeh ona qarşı bu cür həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli məlumatları yaymaqla onun ədliyyə sistemində tutmuş olduğu mövqeyini, hörmətini və işgüzar nüfuzunu aşağı salmaq niyyəti güdür. Cavabdeh özünün bank qarşısında olan öhdəliyindən yayınmaq məqsədilə belə iyrənc üsullardan istifadə etməklə əslində onu nüfuzdan salmaq istəyir və qismən də olsa nail ola bilir. Belə ki, hər səfərində nazirliyin müxtəlif idarə və təşkilatlarına dəvət olunaraq ondan şikayət edildiyini, məsələnin nədən ibarət olduğunu araşdıran müvafiq vəzifəli şəxslər sonda onun günahsız olduğunu və ona cavabdeh tərəfindən böhtan atıldığını müəyyən edirlər və bu hal dəfələrlə təkrarlanır. Onun cavabdehə bir manat belə olsun, borcu yoxdur. Maraqlı hal ondan ibarətdir ki, cavabdeh bütün hüquq mühafizə orqanlarına şikayət etməklə ona qarşı həqiqətə uyğun olmayan məlumatları yazaraq nədənsə, məhkəməyə müraciət etmir. Onun barəsində həqəqətə uyğun omayan məlumatlar yaymaqla yanaşı cavabdeh ona mənəvi ziyan da vurur. Cavabdehin bu formada barəsində həqiqətə uyğun olmayan şikayətlər yazması kütləvi çıxış xarakteri daşımasa da, bu şikayətlər 2 nəfərdən çox dairə içərisində yayılmışdır. Şikayətin isə 2 nəfərdən çox şəxsin dairəsində yayılması artıq kütləvi sayılır. Bu səbəbdən cavabdehin bu formada onun nüfuzunu ləkələməsi mülki hüquq pozuntusu hesab edilməli və cavabdeh etdiyi bu pozuntuya məsuliyyət daşımalıdır. Cavabdeh şikayətlərdə əks olunan məlumatların həqiqətə uyğun olmadığını bilə-bilə bunu etmişdir və məhz bu hərəkətləri qəsdən etdiyi üçün o, mülki məsuliyyət daşıyır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-735/2021 saylı 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-735/2021 saylı, 07.04.2020-ci il tarixli qətnaməsi qəbul edilərkən maddi hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, həmçinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi səbəbindən müvafiq qətnamə tamamilə qanunsuz və əsassız olaraq qəbul olunmuşdur və ləğv edilməlidir. İddiaçının iddiasının barəsində yayılan məlumatların işgüzar nüfuzu ləkələyən, həmçinin, həqiqətə uyun olmayan məlumat hesab edilməsi və mənəvi zərərin ödənilməli olmasına baxmayaraq, Yasamal rayon məhkəməsi (bundan sonra - Məhkəmə) qeyd edilən iş üzrə öz qətnaməsində yalnız mənəvi zərərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin iki fərqli Plenum qərarına istinad etmiş, iddianın digər hissələrinə dair heç bir əsaslandırma qeyd etməmişdir. Beləliklə, Məhkəmə qətnamə qəbul edərkən İddiaçının iddiasını tamamilə rədd etməsinə baxmayaraq, iddianın rədd edilməsini əsaslandırmamış, habelə istinad etdiyi Konstitusiya Məhkəməsinin qərarlarını yalnız texniki olaraq qətnamədə əks etdirmiş, həmin qərarlarla gəldiyi nəticə arasında hüquqi əlaqəni izah etməmişdir. Nəticədə, Məhkəmə tətbiq etməli olduğu qanunu və digər normativ hüquqi aktları tətbiq etməyərək, habelə normativ xarakterli aktlara belə düzgün əsaslandırma ilə istinad etməyərək maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində hazırki qətnaməni qəbul etmişdir. Yasamal rayon məhkəməsinin müvafiq qətnaməsi qəbul edilərkən Məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Baxmayaraq ki, həqiqətə uyğun olmayan məlumatlar Cavabdeh tərəfindən bir neçə orqana və vəzifəli şəxslərə şikayət etmək yolu ilə yayılmış və İddiaçının işgüzar nüfuzu ləkələnmişdir, Məhkəmə öz əsaslandırmasında cavabdehin yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etdiyini bildirmişdir. Bundan əlavə, Cavabdehin həqiqətən İddiaçıya borc pul verib-verməməsi, verdiyi təqdirdə borcun verilməsini təsdiq edən sənədlərin olub-olmaması, borcun miqdarı, müvafiq borc verilmiş və qaytarılmamışdırsa, məhkəmə qaydasında tələb edilməməsinin səbəbləri, Cavabdehin dəqiqliklə hansı orqanlara və vəzifəli şəxslərə şikayət etməsi və həqiqətə uyğun olmayan məlumat verməsi, İddiaçının həmin şikayətlər əsasında müxtəlif orqanlara, xüsusilə də Azərbaycan Respublikası Baş Prokuroru yannda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə izahat vermək üçün dəvət olunması ilə bağlı hallar Məhkəmə tərəfindən qətiyyən araşdırılmamış və nəzərə alınmamışdır. Hansı ki, qeyd edilən hallar birbaşa olaraq iddia tələbi ilə əlaqəlidir və qətnamə qəbul edilərkən araşdırılmalı və qiymətləndirilməli idi. Yuxarıda qeyd edilən işin faktiki hallarının araşdırılmaması müvafiq olaraq, həm də Məhkəmənin qətnaməsində göstərilən nəticələrin işin hallarına, habelə iddianın predmetinə uyğun gəlməməsi ilə nəticələnmişdir. İddianın predmeti işgüzar nüfuzu ləkələyən və həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi və mənəvi zərərlə bağlı olsa da, Məhkəmə qətnamənin nəticə hissəsində Cavabdehin yalnız bir orqana - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etməsi səbəbindən İddiaçının şərəf və ləyaqətini alçaldan məlumatların Cavabdeh tərəfindən yayılmamasmı qeyd etmişdir. Belə nəticəyə gəlmək olar ki, Məhkəmə işgüzar nüfuzu ləkələyən məlumatlarla bağlı iddiaları şərəf və ləyaqəti alçaldan məlumatların yayılması ilə bağlı iddialardan fərqləndirə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh apellasiya şikayətinin təmin edilməməsi, Yasamal Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apelyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan 4 saylı Cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışır. Cavabdeh onun barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirinə ərizə ünvanlayaraq, iddiaçının penitensiar xidmətdə işə başlamamışdan əvvəl onunla biznes əlaqələrinin olduğunu, həmin biznes əlaqəsi zamanı evini girov qoyaraq bankdan kredit aldıqlarını, iddiaçının ondan sonra da pul aldığını və aldadaraq qaytarmadığını, hazırda evinin girovda olduğunu, biznesinin batdığını və ona heç bir köməklik etmədiyini bildirərək, borcdan və məsuliyyətdən imtina etməklə vəzifəsindən sui-istifadə etdiyini bildirərək, ona köməklik göstərməsini xahiş etmişdir. İddiaçı Cavabdeh onun barəsində müxtəlif dövlət orqanlarına eyni məzmunlu ərizələr ünvanlayaraq onun işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymasını bildirsə də, iş materiallarından yalnız cavabdehin Azərbaycan Respublikası Ədliyyə Nazirinə məktub ünvanladığı görünür, digər orqanlara oxşar məzmunlu müraciətlərin edilməsi isə müəyyən edilmir. İddiaçı həmin şikayət ərizəsində işlədilən və yuxarıda göstərilən ifadələrin onun işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatlar olduğunu əsas göstərərək işgüzar nüfuzunun müdafiəsinə dair hazırkı iddianı qaldırmışdır. Məhkəmə hesab edir ki, cavabdehin orqanına ünvanladığı şikayət ərizəsində göstərilən məlumatların iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilərək cavabdehdən mənəvi zərərin tutulması tələbinə dair İddiaçı iddiası əsassızdır. Belə ki, “Vətəndaşların müraciətləri haqqında” qanunun 1.1-ci maddəsinə görə cavabdehlər hazırkı iddiaya etirazlarının əsas kimi Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifhi formada, fərdi və kollektiv şəxkildə müraciət etmək hüququ vardır. Həmin qanunun 12.4-cü maddəsinə görə isə dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşların və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır. Qeyd edilməlidir ki, göstərilən məsələ ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi publik şəxslərin öz ünvanına tənqidə münasibətdə “daha yüksək dözümlülüyü” prinsipindən çıxış edir. Həmin prinsipə uyğun olaraq siyasətçilərə, dövlət qulluqçulara və digər publik şəxslərə münasibətdə tənqidin yol verilən həddi digər şəxslərə nisbətən daha genişdir (Linqens Avstriya qarşı, Dundin Rusiya Federasiyasına qarşı işləri üzrə Avropa Məhkəməsinin qərarları). Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər bir vətəndaş öz hüquqlarının müdafiəsi məqsədilə azad şəkildə dövlət orqanlarına, yerli özünüidarəetmə orqanlarına və onların vəzifəli şəxslərinə müraciət etmək və müraciət edərkən onun fikrincə məsələnin mahiyyətinə aid olan ona məlum olan faktlara istinad etmək hüququna malikdir, bu şərtlə ki, onun müraciəti öz konstitusion hüquqlarını həyata keçirmək istəyi ilə şərtləndirilmiş olsun. Hər bir vətəndaşın Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin edilmiş fikir və söz azadlığı (maddə 47) və məlumat azadlığı (maddə 51) hüququndan istifadə etmək hüququ vardır. Vətəndaşların dövlət orqanlarına müraciətləri öz konstitusion hüquqlarını həyata keçirmək istəyi ilə şərtləndirilmiş olduğu halda onların müraciətlərində göstərilən halların təsdiq edilməməsi Mülki Məcəlləsinin 23-cü maddəsinə göstərilmiş məsuliyyətə səbəb ola bilməz. Əks halda bu şəxsin ona verilmiş konstitusion hüquqlar çərçivəsində etdiyi hərəkətlərə görə mülki-hüquqi məsuliyyətə cəlb edilməsi demək olardı. Mülki Məcəllənin 23-cü maddəsində qeyd edilən əsas qaydalar odur ki, fiziki şəxs ...işgüzar nüfuzunu ləkələyən ...məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin .... işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Göründüyü kimi, məhkəmə qaydasında işgüzar nüfuzun müdafiəsinə başlamaq üçün 3 əsas element birlikdə mövcudolmalıdır: 1. məlumatlar işgüzar nüfuzu ləkələyən olmalıdır; 2. həmin məlumatlar yayılmalıdır; 3. məlumatlar həqiqətə uyğun olmamalıdır (və ya natamam olmalıdır). Bunların biri olmadıqda, işgüzar nüfuzun müdafiəsi barədə iddia əsaslı olmayacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə cavabdehin tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirinə ünvanlanmış şikayət ərizəsi onun öz konstitusion hüquqlarından istifadə edərək dövlət orqanının vəzifəli şəxsinə edilmiş müraciət olduğundan, həmin müraciətdə əks olunan məlumatlar (şikayətçi Cavabdehla barəsində şikayət edilmiş şəxs V.İsgəndərov arasında mülki xarakterli münasibətlərdən doğan mübahisənin olması) işgüzar nüfuzu ləkələyən məlumatlar kimi qiymətləndirilə bilməz. Beləliklə, Mülki Məcəllənin 23-cü maddəsində göstərilən zəruri şərtlərdən biri (müraciətdəki məlumatların işgüzar nüfuzu ləkələyən məlumatlar olmaması) mövcud olmadığından, cavabdehin işgüzar nüfuzun müdafiəsi ilə bağlı iddiası əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin mənəvi zərərin əvəzi olaraq cavabdehən 1000 manat pulun iddiaçının xeyrinə tutulması barədə digər hissəsi işgüzar nüfuzun müdafiəsi ilə bağlı əsas iddiaya bağlı tələb olduğundan, iddia tələbi bu hissədə də əsassız olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatların yayılmasının baş verməsi halı öz təsdiqini tapmır, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Ona göra də apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-735/2021 saylı 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətli təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-735/2021 saylı 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11568/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11568/2021
16.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver