Məhkəmə qərarları › İş №2(103)-12061/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12061/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12061/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsinin planı və ölçüsü” sənədinin, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 3732 saylı bağa dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh1 adına verilmiş 03.10.2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, 17.12.2008-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın, 3732 saylı bağın Cavabdeh2 satılması barədə Bakı şəhəri 37 saylı dövlət notariat kontorunda 4-Ə-1/47 reyestr sayı ilə qeydə alınmış 21.02.2009-cu il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində 01.04.2009-cu il tarixdə aparılmış qeydiyyatın, 3732 saylı bağın Cavabdeh3 satılması barədə 51 saylı notariat kontorunda 4Ə-547 reyestr sayı ilə qeydə alınmış 21.05.2018-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində 05.06.2018-ci il tarixdə aparılmış qeydiyyatın, 3732 saylı bağın Cavabdeh4 satılması barədə 23 saylı notariat kontorunda 4Ə-628 reyestr saylı ilə qeydə alınmış 23.08.2019-cu il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində 29.08.2019-cu il tarixdə aparılmış qeydiyyatın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (məhkəmə) 26 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi üzrə icraata, iddia tələblərinə inzibati məhkəmədə baxılmalı olması əsası ilə xitam verilmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət məhkəmənin 05 noyabr 2021-ci il tarixli qərardadı ilə qismən təmin olunmuş, 26.10.2021-ci il tarixli qərardadının qismən – “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 3732 saylı bağın Cavabdeh2 satılması barədə Bakı şəhəri 37 saylı dövlət notariat kontorunda 4- Ə-1/47 reyestr sayı ilə qeydə alınmış 21.02.2009-cu il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində 01.04.2009-cu il tarixdə aparılmış qeydiyyatın, 3732 saylı bağın Cavabdeh3 satılması barədə 51 saylı notariat kontorunda 4Ə-547 reyestr sayı ilə qeydə alınmış 21.05.2018-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində 05.06.2018-ci il tarixdə aparılmış qeydiyyatın, 3732 saylı bağın Cavabdeh4 satılması barədə 23 saylı notariat kontorunda 4Ə-628 reyestr saylı ilə qeydə alınmış 23.08.2019-cu il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində 29.08.2019-cu il tarixdə aparılmış qeydiyyatın etibarsız sayılması” tələblərinə münasibətdə ləğv edilməsi, həmin hissədə işə baxılması, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi 05 noyabr 2021-ci il tarixli qərardaddan şikayət verərək onun qismən, yəni 26.10.2021-ci il tarixli qərardaddan verdiyi şikayətin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunmasını xahiş etmiş, şikayətini, Cavabdeh1 adına reyestrdəki qeydiyyatın inzibati akt əsasında aparılmasına baxmayaraq iddianın faktiki əsasını həmin aktın qanunsuzluğunun təşkil etmədiyi, buna görə də “Cavabdeh1 adına verilmiş 03.10.2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, 17.12.2008-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələblərinə də ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olduğu arqumenti ilə əsaslandırmışdır. Məhkəmənin 16 noyabr 2021-ci il tarixli qərardadı şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının “Cavabdeh1 adına verilmiş 03.10.2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, 17.12.2008-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbləri üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət mülkiyyətindəki torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir; iddiaçı isə faktiki olaraq həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (“Torpaq sahəsinin planı və ölçüsü” sənədinin) və onun əsasında aparılmış ilkin hüquqi qeydiyyatın qanunsuz olduğunu iddia edir. Nəzərə alınmalıdır ki, mübahisəli əmlaka dair iddiaçının etibarsızlığını tələb etdiyi, inzibati orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, həmçinin həmin sənəd əsasında aparılmış ilkin hüquqi qeydiyyat dövlət əmlakının xüsusi mülkiyyətə verilməsi qaydalarına əsasən tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3892/2021 saylı iş üzrə 05 noyabr 2021-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar