Məhkəmə qərarları › İş №2(103)-1173/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1173/2021

01.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1173/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)-2619/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5.000.000 manat mənəvi ziyana görə kompensasiyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 1(101)-1477/2010 saylı hökmünə əsasən X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı xx.xx.2010-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin əsas halları ondan ibarətdir ki, X12 xx xxx 2010-cu il tarixdə saat 05:45 radələrində Cavabdeh1 MMC-yə məxsus “Mercedes Benz” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusla Gəncə şəhərindən Bakı şəhərinə sərnişin daşıyarkən Bakı-Qazax yolunun Hacıqabul rayonu Muğan kəndi yaxınlığından keçən 139,7-ci kilometrində avtobusu icazə verilən sürət həddindən artıq sürətlə idarə edərək, Bakı istiqamətində hərəkətdə olarkən avtobusu yol şəraitinə uyğun surətlə idarə etməli, hərəkət zamanı diqqətini daim dəyişməkdə olan yol nəqliyyat şəraitindən və avtobusun idarə olunmasından ayırmamalı, qarşıda yolun sağ tərəfində qəza və qabarit işıqları yanılı vəziyyətdə nəqliyyat vasitəsinin dayanmasını nəzərə alaraq əvvəlcədən onun sol yan tərəfindən təhlükəsizliyi təmin edən lazımi yan məsafəni təmin etməklə keçib getməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkətə heç bir maneə olmadığı, yolun sağ kənarında təmir üçün dayanmış və arxa işıqları yanılı vəziyyətdə olan X6 təmir etdiyi “Kamaz5320” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə əməli ehtiyatsızlıqdan təmir işləri ilə məşğul olan X6 köməkçisi X4, avtobusda olan sərnişinlər X2, X7, X1 və X5 ölümünə səbəb olmuşdur. Qəza nəticəsində vəfat edən şəxslərdən X11 onun anası, həmçinin qəzada vəfat edən digər şəxslərdən biri də onun bacısı X3 olmuşdur. Hökmdən görünür ki, X12 təqsirini etiraf edərək ifadəsində göstərir ki, hadisəni törədərkən Cavabdeh1 MMC-də sürücü işləməklə Cavabdeh1 MMCyə məxsus “Mercedes Benz” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusla sərnişin daşımaqla məşğul olmuşdur. Göründüyü kimi hadisənin baş verməsi Cavabdeh1 MMC-nin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Anasının həlakında həm də Cavabdeh2 MMC də səbəbkardır. Çünki, sərnişindaşımanın təşkilindən həm də Cavabdeh2 MMC məsuliyyət daşıyır. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvə minmiş Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 1-(106)-95/2011 saylı qərarı ilə təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Baş vermiş cinayət hadisəsi nəticəsində anasının və bacısınınfaciəvi şəkildə ölməsi onu çox sarsıtmışdır. Bu səbəbdən hər gün davam edən stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi halları nəzərə alaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır və qanunun tələbləri baxımından da buna hüququ var. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)- 2619/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 MMC-dən mənəvi ziyana görə 30000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın Cavabdeh1 MMC-yə münasibətdə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə ilə heç bir əsaslandırma aparılmadan ona qeyri-mütənasib, az kompensasiya təyin edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərinə görə, kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X12 xx xxx 2010-cu il tarixdə saat 05:45 radələrində idarə etdiyi Cavabdeh1 MMC-yə məxsus “Mercedes Benz C 4572” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusla Gəncə şəhərindən Bakı şəhərinə sərnişin daşıyarkən Bakı-Qazax yolunun Hacıqabul rayonu Muğan kəndi yaxınlığından keçən 139,7-ci kilometrində avtobusu icazə verilən sürət həddindən artıq sürətlə idarə edib, Bakı istiqamətində hərəkətdə olarkən avtobusu yol şəraitinə uyğun surətlə idarə etməli, hərəkət zamanı diqqətini daim dəyişməkdə olan yolnəqliyyat şəraitindən və avtobusun idarə olunmasından ayırmamalı, qarşıda yolun sağ tərəfində qəza və qabarit işıqları yanılı vəziyyətdə nəqliyyat vasitəsinin dayanmasını nəzərə alaraq əvvəlcədən onun sol yan tərəfindən təhlükəsizliyi təmin edən lazımi yan məsafəni təmin etməklə keçib getməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkətə heç bir maneə olmadığı, yolun sağ kənarında təmir üçün dayanmış və arxa işıqları yanılı vəziyyətdə olan X6 təmir etdiyi “Kamaz-5320” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə əməli ehtiyatsızlıqdan təmir işləri ilə məşğul olan X6, onun köməkçisi X4, avtobusda olan sərnişinlər X2, X7, X1 və X5 ölümünə..... səbəb olmuşdur. Həmin hökmlə X12 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-95/2011 saylı xx xxxx 2011-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş və hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. İşin mübahisəsiz halıdır ki, iddiaçının anası X11 və bacısı X3 xx xxx 2010-cu il tarixdə Cavabdeh1 MMC-yə məxsus “Mercedes Benz C 4572” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən X9 əməli ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi zamanı ölmüşdür. İddiaçı qeyd olunanlara istinad edərək, ona vurulmuş mənəvi ziyanı tələb edir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarına əsasən hökmlə müəyyən edilmiş hərəkətlər nəticəsində iddiaçının mənəvi sarsıntı keçirmiş olduğu şübhəsizdir, həmin qanunsuz hərəkətlər ilə iddiaçının keçirdiyi mənəvi iztirablar arasında səbəbli əlaqə vardır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti doğrudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və X14 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Kollegiyanın qənaətinə görə, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyanın məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Cavabdehin işçisinin təqsirli hərəkətləri nəticəsində iddiaçının anasının və bacısının həlak olması onun fiziki və mənəvi sarsıntılar keçirməsinə səbəb olmuş, anasının və bacısının həmin hadisə nəticəsində vəfatının iddiaçının şüuruna həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya səbəb olması qaçılmazdır. Göstərilən halların məcmusunu rəhbər tutmaqla birinci instansiya məhkəməsi hesab etmişdir ki, vurulmuş mənəvi zərərin əvəzi kimi 30000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi hazırki mübahisənin halları baxımından ağlabatan və ədalətlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının xeyrinə mənəvi zərər olaraq 30000 manat tutmaqda haqlı olmuşdur. Həmin məbləğ ağlabatan və ədalətlidir. İddiaçı apellyasiya şikayətində iddia ərizəsində göstərilənləri təkrarlamış, hər hansı konkret dəlilə istinad etməmişdir, odur ki, iddiaçının apellyasiya şikayətinin formal olmaqla, əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2619/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar