Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1168/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” haqqında ilkin, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın himayəsinə verilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdehla aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2018-ci təvəllüdlü Rüqəyya Əmiraslanova və xx.xx.2019-cu il təvəllüdlü Aylin Əmiraslanovanın yetkinlik yaşına çatanadək onun himayəsində saxlanılması, cavabdehdən yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 170 manat olmaqla, ümumlikdə 340 manat sabit pul məbləğində aliment, eyni zamanda üç yaşlarına çatanadək əlavə olaraq hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia verərək, İddiaçı ilə aralarında xx.xx.2018-ci ildə bağlanmış nikahın pozulmasını və nikah pozularkən birgə nikahdan doğulmuş övladları xx.xx.2018-ci təvəllüdlü Rüqəyya Əmiraslanova və xx.xx.2019-cu il təvəllüdlü Aylin Əmiraslanovanın onun yanında saxlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, ilkin və qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Qaradağ rayonu Qeydiyyat şöbəsində 12 nömrə ilə bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü Rüqəyya Əmiraslanova və xx.xx.2019-cu il təvəllüdlü Aylin Əmiraslanovanın anaları İddiaçı yanında saxlanılması, Cavabdeh birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat və uşaqların üç yaşı tamam olanadək hər ay əlavə olaraq, bir uşaq üçün 25 manat olmaqla, cəmi 50 manat sabit pul məbləğində aliment tutularaq tutularaq İddiaçı xeyrinə ödənilməsi, Məhkəmənin xx.xx.2020-cu il tarixli qərardadı ilə təyin edilmiş müvəqqəti alimentin tutulması və məbləğ arasındakı fərqin nəzərə alınması, alimentin xx.xx.2020-ci il tarixdən tutulması qət edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, təqdim olunmuş yeni sübutlar əsasında alimentin azaldılmasını təmin edən yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Cavabdeh ikinci qrup əlildir, hər ay yalnız əlilliyə görə 224 manat pensiya alır, başqa heç yerdə işləmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni apelyatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı ilə Cavabdeh xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuş və bu nikahdan xx.xx.2018-ci ildə Rüqəyya Əmiraslanova və xx.xx.2019-cu ildə Aylin Əmiraslanova adlı uşaqları doğulmuşdur. Sonradan tərəflərin ailə münasibətləri pozulmuş və onlar faktiki olaraq ayrılmışlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, Cavabdeh, ikinci dərəcəli əlildir, əlilliyin səbəbi ümumi xəstəlik, yüngül işlərdə işləyə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh tutumalı olan alimenti hər uşağa görə hər ay 170 manat və uşaqların üç yaşı tamam olanadək keçmiş arvadı İddiaçı üçün 50 manat sabit pul məbləğində müəyyən etməsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə, dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 85.1.1-ci və 86-cı maddələrinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Baxılan işdə Cavabdeh şikayətini maddi vəziyyətinin aşağı olması ilə əsaslandırsa da, Kollegiya nəzərə alır ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 170 manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə Kollegiyası, Cavabdeh ikinci qrup əlil və işsiz, habelə maddi imkanının aşağı olması barədə apelyasiya şikayətində göstərdiyi dəlillərlə razılaşmayaraq bildirir ki, həmin hal aliment məbləğinin uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan az müəyyən edilməsi üçün əsas ola bilməz. Çünki, əvvəla, Cavabdeh yüngül işlərdə işləməsi imkanı istisna deyil. İkincisi, qanunvericilikdə alimentin tutulması üçün valideynin işləməsi və kifayət qədər maddi imkana malik olması məcburi şərt kimi müəyyən edilməmişdir. Hətta Ali Məhkəmə yuxarıda qeyd edilən qərarında vurğulamışdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1168/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1168/2021
03.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver