Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11669/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh “X10 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər “X10 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, və DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə, Maraqlı şəxs1nə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli, e- 2(005)-3770/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X10 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, və DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə, Maraqlı şəxs1nə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2019-cu il tarixli, 2(103)-5027/2019 saylı icra sənədi əsasında Respublika Xammal və Əmtəə Birjasının "Külək” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərraca çıxarılan və mülkiyyət hüququ əsasında İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilin ilkin satış qiymətinin onun likvid dəyəri əsasında müəyyən edilməsi və mənzilin həmin ilkin satış qiyməti ilə hərraca çıxarılması vəzifəsinin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2019-cu il tarixli, 2(103)-5027/2019 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı və Maraqlı şəxs1 MMC-dən cəmi 788.203,06 manat pulun “X10 Azərbaycan” QSC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 215.000 manat müəyyən edilməklə ipoteka predmeti olan mülkiyyət hüququ əsasında İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzilə yönəldilməsi qərara alınmışdır. Daha sonra apelyasiya instansiya məhkəməsinin həmin qətnaməsi əsasında icra sənədi verilmiş və icra olunması üçün Bakı şəhəri Yasamal icra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal icra və probasiya şöbəsi isə ipoteka predmetinin açıq hərracdan satılmaqla realizə edilməsi üçün sifariş məktubu ilə Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə müraciət etmişdir. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC icra şöbəsinin sifariş məktubunu aldıqdan sonra əmlakın hərracdan satılması üçün ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzilin 215.000 manat ilkin satış qiyməti ilə birinci hərrac keçirilmiş, həmin hərrac baş tutmadığına görə isə 14 iyul 2021-ci il tarixə mənzilin ilkin satış qiymətinin 15 % aşağı qiyməti ilə hərraca çıxarılması məqsədi ilə təkrar hərrac təyin etmişdir. Lakin hesab edir ki, mənzilin bu qiymətlə hərraca çıxarılması tamamilə qanunsuz olmaqla onun əmlak hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmaqdadır. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2019-cu il tarixli, 2(103)-5027/2019 saylı qətnaməsindən görünür ki, 29 avqust 2019-cu il tarixli ekspert rəyinə əsasən qeyd olunan mənzilin ilkin satış qiyməti onların real bazar dəyəri əsasında müəyyən edilmişdir. Halbuki, ipoteka haqqında qanunvericiliyin tələblərinə əsasən ipoteka predmetlərinin ilkin satış qiymətləri onların likvid dəyərinə əsasən müəyyən edilməlidir. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipoteka qoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 3 ünvanında yerləşən mənzilin açıq hərracdan satılmasına dair 04 avqust 2021-ci il tarixli 59/03 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ünvan 3 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində “X10 Azərbaycan” QSC-nin xeyrinə qeydə alınmış ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, birinci (ilkin) hərrac 15 yanvar 2021 -ci il tarixdə, ikinci (təkrar) hərrac 4 fevral 2021-ci il tarixdə keçirilmiş və X4 həmin hərracın qalibi olmuşdur. Hərrac təşkilatının 04.02.2021-ci il tarixli 20/01 saylı protokolu ilə ipoteka predmeti X1. Lakin, sonradan ipoteka predmeti X4 tərəfindən əldə edilməmişdir. Bundan sonra isə 24 iyun 2021-ci il tarixdə 3-cü hərrac və 14 iyul 2021-ci il tarixdə isə 4-cü hərrac keçirilmişdir. Keçirilən hərraclar baş tutmamış və hərrac təşkilatının 04 avqust 2021-ci il tarixli 59/03 saylı hərracın yekunları barədə protokolu əsasında ipoteka predmeti olan mənzil bankın mülkiyyətinə verilmişdir. Halbuki, qanunvericilikdə ilkin və təkrar hərrac olmaqla ümumilikdə iki dəfə hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli, e-2(005)-3770/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin açıq hərracdan satılmasına dair 04 avqust 2021-ci il tarixli 59/03 nömrəli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və mənzil üzərində “X10 Azərbaycan” QSC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyə xitam verilməsinə dair iddiaçının tələbinin hüquqi əsasını onun keçirilən hərracların vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmaması təşkil etməmişdir. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qurtqaşınlı küçəsi, ev 30 ünvanında yerləşən 12 saylı mənzillə bağlı 4 dəfə hərrac keçirilmiş və ondan sonra mənzil bankın mülkiyyətinə verilmişdir. Birinci (ilkin) hərrac 15 yanvar 2021-ci il tarixdə, ikinci (təkrar) hərrac 04 fevral 2021-ci il tarixdə keçirilmiş və X4 həmin hərracın qalibi olmuşdur. Hərrac təşkilatının 04.02.2021-ci il tarixli 20/01 saylı protokolu ilə ipoteka predmeti X1. Lakin, sonradan ipoteka predmeti X4 tərəfindən əldə edilməmişdir. Bundan sonra isə 24 iyun 2021-ci il tarixdə üçüncü hərrac və 14 iyul 2021-ci il tarixdə isə dördüncü hərrac keçirilmişdir. Keçirilən hərraclar baş tutmamış və hərrac təşkilatının 04 avqust 2021-ci il tarixli 59/03 saylı hərracın yekunları barədə protokolu əsasında ipoteka predmeti olan mənzil bankın mülkiyyətinə verilmişdir. Halbuki, qanunvericilikdə ilkin və təkrar hərrac olmaqla ümumilikdə iki dəfə hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı işdə də iki dəfədən artıq hərrac keçirildiyinə görə 04 fevral 2021-ci il tarixdə təkrar hərrac baş tutmamış elan edilməsindən sonra 30 gün ərzində bank ipoteka predmetini əldə etməmişdir. Belə olan halda isə iddiaçının (ipoteka qoyanın) mənzillər üzərində ipotekaya xitam verilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də hərrac təşkilatının 04 avqust 2021-ci il tarixli 59/03 saylı hərracın yekunları barədə protokolu etibarsız hesab edilməli və mənzil üzərindəki ipotekaya xitam verilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X10 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasında iştirak etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin 04.11.2019-cu il tarixli qətnaməsi üzrə icra vərəqəsi icra edilməsi üçün Yasamal rayon İcra Şöbəsinə gönrdərilmişdir. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 23 dekabr 2020-ci il tarixli 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 215.000 (iki yüz on beş min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 15 yanvar 2021-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 19 yanvar 2021-ci il tarixli 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 182750 (yüz səksən iki min yeddi yüz əlli) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 04 fevral 2021ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Nərimanov Rayon İcra və Probasiya şöbəsinin Böyük İcra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Cəmil Tağıyevin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Bakı Apellyasiya məhkəməsinin 04.11.2019-cu il tarixli 2(103)-5027/2019 qətnaməsini, Azərbayacan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.08.2020-ci il tarixli 2(102)-2412/2020 saylı qərarı ilə ləğv edilib və iş üzrə yeni qərar qəbul edilib. Yuxarda yazılanları nəzərə alaraq icraatda olan Bakı Apellyasiya məhkəməsinin 04.11.2019-cu il tarixli 2(103)-5027/2019 icra vərəqəsinin icraatına xitam verilməsini və sifariş verilmiş hərrac işin və qanun çərçivisində nəzərdə tutulmuş icra hərəkətlərinə xitam verilməsini xahiş etmişdir. “X10 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Nəsimi rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktubdan görünür ki, 02.11.2020-ci il tarixli 16494-175147/2020-5-1 sayılı məktuba cavab olaraq qeyd edilir ki, Bakı Apellyasiya məhkəməsinin 04.11.2019-cu il tarixli 2(103)- 5027/2019 qətnaməsini, Azərbayacan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.08.2020-ci il tarixli 2(102)-2412/2020 saylı qərarı ilə ləğv edilib və iş üzrə yeni qərar qəbul edilib. Yuxarıda yazılanları nəzərə alaraq icraatda olan Bakı Apellyasiya məhkəməsinin 04.11.2019-cu il tarixli 2(103)-5027/2019 icra vərəqəsinin icraatın dayandırılmasını xahiş edilmişdir. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2(102)-2412/2020 saylı 11.08.2020-ci il tarixli qərarı üzrə icra vərəqəsi verilmiş və həmin icra vərəqəsinin təmin edilməsi məqsədi ilə 01 iyun 2021-ci il tarixli 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 215.000 (iki yüz on beş min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 24 iyun 2021-ci il tarixə saat 11:00-17:00-dək; 182750 (yüz səksən iki min yeddi yüz əlli) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 14 iyul 2021-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Hərrac üzrə yekun protokol tərtib edilmiş və alğı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 52, ev 30 “X10” ASC adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi nömrəsi ilə 16.09.2021-ci il tarixdə qeydiyyat aparılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, ki Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair bildirişləri ilə Bakı şəhəri,İ.Qutqaşınlı küçəsi, 52, ev 30 açıq auksion formasında satışa çixarılmasına dair keçiriləcək ilkin və təkrar hərracın vaxtı və yeri barədə iddiaçı lazımi qaydada məlumatlandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən yekun olaraq düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarını düzgün tədbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. (269.5. maddə) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka-öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin qanununun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda Həmin qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.10.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Həmin qanunun 28.12.2018-ci il tarixindən sonra qüvvədə olan 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin qanunun 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin məcəllənin 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş materiallarından da, görünür ki, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 23 dekabr 2020-ci il tarixli 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 215.000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 15 yanvar 2021-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Bundan sonra, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 19 yanvar 2021-ci il tarixli 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 182750 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 04 fevral 2021-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən verilən icra vərəqəsi ləğv edildiyindən, hərracın yekunlarına dair alğı-satqı müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 12.03.2021-ci il tarixdə icra sənədi icraya yönəldilmişdir. İcra sənədinin icrası məqsədi ilə 01 iyun 2021-ci il tarixli 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, qeyd edilən əmlakla bağlı 215.000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 24 iyun 2021-ci il tarixə saat 11:00-17:00dək; 182750 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 14 iyul 2021-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Hərracın yekunları ilə bağlı mübahisəli əmlak tələbkara təklif edilmiş və tələbkar təklifi qəbul etmişdir. Göründüyü kimi, keçirilmiş hərraclar iki icra sənədi üzrə aparılmışdır. Belə olan halda, iddiaçının mübahisəli ipoteka predmetinin satışının həyata keçirilməsi zamanı eyni icra sənədi üzrə 4 hərracın keçirilməsi öz təsdiqini tapmır. Eyni zamanda iş materiallarından göründüyü kimi "xxxx" MMC tərəfindən təyin edilmiş hərrac barədə tərəflərə hərracların yeri və vaxtı barədə bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişin alınmasına dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hərrac qanunveciliyin tələblərinə riayət edilməklə, hərhansı qanun pozuntusu olmadan təşkil edilmişdir. Belə olan halda, iddia tələbi rədd edilməlidir. Kollegiya hesab edir ki, iddia tələbinin rədd edilməsi qənaətinə gəlindiyindən, məhkəmə məsrəfləri iddiaçının özünə aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli, e-2(005)-3770/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-11669/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11669/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver