Məhkəmə qərarları › İş №2(103)-1177/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1177/2023

07.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1177/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Məhərrəmov Canpolad İldırım oğluna, Cavabdeh2 və Cavabdeh3 Maarif oğluna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 Maarif oğlunun və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Maarif oğluna qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1907/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 Maarif oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, 21 fevral 2022-ci il tarixdə, saat 20:30 radələrində Cavabdeh3 özünə məxsus “Chevrolet Cruze” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospektində idarə edən zaman əks istiqamətli hərəkət zolağına çıxamadan manevr etmiş və digər Cavabdeh2 məxsus Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toquşmuş, zərbənin təsirindən “Toyota Prius” markalı, **-DS- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsus qanunla icazə verilən yerdə saxlanılmış “Volskwagen Touareg” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Yol nəqliyyat hadisəsi törətmiş Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.

2. İş materiallarında olan, Bakı şəhər DYPİ YNH inspektoru tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2022-ci il tarixli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh3 Maarif oğlu idarə etdiyi “Chevrolet Cruze” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə xx.xx.2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

3. İş materiallarında olan, Bakı şəhər DYPİ tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında TP4817608 nömrəli, xx.xx.2022-ci il tarixli İnzibati Tənbeh vermə haqqında qərardan görünür ki, “Chevrolet Cruze” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həsənli X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir.

4. İş materiallarında olan, X2nin 15 saylı, xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində 2021-ci il buraxılışlı “Volkswagen” markalı “Touareg” modelli, Universal tipli, **-TO-*** dövlət qeydiyyat nişanlı mühərrik həcmi 2995 sm3 mühərrik nömrəsi DCB398139, Ban nömrəsi WVGZZZCRZND000158, rəngi gümüşü olan avtomobilin hazırki bazar dəyəri 139.828,00 (yüz otuz doqquz min səkkiz yüz iyirmi səkkiz) manat, avtomobilin təmir-bərpa xərci 28.425 (iyirmi səkkiz min dörd yüz iyirmi beş) manat, avtomobilin qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti 111.862 manat, avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı qiymət fərqi 27.966 manat müəyyən edilmişdir.

5. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının № 9/2950 saylı, 20 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, 2021-ci il buraxılışlı “Volkswagen Touareg” markalı avtomobilin normal vəziyyətdə orta bazar qiyməti nəzəri hesablama yolun ilə 140.000 manat müəyyən olunur. Nəzəri hesablkama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohisələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Volkswagen Touareg” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 28.247 manat müəyyən edilir. 2021-ci il buraxılışlı “Volkswagen Touareg” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 20% aşağı olması istisna edilmir. Həmin avtomobilin qəzadan öncəki qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasında fərq təxminən 112.000 (140000-20%) manat müəyyən olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Maarif oğluna qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə avtomobilin orta bazar qiyməti arasında yaranmış 27.966 (iyirmi yeddi min doqquz yüz altmış altı) manat məbləğində fərqin ödənilməsi, ekspertizanın keçirilməsi üçün ödənilmiş 300 manat məbləğində rüsumun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında Bakı şəhər DYPİnin İXP ******* nömrəli Protokoluna və İnzibati tənbehvermə haqqında Bakı şəhər DYPİnin TP ******* nömrəli Qərarına əsasən, 21 fevral 2022-ci il tarixdə, saat 20:30 radələrində Cavabdeh3 özünə məxsus “Chevrolet Cruze” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Nəsimi rayonu Azadlıq prospektində idarə edən zaman əks istiqamətli hərəkət zolağına çıxamadan manevr etmiş və digər Cavabdeh2 məxsus Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toquşmuş, zərbənin təsirindən Toyota Prius markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus qanunla icazə verilən yerdə saxlanılmış Volskwagen Touareg markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Nəticədə Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Bununla da ona məxsus avtomobilə 29.304,40 manat məbləğində maddi ziyan dəymişdir. Avtomobili kasko sığortalı olduğundan həmin ziyan sığorta şirkəti tərəfindən ödənildi. Bildirir ki, o, avtomobili 26 oktyabr 2021-ci il tarixdə Volskwagenin Azərbaycandaki rəsmi distribütoru olan "xxxx" QSC-dən almışdır. Avtomobili alarkən yeni və tam yüksək kompektasiyada idi, heç sürülməmişdir. Qəza baş verərkən avtomobilin cəmi 2105 km yürüşü vardır. Hazırda bu komplektasiyadan olan yeni avtomobilin dəyəri 144.900 manat təşkil edir. Bu günə eyni avtomobilin aşınması nəzərə alınmaqla real bazar dəyəri 139.828 manatdır. Qəzadan sonra isə avtomobilin təmirli vəziyyətdə dəyəri 111.862 manata düşmüşdür. Beləliklə də, qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı qiymət fərqi 27.966 manat təşkil edir. Onun avtomobili rəsmi dilerdən alınmış yeni avtomobil olduğundan, o, qəzaya düşən avtomobili sürmək istəmir, satmaq niyyətindədir. Lakin, hazırki vəziyyətdə təmirdən sonra onu satışa çıxardıqda ən yaxşı halda 111.862 manata sata bilər. Hesab edir ki, bu da cavabdehlərin təqsirli hərəkətləri nəticəsində ona vurulan zərərin bir hissəsidir. Bu hal Azərbaycan Respublikası “X2”-nin 02 fevral 2022-ci il tarixli 15 nömrəli rəyi ilə də təsdiq edilir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-1907/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddianın qismən təmin edilməsi, Cavabdeh3 Maarif oğlundan 27.966 (iyirmi yeddi min doqquz yüz altmış altı) manat pulun, 180 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iş üzrə aparılmış 100 manat məbləğində ekspertiza xərcinin Cavabdeh3 Maarif oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, nəqliyyat vasitəsinin əmtəə qiymətinin itməsi də real zərər olduğundan iddia 27.966 (iyirmi yeddi min doqquz yüz altmış altı) manat məbləğində fərqin ödənilməsi hissəsində əsaslı hesab edilməlidir və Cavabdeh3 Maarif oğlu tərəfindən iddiaçıya zərər vurulması müəyyən edildiyindən qeyd edilən məbləğ Cavabdeh3 Maarif oğlundan tutularaq iddiaçıya ödənilməlidir.

10. Birinci instansiya məhkəməsi iddia tələbinin 27.966 (iyirmi yeddi min doqquz yüz altmış altı) manat məbləğində fərqin ödənilməsinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunduğu kimi Cavabdeh3 Maarif oğlunun İnziabti Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi və nəticədə iddiaçıya zərər vurması, digər cavabdhelər isə inzibati xətanın törədilməsində təqsiri müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 14.1, 21.2 və 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Qətnamədən Cavabdeh3 Maarif oğlu apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri

13. Cavabdeh3 Maarif oğlu apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmaması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

14. Cavabdeh3 apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəfindən cavabdeh kimi 3 şəxsə qarşı, yəni ona, Cavabdeh1 oğluna və Cavabdeh2 Ulvi oğluna qarşı iddia irəli sürülməsinə baxmayaraq delikt törətmiş şəxs kimi məhkəmə ondan 27.966 manat pul, 180 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bundan əlavə hal-hazırda “Paşa sığorta” ondan 20,178,00 manat pulun tutulmasını tələb etmişdir. Belə çıxır ki, məndən 2 dəfə maddi ziyan tutulmalıdır. Hesab edir ki, iddiaçıya “Paşa Sığorta” sığorta pulu verdiyindən avtomobilə dəymiş ziyanla bağlı pul tələbinə dair sığorta şirkəti zərərçəkmişə qarşı iddia qaldıra bilər, iddiaçı yox. Eyni hüquq pozuntusuna görə məhkəmə və sığorta hər ikisi məndən eyni məbləği istəyir eyni işə görə ondan eyni məbləğ 2 dəfə tutulacaqdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Maarif oğlu və onun nümayəndəsi və vəkili Vəkil3 verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

17. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Qətnamədən Cavabdeh3 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya pəkməli olduğu xərclər, əmlakından məhrum olrnası və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitındə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır

25. Maddə 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1096.2-ci Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

30. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası iş üzrə tərəflərin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Birinci instansiya məhkəməsi Cavabdeh3 tərəfindən İddiaçı zərər vurulmasının müəyyən edildiyini, nəqliyyat vasitəsinin əmtəə qiymətinin itməsinin də real zərər olduğunu, Cavabdeh3 İnziabti Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi və nəticədə iddiaçıya zərər vurması, digər cavabdhelərin isə inzibati xətanın törədilməsində təqsiri müəyyən edilmədiyini nəzərə alıb, hesab etmişdir ki, iddia 27.966 (iyirmi yeddi min doqquz yüz altmış altı) manat məbləğində fərqin ödənilməsi hissəsində əsaslı hesab edilməli və cavabdeh tərəfindən iddiaçıya zərər vurulması müəyyən edildiyindən qeyd edilən məbləğ Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli, digər cavabdhelər isə inzibati xətanın törədilməsində təqsiri müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir.

41. Cavabdeh3 qətnamədən verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmiş və apelyasiya şikayətini belə əsaslandırmışdir ki, iddiaçı tərəfindən cavabdeh kimi 3 şəxsə qarşı iddia irəli sürülməsinə baxmayaraq delikt törətmiş şəxs kimi məhkəmə yalnız ondan pul tutularaq iddiaçıya verilməsini qət etmişdir. Eyni hüquq pozuntusuna görə məhkəmə və sığorta hər ikisi ondan eyni məbləği istəyir eyni işə görə ondan eyni məbləğ iki dəfə tutulacaqdır.

42. Məhkəmə kollegiyası Cavabdeh3 apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, maddi hüquq normalarının tələblərinə uyğun qiymətləndirib hesab edir ki, apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır.

43. Belə ki, Bakı şəhər DYPİ tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında TP4817608 nömrəli, xx.xx.2022-ci il tarixli İnzibati Tənbeh vermə haqqında qərardan görünür ki, “Chevrolet Cruze” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həsənli X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir.

44. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının № 9/2950 saylı, 20 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, 2021-ci il buraxılışlı “Volkswagen Touareg” markalı avtomobilin normal vəziyyətdə orta bazar qiyməti nəzəri hesablama yolun ilə 140.000 manat müəyyən olunur. Nəzəri hesablkama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohisələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Volkswagen Touareg” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 28.247 manat müəyyən edilir. 2021-ci il buraxılışlı “Volkswagen Touareg” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 20% aşağı olması istisna edilmir. Həmin avtomobilin qəzadan öncəki qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasında fərq təxminən 112.000 (140000-20%) manat müəyyən olunur.

45. Eləcə də, X2nin 15 saylı, xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində 2021-ci il buraxılışlı “Volkswagen” markalı “Touareg” modelli, Universal tipli, **-TO-*** dövlət qeydiyyat nişanlı mühərrik həcmi 2995 sm3 mühərrik nömrəsi DCB398139, Ban nömrəsi WVGZZZCRZND000158, rəngi gümüşü olan avtomobilin hazırki bazar dəyəri 139.828,00 (yüz otuz doqquz min səkkiz yüz iyirmi səkkiz) manat, avtomobilin təmir-bərpa xərci 28.425 (iyirmi səkkiz min dörd yüz iyirmi beş) manat, avtomobilin qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti 111.862 manat, avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə bazar qiyməti arasındakı qiymət fərqi 27.966 manat müəyyən edilmişdir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.

47. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən, məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Cavabdeh3 təqsirli hərəkətləri nəticəsində İddiaçı ziyan dəyməsi, iş materialları və digər sübutlarla tam təsdiqini tapmışdır.

48. Məhkəmə kollegiyası qeyd olunan işin faktiki hallarını və yuxarıda sadalanan qanunvericiliyin tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin iddiaçıya dəymiş zərərin əvəzi olaraq 27.966 manat məbləğində pulun cavabdehdən tutulmasına dair gəldiyi nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir.

49. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

50. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilmədiyindən, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.

51. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh3 Maarif oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1907/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar