Məhkəmə qərarları › İş №2(103)-1187/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1187/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1187/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X4 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndələri Nümayəndə1 (vəkil), Nümayəndə2 (qardaşı), X6 (bacısı), Cavabdeh2, onun nümayəndəsi (vəkili) Nümayəndə3, digər Cavabdeh1 prosessual hüquq varisi X7 və maraqlarına toxunan şəxs X2 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 və maraqlarına toxunan şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 11 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,0184 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixli çıxarışa əsasən mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuşdur.

2. Qaradağ Rayon Məhkəməsinin 2(002)-449/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı 32000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı Cavabdeh2 verilməsi qət edilmişdir.

3. AN-İ seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən İddiaçı özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.0184 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətinə vermişdir. Müqavilədə daşınmaz əmlakın satış qiyməti 5300 manat göstərilmişdir.

4. AN-İ seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən Cavabdeh1 mübahisəli torpaq sahəsini tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətinə vermişdir. Daşınmaz əmlak 5400 manata satılmışdır. Həmin alqısatqı müqaviləsinə əsasən mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır.

5. Sonradan Cavabdeh2 mübahisəli torpaq sahəsini X1. Lakin həmin alqı-satqı müqaviləsi hazırkı işdə mübahisələndirilməmişdir və bu səbəbdən də hazırkı məhkəmə baxışının predmeti deyildir.

6. Apellyasiya baxışı zamanı Cavabdeh1 tarixdə vəfat etdiyi məlum olduğundan onun oğlu X11 cavabdehin prosessual hüquq varisi kimi işdə iştirak etməyə cəlb olundu.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 8 saylı notariat kontorunda İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 09 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Babayeva Naidǝ Misgər qızının adına verilmiş ********** saylı xx.xx.2020-ci il tarixli çıxarışın ləğv olunması, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən və onun üzərində tikilmiş evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,0184 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixli çıxarışa əsasən ona məxsus olmuşdur. Cavabdeh2 2015-ci ildə məhkəmədə ona qarşı borc tələbinə dair iddia qaldırmış və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli qətnaməsi ilə ondan 32000 manat pulun tutularaq Babayeva Naidǝ Misgər qızına verilməsi qət edilmişdir. Həmin dövrdə torpaq sahəsinin əlindən çıxacağını düşünmüş, bu səbəbdən torpaq sahəsini ərinin qardaşı olan Cavabdeh1 adına rəsmiləşdirməyi qərara almışlar. Həmin torpaq sahəsində sənədsiz iki ədəd iki otaqlı ev vardı, birində özü həyat yoldaşı ilə, digərində oğlu yaşayırdı. Torpaq sahəsindən kənarda qalan üçüncü evin ona heç bir aidiyyəti yox idi. Qaynı Kamal ilə aralarında olan razılaşmaya görə torpaq sahəsi formal olaraq Kamalın adına rəsmiləşdirilməli, həmin torpaq sahəsində tikilmiş iki evdə onlar yaşamağa davam etməli idilər. Bu barədə 8 saylı notariat kontorunda 09 dekabr 2015-ci il tarixdə Cavabdeh1 ilə arasında formal olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə torpaq sahəsinin 5300 manata satılması qeyd edilsə də, aralarında heç bir pul münasibəti olmamış, yəni Kamal ona hər hansı pul məbləği ödəməmişdir. Həmin alqı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. Bundan sonra Kamal ona məxsus torpaq sahəsinə dair çıxarış almışdır. Kamalla razılaşmışlar ki, onun borcu qurtarandan sonra torpaq sahəsini ona qaytaracaqdır. Lakin Kamal sonradan həmin torpaq sahəsini ona qaytarmamışdır. Dəfələrlə Kamala torpaq sahəsinin öz adına qaytarılması barədə müraciət etsə də, Kamal Naidənin çağırılmasını tələb etmiş, daha sonra torpağı onlara verəcəyini bildirmişdir. Cavabdeh2 isə qaynı Kamalla əlbir olaraq 2016-cı ildə onu və ailə üzvlərini icra məmurunun və polis əməkdaşlarının vasitəsi ilə borca görə evindən və torpaq sahəsindən zorla çıxarmışdır. Kamal ondan icazəsiz torpaq sahəsini 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Babayeva Naidǝ Misgər qızının adına keçirmiş və xx.xx.2020-ci il tarixdə Cavabdeh2 həmin torpaq sahəsinə dair öz adına çıxarış almışdır. Göründüyü kimi, alqı-satqı müqavilələri tamamilə formal bağlanmış saxta əqdlərdir.

9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1862/24 saylı iş üzrə 16 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.

10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, 09 dekabr 2015-ci il tarixli müqavilə tərəflərinin özlərinin izahatlarına, şahidlərin ifadələrinə, iş materiallarında olan yazılı sübutlara əsasən birmənalı olaraq ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqd olduğundan əhəmiyyətsizdir. Bundan əlavə, cavabdehlərin öz arasında bağladığı AN-İ seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi də əhəmiyyətsiz əqd üzrə formal hüquq sahibi olan Cavabdeh1 əmlaka və hüquqa dair sərəncam vermək hüququ olmadığından, eyni zamanda həmin müqavilənin bağlanmasına iddiaçının razılığının olduğuna dair cavabdehlərin izahatlarında qeyd olunan dəlillər hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən və mülki iş üzrə sübutlarla (o cümlədən şahidlərin, hətta cavabdehlərin istinad etdikləri şahidlər Camal Əhmədovun, Elçin Məmmədovun ifadələri ilə) təkzib edildiyindən, etibarsız hesab olunmalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 324, 337, 351.1, 354.1, 358.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi üzrə iddiaçı olan İddiaçı Cavabdeh2 müəyyən edilmiş məhkəmə qətnaməsi ilə 32000 manat borcu olması faktı təsdiq edilmişdir. Bu iş üzrə keçirilmiş məhkəmə baxışı zamanı iddiaçı bir daha etiraf edərək cavabdehə borclu olduğunu təsdiq etmiş və məhkəmənin sualını cavablandırarkən həmin borcu hal-hazırda qaytarmadığını bildirmiş, buna səbəb isə xəstə olmasını göstərmişdir. 32000 manat pul məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, bunlardan əlavə cavabdeh iddiaçıya 18000 manat və 3000 manat olmaqla pul vermiş və həmin pulların sözügedən torpaq sahəsinin əvəzləşdirmək məqsədinə yönəlmişdir. Bütün bu səbəblərdən dolayı İddiaçı ona əvvəllər məxsus olmuş torpaq sahəsini qaynı Cavabdeh1 tapşırıq verməklə artıq özünün qaynına satdığı torpağı 01 dekabr 2016-ci il tarixində Cavabdeh2 adına rəsmiləşdirməklə satmağı tapşırmışdır. Məhz elə həmin tarixdə də, yəni 01 dekabr 2016-ci il tarixində Cavabdeh2 Qaradağ rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2016-cı il tarixli ərizənin surətindən görünür ki, İddiaçı ilə aralarında razılığa gəldiklərindən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-449/15 saylı, 06 mart 2015-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Bütün bunlardan da göründüyü kimi, İddiaçı izahat verərək 2024-cü ilədək guya torpaq sahəsinin qaynı Kamalda olması barədə məlumatlı olması həqiqəti əks etdirmir. Həmçinin, öz izahatında da Cavabdeh1 bunu danmamış, qardaşı Camal və iddiaçı olan gəlinləri Rima xanımla notariat kontoruna birgə getdiklərini bildirmişdir. Məhkəmədə daxili inamın formalaşması bu məqamda qəbul edilməmişdir.

14. Qətnamə ilə maraqlarına toxunan şəxs X5 da birinci instansiya məhkəməsinin qətnaməsin apellyasiya şikayəti vermiş və şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, vicdanlı əldə edənin hüquqlarının pozulması ilə əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdeh2 və nümayəndəsi (vəkili) Nümayəndə3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

17. İş üzrə maraqlarına toxunan şəxs M.Bəndəliyevin nümayəndəsi (vəkili) Vəkil də təmsil etdiyi şəxsin verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

18. İddiaçı və onun nümayəndələri Nümayəndə1, Nümayəndə2, E.Əliyeva məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərini qəbul etməyərək onların rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

19. Cavabdeh1 prosessual hüquq varisi R.Qurbanov isə iddia tələbinin əsassız olduğunu bildirərək apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunduğundan və qətnamə cavabdeh və maraqlarına toxunan şəxs tərəfindən mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam həcmdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

24. İşdən göründüyü kimi, iddiaçının tələbi 3 hissədən ibarətdir: 1) Mübahisəli torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 09 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması; 2) Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Babayeva Naidǝ Misgər qızının adına verilmiş ********** saylı xx.xx.2020-ci il tarixli çıxarışın ləğv olunması; 3) cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən və onun üzərində tikilmiş evdən çıxarılması.

25. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi iddia tələbini əsaslı sayaraq təmin etmişdir. Məhkəmə hesab etmişdir ki, 09 dekabr 2015-ci il tarixli alqısatqı müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqd olduğundan əhəmiyyətsizdir. xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi isə əhəmiyyətsiz əqd üzrə formal hüquq sahibi olan Cavabdeh1 əmlaka və hüquqa dair sərəncam vermək hüququ olmadığından, eyni zamanda həmin müqavilənin bağlanmasına iddiaçının razılığı olmadığından etibarsızdır.

26. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin qətnamə ilə gəldiyi bu nəticə işin hallarına uyğun olmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır:

27. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Sivilistika doktrinasında əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalı), əqdin məzmununa aid olunan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidir), əqdin formasına aid edilən şərt (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və iştirakıçıları üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

28. Hazırkı işin hallarından və iddia ərizəsinin məzmunundan göründüyü kimi, İddiaçı 09 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsini ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün, ondan 32 000 manat pulun tutulub Cavabdeh2 verilməsinə dair icra sənədinin icrasından yayınmaq məqsədilə bağlamışdır. Deməli, iddiaçı hüquqazidd hərəkət etməklə gələcəkdə mübahisələndirilə bilən əqd bağladığını öncədən bilmişdir. İşə baxan məhkəmə də Mülki Məcəllənin 340.1-ci maddəsini rəhbər tutaraq həmin müqaviləni uydurma əqd saymış və etibarsız hesab etmişdir.

29. Həmçinin, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından və apellyasiya baxışı zamanı tələb edilib öyrənilmiş icra işinin materiallarından müəyyən olunur ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı 32 000 manat pulun tutulub Cavabdeh2 verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İcra məmurunun xx.xx.2015-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Tələb könüllü icra edilmədiyindən İddiaçı Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinmiş və Həmin Məcəllənin 21-ci maddəsi tətbiq olunmaqla ona xəbərdarlıq edilmişdir. İddiaçı qətnamənin icrasından qərəzli olaraq yayındığına görə icra şöbəsinin təqdimatına əsasən onun haqqında Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi başlanmışdır. Cavabdeh2 xx.xx.2016-cı il tarixdə icra şöbəsinə ərizə yazaraq borclu ilə razılığa gəldiklərini bildirmiş və icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. İcra məmurunun xx.xx.2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. İstintaq orqanı da öz növbəsində cinayət işin icraatına xitam vermişdir.

30. İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında icra sənədi üzrə verməli olduğu 32 000 manatı Cavabdeh2 nəqd şəkildə ödəmədiyini bildirmişdir.

31. İşdən göründüyü kimi, hazırkı iş üzrə mübahisələndirilən ikinci müqavilə məhz elə xx.xx.2016-cı il tarixdə Cavabdeh1la Cavabdeh2 arasında bağlanmışdır. Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi izahatdan görünür ki, o, xx.xx.2016-cı il tarixdə İddiaçı və iddiaçının əri Camal Əhmədovun xahişinə əsasən onlarla birlikdə notariat ofisinə getmiş və alqı-satqı müqaviləsi bağlamaqla mübahisəli torpaq sahəsini Cavabdeh2 mülkiyyətinə keçirmişdir. X12 Babayeva ilə razılaşdıqlarına görə torpaq sahəsini onun adına keçirməli olduqlarını bildirmişdir. Apellyasiya baxışı zamanı iş üzrə cavabdeh olan Cavabdeh1 prosessual hüquq varisi Rəşad Qurbanov da eyni məzmunlu izahat vermişdir.

32. Bu fakt Cavabdeh2 tərəfindən təsdiq olunmuş və o, əlavə olaraq bildirmişdir ki, müqaviləyəqədərki danışıqlara və tərəflər arasında razılığa görə alqı-satqı müqaviləsi bağlanması ilə yanaşı o, İddiaçı əlavə olaraq 18 000 manat da ödəməyi öhdəsinə götürmüş və həmin məbləği ona ödəmişdir. İddiaçı apellyasiya baxışı zamanı bu faktı təkzib edərək ona həmin məbləğin ödənilmədiyini bildirmişdir.

33. Məhkəmə kollegiyası işin apellyasiya baxışı zamanı araşdırılan hallarına əsasən müəyyən etdi ki, Cavabdeh1 və Cavabdeh2 alqı-satqı müqaviləsinin bağlandığı xx.xx.2016-cı il tarixədək bir-birilərini tanımamışlar. Bu hal tərəflərin izahatları ilə də təsdiq olunur.

34. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi məhz tərəflər arasında İddiaçı barəsində başlanılmış cinayət və icra işləri üzrə əldə olunan razılığın nəticəsi olaraq bağlanmışdır və İddiaçı bu müqavilədən xəbərsiz olması ilə bağlı dəlilləri inandırıcı olmamaqla əsassızdır.

35. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

36. Bununla bağlı qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarlar).

37. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsini bağlayarkən hüquqazidd hərəkət etdiyini, görünüş üçün uydurma əqd bağladığını bildiyindən və şüurlu surətdə buna yol verdiyindən o, həmin müqaviləni mübahisələndirmək hüququnu itirmişdir. xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsini mübahisələndirmək hüququ olmadığından xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi də onun tələbi üzrə etibarsız hesab edilə bilməz. Məhkəmə kollegiyası onun bu tələbini hüquqdan sui-istifadə kimi qiymətləndirir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərında qeyd olunduğu kimi, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli qərarında da bu məsələ ilə bağlı qeyd olunur ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

40. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir.

41. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır.

42. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.

43. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli qərarında da Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki mövqeyinə uyğun olaraq qeyd etmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

44. Həmin qərarda vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirilmiş və qeyd olunmuşdur ki, anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir.

45. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi.

46. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: - həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda.

47. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

48. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir.

49. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın.

50. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri).

51. Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir.

52. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşmış hüquqi mövqeni nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmadığından və maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından ləğv edilməli və iddia tələbi rədd olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əsas tələbi olan alqı-satqı müqavilələrinin etibarsız sayılması tələbi rədd olunduğundan, həmin tələbdən doğan digər tələb - cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən və onun üzərində tikilmiş evdən çıxarılması tələbi də əsassız sayılmaqla rədd edilməlidir.

54. Mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı normalarına əsasən əqdin etibarsızlığına əsas olan halların mövcudluğunu sübut etmək əqdin etibarsızlığını tələb edən tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).

55. Prosessual qanunvericiliyin bu normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

57. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).

58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 və maraqlarına toxunan şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 16 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri 8 saylı notariat kontorunda İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 09 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Babayeva Naidǝ Misgər qızının adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən və onun üzərində tikilmiş evdən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar