Məhkəmə qərarları › İş №2(103)-12/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və Cavabdeh2 ASC-yə qarşı “sonrakı ipoteka müqavilələrinin ləğv edilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “sonrakı ipoteka müqavilələrinin ləğv edilməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri X4 və X2, Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2289/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı(bundan sonra Mərkəzi Bank) və Cavabdeh2 ASC-yə (bundan sonra 2-ci cavabdeh və ya bank) qarşı “sonrakı ipoteka müqavilələrinin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankı ilə aralarında bağlanmış sonrakı ipoteka müqavilələrinin ləğv edilməsi və mülkiyyətində olan Yasamal rayonu, B.Bağırova 615-ci məhəllə ünvanında yerləşən 965 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin(bundan sonra q/y sahəsi) Mərkəzi Bankın xeyrinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılmış sonrakı ipoteka yüklülüyünün qeydə alınması ilə bağlı ipoteka qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2289/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim Mustafayeva Solmaz) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və Cavabdeh2 ASC-yə qarşı "sonrakı ipotekaya müqavilələrinin və ipoteka qeydlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

3. Rayon məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, iddiaçı hüququnun pozulduğunu bildirməsinə baxmayaraq, tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir və MPM-in 77.1-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, "xxxx" ASC-nin rəhbərliyinin həmin bankdan onun götürdüyü kreditlər üzrə mülkiyyətində olan Yasamal rayonu, B.Bağırova 615-ci məhəllə ünvanında yerləşən 965 kv.m. sahəsi olan qeyri yaşayış sahəsinin həmin bankda ipoteka ilə yüklü edildiyindən və iddiaçının kreditlər üzrə ödənişlərində yaranmış gecikmələlrdən istifadə etməklə müəyyən razılaşma əsasında mülkiyyətində olan qeyd olunan əmlakı həm də Azərbaycan Respublikası Mərkəzi bankına ipoteka müqaviləsi əsasında yüklü ediblər. Sonuncu dəfə ipoteka müqaviləsi 10 dekabr 2016-cı il tarixdə imzalanmışdır (№ İBS 16- 1853/1) və bitmə tarixi 08 iyun 2017-ci il tarixi qeyd olunmuşdur. Bundan əvvəl iddiaçı Mərkəzi bankla 2 (iki) dəfə altı ay müddətinə ipoteka müqaviləsi imzalamışdır. Lakin, borclu "xxxx" ASC öz kredit öhdəliklərini Mərkəzi Bank qarşısında yerinə yetirmədiyinə görə iddiaçı məcburiyyət qarşısında qalaraq 3-cü dəfə 10 dekabr 2016cı il tarixində ipoteka müqaviləsini imzalamışdır. "xxxx" ASC ilə iddiaçı arasında da olan anlaşmaya əsasən iddiaçının ipoteka müqaviləsini imzalamağı qarşılığında "xxxx" ASC iddiaçının onlara olan borcunu silməli idi. Lakin bu baş vermədi. xx.xx.2018-ci il tarixində iddiaçının Mərkəzi Banka ünvanladığı sorğuya cavab olaraq ona bildirilib ki, iddiaçıya məxsus ipoteka ilə yüklü edilmiş əmlakı haqqında məlumat bank sirri təşkil edir və açıqlana bilməz. Digər tərəfdən, iddiaçı "xxxx" ASC qarşısında olan kredit öhdəliklərini şişirdilmiş olsa belə, tam ödəməyə hazırdır, lakin bu da iddiaçıya məxsus əmlakı ipotekadan azad etmir-bu hal isə iddiaçının Konstitusiya ilə qorunan mülkiyyət hüququnu pozur. İddiaçının mülkiyyətində olan əmlak Mərkəzi Bankın xeyrinə 10 dekabr 2016-cı il tarixdə bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən 08 iyun 2017-ci il tarixədək borc alan "xxxx" ASC-nin Mərkəzi Bankdan 08 dekabr 2016-cı il tarixdə KBS 16-1853 saylı kredit müqaviləsinə əsasən götürdüyü 24.000.000 (iyirmi dörd milyon) manat kreditin qaytarılmasının təminatıdır. Həmin ipoteka müqaviləsinin müddəti artıq bitmişdir. Ancaq qanunla ipoteka müqaviləsinin müddətinin bitməsi müqavilənin xitamına səbəb olmasına baxmayaraq həmin müqavilənin 1.4-cü bəndində qeyd olunmuş şərtlər kredit müqaviləsinin müddəti uzadıldığı halda hazırkı ipoteka müqaviləsi qüvvədə qalır və ümumiyyətlə ipoteka qoyanın bağlanacaq müqavilələrə hər hansı razılıq tələb olunmur. Aldatma yolu ilə bağlanmış bu ipoteka müqavilələri və həmin müqavilələrin qanunvericiliyin tələblərinə zidd müddəaları ləğv edilməli və iddiaçının əmlakı sonrakı ipotekadan azad edilməlidir. Bir məsələ kifayətdir ki, o tanımadığı və borcu olduğu bankın Mərkəzi Bankdan götürdüyü kredit müqaviləsinə görə öz əmlakını ipoteka ilə yüklü edə bilərdi? Belə ki, bankın bəzi əməkdaşları əlbir olub onun əmlakını ələ keçirmək istəyiblər. Bank onun əmlakının təminatı ilə Mərkəzi Bankdan 2015- 2016-cı illərdə götürdüyü on milyonlarla krediti qaytarmayaraq həmin vəsaiti dövr edərək milyonlarla pul qazanmış, həm də ona qarşı əsassız iddia qaldıraraq 0 manat əsas borc qarşılığında 1 560.000 faiz borcu, 1 230 000 faiz borcu tələb edir. O həmin əsassız borcu ödəməyə razı olsa da, əmlakını girovdan çıxara bilmir. Hesab edir ki, aldatma yolu ilə bağlanmış bu müqavilələr ləğv edilməli, onun əmlakı ipotekadan azad edilməli idi. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya Məhkəməsində icraat:

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10572/2019 nömrəli, 25 sentyabr 2019-cu il tarixli qərardadına əsasən, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi”nə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır.

6. Bundan sonra Nəsimi Rayon Məhkəməsinin 2(006)-5261/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi”nə dair iddia tələbi təmin edilməmişdir.

7. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1019/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5261/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)- 4130/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1019/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-41/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və Cavabdeh2 ASC-yə qarşı “sonrakı ipoteka müqavilələrinin ləğv edilməsi və sair” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı:

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi və bildirdi ki, onun 2-ci cavabdehin rəhbəri Ç.Əsədullayevlə uzun müddət davam edən yaxın, işgüzar və etibarlı münasibətləri omuş, həmin bankdan dəfələrlə kredit alaraq vaxtlı-vaxtında qaytarmış, banka böyük xeyir vermiş, devalvasiya ərəfəsində bankla olan kredit müqaviləsi üzrə məhkəmə mübahisələri yaranmışdır, bankın rəhbərliyi, şəxsən Ç.Əsədullayevlə danışıqlar zamanı belə razılığa gəldilər ki, əgər o, öz əmlakının Çingizin bankın Mərkəz Bank qarşısında olan kredit öhdəliyinə görə ipotekaya qoyulmasına razılıq versə, Çingiz də ona qarşı olan kredit tələbindən imtina edəcəkdi, (bu danışıqlarda bankın sahibi Ç.Əsədullayevlə yanaşı bankın bir neçə məsul işçisi də iştirak edirdi) lakin bu baş vermədi, bankın rəhbərliyi və əməkdaşları onun etibarından sui-istifadə etdilər, onu aldadaraq əmlakını ələ keçirdilər. Sonradan ona məlum olmuşdur ki, bütün bu əməliyyatlar bankın rəhbərliyi tərəfindən qabaqcadan düşünülmüş şəkildə, məhz onun əmlakının ələ keçirilməsi məqsədi ilə həyata keçirilmişdir. Əslində bankın rəhbərliyi ona qarşı etibarından sui-istifadə edərək planlı olaraq on milyonluq əmlakını ələ keçirməyə yönələn cinayət əməli törətmişdir. Əks halda necə ola bilər ki, həmin bankla məhkəmə mübahisəsinin - çəkişməsinin getdiyi bir vaxtda, o öz əmlakını ona qarşı aşkar əsassız iddialar vermiş və on milyonlarla dəyəri olan əmlakına sahiblənmək istəyən bankın öhdəliklərinə görə Mərkəzi Banka ipotekaya qoysun, axı bu ola bilməz, ən adi məntiq də bunu inkar edir. Mülki işdə olan bütün yazışmalar, müqavilələrin tarixləri, məhkəmə aktlarının surətləri bunu təsdiq edir, lakin işə baxmış rayon məhkəməsi nədənsə, bunları nəzərə almamışdır. İddiaçı daha sonra göstərdi ki, sonrakı ipoteka müqaviləsində əmlakın qiymətinin 9 650 000 manat qiymətləndirilməsinə baxmayaraq, onun həmin əmlakı su qiymətinə, yəni 5.700.000 manata bank tərəfindən “hərrac” oyunu ilə ələ keçirilmiş, indi isə onun əmlakını 13.000.000 manata satışa çıxarmışlar. Bundan başqa, ilkin ipoteka üzrə tələbkar olan bank onun əmlakını (qanunsuz olsa da) əldə etmiş, lakin onun həmin banka hələ də böyük məbləğdə borcu qalır, bu isə o deməkdir ki, sonrakı ipoteka öz-özlüyündə əhəmiyyətsiz hala gəlmişdir, Mərkəzi Bankın burada, yəni sonrakı ipotekada hər hansı marağı qalmamışdır. Bu faktın özü də təsdiq edir ki, onun əmlakı cinayət əməlləri nəticəsində əlindən alınmışdır, hesab edir ki, bütün bunlar nəzərə alınmaqla rayon məhkəməsinin qətnaməsi ləğv edilməli və onun əmlakına dair Mərkəzi Bankla bağlanmış sonrakı ipotekalar aldatma və pis niyyətlə bağlanmış müqavilə kimi ləğv olunaraq, əmlakı müvafiq yüklülükdən azad olunmalıdır.

11. Məhkəmə kollegiyasının iclasında vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək və iddiaçının bildirdiklərinin tam əsaslı olduğunu təsdiq edərək şikayətin təmin olunmasını xahiş etdi, həmçinin də iddiaçının hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüququnun olmaması ilə bağlı cavabdeh Mərkəzi Bankın və 2-ci cavabdehin nümayəndələrinin irəli sürdükləri dəlillərlə razılaşmayaraq göstərdi ki, bu mövqe əsaslı ola bilməz, çünki bununla bağlı dəilləri ondan ibarətdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi artıq onun mülkiyyətində deyildir, məhkəmə qətnamələrinə əsasən keçirilmiş hərrac nəticəsində 2-ci cavabdeh həmin əmlakı əldə etmiş və əmlak həmin bankın mülkiyyətinə keçmişdir, bu əsasla da iddiaçı həmin əmlaka münasibətdə mülkiyyət hüququnu və müvafiq olaraq da həmin əmlakla bağlı məhkəmələrdə tələb hüququnu itirmişdir. İddiaçının vəkili bildirdi ki, ən azından iki əsasa görə iddiaçının hazırkı tələblə çıxış etməsinin qanuni əsası mövcuddur: birincisi, iddiaçı halhazırda aşkar qanunsuz olarak keçirilmiş həmin hərracın nəticələrini mübahisələndirir və bu istiqamətdə hüquqi imkanlar hələ tükədilməmişdir; ikincisi və başlıcası isə, iddiaçının hazırda mübahisələndirdiyi sonrakı ipoteka müqaviləsi üçtərəfli müqavilə olmaqla, iddiaçı həmin müqavilənin tərəfidir. Nə qədər ki, cavabdehlər iddiaçının bildirdiyi əsasa görə həmin müqaviləyə xitam verildiyini qəbul etmirlər, yəni həmin müqavilənin hal-hazırda da qüvvədə olduğunu bildirirlər, demək ki, qüvvədə olan müqavilənin tərəfi olaraq iddiaçı onu mübahisələndirmək üçün subyektiv hüquqa malikdir. Vəkil əlavə olaraq göstərdi ki, əslində işin hazırkı faktiki halında, yəni ilkin ipoteka saxlayan ipoteka predmeti olan əmlakı hərracdan əldə etmiş, bununla belə, onun hələ də həmin əmlakla təmin olunan öhdəliyin bir hissəsi icra olunmamışdır, cavabdehlər də bunu qəbul edirlər, onda məlum olur ki, sonrakı ipoteka saxlayan kimi Mərkəzi Bankın mübahisələndirilən müqavilə üzrə hər hansı marağı qalmamışdır.

12. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri R.Məmmədov və O.Xaspoladov apellyasiya şikayəti ilə razılaşmayaraq iddiaya və apellyasiya şikayətlərinə verilmiş etirazlarının məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etdilər, həmçinin bildirdilər ki, iddiaçının sonrakı ipoteka müqaviləsində əmlakın mülkiyyətçisi kimi müqavilə tərəfi olsa da, hazırda isə əmlak hərracdan Cavabdeh2 ASC-nin mülkiyyətinə keçdiyi üçün iddiaçının sonrakı ipoteka müqaviləsini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur.

13. Bundan başqa, Mərkəzi Bankın nümayəndəsi O.Xaspoladov ipoteka predmeti olan əmlakın ilkin ipotekaya əsasən 2-ci cavabdeh tərəfindən hərracdan əldə edilməsi, eləcə də həmin əmlakla təmin olunan öhdəliyə görə ödənilməmiş borcun qalması halında, sonrakı ipoteka müqaviləsinə onların marağının qalmaması əsasına görə müqavilənin xitam olunduğu və ya müqavilənin ümumiyyətlə əhəmiyyətsiz hala gəlməsinə, eləcə də sonrakı ipoteka müqaviləsində ipoteka predmetinin qiymətinə dair iddiaçının və onu vəkilinin dəlilərinə münasibətdə göstərdi ki, iddiaçı tərəfin həmin dəlili əsasızdır, çünki Cavabdeh2 ASC ilə Mərkəzi Bank arasında əldə olunmuş razılaşmaya əsasən ilkin ipoteka saxlayan kimi 2-ci cavabdeh tələbin ipoteka predmetinə ilkin yönəldilməsi barədə özünün üstünlük hüququnu Mərkəzi Banka güzəşt etmişdir ki, bu səbəbdən də Mərkəzi Bankın iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə dair bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən, tutmanın yönəldilməsində üstün hüquq sahibi kimi, marağı mövcuddur. Nümayəndə buna dair sənədin kserosurətini Məhkəmə kollegiyasına təqdim edir. İki cavabdeh arasında əldə olunmuş bu razılaşmadan iddiaçının məlumatı və razılığının olması ilə bağlı məsələyə münasibətdə isə nümayəndə bildirdi ki, Cavabdeh2 ASC-nin tutmanın ipoteka predmetinə yönəldilməsi barədə öz üstünlük hüququnu Mərkəzi Banka güzəşt etməsinə ipoteka qoyanın razılığı tələb olunmadığı üçün iddiaçının məlumatı və iştirakının olması lazım olmamışdır. Sonrakı ipoteka müqaviləsində ipoteka qoyulan əmlakın qiymətinə gəldikdə isə nümayəndə bildirdi ki, onlar bunu mübahisələndirmirlər, bununla belə, həmin məsələnin hazırkı mübahisəyə birbaşa aidiyyəti yoxdur.

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi H.Əfəndizadə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və izahatında mahiyyət etibarı ilə digər cavabdehin mövqeyi ilə tam razı olduğunu, iddiaçının hazırkı tələblə çıxış etmək üçün hazırda subyektiv hüquqa malik olmadığını, ipoteka predmeti olan əmlakın qanuni əsaslarla onların mülkiyyətinə keçdiyini, iddiaçının hələ də icra olunmamış öhdəliyinin qaldığını, sonrakı ipoteka müqavilələrinin də iddiaçının özü tərəfindən şəxsən imzalandığını, onun aldadılması ilə bildirdiklərinin əsassız olduğunu, iddiaçının çoxsaylı əsassız iddialar verməklə onların vaxtını aldığını, bilərəkdən öhdəliklərini icra etmədiyini, tutmanın yönəldilməsinə dair üstünlük hüquqlarını həqiqətən də Mərkəzi Banka güzəşt etdiklərini, bu barədə ipoteka qoyanın razılığının alınmadığını və ona məlumat verilmədiyini, bunun üçün qanunda da hər hansı konkret tələbin olmadığını bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi:

15. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Cavabdeh2 ASC arasında bağlanmış 17 aprel 2015-ci il tarixli KBQ15-1678 saylıkredit müqaviləsinin surətindən görünür ki,Azərbaycan Respublikasının Mərkəzi Bankı (Bank) Cavabdeh2 ASC-yə (Borc alana) illik3.5% hesablanmaqla 360gün müddətinə 20.000.000manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağıöhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasn kredit borcalanın yazılı müraciəti əsasında tranşlarla verilir. Bu müqavilə ilə borcun ödəniş müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır.

16. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh2 (Borcalan) ASC və İddiaçı (İpoteka qoyan) arasında bağlanmış 17 aprel 2015-ci il tarixli İBQ15-1678/1 saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ASC-də ipoteka ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 615-ci məhəllədə ünvanında yerləşən ümumi sahəsi 965 kv.m olan qeyri-yaşayış binasıöhdəliklərin təminatı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankına ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 9.650.000 manat məbləğində qiymətləndirilmişdir.

17. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Cavabdeh2 ASC arasında bağlanmış 12 may 2016-cı il tarixli KBS16-1841 saylıkredit müqaviləsinin surətindən görünür ki, Bank (Azərbaycan Respublikasının Mərkəzi Bankı) Borcalana (Cavabdeh2 ASC-yə) illik 07% hesablanmaqla 06ay müddətinə 24.000.000 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağıöhdəsinə götürmüşdür.

18. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh2 (Borcalan) ASC və İddiaçı (İpoteka qoyan) arasında bağlanmış 13 may 2016-c il tarixli İBS16-1841/1 saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 615-ci məhəllədə ünvanında yerləşən ümumi sahəsi 965 kv.m olan qeyri-yaşayış binası12 may 2016-cı il tarixli KBS16-1841 saylıkredit müqaviləsinin öhdəliklərinin təminatı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankına ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 9.650.000 manat məbləğində qiymətləndirilmişdir.

19. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Cavabdeh2 ASC arasında bağlanmış 08 dekabr 2016-cı il tarixli KBS16-1853 saylıkredit müqaviləsinin surətindən görünür ki, Bank (Azərbaycan Respublikasının Mərkəzi Bankı) Borcalana (Cavabdeh2 ASC-yə) illik 15% hesablanmaqla 06ay müddətinə 24000000 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağıöhdəsinə götürmüşdür.

20. Azərbaycan Respublikasının Mərkəzi Bankı, (Bank) Cavabdeh2 (Borcalan) ASC və İddiaçı (İpoteka qoyan) arasında bağlanmış 10 dekabr 2016-cı il tarixli İBS16-1853/1 saylı sonrakı ipoteka müqaviləsinin və həmin ipoteka müqaviləsinə əlavənin surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 615-ci məhəllədə ünvanında yerləşən ümumi sahəsi 965 kv.m olan qeyriyaşayış binası08 dekabr 2016-cı il tarixli KBS16-1853 saylıkredit müqaviləsinin öhdəliklərinin təminatı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankına ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 9.650.000 manat məbləğində qiymətləndirilmişdir.

21. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubdan görünür ki, Əlizadə X5 10 dekabr 2016-cı il tarixli İBS16-1853/1 saylı sonrakı ipoteka müqaviləsinin ləğvinə dair təklifinə münasibət bildirməsini xahiş etmişdir.

22. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı ipoteka ilə təmin etdiyi öhdəliklər tam icra olunmayanadək ipoteka müqaviləsinin ləğv edilə bilməyəcəyi bildirilmişdir.

23. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965.0 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət bir mərətbəli qeyriyaşayış binası tam mülkiyyət hüququ üzrə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 1908 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə **********78-06301 nömrə ilə qeydiyyata alınmışdır.

24. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5261/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi”nə dair iddia tələbi təmin edilməmişdir.

25. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1019/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5261/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)- 4130/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1019/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin apellyasiya icraatı zamanı təqdim etdiyi "xxxx" ASC-nin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinə ünvanlanladığı 03/3132 saylı, xx.xx.2015-ci il tarixli məlumatda "xxxx" ASC İBQ15-1678/1 saylı sonrakı İpoteka Müqaviləsi üzrə ipoteka qoyulmuş İddiaçı xüsusi mülkiyyət hüquqi ilə məxsus, Bakı şəhəri. Yasamal rayonu, B.Bağırova 615-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 965 kv.m olan qeyri-yaşayış binasının .... Azərbaycan Respublikasının Mərkəzi Bankına sonrakı ipoteka kimi qoyulmasına etiraz etmir və tutma yönəldilməsi hüququ üzrə üstünlüyünü Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir.

28. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965.0 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

29. Tətbiq edilən maddi hüquq normaları: Mülki Məcəllə

30. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

31. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.

32. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

33. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

34. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

35. Maddə 1.0.7. ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir;

36. Maddə 9.1. Qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Maddə 9.2. İpoteka qoyan ipoteka predmetinə dair bu Qanunun 10.8-ci maddəsində nəzərdə tutulmuş bütün məlumatı hər bir sonrakı ipoteka saxlayana verməlidir. Maddə 9.3. Sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. Maddə 9.4. Əvvəlki ipoteka saxlayanın hüququnun üstünlüyü ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyən olunur. Maddə 9.5. İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında müqavilə əsasında istənilən vaxt dəyişdirilə bilər. İpoteka saxlayanların sayı ikidən çox olduqda üstünlük hüququnun dəyişdirilməsi maraqlarına toxunan ipoteka saxlayanların razılığı ilə həyata keçirilir. Maddə 9.6. İpoteka ipoteka kağızı ilə rəsmiləşdirildiyi halda, sonrakı ipotekaya yol verilmir. Maddə 9.7. Sonrakı ipoteka haqqında bu maddə ilə nəzərdə tutulmuş qaydaların pozulması ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək, tələb yerinə yetirilmədikdə isə tutmanı ipoteka predmetinə yönəltmək hüququ verir.

37. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir:

38. Maddə 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;

39. Maddə 48.1.2. əsas öhdəliyə xitam verildikdə;

40. Maddə 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;

41. Maddə 48.1.4. ipoteka predmeti məhv olduqda;

42. Maddə 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

48. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

49. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

50. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

51. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

52. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

54. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

55. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

56. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

57. Hazırkı halda qətnamə cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, idiaçının apellyasiya qismən şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə iddia tələbləri (başqa əsasla) təmin edilməməlidir.

59. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir.

61. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

62. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.»

63. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 615-ci məhəllədə istifadədə olan 0.09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965.0 kv.m ümumi, 965 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

64. Məhkəmə kollegiyası iddiaçının sonrakı ipoteka müqaviləsində ipoteka predmeti olan əmlakı n 9.650.000 manat məbləğində qiymətləndirilməsi barədə fikirlərinə münasibətdə qeyd edir ki, cavabdelər bunu mübahisələndirməmişlər, həm də əmlakın qiymətinin hazırkı mübahisənin həllində hər hansı əhəmiyyəti yoxdur.

65. Beləliklə də məlum olur ki, sonrakı ipoteka müqaviləsini mübahisələndirən iddiaçı hazırkı anda həmin əmlaka mülkiyyət hüququnu (əsasından asılı olmayaraq) itirmiş, həmin əmlak hal-hazırda 2-ci cavabdehin mülkiyyətindədir, demək ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur, buna görə də iddiaçının hazırkı iddia tələbi rayon məhkəməsinin göstərdiyi, yəni tələbini sübuta yetirə bilməməsi əsasına görə deyil, subyektiv hüququnun olmaması əsasına görə təmin edilə bilməz.

66. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci maddəsinə görə - məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.

67. Mülki Prosessual Məcəllənin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticə:

68. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, prossesual hüquq normaları, müvafiq olaraq da maddi hüquq nomaları düzgün təfsir edilmədiyindən apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbləri başqa əsasla təmin edilməməlidir.

69. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir.

70. 30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2289/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi (başqa əsasla) təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar