Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11608/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı X3 və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı X3 Cavabdeh oğluna qarşı “əmək qabiliyyəti olmayan uşağa görə əlavə xərcin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3546/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmək qabiliyyəti olmayan uşağa görə əlavə xərcin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı X2 müalicə xərcləri üçün cavabdehdən 500 manat məbləğində müalicə xərclərinin tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 12 noyabr 1993-cü il tarixində cavabdehlə ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan 11 avqust 1994-cü il təvəllüdlü X4 və 11 oktyabr 1997-ci il təvəllüdlü X5 anadan olub. 07 avqust 2017-ci ildə Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə onunla Cavabdeh arasında olan nikah qeydiyyatı pozulub. Nikah pozulduqdan bu günə kimi ailənin bütün maddi ehtiyaclarını o özü ödəmişdir. Qızı Ləman əlildir, eşitmə əngəlliyi var. 2016-cı ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 3-cü dərəcəli əlillik verilib, buna görə də, 110 manat təqaüd alır. 19 oktyabr 2019-cu il tarixdə xəstəliyi ilə əlaqədar Respublika Diaqnostika Mərkəzində koxlear protez cihazının impolantasiyası məqsədi ilə koxlear implant əməliyyatı icra olunub. Əməliyyatdan sonra evə buraxılan qızı Ləmana antibiotik və analgetik müalicə təyin olunub. Təyin olunan müalicənin tətbiq edilməsi üçün isə hər ay təxminən 700 manat məbləğində vəsait lazım olur. İlqar ilə rəsmi nikah pozulduqdan sonra cavabdeh bir ata kimi övladı Ləmanın səhhəti ilə maraqlanmayıb, müalicəsi üçün heç bir iş görməyib. O özü Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində kompüter operatoru vəzifəsində işləyir. Aldığı əmək haqqı komunal ödənişlərə, ərzaq məhsullarına, eləcə də digər sərf olunan xərclərə yetmir. Maddi vəsait çatışmamazlığı Ləmanın müalicəsində müəyyən çətinliklər yaradır, bu da onun səhhətinin daha da pisləşməsinə səbəb olur. Əlavə olaraq onu da qeyd etmək istəyir ki, Aslanov hazırda hərbi təqaüdçüdür və təxminin 1100-1200 manat məbləğində təqaüd alır. Bundan başqa Azərbaycan Respublikası Dəniz İnspeksiyasında məsul vəzifədə işləyir, təxminən 1200- 1300 manat məbləğində əmək haqqı alır, maddi vəziyyəti normaldır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2(007)- 3546/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 11.10.1997-ci il təvəllüdlü X2 müalicə xərcləri üçün hər ay 100 manat məbləğində pul İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərin ilkin mediasiya sessiyasında iştiraklarını təsdiq edən məlumat iddia ərizəsinə əlavə edilməmiş və ümumiyyətlə iddianın təmin olunması üçün iş materiallarında əsaslar mövcud deyildir. Apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarına qiymət verərək kollegiya hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflərin ilkin mediasiya sessiyasında iştiraklarını təsdiq edən məlumat iddia ərizəsinə əlavə edilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.2-ci maddəsinin tələbinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr - nikahın davam etdirilməsi şərtləri; valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; uşağın yaşayış yerinin müəyyən edilməsi; uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və ailə münasibətlərindən irəli gələn digər mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə görə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1- 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 391-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3546/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X3 Cavabdeh oğluna qarşı “əmək qabiliyyəti olmayan uşağa görə əlavə xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11608/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11608/2021
08.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver