Məhkəmə qərarları › İş №2(103)-11916/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11916/2019

16.10.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11916/2019 16.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X11 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı nümayəndəsi X6, Cavabdeh nümayəndəsi Abdullayeva Aysel və vəkili X12 iştirakları ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(010)-4455/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin, həmçinin bu müqavilə əsasında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən cavabdehin adına verilmiş ******* nömrəli, xx xxxx 2017-ci il tarixli və ******* nömrəli, xx xxxxxx 2017-ci il tarixli çıxarışların ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun qızıdır. Qeyd edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən, 600 kv.m sahəsi olan 258 nömrəli torpaq sahəsi Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 1998-ci il tarixli 1589 nömrəli sərəncamı ilə ona ayrılıb. Həmin torpaq sahəsinin 150 kvadrat metrlik hissəsini üzərində özü və əri X15 tərəfindən tikilmiş yaşayış evi ilə birlikdə xx xxxx 2017-ci ildə cavabdehə bağışlayıb. Cavabdeh ərindən boşanıb. Onun Aysel və Aygün adlı iki qızı var. Cavabdeh və sonuncunun uşaqları əxlaqi cəhətdən qüsurludurlar. Bu və digər səbəblərdən oğlu X1 münasibətləri çox gərgindir. Özünün və ərinin mübahisəli torpaq sahəsini və evi cavabdehə bağışlamaqda da məqsədi bundan ibarət olub ki, sonuncular rahat yaşasınlar, oğulları Rafiq və Tofiqin isə gələcəkdə müvafiq əmlaka vərəsəlik qaydasında iddiaları olmasın. O və əri cavabdehlə həmçinin belə razılaşmışlar ki, onlar həmin, yəni bağışlanan evdə yaşamaqda davam edəcəklər. Lakin cavabdeh mübahisəli daşınmaz əmlakı ələ keçirib, adına sənədləşdirdikdən sonra tamamilə dəyişmiş, istər onu, istər ərini, istərsə də qardaşlarını saya almamağa başlamışdır. Beləliklə, evdə dedi-qodu səngimək əvəzinə daha da çoxalmışdır. Cavabdeh Türkiyə Respublikasına getdikdən sonra isə qızı X21 onun (iddiaçının) bir neçə saat ərzində qonşuya getməsindən istifadə edərək bütün əşyalarını çölə atmışdır. Aysel daha sonra evin bütün açarlarını ondan almış və faktiki olaraq evdən qovmuşdur. Ona görə də, məcburiyyət qarşısında qalıb hazırda əri ilə birlikdə oğlunun evində yaşayır. Daha sonra Aysel evə nişansız və toysuz tanımadığı bir kişini gətirib və hazırda da onunla yaşayır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasım xahiş edir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(010)-4455/2018 saylı qətnaməsi ilə, iddia rədd olunmuşdur. İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(010)-4455/2018 saylı qətnaməsinin tam ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bütün iclaslarda birmənalı şəkildə cavabdehin mənafeyinə xidmət etmiş, onun lazımı izahat verməsi istiqamətləndirilmiş və aşkar şəkildə onun tərəfi saxlanılmış, çıxışlarına onun xeyrinə düzəlişlər edilmişdir. Onun şahidlərinin üç nəfəri əsasız olaraq dindirilməmiş, onlara danışmağa imkan verilməmişdir. Digər iki nəfərə fikrini ifadə etməyə imkan verilməmiş, çaşdırıcı suallar verilmiş, aşkar şəkildə şahidlərin sərbəst danışmalarını pozmuş, sözün əsil mənasında onları lağa qoymuş, onlar özünü toplayıb danışmaq istəyəndə dərhal sözü kəsilmiş, tamamilə başqa istiqamətə yönləndirilmişdir. Bundan sonra yaranmış vəziyyətə əsasən o, ifadələrini yazılı halda dəftərxanadan keçməklə məkəməyə təqdim etməli oldu, artıq onda hakimə inam qalmamışdır. O, əsaslandırılmış halda hakimə və katibə etiraz vermiş, lakin etiraz təmin olunmamışdır. Məhkəmə işi tamamilə başqa istiqamətdə apararaq işə bir başa aidiyyatı olan məsələləri deyil, aidiyyatı olmayan və ya çox az olan əhəmiyyətsiz məsələləri guya aydınlaşdırmağa çalışır, məhz işin kökü olan qohumluq münasibəti, torpaq sahəsinin necə əldə edilməsi və əvvəldən kimə məxsus olmsı, ata-ananın qızı və nəvələri ilə birgə yaşaması və nəhayət ata-anaya məxsus ev əşyalarının, paltar-palazlazların cavabdeh Sevinc Vəliyavanın göstərişi ilə nəvəsi və onun rəfiqəsi tərəfindən çölə atılaraq bir hissəsinin yandırılması, bunun nəticəsində ata-ananın çıxılmaz vəziyyətdə qalması aydınlaşdırılmır, bu məsələnin üstündən eləbelə keçilir. Bütün məhkəmə iclaslarında Sovet dövründə prokuror istintaqı abı-havası duyulurdu. Qətnamədən görünür ki, tərəflər və şahidlər tərəfindən verilən izahatlar dəyişdirilərək tamamilə həqiqətə uyğun olmayan şəkildə yazılmışdır. Məhkəmə şahid ifadələri və digər sübutlarla, eyni zamanda bəzi məqamlarda cavabdehin özü və qızı tərəfindən verilən izahatlarla təsdiq olunan ata-ananın evdən qovulmasına inanmır, lakin cavabdehin "ata-ananı qardaşları evdən çıxartmışdır" kimi cəfəng ifadələrini sübut kimi qəbul edir. Məhkəmə torpaq sahəsinin paylı şəkildə Cavabdeh məxsus olduğunu qeyd edir, lakin işdə olan sənədlərdən aydın görünür ki, 600 kvm. torpaq sahəsi Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Övladlarının həmin torpaq sahəsinə mülkiyyət deyil ailə üzvü kimi istifadə hüququ vardır. Ləğv edilmiş keçmiş DT və XÇ komitəsi tərəfindən o zaman onların verdiyi şəhadətnaməyə ailə üzvlərinin adlarının yazılması qanunsuz olmuşdur və hazırda belə hal mövcud deyil. Bunun üçün DƏDRX-nin verdiyi çıxarışlara baxmaq kifayətdir. Məhkəmənin bunu bilməməsi inandırıcı deyil. Adı çəkilən torpaq sahəsi heç vaxt Cavabdeh məxsus olmamış, onun anası İddiaçı məxsus olmuşdur, məhkəmə bu məsələni bilərəkdən təhrif etmişdir. Məhkəmə kommunal ödənişlərin Cavabdehin adına olmasını onun evə faktiki sahiblik hüququ kimi qeyd edir, bu məntiqlə 500.000 (beş yüz min) dən artıq qanunsuz tikililərə qeyd-şərtsiz çıxarış verilməlidir, onların hər biri istisnasız olaraq qaz, su, işıq barələrinə müvafiq olaraq pul ödəyirlər. Cavabdeh yad adam deyil, ailənin üzvüdür və kommunal ödənişlərin onun adma olmasında qeyri-adi heç nə yoxdur, əksinə ata-anasının ona etibar etmələrinin sübutu və iddia ərizəsində yazılanların təsdiqidir. Məhkəmə bunu nəzərə almamış, səhv qərar vermişdir. Onun qətnamədə göstərilənlərin doğru olmadığını sübut edən digər faktları da vardır və məhkəməyə təqdim olunacaqdır. Nəhayət o, dəfələrlə demişdir ki, əziyyət çəkib dünyaya gətirdiyi, böyüdüb boya-başa çatdırdığı qızını və nəvələrini heç kəs ondan artıq istəyə bilməz, deməli onların hərəkətlərində böyük qəbahətlər vardır. O, anadır, qızının və nəvələrinin gözəl, yaraşıqlı olmalarına görə bu qədər incidilməli deyildim. Onları necə sevib əzizlədiyini ulu tanrı bilir. O, onlar üçün hər əziyyətə dözdü, lakin o naxələf çıxdı. O, yenə də onları evdən qovmur və heç qovmaz da. Yalnız onun və nəvələrinin onlara ata-anasına qarşı ləyaqətsiz hərəkətlərinə son qoymaq istəyir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)219/2019 saylı qətnaməsi ilə şikayət təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017ci il tarixli daşınmaz əmlakın (torpaq sahəsinin) bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilənin hüquqi nəticəsi olaraq Cavabdeh adına torpaq sahəsinə dair DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarış və sonradan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 12-ci döngə, 258 E ünvandakı evə dair ******* nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş və iş Bakı Apelyasiya Məhkəməsinə yenidən baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasnın iclasında İddiaçı nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və qətnamənin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Abdullayeva Aysel və vəkili X23 apelyasiya şikayətini qəbul etməyərək, onu təmin edilməməsini və Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(010)-4455/2018 saylı qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, mülki işə əlavə edilmiş sənədlər, o cümlədən “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə-JN-7390D kod 00600066-ilə müəyyən edilir ki, mübahisəli 0,06 ha torpaq sahəsi X17 ilə yanaşı bərabər paylar əsasında X15, Cavabdeh Fərzalı qızı, X18 və X9 məxsus olmuşdur. (iş vərəqə 91) xx xxx 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən F.Vəliyev, R.Vəliyev, T.Vəliyev o cümlədən Cavabdeh özlərinə məxsus 0,012 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. xx xxxx 2017-ci il tarixdə isə İddiaçı yenidən həmin ərazidəki 0,015 ha torpaq sahəsini Cavabdeh bağışlamışdır. Hazırda İddiaçı ləğv edilməsini xahiş etdiyi bağışlama müqaviləsi bağlanmamışdan bir ay əvvəl cavabdehin özünün mülkiyyətində olmuşdur. İddia tələbini təmin edərkən, apellyasiya instansiyası məhkəməsi bu xüsusatı nəzərə almalı olduğu halda, həmin hala diqqət yetirməmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qara Suxur qəsəbəsi, şərq yaşayış sahəsi 12-ci döngə, 258E ünvanındakı evə dair ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışı da ləğv etmişdir. Halbuki qeyd olunan ev İddiaçı və Cavabdeh arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin predmeti olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində istinad etdiyi maddi normaları Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 12-ci döngə, 258 E ünvanındakı evə dair çıxarışın ləğvi üçün hüquqi əsas hesab oluna bilməz. MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası tərəfləri və vəkili dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(010)- 4455/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 1998-ci il tarixli, 1589 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində 258 nömrəli sahədə 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 1998-ci il tarixli 1589 nömrəli sərəncamı ilə ayrılmış 600 kv.m torpaq sahəsi 2003-cü ilin iyun ayında paylı mülkiyyət hüququ ilə İddiaçı, X7, Cavabdeh, X6 və X8 adlarına rəsmiləşdirilmişdir. xx xxx 2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” ilə müəyyən olunur ki, X15, Cavabdeh, X16 və X19 yuxarıda qeyd olunan torpaq sahəsinin hər birinə ayrılıqda məxsus olan 120 kvadrat metrlik hissələrini İddiaçı bağışlamışlar. xx xxxx 2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” ilə müəyyən olunur ki, yuxarıda qeyd olunan torpaq sahəsi bütövlükdə (600 kv.m) daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmış (bununla əlaqədar olaraq iddiaçının adma xx xxx 2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib), həmin sahənin 150 kvadrat metrlik hissəsi iddiaçı tərəfindən Cavabdeh bağışlanmışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* nömrəli çıxarışla müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 258e saylı sahə ünvanında yerləşən 150 kv.m torpaq sahəsi mülkiyyət hüququ ilə Cavabdeh adma rəsmiləşdirilmişdir (qeydiyyat tarixi: xx.xx.2017). “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı, ******* nömrəli çıxarışın surəti ilə müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 12-ci döngə, 258e ünvanında yerləşən 150 kv.m torpaq sahəsi və ümumi sahəsi 72,7 kv.m təşkil edən fərdi yaşayış evi mülkiyyət hüququ ilə Cavabdeh adma rəsmiləşdirilmişdir (qeydiyyat tarixi: xx.xx.2017). İş materiallarından cavabdehin təqdim etdiyi sübutlardan görünür ki, mübahisəli ünvan üzrə kommunal xidmətlərə dair sənədlər (müqavilələr) 2011-ci ildən başlayaraq Cavabdeh adınadır. İş materiallarından AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********00 saylı məktubundan görünür ki, cavabeh İddiaçı mübahisəli torpaq sahəsinin 0,019 ha hissəsini xx.xx.2017-ci ildə X3, 0,015 ha hissəsini Cavabdeh bağışlamış, həmin torpaq sahəsinin 0,026 ha hissəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-nin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, bağışlama hədiyyə verənin hədiyyə alanı zənginləşdirmək məqsədi daşıyır. Lakin bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən də asılı edilə bilər ki, bunun da hüquqi əsasları MM-nin 670-ci maddəsində təsbit olunmuşdur. xx xxxx 2017-ci il tarixli bağışlama müqaviləsinin məzmunundan görünür ki, həmin müqavilə hədiyyə alanın (cavabdehin) hər hansısa şərti və ya öhdəliyi yerinə yetirilməsindən asılı edilməyib. Məhkəmə Azərbaycan Respublikası MM-nin 668-ci maddəsinə əsasən düzgün olaraq hesab etmişdir ki, xx xxxx 2017-ci il tarixli bağışlama müqaviləsi etibarlı sayılmalıdır. MM-nin 673.1.1, 673.1.2 və 673.1.3-cü maddələrində hədiyyə verənin bağışlamaqdan imtina etməsinin hüquqi əsasları təsbit olunub. Həmin maddələrə əsasən “hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə”, “hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda”, “həmçinin o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə” hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Göründüyü kimi, hazırkı iş üzrə MM-nin 673.1.1 və 673.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslardan söhbət gedə bilməz. Belə ki, cavabdeh iddiaçı və ya sonuncunun yaxın qohumu barəsində cinayət törətməyib. Bununla yanaşı, xx xxxx 2017-ci il tarixli müqavilədə cavabdehin iddiaçı qarşısında hər hansısa öhdəliyi də nəzərdə tutulmayıb. İddiaçı tərəf iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası MM-nin 673.1.2 maddəsinə istinad etməklə, cavabdehin qızı Ayselin iddiaçını evdən qovduğunu, əşyalarını çölə atdığını, cavabdehin isə qızının bu hərəkətlərinin qarşısını almadığını bildirir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını rəhbər tutaraq kollegiya qeyd edir ki, iddianın əsası kimi istinad olunan (yuxarıda göstərilən) halların sübuta yetirilməsi vəzifəsi iddiaçı tərəfin öz üzərinə düşür. Cavabdeh tərəf iddiaçı tərəfin həmin dəlilinə münasibətdə qeyd etmişdir ki, X21 nənəsi İddiaçı heç vaxt evdən qovmayıb, əşyalarını çölə atmayıb. Əslində iddiaçı oğullarının təhriki ilə hərəkət etmiş, onun əşyaları oğulları tərəfindən mübahisəli evdən çıxarılmışdır. Birinci instansiya məhkəməsində iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X4 və X2 vasitəsilə çap edilmiş sadə yazılı formalı izahatları əlavə olunur. Həmin izahatlarda X10 İddiaçı əşyalarını həyətə töküb yandırdığı qeyd olunur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, bu izahatları inandırıcı saymır. Belə ki, şahidlər məhkəmədə iltizam altında dindirilərkən bu xüsusatla bağlı sərbəst ifadələrində heç nə bildirməmiş, məsələnin araşdırılması məqsədilə verilmiş suallara cavablarında isə bu hadisəni şəxsən görmədiklərini, İddiaçı əşyalarının Aysel Vəliyeva tərəfindən çölə atıldığını iddiaçı, iddiaçının əri və ya oğullarından eşitdiklərini bildirmişlər. Əşyaların yandırılması barədə isə ümumiyyətlə məlumatları yoxdur. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddiaçının, ərinin və oğullarının işin nəticəsində bilavasitə maraqlı olduqları nəzərə alınmaqla, onların şahidlərə bilərəkdən yanlış məlumat vermələrini istisna etmir. Məhkəmə düzgün olaraq iddiaçıya məxsus əşyaların çölə atılıb yandırılmasına dair bildirilənləri mötəbər sübut kimi qəbul etməmiş, iddiaçı ilə cavabdeh və sonuncunun qızları arasındakı münasibətlərin kifayət qədər gərgin olduğunu, bunun məhkəmə baxışı zamanı tərəflərin bir-birinə qarşı davranışından açıq aşkar müşahidə olunduğunu qeyd etmişdir. MM-nin 673.1.2-maddəsi əsas götürülməklə bağışlamaqdan imtinanın baş verməsi üçün hədiyyə alanla hədiyyə verən arasında sadəcə gərgin münasibətlərin olması kifayət etmir. Bunun üçün hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verən və ya onun yaxın qohumlarının biri barəsində məhz kobudcasına pozmalıdır. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə kobud pozuntunun mövcud olmadığını qeyd etmişdir. Məhkəmə iddiaya qiymət verərkən həmçinin onu da nəzərə almışdır ki, mübahisəli torpaq sahəsinin 120 kvadrat metrlik hissəsi daha əvvəl cavabdehin öz mülkiyyətində olub. Həmin 120 kv.m xx xxx 2017-ci ildə cavabdeh tərəfindən iddiaçıya bağışlanıb. Bundan 24 gün sonra- xx xxxx 2017-ci ildə iddiaçı eyni sahəni bağışlama müqaviləsi bağlamaqla faktik olaraq cavabdehin özünə qaytarmış, daha 30 kv.m sahəni cavabdehə hədiyyə etmişdir. Beləliklə, iddiaçı tərəfindən xx xxxx 2017-ci ildə hədiyyə olunmuş sahənin böyük bir hissəsi cəmi 24 gün əvvəl elə cavabdehin öz mülkiyyətində olmuşdur. Bununla yanaşı, işin faktik hallarından görünür ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə ayrılmış sahədə üç ev tikilisi var. Cavabdehə aid olan fərdi yaşayış evi və torpaq sahəsi digərlərindən təcrid olunmuş vəziyyətdə olmaqla küçədən giriş-çıxışı ayrıdır. Cavabdehə aid hissə üzrə kommunal xidmətlərə dair müqavilələr də cavabdehin özü tərəfindən 2011-ci ildən etibarən bağlanıb. Buna görə də, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, sual yaranır ki, əgər mübahisəli daşınmaz əmlakın faktiki sahibi cavabdeh X14 deyil, İddiaçı olmuşdursa, hansı səbəbdən kommunal xidmətlərə dair müqavilələri 7 il əvvəl cavabdeh bağlayıb? Məhkəmə qeyd olunanlara əsasən bu qənaətə gəlmişdir ki, mübahisəli daşınmaz əmlaka faktiki sahibliyi elə əvvəlcədən cavabdeh həyata keçirib. Həmçinin məhkəmə RX seriyalv, ******* saylı çıxarışın ləğvi ilə bağlı qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin üzərində cavabdehin mülkiyyətində olan ev tikilisi cavabdehin deyil, iddiaçının, ərinin və X6 vəsaiti hesabına inşa olunması halı heç bir mötəbər sübutla təsdiq olunmur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edib, ödənilmiş dövlət rüsumunu iddiaçıya aid etməklə düzgün nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(010)- 4455/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar