Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11686/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması tələbinə dair» 2(004)-5121/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə vəziyyətinin nəzərə alınaraq 20.10.2006-cı il təvəllüdlü oğlu X1 üçün tutulan alimentin miqdarının azaldılaraq 170 manat miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 oktyabr 2007-ci il tarixli qətnaməsinə əsasən onun qazancının 1/4 hissəsinin Cavabdeh ödənilməsi qərara alınmışdır. Həmin vaxt onun digər evlilikdən iki övladı anadan olmuşdur, ikinci nikahı da uğursuz olduğundan ailəsi dağılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 15.03.2017-ci il tarixli qətnaməsi ilə ikinci nikahdan doğulmuş uşaqları üçün hər uşağa 137 manat, daha sonra isə yenə Xətai Rayon Məhkəməsinin 16.04.2018-ci il tarixli qətnaməsi ilə aliment artırılaraq hər uşağa 154 manat olmaqla, ümumilikdə 308 manat alimentin ondan tutularaq uşaqların anasına ödənilməsi barədə qətnamə çıxarılmışdır. O, 29.12.2019-cu ildə xidməti vəzifəsini yerinə yetirən zaman avtoqəzaya ugramış və aldığı xəsarətlər nəticəsində iş qabiliyyətini itirdiyindən Müdafiə Nazirliyi üzrə 123 saylı əmrin 82a, 13b, 43b, 27c maddəsinin İİİ qrafasına əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunması barədə qərar verilmiş və ordudan tərxis olunmuşdur. Hazırda heç bir yerdə işləmir. Bir neçə müddətdir ki, yenidən ailə qurmuşdur. Cavabdehlə birgə nikahlarından olan övladları Nihadın 18 yaşına çatanadək saxlanılması üçün pensiyasının 1/4 hissəsi, həmçinin digər nikahdan olan övladlarının saxlanılması üçün 308 manat aliment tutulur. Hazırda onun ailə vəziyyəti ilə əlaqədar aliment ödəməyə maddi imkanı olmadığından, alimentin azaldılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını hərtərfli araşdırmadan, heç bir əsaslandırma aparmadan iddia tələbinə dair təqdim edilmiş sübutlara qiymət vermədən iddiaçının maddi vəziyyətindəki dəyişiklikləri nəzərə almadan nəticədə belə bir qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qətnamə çıxararkən iddia ərizəsinə əlavə olaraq təqdim edilmiş sübutlara baxdıqda iddiaçı tərəfindən digər nikahdan olan və Xətai Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli qətnaməsinə əsasən 20 dekabr 2008-ci il təvəllüdlü X2 və 28 mar 2011-ci il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılması üçün hər uşağa 154 manat, ümumilikdə 308 manat aliment tutulmasına dair təqdim edilmiş 16 aprel 2018-ci il tarixli, 2(011)-331/108 saylı icra vərəqəsinə və 2018-ci ildə rəsmi nikahda olması barədə təqdim edilmiş sübutlara qiymət verməmişdir. Eyni zamanda məhkəmə iddiaçının xidmətdə olduğu zaman, yəni xidməti vəzifəsini yerinə yetirən zaman avtoqəza nəticəsində aldığı xəsarətlərdən iş qabiliyyətini itirməsi və bunun əsasında da ordudan xidmətə yararsız kimi təxris olunmasına dair təqdim edilmiş sübutlara əhəmiyyət verməmişdir. İddiaçının iddia ərizəsinə əlavə olaraq verdiyi 16 mart 2020-ci il tarixli 276 saylı xəstəlik haqqında şəhadətnaməsində və Tibbi- Soisial Ekspert Komissiyasının sonuncu müayinəsi haqqında məlumat əlillik səbəbi kimi: «onurğa beyninin dəqiqləşdirilməmiş səviyyədə travması Avtoqəza (29.12.2019) nəticəsində keçirilmiş onurğa sütununun qapalı küt travması. Boyun şöbəsinin fəqərəarası disklərini radikulopiyası ilə zədələnməsi, onurğa sütununun funksiyasının mühüm dərəcə pozulması» diaqnozu ilə əlillik dərəcəsi müəyyən olunmuşdur. Həkim komissiyasının rəyinə görə əmək zəmanəti olaraq yalnız yüngül işlərdə işləmək tövsiyə olunmuşdur. Göründüyü kimi, iddiaçı əmək funksiyasını itirsə də iddia ərizəsində övladının saxlanılması qayğısından yayınmadığını, sadəcə digər övladlarına da aliment ödədiyini və hazırda yeni ailə qurması ilə qayğılarının artdığını və bu halların da onun maddi durumunu çətinləşdiridyi üçün qanununvericiliklə ona verilmiş hüquqdan istifadə edərək aliment tələbini digər iki uşağa münasibətdə və hazırki ailə vəziyyətinə münasibətdə azaldılması tələbini irəli sürmüşdür. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın rədd edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azəbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76.1-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28.03.2016cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının yenidən ailə həyatı qurması və yeni övladının dünyaya gəlməsi onun yetkinlik yaşına çatmayan uşağına münasibətdə aliment öhdəliklərindən tam və ya qismən azad olunması üçün əsas kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(004)- 5121/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-11686/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11686/2021
07.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver