Məhkəmə qərarları › İş №2(103)-1198/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1198/2024

01.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1198/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 ştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “uşaqla ünsiyyətdə olma hüququnun məhdudlaşdırılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(003)-2042/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh övladları, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olma hüququnun məhdudlaşdırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2014-cü il tarixdə X5 və xx.xx.2015-ci il tarixdə X6 doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, fikir ayrılıqları səbəbi ilə aralarında tez-tez mübahisələr yarandığına görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1649/2021 saylı qətnaməsi ilə rəsmi nikahları pozulmuş, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 onun himayəsində saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh uşaqla ünsiyyət hüququ ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsinə əsasən hər həftənin şənbə günü uşaqlarla ünsiyyətdə olmuşdur. Uşaqların ata ilə ünsiyyət hüququ vardır. Lakin, ataları ilə ünsiyyətdə olduğu müddət ərzində uşaqlarda qorxu, stres hissi yaranmağa başlamış və uşaqlar hazırda ataları ilə görüşmək istəmirlər. Cavabdeh isə uşaqları məcbur, zor gücü ilə aparır. İddiaçı bir ana olaraq, övladlarının sağlam mühitdə yetişməsini istəyir. Onların təsir altında böyümələri onu narahat edir. Övladlarının təsir altında olması onların gələcəkdə müstəqil qərarvermə bacarıqlarını zədələyir, həyatda sağlam fərd kimi yetişmələrinə mane olur. O övladlarını hər zaman nəzarətdə saxlayır, təlim tərbiyələri ilə mütəmadi olaraq məşğul olur. Lakin, cavabdeh uşaqların yanında təhqiredici ifadələr işlədir, qeyri-etik hərəkətlər edir. Eyni zamanda uşaqların o cür ata ilə məcbur ünsiyyətə cəlb olunması, atanın bu davranışları uşaqların tərbiyəsinə, onların mənafeyinə tamamilə ziddir. Uşaqlar ataları, yəni cavabdehlə görüşməkdən qətiyyətlə imtina edirlər. Bundan sonra, Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, uşaqlarından ayrı qalmaq istəmir, onlardan ayrı olduğu üçün iztirab çəkir, uşaqları ilə ünsiyyətdə olduğu müddət ərzində uşaqlarda qorxu, stres hissi yaratmır, uşaqları məcbur, zor gücü ilə aparmır, onların təsir altında böyüməklərini istəmir, övladlarının təsir altında olması onların gələcəkdə müstəqil qərarvermə bacarıqlarını zədələyəcəyini, həyatda sağlam fərd kimi yetişmələrinə maneə olacağını düşünür, o, uşaqlarının yanında təhqiredici ifadələr işlətmir, qeyri-etik hərəkətlər etməmişdir. Bu səbəbdən də, iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-2042/2023 saylı qətnaməsi ilə iddia rədd edilmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət nəfinə keçirilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, uşaqların fikrinin öyrənilməsi üçün hüquqi imkanlar olduğu halda, məhkəmə onların yaşını nəzərə almamış və nəticədə onların gələcək inkişafı üçün ziddiyyətli qərar qəbul etmişdir. Ataları ilə aralarında mənəvi bağlılıq mövcud deyildir. Odur ki, bu hal nəzərə alınmalı idi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-2042/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 387.2.8-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq işə iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən tərəflərin izahatları, uşağın tibb müəssisələrində müəyyən xəstəlikdən müalicə olunması, yaxud uçotda olması barədə verilmiş sənədlərlə kifayətlənməməli, müvafiq ekspertizalar keçirməklə qəbul etdiyi qərarı əsaslandırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, bu kimi hallar ünsiyyətdə olma zamanı, yəni icra mərhələsində aşkar olunan hallara aid olduğundan, yalnız icra qaydasında həll olunmalıdır. Lakin bu kimi halların mövcudluğu uşaqla ünsiyyət hüququna dair iddianın rədd edilməsi üçün əsas hesab oluna bilməz. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırki tələb cavabdehin birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olma hüququnun məhdudlaşdırılması ilə bağlıdır. Hər iki tərəf cavabdehin birgə nikahdan doğulmuş uşaqları ilə ünsiyyət hüququnun məhkəmə qaydasında təmin edildiyini və cavabdehə hər həftənin şənbə günü saat 12:00-dan 16:00dək uşaqlarla ünsiyyətdə olma hüququnun verildiyini qeyd edir. Məsələ ilə bağlı Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Qayyumluq və Himayəçilik Komissiyası tərəfindən aparılmış araşdımanın nəticələrinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəydə də tərəflərin izahatlarına istinadən cavabdehin uşaqlarla ünsiyyət hüququnun məhkəmə qaydasında müəyyən edildiyi göstərilmişdir. Buna baxmayaraq, ötən dövr ərzində bu barədə hər hansı məhkəmə qətnaməsi təqdim edilməmiş, mülki işin məhkəmə araşdırılması zamanı da cavabdehin uşaqla ünsiyyətdə olma hüququnun məhkəmə qaydasında təmin edildiyi və bu barədə icra işinin olduğu müəyyən edilməmişdir. Tərəflərin istinad etdiyi ünsiyyət müddəti isə onların arasında olmuş “nikahın pozulması” tələbinə dair iş çərçivəsində müvəqqəti təminat tədbiri qaydasında çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1649/2021 saylı qərardadı ilə müəyyən edilmiş müddətdir. Belə ki, məhz qeyd edilən qərardadla cavabdehlə iddiaçının birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 ilə cavabdehə hər həftənin şənbə günü saat 12:00-dan saat 16:00-dək görüş və ünsiyyətdə olma vaxtı müəyyən edilmişdir. Lakin həmin mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi və icra olunması səbəbi ilə qeyd edilən müvəqqəti təminat tədbiri öz qüvvəsini itirmişdir. Bu da öz növbəsində hazırki mübahisəyə məhkəmə qaydasında baxılmasını istisna edir. Belə ki, iddiaçı hüquqi nəticə etibarı ilə artıq qüvvəsini itirmiş müvəqqəti təminat tədbiri ilə müəyyən edilmiş ünsiyyət hüququnun məhkəmə qaydasında məhdudlaşdırılmasını və bu məhdudiyyətin konkret olaraq hər həftənin şənbə günü saat 12:00-dan 16:00-dək müddətə tədbiq edilməsini tələb edir. Halbuki, tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozularkən uşaqlar iddiaçının himayəsinə verilmiş və hazırda iddiaçının məhz həmin vaxt ərzində uşaqlarla cavabdehin ünsiyyət hüququnun təmin edilməsi kimi öhdəliyi yoxdur. Ailə Məcəlləsinin 61.2-ci maddəsinin tələbləri baxımından isə uşaqlarla yaşayan valideyn olaraq iddiaçı yalnız uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə (cavabehlə) uşağın ünsiyyətinə mane olmamaq vəzifəsi daşıyır. Mövcud vəziyyət belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı öz sərbəst iradəsinə əsasən təmin etdiyi cavabdehin ünsiyyət hüququnu məhdudlaşdırmaq istəyir. Bu baxımdan hazırki tələbə məhkəmə qaydasında baxılması üçün hər hansı hüquqi əsas yoxdur. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış və işə mahiyyəti üzrə baxmaqla aidiyyəti hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası xüsusilə o halı da qeyd edir ki, cavabdehin uşaqlarla ünsiyyət hüququnun məhkəmə qaydasında təmin edilməsi və bu halı təsdiq edən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcud olması da, hüquqi baxımdan hazırki iddiaya mahiyyəti üzrə baxılmasını mümkün etmiş olmur. Belə ki, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarına əsasən iddiaçının göstərdiyi hallar ünsiyyətdə olma zamanı, yəni icra mərhələsində aşkar olunan hallara aid olduğundan, yalnız icra qaydasında həll olunmalıdır. Bu da öz növbəsində hazırki işə mülki məhkəmə icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılması əsası ilə iş üzrə icraata xitam verilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 2042/2023 saylı qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261- 264, 384-cü, 387-ci, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-2042/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “uşaqla ünsiyyətdə olma hüququnun məhdudlaşdırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət nəfinə ödənilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar