Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1212/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və fərdi əşyaların təhvil verilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “qızıl-zinət və fərdi əşyaların təhvil verilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və fərdi əşyaların təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus ümumi dəyəri 3900 manat olan (dəyəri 600 manat olan 585 əyarlı, çəkisi 3 qram, 5 ədəd briliant qaşı olan nişan üzüyü, dəyəri 3300 manat, çəkisi 30 qram olan 585 əyarlı qızıl komplekt –sep, sırğa, qolbaq, üzük) qızıl-zinət əşyalarının, ümumi dəyəri 954 manat olan (dəyəri 178 manat olan 4 ədəd cins şalvar, dəyəri 183 manat olan 5 ədəd idman geyimi, sport geyim dəsti, dəyəri 155 manat olan 5 ədəd köynək, dəyəri 255 manat olan 3 ədəd ayaqqabı, dəyəri 145 manat olan 2 ədəd kurtka, dəyəri 38 manat olan 1 ədəd jilet) fərdi geyim vasitələrinin və dəyəri 280 manat olan 1 ədəd mikser, dəyəri 130 manat bir ədəd silikon tava, dəyəri 180 manat olan 1 ədəd tozsoran, dəyəri 470 manat olan 1 ədəd “Samsung Galaxy J7” markalı telefonun alınaraq iddiaçıya qaytarılması, qaytarılması mümkün olmayan əmlakların dəyərinin ödənilməsi və 60 manat məbləğində mediasiya xərcinin, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsinə dair qətnamə qəbul barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).
2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə iddia qismən təmin edilmiş, Cavabdeh komplektə daxil olan çəkisi 9 qram olan (klonla birlikdə) 585 əyarlı qızıl boyunbağı (dəyəri 765 manat) və çəkisi 9 qram olan 585 əyarlı qızıl sırğa (dəyəri 765 manat), habelə dəyəri 280 manat olan 1 ədəd mikser, dəyəri 130 manat bir ədəd silikon tava, dəyəri 180 manat olan 1 ədəd tozsoran, həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda isə onların dəyəri olan 2120 manat məbləğində pul vəsaitinin alınması, İddiaçı verilməsi, Cavabdeh 60 manat mediasiya xərci və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbi qalan hissədə təmin olunmamış, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 150 manat ekspertiza xərcinin Cavabdeh tutulması, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qərara alınmışdır.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, iddia tələbi “qızıl-zinət əşyalarının qaytarılması” və “fərdi əşyaların qaytarılması” olmaqla iki hissədən ibarətdir. Məhkəmə əsassız olaraq qeyd etmişdir ki, fərdi geyim əşyalarına dair fotoşəkillər təqdim edilsə də, həmin fotoşəkillərə istinad olunmaqla iddiaçıya məxsusluğu qeyd olunan fərdi geyim vasitələrinin və mobil telefonun cavabdehin qanunsuz sahibliyində olması sübuta yetməmişdir. Halbuki, məhkəmə iclasında iştirak edən cavabdeh telefonun satıldığını etiraf etmişdir.
5. Məhkəmə tərəfindən cavabdehdən tutularaq ona qaytarılmayan əmlaklar - nişan üzüyü, 30 qram 585 əyar qızıl komplekt – onun tərkibində 5 qram qolbaq, 7 qram üzük, o cümlədən, 5 ədən brilliant qaşlı üzük ümumi dəyəri 954 manat olan (dəyəri 178 manat olan 4 ədəd cins şalvar, dəyəri 183 manat olan 5 ədəd idman geyimi, sport geyim dəsti, dəyəri 155 manat olan 5 ədəd köynək, dəyəri 255 manat olan 3 ədəd ayaqqabı, dəyəri 145 manat olan 2 ədəd kurtka, dəyəri 38 manat olan 1 ədəd jilet) fərdi geyim vasitələri və dəyəri 470 manat olan 1 ədəd “SamsungGalaxy J7”markalı telefon cavabdehdə qalmışdır. Yuxarıda qeyd edilən qızıl-zinət əşyalarının və fərdi geyim vasitələrinin (qadın geimlərinin) onun istifadə və sahibliyimdə olması ilə bağlı sübutlar və foroşəkillər məhkəməyə təqdim edilmişdir.
6. Həmin əmlaklar cavabdehin Türkiyədə yaşadığı mənzildə qalmışdır. Əksinə, cavabdeh tərəf həmin əmlakların qaytarıldığını qeyd edirsə, o zaman bununla bağlı sübut təqdim etməlidir
7. Məhkəmə iddia tələbinin təmin edilmədiyi əşyalarla bağlı iki xüsusatda ciddi prosessual yanlışlığa yol vermişdir. İlk olaraq məhkəmə həmin əmlakların bir qisminin qiymətinin müəyyənləşdirilə bilməməsi ilə əlaqədar onların qanunsuz sahiblikdə olmadığı qənaətinə gəlmiş, yaxud dəyərini nəzərə almamışdır. Mülki Prosessual Məcəllənin tələbinə əsasən, ekspert rəyi məhkəmə üçün məcburi deyildir və sübut hesab olunmur. Belə olduğu təqdirdə məhkəmə hansı əsasla, sadəcə cavabdehin formal izahatı və ekspert rəyi əsasında qətnamə qəbul etmişdir. Ekspert rəyində fotoşəkillərlə əmlakların qiymətləndirilməsinin mümkün olmadığı qeyd edilir. Həmin rəy əmlakların hər hansı qiymətinin olmadığını nəzərdə tutmur.
8. Göstərilənlərə əsasən, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, onlar pandemiya vaxtı Türkiyədə olublar, qızılları qayınanası saxlayırdı, evdən çıxanda baqajı olmadığı üçün paltarları götürə bilmədi, ona dedilər göndərəcəklər, lakin göndərmədilər. Sonra dedilər qızılları lombarda qoyublar, həmin vaxt işləmirdilər, qayınanası onlara baxırdı. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, iddiaçı evdən rahat bir şəkildə əşyalarını, bütün paltarlarını yığıb çıxıb gedib, hazırkı tələbi əsassızdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
11. Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli X3 (İMS) iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, İMS-də iştirak edən tərəf İddiaçı nümayəndəsi və vəkili Vəkil, iştirak etməyən tərəf isə Cavabdehdur.
12. 2 saylı Bakı “Asan Xidmət” X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-T № 214703 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci ildə doğulmuş, bu barədə akt qeydləri kitabında xx.xx.2018-ci ildə 5617 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası isə İddiaçıdır.
13. xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 2 saylı Mediasiya Təşkilatına 60 manat məbləğində pul vəsaiti ödənilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, mübahisəli komplektin (çəkisi 9 qram olan 585 əyarlı qızıl sep (klonla birlikdə), çəkisi 9 qram olan 585 əyarlı qızıl sırğa, çəkisi 5 qram olan 585 əyarlı qızıl qolbaq, çəkisi 7 qram olan 585 əyarlı qızıl üzük) bir qramının dəyəri 85 manat hesablanmaqla, ümumilikdə 2550 manat, brilyan nişan üzüyünün dəyəri isə 255 manat məbləğində, ümumi qızıl-zinət əşyaların dəyəri 2805 manat müəyyən edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, mübahisəli komplektin (çəkisi 9 qram olan 585 əyarlı qızıl sep (klonla birlikdə), çəkisi 9 qram olan 585 əyarlı qızıl sırğa, çəkisi 5 qram olan 585 əyarlı qızıl qolbaq, çəkisi 7 qram olan 585 əyarlı qızıl üzük) bir qramının dəyəri 85 manat hesablanmaqla, ümumilikdə 2550 manat, brilyan nişan üzüyünün dəyəri isə 255 manat məbləğində, ümumi qızıl-zinət əşyaların dəyəri 2805 manat müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları:
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
17. Azərbaycan Respublikası Mülki Məcəllə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Tətbiq edilən prosessual hüquq normaları:
18. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
19. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, ilk əvvəl nəzərə almaq lazımdır ki, qızıl-zinət əşyalarının tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq-«sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərədə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: Birinci - tələb olunan əşya mövcuddur; İkinci - tələb olunan əşya iddiaçıya məxsusdur; Üçüncü - tələb olunan əşya cavabdehdədir; Dördüncü - tələb olunan əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir.
22. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir.
23. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır.
24. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əşyanı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər. (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2.)
25. Əşyanın mövcudluğunu və özünə məxus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əşyanın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əşyanı özündə saxlamasını sübut etməlidir. Çünki qanunun mənasına görə iddia tələbinin yönəldiyi şəxs (fiziki və ya hüquqi), yəni irəli sürülmüş tələbə cavab verməli olan şəxs, başqa sözlə, mübahisənin həlli bilavasitə ixtiyarından və iradəsindən asılı olan şəxs cavabdeh hesab olunur. İddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə, iddia təmin oluna bilməz. (Mülki Prosessual Məcəllə, maddə 50.4, 54.1, 54.2.)
26. Bununla belə, iddiaçı tərəfindən birinci üç halın-əşyanın mövcud olmasının, onun iddiaçıya məxsus olmasının və nəhayət onun cavabdehdə qalmasının- sübut olunması, hələ öz-özlüyündə iddianın təmini üçün yetərli sayıla bilməz.
27. Bunun üçün sonuncu halın, yəni əşyanın cavabdehdə qalmasının, başqa sözlə, iddiaçının tələb etdiyi əşyanı cavabdehin özündə saxlamasının qanunsuz olması da sübut olunmalıdır. Çünki qanun yalnız qanunsuz sahiblikdən əşyanın geri tələb edilməsini nəzərdə tutur. (Mülki Məcəllə. 157.2 və 164.2-ci maddələr.) Mümkündür ki, iddiaçıya məxsus əşya cavabdehdə olsun, lakin cavabdehin onu özündə saxlaması, başqa sözlə, cavabdehin həmin əşyaya sahibliyi qanuni olsun.
28. Məsələn: cavabdeh iddiaçıya məxsus əşyanı öhdəliklərin qarşılıqlı icrası halında özündə saxlaya bilər, (Mülki Məcəllə. maddə 441.1, 441.2 ); əşya iddiaçının özünün və ya üçüncü şəxsin cavabdeh qarşısındakı öhdəliyinin təminatı kimi cavabdehə verilmişdir; (Mülki Məcəllə. Maddə 460.1); habelə cavabdeh ləngitmə hüququna əsasən əşyanı özündə saxlayır (Mülki Məcəllə. maddə 562.1).
29. Hazırkı iş üzrə iddiaçı qətnaməni iddia tələbinin təmin edilməməsi hissəsində mübahisələndirmişdir.
30. İddia tələbini qızıl-zinət əşyalarının bir qisminə münasibətdə təmin edilməməsi hissəsində rayon məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiya qeyd edir ki, bu növ mübahisələrdə tələb olunan qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olubolmadığının müəyyən edilməsi baxımından iddiaçının evdən getdiyi şərait xüsusi əhəmiyyətə malikdir.
31. Hazırkı halda məhkəmə araşdırması zamanı tələb olunan qızıl-zinət əşyalarından komplektin sırğası və boyunbağının cavabdehin qanunsuz sahibliyində olduğu tərəflərin izahatlarının qarşılıqlı təhlili və işin mübahisəsiz halları ilə sübuta yetirilmiş olsa da, qalan qızıl-zinət əşyalarının cavabdehdə olması sübuta yetirilmədiyindən, rayon məhkəməsi həmin hissədə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
32. Eyni zamanda qalan (geyim və məişət əşyaları) əşyalara münasibətdə iddia tələbini təmin etməyən rayon məhkəməsinin mövqeyi ilə də razılaşan Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən həmin fərdi geyim əşyalarına dair sübut kimi fotoşəkillər təqdim edilsə də, həmin fotoşəkillərə istinad olunmaqla iddiaçıya məxsusluğu qeyd olunan fərdi geyim vasitələrinin və mobil telefonun cavabdehin qanunsuz sahibliyində olması sübuta yetməmişdir. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Lakin iddiaçı iddia ərizəsində göstərilən və ona məxsus olduğu qeyd olunan digər fərdi əşyalarının cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edən mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
33. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
35. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qeyd edilən əşyaların cavabdehlərin sahibliyində olması barədə biri digərini tamamalayan və təkzibedilməzliklə bağlı tələblərə cavab verən mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayəti əsassızdır.
36. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
39. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)
40. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər.
41. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Nəticə:
42. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, onun dəlillərinə dair sübutlar təqdim edilməməklə, qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
44. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
46. Kollegiya qeyd edir ki, iddiaçının ümumi əmlak tələbi 5914 manat təşkil etmiş, rayon məhkəməsi tərəfindən 2120 manat hissədə iddia tələbi təmin edilmişdir. Odur ki, hazırda mübahisələndirilən hissədə məbləğ (5914-2120=3794) 3794 manat təşkil etdiyindən MPM-in 402.1-ci maddəsinə əsasən, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
47. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apelyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.