Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1166/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(001)- 4118/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Teymurlu (Ələsgərzadə) Zülfiyyə Rasim qızı Cavabdeh qarşı qızıl zinət əşyalarının və cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 750 əyarlı, İtaliya istehsalı, ümumi çəkisi 22 qram, dəyəri 2200 manat olan komplektin (sırğa, üzük, qolbaq, boyunbağı), 750 əyarlı, İtaliya istehsalı, çəkisi 6.5 qram, 2 karatlıq brilyant qaşlı, dəyəri 3300 manat olan nişan üzüyünün, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 4.5 qram, dəyəri 300 manat olan bəzək üzüyünün, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 2.5 qram, dəyəri 200 manat olan bəzək üzüyünün, cəmi dəyəri 750 manat olan 3 ədəd çilçırağın, cəmi dəyəri 540 manat olan 3 ədəd pərdənin, dəyəri 150 manat olan süni hazırlanmış 1 metr 20 sm hündürlüyündə şam ağacının (yolka), onlardan hər hansı birinin olmadığı təqdirdə isə onların dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 24 sentyabr 2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bir müddət mehriban yaşamış, daha sonra isə aralarında olan münasibətlər pozulmuşdur. Onların nikahı 29 aprel 2021-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. O, cavabdehlə ünvan 1 ünvanında yaşamış, cehiz əşyaları da həmin evə yığılmışdır. Məhkəmə prosesləri gedən dövrdə məhkəmədən kənar qaydada cavabdeh cehiz əşyalarının əksər hissəsini qaytarmış, lakin qızıl zinət əşyalarını bütovlükdə, cehiz əşyalarından isə cəmi dəyəri 750 manat olan 3 ədəd çilçırağı, cəmi dəyəri olan 540 manat olan 3 ədəd pərdəni, dəyəri 150 manat olan süni hazırlanmış 1 metr 20 sm hündürlüyündə olan yolkanı qaytarmamışdır. O, cavabdehlə birgə yaşadıqları evi könüllü qaydada deyil, dava-qırğınla polis vasitəsi ilə tərk etmiş, özü ilə qızıl zinət əşyalarını aparmamışdır. Tələbdə qeyd etdiyi qızıl-zinət əşyalarının hamısı və adlarını qeyd etdiyi cehiz əşyaları hal-hazırda onun mülkiyyətində olmasına baxmayaraq, cavabdehin qanunsuz sahibliyində qalmışdır. Ona görə də həmin əşyalar, olmadığı təqdirdə isə dəyərləri cavabdehdən alınaraq ona verilməlidir. Qızıl zinət əşyaları ona hədiyyə olaraq bağışlama yolu ilə verilmiş, o da onları qəbul etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(001)- 4118/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 750 əyarlı, İtaliya istehsalı, ümumi çəkisi 22 qram, dəyəri 2200 manat olan komplektin (sırğa, üzük, qolbaq, boyunbağı), 750 əyarlı, İtaliya istehsalı, çəkisi 6.5 qram, dəyəri 650 manat olan nişan üzüyünün, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 4.5 qram, dəyəri 300 manat olan bəzək üzüyünün, 585 əyarlı, Rusiya istehsalı, çəkisi 2.5 qram, dəyəri 200 manat olan bəzək üzüyünün, dəyəri 150 manat olan süni hazırlanmış 1 metr 20 sm hündürlüyündə şam ağacının (yolka), həmin əşyalar mövcud olmadıqda isə onların ümumi dəyərini təşkil edən 3500 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq iddiaçı Teymurlu (Ələsgərzadə) Zülfiyyə Rasim qızına verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin süni hazırlanmış 1 metr 20 sm hündürlüyündə şam ağacının (yolka) qaytarılması hissəsi istisna olmaqla qalan hissələrdə ləğv olunmasını və həmin hissələrdə iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı evdən gedərkən bütün cehiz əşyalarını özü ilə aparmış, qalan yalnız dəyəri 150 manat olan süni hazırlanmış 1 metr 20 sm hündürlüyündə 1 ədəd şam (yolka) ağacıdır. İddiaçı məhkəməyə qətnamədə göstərilən qızıl zinət əşyalarını evdən gedərkən aparmamasına dair və həmin qızıl zinət əşyalarının onun sahibliyində olduğunu təsdiq edən heç bir sübut təqdim etməməsinə baxmayaraq, məhkəmə işə baxan zaman bunları nəzərə almamış, qızıl zinət əşyalarının kimdə olmasının əsl səbəbini araşdırmamış və beləliklə də səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə səciyyələnən, qanunsuz, ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı isə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(001)- 4118/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflərin nikahı Qobustan Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(026)-45/2021 saylı qətnaməsi ilə pozulmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 30 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 18 sentyabr 2020-ci il tarixdə X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət etmiş, qızının baldızı tərəfindən döyüldüyünü və qızını həmin evdən çıxarmaq istədiyini bildirmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 1998-ci il təvəllüdlü İddiaçı bədən səthində aşkar olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Bununla da, X1 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, əməli törətmiş Cavabdeh İsgəndər oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iş üzrə iddiaçıya toy mərasimində iki müxtəlif qadın tərəfindən üzük taxılır. Həmçinin müəyyən olunur ki, iddiaçının üzərində sırğa, boyunbağı, qolbağ və üzüklər vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan qızıl zinət əşyalarının nəzəri qaydada hazırkı orta bazar qiyməti ilə ümumi qaydada dəyəri təxminən 3410 manat müəyyən olunur. Beləliklə, iş materiallarında olan sənədlərlə sübut olunur ki, iddiaçı evi öz istəyi ilə, yəni əvvəlcədən planlı şəkildə öz əşyalarını yığaraq könüllü şəkildə deyil, cavabdehin təkidi ilə məcburi qaydada tərk etmişdir. Eyni zamanda, həmin gün iddiaçının atası Daxili İşlər Nazirliyinin 102 xidmətinə də müraciət etmiş və iddiaçının döyüldüyünü bildirmişdir. Faktla bağlı araşdırılma aparılmış, İddiaçı döyülməsi faktı təsdiq olunmuşdur. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının münaqişəli situasiyada öz qızıl zinət əşyalarını yığaraq evi tərk etməsi ağlabatan və inandırıcı deyil. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən verdiyi izahatında qeyd olunan qızıl zinət əşyalarının İddiaçı hədiyyə olunduğunu, həmin qızıl zinət əşyalarının İddiaçı tərəfindən evə gedərkən özü ilə aparıldığını göstərmişdir. İddiaçının apellyasiya icraatı zamanı məhkəməyə təqdim etdiyi tərəflər arasındakı WhatsApp messenceri vasitəsilə aparılmış yazışmalar da qeyd olunan qızıl zinət əşyalarının cavabdeh tərəfindən iddiaçıya qaytarılmamasını təsdiq edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə də, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdeh qeyd olunan qızıl zinət əşyalarının iddiaçı tərəfindən birgə yaşadıqları evi tərk edərkən aparıldığını bildirmiş, lakin etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(001)- 4118/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1166/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1166/2022
01.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver