Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1219/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "X6" MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmək mübahisələri, işə bərpa) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "X6" MMC-yə qarşı “əmrin ləğv edilməsi, pul vəsaitinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2953/2022 saylı, 01 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra, iddiaçı) xx.xx.2019-cu il tarixdə “X6" MMC-də (bundan sonra, cavabdeh) direktor vəzifəsinə təyin olunmuş və bu vəzifədə işləyərkən "X6" MMC-nin xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni heç bir üzrlü səbəb olmadan bütün iş günü (25 mart 2022-ci il tarixdə) işə gəlməməsi əsası ilə işdən azad olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı “əmrin ləğv edilməsi, pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X6" MMC-nin direktoru vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad olunması barədə 22 aprel 2022-ci il tarixli əmrin ləğv edilməsi, "X6" MMC-nin direktoru vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəilssinin 70-ci maddəsinin “a” bəndinə əsasən azad olunması ilə bağlı yeni əmr çıxarılması və ödənilməyən 3 ay 22 günlük müddət üçün 13355 manat məbləğində əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, 02 sentyabr 2019-cu il tarixdə direktor vəzifəsinə təyin olunmuş, 30 dekabr 2021-ci il tarixdə cavabdeh fəaliyyətini dayandırmışdır. Bu səbəbdən bütün işçilərin, həmçinin onun əmək kitabçasına əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi qeyd olunmuşdur. Lakin əmr verilmədiyi üçün əmək kitabçasında əmrin nömrəsi və tarix qrafası boş saxlanılmşdır. Həmin tarixdən mart ayının sonuna qədər işə gedib əmək fəaliyyətini həyata keçirməyinə baxmayaraq ona 3 ay ərzində heç bir əmək haqqı ödənilməmişdir. Həmçinin rəsmi olaraq 22 aprel 2022-ci il tarixə qədər əmək müqaviləsinə xitam verilməmişdir. Cavabdeh tərəfə əmək müqaviləsinə xitam verilməsi və ödənilməyən aylar üçün əmək haqqının ödənilməsi ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq qarşı tərəf heç bir müsbət addım atmamışdır. Yaranmış mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə cavabdeh tərəfə pretenziya məktubu göndərdikdən sonra ona həmin 3 ay ərzində işdə olmamağı ilə bağlı cavab məktubu göndərilmişdir. O, 18 mart 2022-ci il tarixə qədər Cavabdeh MMC-də işdə olmuşdur. Bunu onun şirkətə giriş kartının qeydiyyatı, ona məxsus avtomobilin avtodayanacaqda qeydiyyatı, videogörüntülər, işçilərlə ünsiyyətdə olmağı, onun email ünvanına yazılan elektron müraciətlərə cavabları, sənədləşmə işlərində imza və möhürdən istifadə etməyi və bu kimi digər hallar təsdiq edir. Bütün bu çoxsaylı şifahi və yazılı qaydada edilən müraciətlərdən sonra onun əmək müqaviləsinə 22 aprel 2022-ci il tarixdə qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmişə işində və vəzifəsində məsuliyyətli olmuş, heç bir hüquqazidd hərəkət törətməmişdir. Bütün bunlar həmin müəssisədə çalışan digər işçilərə də məlumdur. Lakin işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilənə qədər ödənilməyən əmək haqqının ödənilməməsi məqsədilə, qərəzli olaraq bu addım atılmışdır. Odur ki, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında 22 aprel 2022-ci il tarixli əmr ləğv olunmalı, əmək müqaviləsinə xitam verilənə qədər ona ödənilməyən 3 ay 22 günlük 13355 manat məbləğində əmək haqqı ödənilməlidir. Mübahisənin həlli ilə bağlı Bakı 6 saylı mediasiya təşkilatına müraciət etməyinə baxmayaraq, cavabdeh tərəf mediasiya prosesində iştirak etməkdən boyun qaçırmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun email ünvanına girişinin qarşısını almaq üçün cavabdeh tərəfindən şifrəsi dəyişdirilmişir. Nəticədə o, mart ayının sonuna qədər əmək fəaliyyətilə bağlı göndərdiyi və qəbul etdiyi sənədlərin, yazışmaların hər birini məhkəməyə təqdim etmək imkanından məhrum olmuş dəfələrlə cavabdeh tərəf ilə əlaqə saxlayıb işdən çıxarılma əmrinin surətini istəməyinə baxmayaraq hələ də həmin əmrin surəti ona verilməmişdir.
4. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində göstərdiyi tələbi onunla əsaslandırmağa çalışır ki, guya 3 ay ərzində ona işlədiyi dövr üçün əmək haqqı ödənilməlidir, çünki 22 aprel tarixinə qədər əmək müqaviləsinə xitam verilməmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar işəgötürənə müraciət etməmişdir. Cavabdehin qanuni təmsilçisi (direktoru) olaraq, iddiaçı məlumatlıdır ki, əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürən kimi direktoru olduğu müəssisənin təsisçisinə müvafiq ərizə ilə müraciət etməli idi yaxud ən azından özünün əmək müqaviləsini özü rəsmiləşdirərək xitam etməli idi. Necə ki, 30 dekabr 2021-ci il tarixdə eyni gündə bir neçə işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə xitam edilmişdir. Bu Şirkətdə audit yoxlamasının ilkin nəticələri ilə aşkar edilmişdir. Buradan aydın olur ki, iddiaçı, rəhbər olaraq, işçiləri müəssisənin ləğv edilməsi əsası ilə (halbuki müəssisə ləğv edilməmişdir, mövcuddur) qeyri-qanuni xitam verərək, həmin işçilərə qanunsuz olaraq, əlavə ödənişlər edilməsini təmin etmişdir. Eyni qaydada özünə də həmin tarix üçün əlavə əmək haqqı, son haqq-hesab yazmış və ödənilməsinə nail olmuşdur. Bununla da rəhbərlik etdiyi şirkətə maddi zərər vurmuşdur. Bundan əlavə hazırki iddia tələbləri ilə də maddi maraq güdərək əlavə gəlir əldə etmək istəyi görünür. Bunu təsdiq edən müvafiq bank çıxarışları məhkəməyə təqdim edilmişdir artıq, iş materiallarında mövcuddur. Belə ki, iddiaçının əmək haqqısı 3995,69 manat olduğu halda, Əmək Məcəlləsinin 70 (a) maddəsini əsas gətirərək özünə 5593,97 manat əlavə ödəniş etmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 83-cü maddəsini də əsas gətirərək 1454,06 manat məbləğində öz hesabına əlavə ödəniş köçürmüşdür. Toplamda 30 dekabr 2021-ci il tarixinə 10444,99 manat (net olaraq) məbləğində şirkətin hesabından öz əmək haqqı-hesabına pul köçürmüşdür. Göstərilənlərdən əlavə, mülki işin baxılmağa hazırlanması mərhələsində cavabdeh tərəfin iştirakı olmadan şahid kimi dindirilmiş X1 da əmək müqaviləsinə yuxarıda bəhs etdiyi bir neçə işçi ilə eyni vaxtda, yəni 30 dekabr 2021-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə (müəssisə ləğv edildikdə) xitam verilmişdir. Yəni şahidin dindirildiyi və məhkəmədə aydınlıq gətirmək istədiyi, həmçinin məhkəmə mübahisəsinə səbəb olan dövrlərdə cavabdeh təşkilatda işçi olaraq fəaliyyət göstərməmişdir. Bu hal da onu göstərir ki, belə tipli şahid ifadəsi də məhkəmə üçün hər hansı sübut əhəmiyyətli deyil və işin hər hansı halının aydınlaşdırılmasına xidmət etmir. Bundan başqa şahid kimi dindirilmiş X3 iddiaçı tərəfindən şəxsən işə cəlb edilmiş Cəmiyyətin işçisi olmaqla iddiaçı tərəfindən ona da qanunsuz və əsassız olaraq Əmək Məcəlləsinin 70 (a) maddəsini əsas gətirərək əlavə əmək haqqısına 1.559,77 AZN və Əmək Məcəlləsinin 83-cü maddəsini əsas gətirərək 1830,73 manat vəsait köçürmüşdür (29 dekabr 2021-ci il tarixdə). Bu onun göstəricisidir ki, şahid qismində çıxış edən şəxs asılı, maraqlı və qərəzli şəxsdir və onun ifadələrini əsas götürmək olmaz. İddiaçı cavabdeh şirkətin qanuni təmsilçisi (direktoru) olaraq, iddiaçının əmək müqaviləsinə xitam verilmədiyindən o, işə gəlməli idi. Buna baxmayaraq, iddiaçı əmək müqaviləsi üzrə vəzifələrini kobud pozaraq 29 dekabr 2021-ci il tarixdən etibarən işə davamiyyətsizlik göstərmişdir. Müəssisənin rəhbəri olduğundan ona müraciət edilərək işə gəlmədiyinin səbəbinin bildirməsi barədə xəbərdarlıq göndərilmiş, lakin müraciət nəticəsiz qalmışdır. Bu səbəbdən də onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq maddəsi ilə xitam verilmişdir. İddiaçı işə gəldiyini iddia ərizəsində göstərsə də bunu hər hansı mötəbər sübutla təsdiq edə bilmir. Əksinə işə gəlmədiyi tarixdən etibarən 18 mart 2022-ci il tarixədək ona əmək haqqı ödənilməsini tələb edir. Halbuki, iddiaçı onun əmək müqaviləsinə xitam verilən günə qədər əmək haqqısını öz hesabına müəssisənin qanuni təmşilçisi, direktoru olaraq özü özünə Cəmiyyətin hesabından ödəmişdir artıq (29 dekabr 2021-ci ildə). Müvafiq sübut (bank çıxarışları) məhkəməyə təqdim olunubdur. İddiaçı həmçinin iddia ərizəsində onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən azad olunması ilə bağlı yeni əmr verilməsini tələb edir. Bu tələbi də əsassız və qanunsuz hesab edirik. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi əmək müqaviləsinə işəgötürən tərəfindən müəssisə ləğv edilərkən xitam verilməsini tənzimləyir. Lakin cavabdeh müəssisə ləğv edilməmişdir, bu barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Ona görə də əmək müqaviləsinə həmin əsasla xitam verilməsi əsassız və qanunsuzdur. Bundan əlavə həmin əsasla əmək müqaviləsinə xitam verildiyi halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsində göstərilmiş miqdarlarda işdənçıxma müavinətləri ödənilməsi nəzərdə tutulmuşdur. Bu da şirkəti (cavabdehi) əlavə əsassız maliyyə itkiləri ilə üz-üzə qoymaq, iddiaçı tərəfindən əsassız gəlir etməklə nəticələnə bilər. İddiaçı iddia ərizəsinə əlavə etdiyi əmək kitabçasının surətindən görünür ki, iddiaçı cavabdeh müəssisənin qanuni təmsilçisi olmasından istifadə edərək, öz əmək kitabçasına qanunsuz olaraq, özü ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verildiyini qeyd etməklə, imzalamış və möhürləmişdir. Yuxarıda da qeyd etdiyi kimi, bu hal vəzifələrdən süi-istifadədir və qanunsuz əməldir. İddiaçı iddia ərizəsinə elektron poçtdan çıxarışlar adlandırdığı sənədlər əlavə etmişdir. Hesab edir ki, hətta hansısa məktubların həqiqətən gəlməsi qəbul edilsə belə, elektron poçt ünvanına gələn yaxud göndərilən elektron məktublar şəxsin məhz işdə olmasının göstəricisi deyil və hər hansı sübut əhəmiyyəti daşımır. Çünki elektron məktubların gəlməsi və getməsi şəxsin işdə olmasından asılı olmayaraq həyata keçirilə bilər. Hətta mobil telefonlardan elektron məktublar göndərmək və qəbul etmək çox sadə bir prosesdir.
5. Birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə eyni şirkətdə mühəndis vəzifəsində işləmiş, iddiaçı şirkətin direktoru olmuşdur. Onun mühəndis kimi işi ərazilərdə olurdu. Bakı şəhəri Ağ Şəhər adlanan ərazidə yerləşən baş ofisə tez-tez getmək zərurəti yaranmırdı. Belə ki, onların işi layihələrlə bağlı müxtəlif ərazilərdə olurdu. İddiaçı hər gün səhər 9, 10 və 11 radələrində ərazilərə nəzarət üçün baxış keçirməyə gəlirdi. O, işçilərin davamiyyətini, bundan əlavə işdəki ümumi qüsurları da yoxlayırdı. 25 aprel ərəfəsində də iddiaçı yoxlama keçirmək üçün əraziyə gəlmişdir. Həmin vaxt “Nobel Bravo” adlanan layihə üzrə tikinti işləri aparılırdı. O, 2021-ci ildə, dekabr ayının sonu şirkət bağlandığına görə işdən çıxarılmışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(006)- 2953/2022 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia qismən təmin edilərək, İddiaçı işdən azad olunması barədə "X6" MMC-nin 22 aprel 2022-ci il tarixli, 02/İR/2022 saylı əmrinin ləğv edilməsi, iddiaçının "X6" MMC-də direktor vəzifəsinə bərpa edilməsi və ona 2022-ci ilin yanvar ayının 1-dən hesablanmaqla əmək haqqı və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilməli olan 100 manatın 50 manat hissəsinin "X6" MMC-dən tutularaq dövlət gəlirinə alınması qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, işçi ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmalı, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmalıdır. Qeyd edilən hala aydınlıq gətrimək üçün cavabdeh iddiaçıdan izahat almaq məqsədilə ona bir neçə dəfə xəbərdarlıq məktubun göndərilməsinə istinad etmiş, müvafiq məktubları məhkəməyə təqdim etmişdir. Lakin bu məktubların məzmunundan göründüyü kimi iddiaçıdan işdən çıxarılmasına əsas olmuş tarixdə (xx.xx.2022-ci il tarixi) işə gəlməməsi səbəbinin üzrlü olub-olmaması barədə yox, xx.xx.2021-ci il tarixdə işə olmamasının səbəbi barədə izahat verilməsi tələb edilmişdir. İş materiallarından isə görünür ki, İddiaçı barəsində tətbiq edilmiş intizam tənbehi onun xx.xx.2022-ci il tarixində işə üzrlü səbəb olmadan gəlməməsi ilə əlaqədar olmuşdur. Bununla da cavabdeh tərəfin iddiaçını izahat vermək üçün dəfələrlə çağırdığını, lakin onun izahat verməkdən qəsdən boyun qaçırdığı barədə dəlilləri yuxarıda qeyd edilənlərlə təkzib edilmişdir. Beləliklə iş materiallarından müəyyən edildiyi kimi iddiaçıdan işdən çıxarılmasına əsas olmuş intizam qaydalarının pozulması faktı ilə əlaqədar yazılı izahat alınmamışdır. Halbuki işçinin yazılı izahatı üç mühüm funksiyanı yerinə yetirir: xəta faktını təsbit edir; işəgötürənə xətanın səbəbini nəzərə almaq imkanı verir; xətanın aşkar olunduğu tarixi təsbit edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramının qeyd edilmə günləri müəyyən edilmiş, martın 20-si bazar gününə təsadüf etdiyindən və Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirildiyindən 25 mart qeyri-iş günü olacağı, beləliklə də 19, 26 və 27 mart tarixləri də şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacayağı elan edilmişdir. Halbuki “X6" MMC-nin İddiaçı barəsində verdiyi 02/İR/2022 saylı, xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, iddiaçının məhz 25 mart 2022-ci ildən etibarən bütün iş günü işə gəlmədiyi üçün tutduğu direktor vəzifəsindən azad edilməsi əmr edilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddənin məzmununa görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd edilənlərə baxmayaraq məhkəmə araşdırması nəticəsində “X6" MMC-nin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə zidd davrandığı aşkar olunmuşdur. Belə ki, işin mübahisələndirilməyən hallarından göründüyü kimi İddiaçı işdən çıxarılarkən son haqq-hesab verilməmişdir. Cavabdeh tərəf qeyd edilən halı 30 dekabr 2021-ci il tarixdə iddiaçının qanunsuz olaraq, əlavə əmək haqqı və son haqq-hesabın ödənilməsinə nail olduğu, bununla da rəhbərlik etdiyi şirkətə maddi zərər vurduğu, əlavə son haqq-hesabının həyata keçirilməsinə ehtiyac qalmadığı ilə əsaslandırsa da, məhkəmə cavabdeh tərəfin bu mövqeyi ilə razılaşmır. Belə ki, cavabdehişəgötürən iddiaçının 30 dekabr 2021-ci il tarixdə özünə hesabladığı ödənişlərin əsassız olmasına istinadən işəgötürənə vurulmuş maddi ziyanın ödənilməsi üçün iddiaçını məsuliyyətə cəlb etmək məqsədilə müvafiq qanunvericiliyə uyğun olaraq tədbirlər görmək (məhkəməyə müraciət etmək və s.) hüququna malikdir və bu hal iddiaçıya sonuncu iş günü son haqq-hesabın verilməsini istisna etmir. Məhkəmə həmçinin “3 ay 22 günlük əmək haqqının ödənilməsi”nə dair iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçının rəhbərlik etdiyi müəssisə ləğv edilməmiş, “X6" MMC tərəfindən tərtib edilmiş davamiyyət cədvəlinə əsasən İddiaçı işə hər gün gəldiyi müəyyən edilmişdir. Cavabdeh iddiaçının səhər işə vaxtında gəlmədiyini axşam isə vaxtında çıxamadığını, özünə dekabr ayının əmək haqqı kimi 10.444,99 manat məbləğində pul köçürdüyünü bildirərək, iddiaçının bu tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, işəgötürən iddiaçını vaxtlı-vaxtında işə gəlməməsinə əsası ilə mübahisəli əmək münasibətlərinə xitam veriləcəyi barədə rəsmi formada xəbərdarlıq etmək və ya digər preventiv tədbirlər görmək, iddiaçı ilə gecikməsini ilk dəfə aşkar etdiyi günlərdə əmək münasibətlərinə xitam vermək hüququna malik idi. Buna baxmayaraq işəgötürən əmək qanunvericiliyinə əsasən ona verilən bu hüquqdan istifadə etməmişdir. İddiaçıya sonuncu iş gününə qədər əmək haqqı hesablanmalı idi, sonuncu iş günü iddiaçıya son haqq-hesab olaraq ödənilməmiş əmək haqqı ona verilməli idi.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 72, 83, 300-cü və s. maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, mübahisələndirilən əmrin qanuni olması, qanunvericiliyin tələblərinin pozulmaması, iddiaçı tərəfindən digər pozuntulara yol verilməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun, eyni məzmunlu izahat vermişdir.
12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdhin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).
14. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
15. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur.
16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
17. Əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi).
18. ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
19. ƏM-in 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
20. ƏM-nin 80-nin 1-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
21. ƏM-nin 80-nin 2-ci hissəsinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
22. ƏM-nin 300-ün 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər.
Apelyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır.
33. İşdə olan sübutlara əsasən – cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verərkən, mübahisələndirilən əmrində sonuncunun əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq 25 mart 2022-ci il tarixdə bütün iş günü ərzində işə gəlməməsinə, bu barədə tərtib olunmuş 29 mart 2022-ci il tarixli akt əsaslanmışdır.
34. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
35. İşçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə ciddi əməl edilməli olması müəyyən edilmişdir. Bu hal həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının xx.xx.2021-ci il tarixli Qərarında də öz əksini tapmışdır.
36. Qanunverici işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin üzərinə mühüm vəzifələr qoymuşdur. Bu sahədə işəgötürənən əmri qanunvericilikdə nəzərədə tutulmuş maddi və formal tələblərə cavab verməlidir.
37. İşçi ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmalı, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmalıdır. Qeyd edilən hala aydınlıq gətrimək üçün cavabdeh iddiaçıdan izahat almaq məqsədilə ona bir neçə dəfə xəbərdarlıq məktubun göndərilməsinə istinad etmiş, müvafiq məktubları məhkəməyə təqdim etmişdir. Lakin bu məktubların məzmunundan göründüyü kimi iddiaçıdan işdən çıxarılmasına əsas olmuş tarixdə (xx.xx.2022-ci il) işə gəlməməsinin səbəbinin üzrlü olubolmaması barədə yox, xx.xx.2021-ci il tarixdə işdə olmamasının səbəbi barədə izahat verilməsi tələb edilmişdir.
38. İş materiallarından (əmr və s.) görünür ki, iddiaçı barəsində tətbiq edilmiş intizam tənbehi onun məhz xx.xx.2022-ci il tarixdə işə üzrlü səbəb olmadan gəlməməsi ilə əlaqədar olmuşdur. Bununla da cavabdeh tərəfin iddiaçını izahat vermək üçün dəfələrlə çağırdığını, lakin onun izahat verməkdən qəsdən boyun qaçırdığı barədə dəlilləri təkzib edilmişdir.
39. Beləliklə iş materiallarından müəyyən edildiyi kimi iddiaçıdan işdən çıxarılmasına əsas olmuş intizam qaydalarının pozulması faktı ilə əlaqədar yazılı izahat alınmamışdır. Halbuki işçinin yazılı izahatı üç mühüm funksiyanı yerinə yetirir: xəta faktını təsbit edir; işəgötürənə xətanın səbəbini nəzərə almaq imkanı verir; xətanın aşkar olunduğu tarixi təsbit edir.
40. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramının qeyd edilmə günləri müəyyən edilmiş, martın 20-si bazar gününə təsadüf etdiyindən və Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirildiyindən 25 mart qeyri-iş günü olacağı, beləliklə Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacayağı elan edilmişdir. Halbuki “X6" MMC-nin İddiaçı barəsində verdiyi 02/İR/2022 saylı, xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, iddiaçının məhz 25 mart 2022ci ildən etibarən bütün iş günü işə gəlmədiyi üçün tutduğu direktor vəzifəsindən azad edilməsi əmr edilmişdir.
41. Cavabdeh 25 mart 2022-ci il tarixində iddiaçının işə cəlb olunması və ya onun işdə olmalı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, iş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. (ƏM-nin 105-ci maddəsi).
42. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsi).
43. Göründüyü kimi, işçinin sadəcə əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi özü-özlüyündə əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğvinə əsas ola bilməz. Eyni zamanda - müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmalıdır. Cavabdeh isə bununla bağlı da məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir (yəni, 25 mart 2022-ci il tarixi iş günü hesab olunsaydı belə, cavabdeh əmrini qeyd edilən hallarla bağlı da əsaslandırmalı idi).
44. Azərbaycan Respublikası Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir.
45. Cavabdeh istər iddiaya etirazında, istərsə də apellyasiya şikayətində iddiaçının mübahisələndirilən əmrin verilməsinə səbəb kimi göstərilməmiş, digər pozuntulara (digər işçilərə artıq əmək haqqı yazması və s.) yol verməsini göstərmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia olunan digər pozuntulara yol verib-verməməsinin hazırki mübahisənin qanuni həlli baxımından əhəmiyyəti yoxdur, bu səbəbdən də həmin halların araşdırılmasına da zərurət yoxdur. Qeyd edildiyi kimi, cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verərəkən, yalnız onun 25 mart 2022-ci il tarixdə bütün iş günü ərzində işə gəlməməsinə, bu barədə tərtib olunmuş 29 mart 2022-ci il tarixli akt əsaslanmışdır.
47. Göründüyü kimi, iddia tələbi – cavabdehin 22 aprel 2022-ci il tarixli əmrinin ləğv olunması hissədə əsaslıdır. Cavabdeh bunun əksini sübut edə bilməmişdir.
48. Bununla yanaşı, iddia tələbi - ödənilməyən 3 ay 22 günlük müddət üçün əmək haqqının cavabdehdən tutulması hissədə də əsaslıdır. Çünki, işdə olan sübutlarla iddiaçıya işlədiyi dövrdə qeyd olunan müddət üzrə əmək haqqının verilməməsi tam sübut olunur.
49. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh “X6" MMC ləğv edilməmiş, tərtib edilmiş davamiyyət cədvəlinə əsasən iddiaçının işə hər gün gəldiyi müəyyən edilmişdir. Cavabdeh iddiaçının səhər işə vaxtında gəlmədiyini axşam isə vaxtında çıxamadığını, özünə dekabr ayının əmək haqqı kimi 10444,99 manat məbləğində pul köçürdüyünü bildirərək, iddiaçının bu tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. İşəgötürən iddiaçını vaxtlı-vaxtında işə gəlməməsinə əsası ilə mübahisəli əmək münasibətlərinə xitam veriləcəyi barədə rəsmi formada xəbərdarlıq etmək və ya digər preventiv tədbirlər görmək hüququna malik idi. Buna baxmayaraq işəgötürən əmək qanunvericiliyinə əsasən ona verilən bu hüquqdan istifadə etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya sonuncu iş gününə qədər əmək haqqı hesablanmalı idi, sonuncu iş günü iddiaçıya son haqq-hesab olaraq ödənilməmiş əmək haqqı ona verilməli idi.
50. Birinci instansiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin ləğv edilmə əsaslarını pozaraq və ya ona riayət etmədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məhkəmə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Cavabdeh tərəfindən iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi zamanı qanun pozuntusuna yol verildiyi üçün o, işə bərpa olunmasına və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair tələb irəli sürmədiyi təqdirdə də onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması məsələsi öz həllini tapmalıdır.
51. Məhkəmə eyni zamanda iddianın "X6" MMC-nin direktoru vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən azad olunması ilə bağlı yeni əmr çıxarılması”na dair tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçının işə bərpa olunmasından sonra sözügedən məsələnin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aid olacaqdır. Belə ki, müəssisə istehsalın və idarəçiliyinin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. İşçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin müvafiq bəndinə əsasən yenidən ləğv olunacağı və bununla bağlı məhkəmə mübahisəsi yaranacağı təqdirdə işə bərpa olunan iddiaçının işdən çıxarılmasına dair mübahisəyə yenidən baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunub-olunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirəcəkdir.
52. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, qeyd edir ki, işdə olan və araşdırılmış sübutlarla cavabdehin mübahisələndirilən əmrinin qanunsuz olması, bunun nəticəsində iddiaçının əmək hüquqlarına qanunsuz müdaxilə baş verməsi halı müəyyən edilmişdir.
53. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2953/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.