Məhkəmə qərarları › İş №2(103)-1194/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1194/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1194/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1820/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 750,00 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişinin, 30,40 (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumunun, cəmi 780,40 (yeddi yüz səksən manat, qırx qəpik) manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub iddiaçı «xxxx» ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixində Səbail rayonu, Neftçilər prospektində Cavabdeh2 mülkiyyətində “VAZ- 2107” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə etmək hüququ olmadan idarə edilərkən, yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə «xxxx» ASC-də sığortalanmış “7_KL SENSTF69K” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhər BPİ-nin DYPİ- nin xx.xx.2012-ci il tarixli, № D/0-3121 saylı arayışına, DİN BDYPİ-nin №DYP 615831 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən, “VAZ- 2107” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtonəqliyat vasitəsinin sürücüsü kimi Cavabdeh1 yol nəqliyyat hadisənin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının xx xxxx 2000-ci il tarixli, 906- İQ nömrəli Qanunu ilə təstiq edilmiş, həmin ana qüvvədə olan) 152.4-cü maddəsinə əsasən 140.00 (bir yüz qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri BPİ-i DYPİ-nin xx.xx.2012-ci il tarixli, № D/0-3121 saylı arayışına, DİN BDYPİ-nin №DYP 615831 saylı inzibati xəta haqqında protokoluna və Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən, Cavabdeh1 VAZ-2107” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmamış, Bakı şəhəri BPİ DYPİ tərəfindən təqdim edilmiş, xx.xx.2019-cu il tarixli, №016-95408-1219 saylı məktub və çıxarışa əsasən, “VAZ-2107” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətində olmuşdur. İddia ərizəsinə əlavə edilmiş www.azisb.az sayıtından çıxarışdan göründüyü kimi, Cavabdeh1 hadisə zamanı idarə etdiyi, “VAZ-2107” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtonəqliyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda olmamışdır. İddia ərizəsinə əlavə edilmiş, MİB-0415/12 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, “ZAZ SENSTF69K” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi «xxxx» ASC tərəfindən xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək 6500,00 (altı min beş yüz) manat sığorta məbləği olmaqla “avto kasko” qaydaları ilə sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsi ilə hər bir sığorta hadisəsi üzrə şərtsiz azadolma məbləği 200,00 (iki yüz) manat məbləğində tərəflər arasında razılaşdırılmışdır. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2012-ci il tarixli zərər aktına və xx.xx.2012-ci il tarixli hesablama aktına əsasən hadisə nəticəsində “ZAZ SENSTF69K” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 950,00 (doqquz yüz əlli) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2012-ci il tarixli, 170/2012 saylı sığorta aktına və xx.xx.2012-ci il tarixli, №465 saylı ödəniş tapşırığına əsasən 750,00 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi, “xxxx” ASCnin Sumqayıt filialı tərəfindən təqdim edilmiş №475 saylı, xx.xx.2012-ci il tarixli məktuba əsasən, sığortalıya nağd qaydada ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2013cü il tarixli, BS-13/917 saylı və xx.xx.2019-cu il tarixli, № BS-19/1675 saylı geriyə tələb (protenziya) məktublarından göründüyü kimi, iddiaçı ödəmiş sığorta ödənişi məbləği 750,00 (yeddi yüz əlli) manat məbləğinin “subroqasiya qaydasında” cavabdehlərdən geri ödənilməsini xahiş etmiş, lakin cavabdehlər iddiaçının qanuni tələbini icra etməmişlər. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 750,00 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehlərdən tələb etmək hüququna sahib olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1820/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 750.00 (yeddi yüz əlli) manat sığorta ödənişi məbləği və 30.40 (otuz manat, qırx qəpik) manat məhkəmə xərci, cəmi 780.40 (yeddi yüz səksən manat, qırx qəpik) manat məbləğində pul tutularaq «xxxx» ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 nümayəndəsi və vəkili X8 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və və iddia tələbinin ona aid olan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-1820/2020 saylı qətnaməsi qanunsuz və əsassız qəbul edilmişdir, qətnamə ləğv edilməli və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, sığorta hadisəsi xx xxxxx 2012-ci il tarixdə baş vermişdir, 8 il bundan öncə iddiaçı “xxxx” ASC 3 il müddətində iddia tələbi ilə məhkəməyə müraciət etməli olduğu halda hadisədən 8 il sonra, iddia müddətini ötürməlkə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və qanunsuz qətnamənin qəbul edilməsinə nail olmuşdur. Halbuki, iddia müddəti ötürülməklə verilmiş iddia tələbi məhkəmənin təşəbbüsü ilə rədd olunmalı idi. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir, lakin sığorta hadisəsi baş verdikdən 8 il sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnamə çıxarmasından xəbərsiz olmuşlar, qeydiyyat ünvanı ilə faktiki yaşadığı ünvan fərqli olduğundan heç bir məhkəmə bildirişini və ya hər hansı sms almamışdır. Ən azından məhkəmə proseslərindən xəbəri olsaydı, iddia müddətinin tətbiq olunmasına dair məhkəməyə ərizə təqdim edərdi. Sadəcə Sabunçu rayon İcra və Probäsiya şöbəsinin çağırışından sonra iddiaçı “xxxx” ASC-nin onlara qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsi və qətnamə qəbul edilməsini bilmişəm və dərhal Sabunçu rayon Məhkəməsinə müraciət edərək xx xxxx 2020-ci il tarixdə Məhkəmənin inzibati binasında yerləşən məhkəmə zalmda məhkəmə qəbzini imzalamaqla cababdeh Cavabdeh2 qətnaməni qəbul etmişdir. Bu səbəbdən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilmiş və qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Lakin Sabunçu Rayon Məhkəməsinin icraatında olan mülki işdən xəbərsiz olduğu üçün iddia müddətinin tətbiq olunmasına dair ərizə təqdim edə bilməmişdir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X8 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1820/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan «xxxx» ASC-nin xx.xx.2012-ci il tarixli sığorta aktına əsasən, sığortaçı tərəfindən sığortalanmış “ZAZ SENSTF69K” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2012-ci il tarixdə Səbail rayonu, Neftçilər prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində maddi zərərə məruz qalmışdır. Sığorta ödənişi sığorta şəhadətnaməsində razılaşdırılmış 200 (iki yüz) manat azadolma məbləği çıxılmaqla 750 (yeddi yüz əlli) manat təşkil edir. İş materiallarında olan zərərin hesablanması aktından görünür ki, X4 məxsus “ZAZ SENSTF69K” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər cəmi 950 manat təşkil edir. İş materiallarında olan fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, X4 məxsus “ZAZ SENSTF69K” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobil «xxxx» ASC tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixə kimi sığortalanmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, «xxxx» ASC tərəfindən X5 750.00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri, BPİ-nin DYPİ-nin xx.xx.2012-ci il tarixli arayışından məlum olur ki, xx.xx.2012-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində Cavabdeh2 mülkiyyətində “VAZ- 2107” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə etmək hüququ olmadan idarə edilərkən, yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “ZAZ SENSTF69K” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 zərər dəymişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-360/2012 saylı, xx xxxx 2012-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinib, 140 (yüz qırx) manat məbləğində cərimə edilməsi, zərərçəkmiş şəxs X4 isə hadisə vaxtı dəymiş maddi ziyanla bağlı mülki qaydada tələb etmək hüququnun izah edilməsi qərara alınmışdır. İş materiallarında olan AB 660970 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “ZAZ SENSTF69K” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r. İş materiallarına əlavə edilmiş cavabdehlərə ünvanlanmış Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, «xxxx» ASC 750 manat məbləğində sığorta ödənişinin 5 gün ərzində geri ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, “ZAZ SENSTF69K” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobil X7 mülkiyyətindədir və həmin avtomobil xx.xx.2012-ci il tarixdə «xxxx» ASC tərəfindən sığortalanmışdır. xx.xx.2012-ci il tarixdə “ZAZ SENSTF69K” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ-2107” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və həmin yol-nəqliyyat hadisəsinə görə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin törətmiş “VAZ-2107” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil digər Cavabdeh2 mülkiyyətində olmuş və o, avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan Cavabdeh1 idarə etmək üçün vermişdir. Həmin hadisə nəticəsində “ZAZ SENSTF69K” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasına görə 750 manat məbləğində sığorta ödənişi ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) «əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Kollegiya hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bilavasitə təqsirli olan Cavabdeh1 və avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan Cavabdeh1 idarə etmək üçün vermiş Cavabdeh2 müştərək qaydada 750.00 manat sığorta ödənişi məbləği tutularaq «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə birinci instansiya məhkməsinin gəldiyi nəticəni qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh tərəf apelyasiya şikayətində və apelyasiya icraatı zamanı ərizə təqdim edərək iddiaçı tərəfindən iddia müddəti ötürülməklə iddia verildiyini qeyd etmiş və iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında hər hansı müqavilə olmamış və mövcud mübahisə sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından yaranmışdır. Bu isə o deməkdir ki, hazırki mübahisəyə ümumi iddia müddəti tətbiq olunur ki, iddiaçı da həmin müddətdə iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti 10 ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1820/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 nümayəndəsi və vəkili X3 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1820/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar