Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1158/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “mənəvi zərərin ödənilməsi” hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Sadıqov Vahid Nəriman oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, cavabdeh“ Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(011)-6247/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh İB-nə qarşı – cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən mənəvi zərərə görə 70000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 300 manat dövlət rüsumunun tutaraq iddiaçıya ödənilməsi barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6247/2023 saylı, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdehndən mənəvi zərərə görə 50000 manat məbləğində mənəvi zərər və 95 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 2.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1115; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarı; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı; Nyu-York Apellyasiya Məhkəməsi “McDougald v. Garber” işi üzrə 1989-cu il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının iki azyaşlı övladının ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. İddiaçının ən yaxın ailə üzvü hesab edilən iki azyaşlı övladının ölümü nəticəsində, o psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmişdir. Buna görə də, iddiaçı övladlarının ölümü ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ var. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçının öz iki azyaşlı övladını itirməsi onun üçün həyatındakı ən sarsıdıcı hadisədir. Onda kədər, xəyal qırıqlığı, qəzəb, mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaradır. Belə ki, övlad itkisi valideyn yaşlandıqca onun həyatında daha çox boşluq hissinin yaşamasına səbəb olur. Məhkəmə hesab edir ki, övladlarının ölməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və övladlarının həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Hazırkı iş üzrə isə iddiaçının iki övladının olması və digər iki övladından məhz cavabdehin işçisinin təqsiri ucbatından məhrum olduğu işin diqqətəlayiq məqamıdır. Təqsirkarın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərərin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törədən şəxs həmin əməlin ictimaitəhlükəli nəticələrini ya görmür, və yaxud arzu etmir, amma qəsdən cinayət törədən şəxslər əksinə, ictimai təhlükəli nəticəni görür, arzu edir . 3.Birinci instansiya məhkəməsində icraatı zamanı müəyyən edilmişdir: Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilən 1(051)- 6/2011 saylı, xx.xx.2011-ci il tarixli hökmünə əsasən: iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 28 mart 2010-cu il tarixli, 04 №-li rəyindən görünür ki, X3 bədənində sol çiyin oynağının üst səthində, sağ bazunun aşağı 1/3-sm bayır səthində, sağ bazunun yuxarı bayır 1/3-do sıyrıqlar, alının tüklü hissəsində qançır, alının sağ yuxarı tüksüz hissəsində, sağ baldırın ön səthində, sağ yanağında 3X1 sm ölçüdə zəif nəzərə çarpan göyümlül-qırmızımtıl rəngdə qançırlar olmuşdur, xəsarətlər həyati olmuş, ölümündən bir qədər əvvəl yetirilmişdir, sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin olunmamışdır. X3 meyiti üzərində olan xəsarətlərin onun yıxılması zamanı hər hansı bir predmetə dəyməsi nəticəsində əmələ gələ bilməsi inkar olunmur. X3 meyitindən götürülmüş qanın - məhkəmə - kimyəvi tədqiqatı zamanı onun qanında 80 % karboksihemoqloban aşkar olunmuşdur ki, bu da onun dəm qazı ilə zəhərlənməsini sübut edən əlamətdir və birbaşa onun ölümünə səbəb olmuşdur; - iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 28 mart 2010-cu il tarixli, 05 №-li rəyinə əsasən X2 bədənində sağ budun ön səthində və sağ dizoynağının ön səthində göyümtül-qırmızımtıl rəngdə qançırlar olmuşdur, xəsarətlər həyati olmuş, ölümündən bir qədər əvvəl yetirilmişdir, sağlam şəxslər üçün götürüldükdə yüngül xarakterli xəsarətlər qrupuna aiddir. X2 meyiti üzərində olan xəsarətlərin onun yıxılması zamanı hər hansı bir predmetə dəyməsi nəticəsində əmələ gələ bilməsi inkar olunmur. X2 meyitindən götürülmüş qanınn məhkəmə-kimyəvi tədqiqatı zamanı onun qanında 76 % karboksihemoqloban aşkar olunmuşdur ki, bu da onun dəm qazı ilə zəhərlənməsini sübut edən əlamətdir və birbaşa onun ölümünə səbəb olmuşdur. Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilən 1(051)- 6/2011 saylı, xx.xx.2011-ci il tarixli hökmdən görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 124.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 10 faiz tutulmaqla, 2 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanmış, Azərbaycan Respublikası CM-nin 68.1.3-ci maddəsinə əsasən cəzaların toplanması zamanı islah işlərinin üç günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, yəni 2 il müddətinə islah işləri 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Möhübbət Yusibova təyin edilmiş cəzaları qismən toplama yolu ilə onun üzərində qəti olaraq, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Möhübbət Yusibovun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək, 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək məhkumun üzərinə vəzifə kimi qoyulmuş, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməmiş, X9 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Vüsal Abdullayevin barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək, 1 il sınaq müddəti müəyyən olunmaqla, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş,sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək məhkumun üzərinə vəzifə kimi qoyulmuş, sınaq müddəti ərzində məhkumların davranışı üzərində nəzarəti həyata keçirmək Mingəçevir şəhər İcra bölməsinə tapşırılmışdır Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli 2(011)-6247/2023 saylı qətnamənin ləğv edilməsini, İddiaçı Cavabdeh İB-yə qarşı “mənəvi ziyanın ödənilməsi ” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi , apellyasiya şikayətinin verilməsi ilə əlaqədar Cavabdeh İB tərəfindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçıdan tutularaq Cavabdeh İB-yə ödənilməsi baərəd qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, hadisə ilə əlaqədar cavabdeh təşkilat Cavabdeh İB-nın Mingəçevir şəhər QİS əməkdaşları cinayət məsuliyyətinə cəlb edilərək barələrində CM-in 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmişdirlər. 1(051)-6/2011 nömrəli cinayət işinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin hüquqi varisi qismində iştirak etmiş və hazırki mülki iş üzrə də iddiaçı tərəf olan Hacıyev X1 Şəhər Məhkəməsində vermiş olduğu izahatının sonunda bildirmişdir ki, hadisə qəsdən törədilmədiyindən, ehtiyyatsızlıq nəticəsində baş verdiyindən təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi və şikayəti yoxdur. Xətai Rayon Məhkəməsi ehtiyyatsızlıqdan baş vermiş hadisə ilə əlaqədar başlanmış cinayət işinin məhkəmə araşdırması zamanı İddiaçı Cavabdeh İB-yə və onun işçilərinə qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə almamışdır. Hazırki iş üzrə iddiaçının arvadı X10 Cavabdeh İB-yə qarşı mənəvi ziyanın ödənilməsi tələbi ilə əvvəllər ayrıca olaraq məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən iddiaçının arvadı X7 CavabdehİB tərəfindən ödəniləcək mənəvi ziyanın məbləği 50000 manat müəyyən edilmişdir. Xətai Rayon Məhkəməsi müvafiq işə baxarkən, iş üzrə iddiaçının arvadı X6 mənəvi zərərə görə Cavabdeh İB-dən 50000 manat məbləğində təzminat almış olduğunu nəzərə almamışdır. 2010-cu il tarixində Mingəçevir şəhərində iddiaçının ailəsində baş vermiş dəm qazından boğulub ölmə hadisəsindən 13 il müddət keçmişdir. İddiaçının ailəsində baş vermiş həmin hadisədən 13 il müddətin keçməsi və ötən 13 il zaman ərzində iddiaçı tərəfin məhkəməyə müraciət etməməsi belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırki vaxtda keçirdiyi stressin səviyyəsieyni deyil və eyni də qala bilməzdi. Nəzərə almaq da lazımdırki, iddiaçının arvadı əvvəllər ayrıca olaraq məhkəməyə müraciət edərək Cavabdeh İB-dən mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pul əvəzi almışdır. Konstitusiya Məhkəməsi Plenum qərarının formalaşmış mövqeyinə görə, iddiaçının da arvadı ilə birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququ inkar olunmur. ölən uşaqların anası (iddiaçının arvadı) bu hadisədə hər kəsdən daha artıq mənəvi sarsıntı və əzab keçirmişdir, bu əzabı ondan da artıq heç kim keçirə bilməzdir. Ən azından ona görə ki, ölüm hadisəsiməhzananın yanında baş vermişdir. Bunu nəzərə alaraq hazırki durumdaİddiaçı alacağı təzminat məbləğinin həcmi arvadının almış olduğu təzminat məbləğinin həcmindən az ola bilər. İddiaçı arvadının almış olduğu məbləğdən az təzminat alacaq olması da qətiyyən o anlama gəlməməlidir ki, iddiaçı arvadı ilə müqayisədə dahaaz mənəvisarsıntı və iztirab keçirmişdir. İddiaçı tərəfin arvadı ilə birgə eyni məbləğdə alacağı mənəvi zərər əvəzi həmin ailəni həddən artıq zənginləşdirə və cavabdeh tərəfin iqtisadi və maddi vəziyyətini də pisləşdirə bilər ki, məhkəmə bunu nəzərə almamışdır. İddiaçının övladlarının ölümü ilə əlaqədar həmin ailənin hər iki üzvünə də mənəvi zərərin əvəzinə görə məhkəmə tərəfindən müəyyənləşdirilən 50000 manat məbləğində kompensasiya məbləği sosial, psixoloji və iqtisadi qiymətləndirmə baxımından da ağlabatan hesab olunmur Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə etdiyini, valideynin 2 övladını belə faciəvi şəkildə itirməyinin necə böyük bir itki olduğunu anladığını, baş vermiş bədbəxt hadisədə “ Azəriqaz” İB-nin əməkdaşının da təqsirinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğunu, iddiaçının vurulmuş ziyana görə mənəvi zərər tələb etmək hüququnun olduğunu anladıqlarını, birinci instansiya məhkəməsinin qətnaməsində əsas narazı olduqları məqamın mənəvi zərərin məbləği ilə bağlı olduğunu, əslindən apellyasiya şikayətində tələb kimi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd oluması göstərilsə də, apellyasiya şikayəti verməkdə əsas məqsədlərinin iddia tələbinin təmin olunan hissədə həcminin azaldılması olduğunu, qarşı tərəflə məhkəmədən kənar qaydada razılığın əldə olunmasının mümkün olmadığını, uşaqların anasının da əvvəllər mənəvi zərərin ödənilməsi ilə bağlı iddia qaldırdığını, ona münasibətdə də 50000 manat məbləğində mənəvi zərərə görə kompensasiya ödənildiyini, lakin Xətai rayon Məhkəməsi tərəfindən hazırkı işə baxılarkən bu halın nəzərə alınmadığını, həmçinin hadisənini üzərindən artıq 13-il keçdiyini, bu müddət ərzində valideyndəki mənəvi sarsıntıların, istirabların miqdarında müəyyən qədər azalma olmasını, həmçinin hadisənin birbaşa ananın gözünün qarşısında baş verməsini və ananın ataya münasibətdə daha böyük əzab, sarsıntı yaşamasının da birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığını vurğulamış, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 6.İddiaçının nümayəndəsi Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinə etiraz təqdim edərək cavabdehin apellyasiya şikayətində “ Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelnumunun xx.xx.2020-ci il tarixli Qərarına istinad etsə də məhkəmə tərəfindən hansı maddi və prosessual normaların pozulmasının göstərilmədiyini, beləliklə, apellyasiya şikayətinin formal xarakter daşıdığını, cavabdehin nümayəndəsinin özünün də etiraf etdiyi kimi həm iddiaçının, həm ailə üzvü olan həyat yoldaşının mənəvi zərər tələb etmək hüququnun olduğunu, hər ikisinin eyni dərəcədə mənəvi sarsıntı və istirab keçirdiyini, cavabdehin nümayəndəsi iddianın təmin edilməsinin zənginləşməyə səbəb olduğunu bildirsə də iddiaçının 3 və 4 yaşında iki körpə balası onun əməkdaşlarının təqsiri üzündən öldüyünü,bir valideyn üçün iki körpə uşağını qəbirə qoymağın nə olduğunu düşünə bilərikmi? İki körpənin həyatı 50.000 manat dəyərindədirmi? Kimsə övladıın həyatını 50.000 manat müqabilində kiməsə bəxş edə bilərmi?və bir halda ki, iddia tələbi 70.000 manatdır, hansı zənginləşmədən danışmaq olar? İddiaçıya istər maddi, istərsə də mənəvi zərərlə bağlı nə məhkumlar, nə də cavabdehlər tərəfindən hər hansı ödəniş edilmədiyini qeyd etmiş, Xətai Rayon Məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunduğunu, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarının mövcud olmadığını,bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin şikayətinə münasibətdə qanuni və əsaslı olduğunu, ləğv olunması və ya dəyişdirilməsi üçün səbəb olmadığını qeyd etmiş və cavabdehin nümayəndəsinin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini, Xətai Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli e-2(011)-6247/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarının, Mülki Məcəllənin 21.1, 1096-1098, 1114-1115, 1159; "İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya"nın 41; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2, 181.2.4, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə ağlabatan məbləğdə tutulan kompensasiyanın sübutu qanunvericiliklə müəyyən edilən və hamıya bəlli olan hallardır ( cinayət təqibi və sair), qətnamənin qəbul edilməsində qanunvericiliyin tətbiqi zamanı pozuntu müəyyən edilmir. 9.Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 10.Həmin Məcəllənin 1096.1-1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 11.Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 12.Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 13.Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir 14.Həmin Məcəllənin 106.1-106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
15. Apellyasiya şikayəti iddianın rədd edilməsi tələbi üzərində tərtib edilsə də, mənəvi zərərin yüksək olması, illər öncə baş vermiş hadisədən sonrakı dövrün mənəvi sarsıntıların çoxalmasına xidmət etməməsi, cinayət təqibi üzrə iddiaçının şikayətinin olmaması və ölən uşaqların anasından fərqli olaraq iddiaçının biləvasitə hadisədə zərər çəkmədiyi və sair bu kimi dəlillər qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə bir valideyn üçün müəyyən edilmiş mənəvi zərərə görə kompensasiya verilməsindən fərqli məbləğ müəyyən edilməsi üçün əsas ola bilməz. Belə ki, mənəvi zərər insana təbii hüquq olaraq anadangəlmə məxsus bir sıra hüquqlarının da məhdudlaşmasına səbəb olur və yalnız onun şəxsiyyətinə, sağlamlığına və mənəvi-psixoloji vəziyyətinə təsirini, keçirdikləri mənəvi əzab və stressləri nəzərə alaraq və bunların dəyərləndirilməsi baxımından qət edilən məbləğ daha çox simvolik səciyyə daşıyır. Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı ilə uşaqların anasına mənəvi zərərin əvəzi qismində pul vəsaitinin müəyyən edilməsi şəxsin özünə müəyyən edilmiş kompensasiyadır və qeyd edilən qərar nəzərdən keçirilərkən digər şəxslərin mənafeləri, o cümlədən hazırki iş üzrə iddiaçının mənafeləri (mənəvi sarsıntısı və sair) nəzərə alınmamışdır. Bundan əlavə valideynlərin hər biri uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malikdirlər. Qeyd edilənlər baxımından hazırkı münasibətlərdə cavabdehlik daşıdığı məsələ üzrə cavabdehin cinayət prosesi zamanı (və ondan sonra) davranışını və iddiaçının cinayət təqibi üzrə şikayətinin olmadığını, habelə onun qətnamədən şikayət vermədiyini nəzərə alaraq, məhkəmə kollegiyası mənəvi ziyan hissədə məbləğinin fərqli tutulmalı olması ilə bağlı apellyasiya şikayətində təsbit edilmiş dayanıqlı (sübutlar) dəlillər müəyyən etmir. 16.Qeyd edilənlərə əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcinin onu ödəyən şəxsə aid edilməlidir.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(011)-6247/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.