Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11581/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlu oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit və ipoteka müqaviləsinə xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi tələbi barədə” ilk iddiasına, cavabdeh Bankın iddiaçıya və X2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 sentyabr 2021-ci il tarixli qətnamədən ilkin iddia üzrə cavabdeh Bankın verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və “iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə” ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh Bank aralarında bağlanmış 14.07.2011-ci il tarixli, 1155 saylı “Kredit müqaviləsi” və “İpoteka müqaviləsinin” ləğv edilməsi, “Kredit müqaviləsinə” əsasən “Mərkəzləşdirilmiş kredit reyestrində” qeydə alınmış borcun silinməsi, Bank qarşısında ipotekaqoyan kimi çıxış etmiş X2 məxsus olan və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, bina № 37-də yerləşən 42 №-li mənzilin ipoteka yüklülüyündən azad edilməsi və mənzilin ipoteka ilə yüklüyünə dair qeydin “Daşınmaz əmlakın dövlət reyestrində” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh Bank arasında bağlanmış 14.07.2011-ci il tarixli “Kredit müqaviləsinə” əsasən iddiaçı, borcunu 48 ay müddətinə hissə-hissə, aybaay qaytarmaq şərti ilə 27.800 manat məbləğində pulu illik 30 faiz dərəcəsi ilə Bankdan borc almışdır. İddiaçının həmin “Kredit müqaviləsi” üzrə Bank qarşısinda üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq P.İsrafilova özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onlar ilə Bank arasında 14.07.2011-ci il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Bunlara və müqavilələrin bağlanmasından 10 il keçməsinə baxmayaraq iddiaçı, Banka olan borcunu qaytarmamış və Bank da, borcun ödənilməsini iddiaçıdan tələb etməmişdir. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi həmin “Kredit müqaviləsi” üzrə tələbetmə müddəti bitmişdir. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən hazırki işin icraatı başlanmışdır. Bundan sonra cavabdeh Bank borcalan İddiaçı və ipotekaqoyan P.İsrafilovaya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla İddiaçı arasında 14.07.2011-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 19.842,95 manat, “Kredit müqaviləsi” qüvvədə olduğu müddət üçün müqavilə şərtinə uyğun hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 5.921,20 manat, “Kredit müqaviləsinin” müddəti qurtardığı tarixdən etibarən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 5 faizlə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 6.000,24 manat, ödənişin gecikdirilməsinə görə “Kredit müqaviləsinin” şərtinə uyğun hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 20.983,87 manat, iddiana ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun İddiaçı onun xeyrinə tutulması; tutmanın ipoteka predmetinə - P.İsrafilovaya məxsus olan mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, satıldığı halda mənzil boşaldılması, mənzildə qeydiyyatda olan cavabdehlərin və onlarla birlikdə mənzildə yaşayan ailə üzvlərinin ən geci 1 ay ərzində mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə İddiaçı arasında bağlanmış 14.07.2011-ci il tarixli “Kredit müqaviləsinə” əsasən İddiaçı, borcunu 48 ay müddətinə hissə-hissə, aybaay qaytarmaq şərti ilə 27.800 manat məbləğində pulu illik 30 faiz dərəcəsi ilə Bankdan borc almışdır. İddiaçı “Kredit müqaviləsi” üzrə Bank qarşısinda üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq P.İsrafilova özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onlar ilə Bank arasında 14.07.2011-ci il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Bunlara baxmayaraq İddiaçı Banka olan borcunun az bir hissəsini Banka qaytarmış, qalan borcunu isə qaytarmamışdır. Nəticədə, İddiaçı, Banka, 19.842,95 manat məbləğində əsas kredit borcu, “Kredit müqaviləsi” qüvvədə olduğu müddət üçün isə hesablanmış 5.921,20 manat məbləğində faiz borcu yaranmışdır. Bundan başqa, Bank, onunla İddiaçı arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərini nəzərə alaraq ödənişin gecikdirilməsinə görə ona 20.983,87 manat məbləğində cərimə (dəbbə borcu) hesablamışdır. Eyni zamanda, Bank, “Kredit müqaviləsinin” qüvvədə olma müddətinin bitməsini nəzərə alaraq müqavilənin müddəti qurtardığı tarixdən etibarən İddiaçı Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz dərəcəsi ilə 6.000,24 manat məbləğində faiz borcu hesablamışdır. Bank, xəbərdarlıq məktubu ilə İddiaçı müraciət edərək yuxarıda qeyd edilən məbləğlərin ödənilməsini tələb etmiş, lakin o, borcu ödəməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alan Bank hesab edir ki, iddia ərizəsində qeyd edilən məbləğlər İddiaçı onun xeyrinə tutulmalı və tutmanın ipoteka predmetinə, yəni P.İsrafilovaya məxsus olan mənzilinə yönəldilməlidir. Qarşılıqlı iddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata götürülmüş və ilk iddia ilə birlikdə baxılmışdır. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman P.İsrafilova ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək qarşılıqlı iddiaya iddia müddətinin tətbiq edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.09.2021-ci il tarixli qətnamə ilə ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini qət etmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) olan Bankın ləğvedicisi olan Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları qarşılıqlı iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Bank ilə İddiaçı arasında bağlanmış 14.07.2011-ci il tarixli “Kredit müqaviləsinin” 11.1-ci bəndində göstərilmişdir ki, “Kredit müqaviləsinin” qüvvədə olma müddətini müqavilə tərəflərinin hər birinin üzərinə düşən öhdəliklərin tam olaraq icra edilməsinə kimi qüvvədədir. İlk iddia ərizəsinin məzmunundan açıq-aşkar olaraq bəlli olur ki, İddiaçı “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icra edilməməsini etiraf edir. Belə olan halda müəyyən edilir ki, qarşılıqlı iddia əsaslı, ilk iddia əsassız, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə isə səhvdir. Bankın ləğvedicisi olan Fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qarşılıqlı iddia üzrə cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bank ilə İddiaçı arasında bağlanmış 14.07.2011-ci il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, İddiaçı həmin müqaviləyə əsasən borcunu 48 ay müddətinə hissə-hissə, aybaay qaytarmaq şərti ilə 27.800 manat məbləğində pulu illik 30 faiz dərəcəsi ilə Bankdan borc almışdır. Bank ilə İddiaçı və P.İsrafilova arasında 14.07.2011-ci il tarixdə bağlanmış “İpoteka müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, borclu İddiaçı “Kredit müqaviləsi” üzrə Bank qarşısinda üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq P.İsrafilova özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Mənzilin ipoteka ilə yüklülüyü “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır. İşdə olan sənədlərə və iş üzrə tərəflərin bildirdiklərinə əsasən müəyyən edilir ki, İddiaçı Banka olan borcunun bir hissəsini Banka qaytarmış, qalan borcunu isə qaytarmamışdır. Banlın təqdim etdiyi hesablamalardan görünür ki, İddiaçı, Banka, 19.842,95 manat məbləğində əsas kredit borcu, “Kredit müqaviləsi” qüvvədə olduğu müddət üçün isə hesablanmış 5.921,20 manat məbləğində faiz borcu yaranmışdır. Bank, onunla İddiaçı arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərini nəzərə alaraq ödənişin gecikdirilməsinə görə ona 20.983,87 manat məbləğində cərimə (dəbbə borcu) hesablamışdır. Həmçinin, Bank, “Kredit müqaviləsinin” qüvvədə olma müddətinin bitməsini nəzərə alaraq müqavilənin müddəti qurtardığı tarixdən etibarən İddiaçı Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz dərəcəsi ilə 6.000,24 manat məbləğində faiz borcu hesablamışdır. Bank tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Bank həmin məktubla İddiaçı müraciət edərək yuxarıda qeyd edilən məbləğlərin ödənilməsini tələb etmişdir. İşdə olan sənədlərdən görünür ki, qeyd edilən borc Bankın verdiyi məlumatlara əsasən “Mərkəzləşdirilmiş kredit reyestrində” qeydə alınmışdır. Mənzilin ipoteka ilə yüklülüyü barədə qeyd “Daşınmaz əmlakın dövlət reyestrində” hələdə mövcuddur. “Ödəniş qəbzindən” görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırda kredit məbləğinin tam həcmdə Banka qaytarılmadığını iddia edən Bank qalıq borcun cavabdeh İddiaçı tutularaq ona ödənilməsini, tutmanın ipoteka predmetinə yönəldilməsini və s. tələb edir. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman qarşılıqlı iddia üzrə cavabdeh (ipoteka qoyan) P.İsrafilova ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Bank iddia müddətini ötürmüşdür. Buna görə də, qarşılıqlı iddia rədd edilməlidir. Cavabdeh P.İsrafilovanın “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsini əsas tutmuş Rayon Məhkəməsi qarşılıqlı iddianı rədd etmiş və ilk iddianı təmin etmişdir. Bankın verdiyi apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, kredit müqaviləsinin 11.1-ci bəndində tərəflər kredit müqaviləsinin qüvvədə olma müddətini hər birinin üzərinə düşən öhdəliklərin tam olaraq icra edilməsi anınadək müəyyənləşdirilməsi barədə razılığa gəlmişlər. Odur ki, borclu kredit müqaviləsi üzrə borcu tam ödəmədiyi üçün hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsi əsassız olmuşdur. Müzakirə edilən məsələnin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə isə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.01.2001-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydada uyğun olaraq müəyyən olunur. Qərarda həmçinin göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Qeyd edilənlərə əsasən Məhkəmə cavabdeh Bankın dəlilini əsassız hesab edir. Belə ki, “Kredit müqaviləsi” 14.07.2011-ci il tarixdə 48 ay olmaqla, 14.07.2015-ci il tarixədək bağlanmışdır. Bank müqavilə müddətinin bitdiyi 14.07.2015-ci il tarixdən qanunla müəyyən edilmiş 3 il müddəti ötürməklə 04.08.2021-ci il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. İlk iddianın təmin edilməsinə gəldikdə isə Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi tərəfindən müəyyən edilən hallar mübahisəli “İpoteka müqaviləsinin” ləğv edilməsi üçün əsas kimi çıxış etdiyindən, ilk iddia tələbləri əsaslı hesab edilməli və ipoteka müqaviləsi ləğv edilməli və həmin müqavilə əsasında P.İsrafilovanın mülkiyyətində olan daşınmaz əmlak ipotekadan azad edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 551.2.1-ci maddəsinin tələbinə görə, vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və Rayon Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətinə münasibətdə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Bank tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 sentyabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11581/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11581/2021
10.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver