Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11591/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Məmmədov Seymur Əliyusif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2243/2021 saylı iş üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər cavabdehlər "xxxx" ASC, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin onun mülkiyyətində olan ünvan 1 ilə bağlı təşkil etdiyi və keçirdiyi hərracın qanunsuz sayılması, hərracın nəticələrinin - "xxxx" MMC-nin 18 mart 2020-ci il tarixli, Y-22 saylı hərracın nəticələri haqqında yekun protokolunun və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 109 ilə "xxxx" ASC arasında bağlanmış 18 mart 2020-ci il tarixli müqavilənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-347/2017 saylı, qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, Məlikov Ruslan Rövşən oğlu və Məlikov Hüseynağa Rövşən oğluna qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, iddia qismən təmin edilmişdir. Bundan sonra iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, Məlikov Ruslan Rövşən oğlu və Məlikov Hüseynağa Rövşən oğluna qarşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət etmişdir. ünvan 1 saylı fərdi yaşayış evi qiymətləndirilmiş və həmin tarixə evin qiyməti 100.000 manat məbləğində təşkil etmişdir. Mülkiyyətində olan həmin ev ona məlumat verilmədən 18.03.2020-ci il tarixdə 75.000 manata cavabdeh "xxxx" MMC tərəfindən satışa çıxarılmışdır. Bu barədə tərəflərə məlumat verməli olsa da, ona məlumat verilməmiş, cavabdeh qismində göstərilməyinə baxmayaraq, ona məktub göndərilməmişdir. Heç bir hərrac keçirilmədiyindən, ev satılmamışdır. Bu barədə tərəflərə məlumat verilməli olsa da, ona məlumat verilməmiş, "xxxx" MMC-nin məktubunda onun da borclu qismində göstərilməyinə baxmayaraq, həmin məktub ona göndərilməmişdir. Yenə də heç bir hərrac keçirilmədiyindən ev satılmamışdır. Sonradan tərəflərə heç bir məlumat vermədən cavabdeh "xxxx" MMC 18.03.2020-ci il tarixli, Y-22 №-li ’’Hərracın nəticələri haqqında” yekun protokol tərtib edilmiş, guya 18.03.2020-ci il tarixdə sifarişçi Bakı şəhəri Cavabdeh2 sifarişi əsasında hərrac keçirilmiş və mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 saylı fərdi yaşayış evi "xxxx" KB ASC tərəfindən 47.813 manata alınmışdır. Protokol 6 nüsxədə tərtib olunmuş, ancaq ona göndərilməmişdir. Həmçinin, hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə "xxxx" MMC ilə "xxxx" ASC arasında 18.03.2020-ci il tarixli müqavilə tərtib olunmuşdur. Bu hərəkətlər qanunsuzdur. Belə ki, mülkiyyətçi kimi və borclu qismində onun iştirakı təmin olunmamış, əmlakı qanunsuz yollarla ələ keçirilmişdir. Ona görə də, Bakı şəhəri Cavabdeh2 sifarişi əsasında "xxxx" MMC-nin onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 saylı fərdi yaşayış evi ilə bağlı keçirdiyi hərracın qanunsuz hesab olunması və hərracın nəticələrinin - "xxxx"nin 18.03.2020-ci il tarixli, Y-22 №-li hərracın nəticələri haqqında yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış 18.03.2020-ci il tarixli müqavilənin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2243/2021 saylı iş üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh "xxxx" MMC-nin İddiaçı mülkiyyətində olan ünvan 1 ilə bağlı təşkil etdiyi və keçirdiyi hərrac və həmin hərracın nəticələrinə dair 18 mart 2020-ci il tarixli, Y-22 saylı yekun protokol etibarsız sayılması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 4, 45 saylı mənzilin alqı-satqısı barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 18 mart 2020-ci il tarixli müqavilə etibarsız sayılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan alınaraq bankın xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, iş materiallarından göründüyü kimi, heç bir mötəbər sübut təqdim etməyən iddiaçının formal mülahizəsinə əsasən əsassız iddiasını təmin etmişdir. Belə ki, iddiaçı öz iddia ərizəsində ona hərracın keçirilməsi ilə bağlı bildirişlərin çatmadığını iddia etsə də, MPM-nin 77-ci maddəsinə əsasən bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hətta, iddiaçı iş üzrə digər cavadeh olan "xxxx" KB ASC tərəfindən məhkəməyə təqdim edilən sübutları (hərrac bildirişləri və həmin bildirişlərin borclulara çatdırılmasına dair qaimələr) təkzib edə bilməmişdir. Bu hal, Xəzər Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli qətnaməsinin 3-cü vərəqinin 2-ci abzasında da etiraf olunaraq qeyd olunur ki, "iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən əmlaka dair keçiriləcək 05.02.2020 və 19.02.2020-ci il tarixli hərraclarla bağlı sifarişi Cavabdeh2nə, tələbkar "xxxx" ASC-yə və borclular Məlikov Ülfət Şahrza oğluna, Məlikov Mətləb Şahrza oğluna və İddiaçı bildirişlər göndərilmişdir. Həmin bildirişlərin borclulara çatdırılmasına dair qaimələr də iş materiallarına əlavə olunmuşdur.” Məhkəmə, iddianı təmin etməyinin əsası kimi yalnız qətnamənin 3-cü vərəqinin 8-ci abzasında qeyd edir ki, "İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi. Rasim İmanov küçəsi, ev 4, mənzil 45, 18 mart 2020-ci il tarixində keçirilən hərrac vasitəsilə "xxxx" ASCyə satılmışdır. Hərracın keçirilməsinə dair tərəflərə bildiriş göndərilsə də, bu barədə kütləvi informasiya vasitələrində elan dərc edilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir." Məhkəmənin istinad etdiyi hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc edilməsi ilə bağlı sübutu ilk növbədə iddiaçı məhkəməyə təqdim etməli olduğu halda təqdim etməmiş (yəni, iddia ərizəsinə ümumiyyətlə iddia tələbinin əsası kimi iddianın təmin olunması üçün hər hansı sübut əlavə etməmişdir), o cümlədən məhkəmə prosesinin gedişində də həmin sübutları məhkəməyə təqdim etməmişdir. Həmin sübutu məhkəməyə təqdim edə biləcək digər şəxs hərrac təkilatçısı olan "xxxx" MMC isə məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Yəni, belə olan halda iddianın əsaslı olması üçün sübutları əldə edərək, məhkəməyə təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı belə bir sənədin olub-olmaması ilə bağlı sübutu təqdim etməmiş, hətta, məhkəmə əsassız olaraq həmin halı araşdırmadan belə bir sübutun olmaması qənaətinə gəlmişdir. Halbuki, 10.01.2020 və 07.02.2020-ci il tarixli hərracın keçirilməsinə dair bildirişlərdə də əmlak haqqında tam məlumatın “Market” qəzetinin müvafiq olaraq 10.01.2020 və 07.02.2020-ci il tarixli nəşrlərində Lot 22/20 nömrəsi ilə dərc olunması və həmçinin, hərracın keçirilməsi qaydaları ilə bağlı https://birjanews.az/ saytından daha ətraflı məlumat əldə oluna bilməsi barədə qeydlər öz əksini tapmışdır. Beləliklə, məhkəmə tərəfindən iddiaçı tərəfin deyil, məhz digər cavabdeh olan "xxxx" KB ASC-nin özündə olan ya məhkəməyə təqdim etdiyi sübutları düzgün qiymətləndirməmiş və hesab edilmişdir ki, iş üzrə sübutlar yalnız bankın təqdim etdiyi sübutlardan ibarətdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, hərracı "xxxx" KB ASC deyil, məhkəmədə iştirak etməyən hərrac təkilatçısı olan "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ” MMC tərəfindən keçirilmişdir. Belə olan halda, sübutları təqdim edəcək hərrac təkilatçısı məhkəmədə iştirak etmədiyi halda, həmin sübutların məhkəməyə təqdim etmək vəzifəsi də məhz iddiaçının üzərinə düşür. İddiaçı isə iddiasının əsaslı olmasını sübut edəcək heç bir mötəbər sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə sübutları düzgün qiymətləndirməmiş və sonda qanunvericiliyin tələblərinə zidd və əsassız qətnamə çıxarmışdır. Qanunun tələblərindən irəli gələn açıq hərracın təşkili və keçirilməsi qaydası ilə bağlı hər hansı bir qaydada pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Məmmədov Seymur Əliyusif oğlu apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini və qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətlərinin dəlillərinə etriaz etdi və iddia ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və "xxxx" MM -nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2243/2021 saylı iş üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin ləğv olunması tələbinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" hərracın nəticələri haqqında Y-22 saylı 18 mart 2020-ci il tarixli protokolun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu-, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 4, mənzil 45 "xxxx" ASC tərəfindən 47813 manata alınmışdır. Bununla bağlı "xxxx" MMC ilə "xxxx" ASC arasında 18 mart 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən əmlaka dair keçiriləcək 05.02.2020 və 19.02.2020-ci il tarixli hərraclarla bağlı sifarişçi Xəzər İŞ, tələbkar "xxxx" ASC və borclular Məlikov Ülfət Şahrza oğlu, Məlikov Mətləb Şahrza oğlu və İddiaçı bildirişlər göndərilmişdir. Həmin bildirişlərin borclulara çatdırılmasına dair qaimələr də iş materiallarına əlavə olunmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. İddianın mahiyyətindən görünür ki, iddiaçı hərracın keçirilməsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasını əsas gətirərək, ona məxsus olan ünvan 1 ilə bağlı keçirilmiş hərracın qanunsuz hesab edilməsi, həmin hərracın nəticələri haqqında yekun protokol və əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.3-cü və 414.4-cü maddəsinə əsasən, bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.4-cü və 415.5-ci maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi qənaətini yalnız onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus olan ünvan 1 18 mart 2020-ci il tarixində keçirilən hərrac vasitəsilə "xxxx" KB ASC-yə satılmışdır. Hərracın keçirilməsinə dair tərəflərə bildiriş göndərilsə də, bu barədə kütləvi informasiya vasitələrində elan dərc edilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, hərracın keçirilməsinə dair tərəflərə göndərilmiş bildirişlərdə məhz əmlak haqqında məlumatın “Market” qəzetinin müvafiq olaraq 10.01.2020-ci və 07.02.2020-ci il tarixli nəşrlərində Lot 22/20 nömrəsi ilə dərc olunması və həmçinin, hərracın keçirilməsi qaydaları ilə bağlı https://birjanews.az/ saytından daha ətraflı məlumat əldə oluna bilməsi barədə qeydlər öz əksini tapması barədə qeyd olmasına baxmayaraq birinci instansiya məhkəməsi bu barədə hər hansı araşdırma aparmadan elanın kütləvi informasiya vasitələrində dərc edilməsinin müəyyən edilmədiyi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Kollegiya qeyd edir ki, nəzərə alınmalıdır ki, hərracı "xxxx" KB ASC deyil, hərrac təkilatçısı olan "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən keçirilmiş, hərrac təkilatçısı birinci instansiya məhkəməsində iştirak etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hərrac "xxxx" KB ASC tərəfindən keçirilmədiyindən “Market” qəzetinin 10.01.2020-ci və 07.02.2020-ci il tarixli nəşrilərini təqdim etmək öhdəliyi cavabdeh "xxxx" KB ASC–nin olmadığından sonuncu tərəfindən hazırkı məhkəməyə təqdim edilmiş “Market” qəzetinin 10.01.2020-ci və 07.02.2020-ci il tarixli nəşrləri apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut olaraq qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş “Market” qəzetinin 10.01.2020-ci və 07.02.2020-ci il tarixli nəşrlərində müəyyən olunur ki, Lot 22/20 nömrəsi ilə ünvan 1-ə dair açıq hərracın keçiriləcəyi barədə elan dərc edilmişdir. Göründüyü kimi, hərracın təşkilatçısı qanuna müvafiq olaraq açıq hərracın keçirilməsi ilə əlaqədar kütləvi informasiya vasitələrində elanlar dərc etdirmiş, ipoteka predmeti ilə bağlı hərracın keçirilməsinin vaxtı və yeri barədə tərəflərə bildirişlər göndərilmiş, tərəflər qanunamüvafiq məlumatlandırılmışdır. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçının “ona məxsus mənzilə dair keçirilmiş hərracın və həmin hərracın nəticələrinə dair protokolun etibarsız sayılması və həmin mənzilə dair alqı-satqısı müqaviləsinin etibarısz hesab edilməsi” tələbinə hüquqi qiymət verərkən nəzərə almamışdır ki, iş üzrə belə bir tələb olmamışdır. Tələb ünvan 1 ilə bağlı keçirilmiş hərracın qanunsuz hesab edilməsi, həmin hərracın nəticələri haqqında yekun protokol və əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsini barədə olmuşdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ünvan 1 ilə bağlı təşkil etdiyi və keçirdiyi hərracın qanunsuz sayılması, hərracın nəticələrinin - "xxxx" MMC-nin 18 mart 2020-ci il tarixli, Y-22 saylı hərracın nəticələri haqqında yekun protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 109 ilə "xxxx" ASC arasında bağlanmış 18 mart 2020-ci il tarixli müqavilənin ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də, iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh apellyasiya şikayətində həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat rüsumun iddiaçıdan tutulmasını xahiş etsə də, kollegiya qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün iddiaçıdan yalnız 5 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 9 iyul 2021-ci il tarixli 364-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Hazırki mülki işdə isə iddiaçı iddia ərizəsi ilə 27.04.2021-ci il tarixdə məhkəmə müraciət etmiş və 10 manat dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərkən 9 iyul 2021-ci il tarixli 364-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvədə olmadığından cavabdeh apellyasiya şikayəti verərəkən 01 oktyabr 2021-ci il ildək qüvvədə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq dövlət rüsumu ödəməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2243/2021 saylı iş üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin ləğv olunması tələbinə dair iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2243/2021 saylı iş üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər "xxxx" KB ASC, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin ləğv olunması tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçıdan 5 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11591/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11591/2021
08.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver