Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-12163/2019 13.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3117/19 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh İKB ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh İKB ASC və «xxxxxxx» MMC arasında xx.xx.2010-cu il tarixli 665B saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3117/19 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamə ilə razılaşmayaraq ondan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, o, məhkəmədə olmadığı halda, qətnamədə onun məhkəmə iclasında iştirak etməsi qeyd olunmuşdur, halbuki, o, heç vaxt hazırkı işlə bağlı məhkəməyə getməyib, məhkəmə iclaslarında iştirak etməyib, rayon məhkəməsi işə baxarkən maddi və prosessual normaları pozmuşdur, göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, qeyd etdi ki, o, dövlət qulluqçusudur, onun bankla bağlı məhkəmə mübahisələri bir neçə ildir davam edir, özü şəxsən məhkəmə iclaslarında heç bir vaxt iştirak etməyib, onu məhkəmələrdə həmişə nümayəndə və vəkilləri təmsil edib, bu işlə bağlı da onu məhkəmələrdə nümayəndəsi və vəkili təmsil edir, onlar da bu işə baxılmasında rayon məhkəməsində iştirak etməmişlər, özü də bu işlə bağlı heç vaxt Nəsimi Rayon Məhkəməsində olmamış, həmin məhkəmənin harada yerləşməsini belə bilmir, rayon məhkəməsinin iclas protokollarında, eləcə də qətnamədə məhkəmə iclaslarında iştirak etməsi, iddiası ilə bağlı izahat verməsi və sualları cavablandırması barədəki qeydlərin necə və nəyə əsasən aparılması barədə heç bir məlumatı yoxdur, iddiası əsaslıdır, onun banka borcu yoxdur, ona görə də şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X.Musayev apellyasiya şikayətini müdafiə edərək, qeyd etdi ki, iddiaçı nümayəndəsi vasitəsi ilə işlərini aparır, vəkillə müqavilə bağlamış, lakin özü heç vaxt rayon məhkəməsinin iclasında iştirak etməmişdir. Vəkil eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin qanuni qüvvəsini aldığını təsdiq etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili N.Məmmədov apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal – 1 küçəsində yerləşən 667,8 m2 əsas, 222,7 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası xx.xx.2010-cu il tarixli 1856/1175/03 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Tutmanın həmin əmlaka yönəldilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır, həmin məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyətli olduğu üçün hazırkı mübahisənin əsassız olduğunu bildirdi. Eyni zamanda, göstərdi ki, birinci instansiyada işə baxılarkən iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün məhkəmədə ərizənin baxılmamış saxlanılması məsələsi ortaya çıxmış, lakin bank işə baxılmasında maraqlı olduğundan, o, işə mahiyəti üzrə baxılması barədə ərizə ilə müraciət etmişdir, ümumiyyətlə, hazırkı işlə bağlı o, iki dəfə yazılı vəsatət verdiyini, bir vəsatətinin işə mahiyyəti üzrə baxılması, digər vəsatətinin isə iddia müddətinin tətbiqi ilə bağlı olduğunu qeyd etdi və rayon məhkəməsində hazırkı işə baxılarkən iddiaçı tərəfdən heç bir kəsin, nə iddiaçının, nə də onun nümayəndəsinin iştirak etmədiyini bildirdi, bunula belə, rayon məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu, bu səbəbdən də onun dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki işin materiallarına əlavə olunmuş qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov, A.Ə.Hüseyndən ibarət tərkibdə) xx.xx.2019-cu il tarixli 2(103)-3679/2019 saylı qətnaməsi ilə Cavabdeh İKB ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh İKB ASC-nin «xxxxxxx» MMC, İddiaçı və «xxxxxxxx» Kiçik Müəssisəsinə qarşı iddiası qismən təmin edilmiş, kredit müqaviləsi üzrə 808.878 manat əsas borc, 308.188 manat 83 qəpik faiz, 111.706 manat dəbbə pulu olmaqla, cəmi 1.228.772 manat 83 qəpik borcun «xxxxxxx» MMC-dən tutularaq Cavabdeh İKB ASC-nin xeyrinə ödənilməsi; tutmanın ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal – 1 küçəsində yerləşən 667,8 m2 əsas, 222,7 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına ilkin satış qiymətinin 990.000 manat məbləğində müəyyən edilməklə və ipoteka ilə yüklü edilmiş, «xxxxxxxx» Kiçik Müəssisəsinə məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 m2 ümumi, 446,6 m2 əsas, 721,2 m2 köməkçi sahədən ibarət qeyri-yaşayış binasına ilkin satış qiyməti 550.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması; satışdan əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-3679/2019 saylı qətnaməsi qətnamə ilə müəyyən edilmiş və mübahisələndirilməsinə yol verilməyən faktlardan göründüyü kimi, İddiaçı ilə Cavabdeh İKB ASC və digərləri arasında xx.xx.2010-cu il tarixli 665 b saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal – 1 küçəsində yerləşən 667,8 m2 əsas, 222,7 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası xx.xx.2010-cu il tarixli 1856/1175/03 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Sonradan bank qarşısında öhdəliklər icra edilmədiyindən müvafiq məhkəmə mübahisəsi olmuş, məhkəmə tərəfindən işə baxılaraq hüquqi qiymət verilmiş və tələb üzrə tutma mübahisə predmetinə aid olmayan digər əmlaka və hazırkı mübahisənin predmetiolan - İddiaçı ilə Cavabdeh İKB ASC və digərləri arasında bağlanmış xx.xx.2010cu il tarixli 665 b saylı sonrakı ipoteka müqaviləsi üzrə bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal – 1 küçəsində yerləşən 667,8 m2 əsas, 222,7 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. Hazırda iddiaçı qeyd olunan ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün hazırkı iş üzrə heç bir qanuni əsas müəyyən edilmədi. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında qeyd olunan ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Bu səbəbdən, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün qanuni əsaslar yoxdur, iddia tələbi əsassızdır, ona görə də təmin edilə bilməz. Rayon məhkəməsi hazırkı iddia tələbini rədd edərkən MM-nin 354.1-ci maddəsində təsbit olunmuş bir illik müddətin ötürülməsinə, həm də ona iddia müddəti kimi istinad etmişdir. Bunula bağlı Kollegiya qeyd edir ki, rayon məhkəməsinin bu mövqeyi aşkar əsassızdır. Ona görə ki: birincisi, MM-nin 354-cü maddəsində təsbit olunmuş müddət iddia müddəti yox, kəsici müdddətdir, kəsici müddətin tətbiqi üçün isə hər hansı ərizənin verilməsinə ehtiyac yoxdur, məhkəmə öz vəzifəsinə görə maddi hüquq norması kimi həmin müddəti tətbiq etməlidir; ikincisi, (və həm də başlıcası) iddia müddəti (kəsici müddətin özü də) yalnız və yalnız keçərli olan, başqa sözlə, əsaslı olan və buna görə də təmin edilməli olan iddia tələbinə tətbiq edilə bilər, lakin keçərli olmayan, yəni əsassız olan iddia tələbinə iddia müddəti tətbiq oluna bilməz, əsassız olan iddialar yalnız elə əsassız olmasına görə rədd edilməlidir. Hazırkı mülki iş üzrə İddiaçı tələbi, artıq yuxarıda şərh olunanlardan da göründüyü kimi, öz-özlüyündə keçərli deyil, əsassızdır, çünki onun mübahisələndirdiyi ipoteka müqavilələrinin etibarlılığı məsələsi qüvvədə olan məhkəmə aktları ilə yoxlanılaraq ona qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı hazırkı işlə bağlı heç vaxt Nəsimi Rayon Məhkəməsində məhkəmə iclasında iştirak etmədiyini qeyd etmiş, cavabdehin nümayəndəsi və vəkili N.Məmmədov da bu faktı təsdiq etmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı həqiqətən də məhkəmə iclaslarında iştirak etməmiş, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3117/19 saylı, xx.xx.2019cu il tarixli məhkəmə iclas protokolunda iddiaçının məhkəmə iclasında iştirak edərək iddiasını müdafiə etməsi barədə ətraflı izahatı, eləcə də sədrlik edənin sualına cavabı qeyd edilmişdir (i/v 52-54). Bu isə rayon məhkəməsi tərəfindən işin faktiki hallarının aşkar şəkildə təhrif olunduğunu göstərir. Azяrbaycan RespublikasıМцлкиПросессуалМяъяллясиnin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Göstərilən Məcəllənin 387.2.2 -ci maddəsinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiya hesab edir ki, prosessual hüquq normasının tələbləri birinci instansiya məhkəməsi tərəfindən pozulduğundan qətnamə ləğv edilməlidir. Nəticə: Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3117/19 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun, yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-12163/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-12163/2019
13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver