Məhkəmə qərarları › İş №2(103)-11888/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11888/2021

03.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11888/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə (Cavabdeh1 ASC), Cavabdeh2, Azərbaycan Respublikası Mərkəzi Banka və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-152/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər "xxxx" ASC və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində 25.10.2013-cü il tarixdə Cavabdeh1 ASC-nin xeyrinə edilmiş ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və Cavabdeh1 ASC-nin (hazırkı Premium Bank) 24.10.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-152/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və Cavabdeh1 ASC-nin (hazırkı Premium Bank) 24.10.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər "xxxx" ASC və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklik edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə birinci instansiyası məhkəməsinin 2(006)-152/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər "xxxx" ASC və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri noyabr ayında məhkəməyə daxil olmuşdur. Lakin şikayətlər yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Bundan başqa, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi qüvvəyə minmiş Azərbaycan Respublikasının MPM-in son dəyişikliyinə əsasən şikayətlərin də verilməsi məhz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının MPM-in 363.1.1-1 -ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsində görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-152/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər "xxxx" ASC və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətlərinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar