Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1225/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Elyar Həsənovun, Cavabdehin nümayəndəsi Əfifə Əsgərovanın iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “ipoteka öhdəliyinə xitam verilməsi” tələbinə dair 2(009)-1121/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” QSC ilə İddiaçı arasında olan ipoteka öhdəliyinə xitam verilməsi və Bakı şəhəri, Ə.Əliyev küçəsi, 1956/1989-cu məhəllədəki 26 saylı evin 604-cü mənzilinin ipoteka yüklülüyündən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci il tarixdə “xxxx” ASC və İddiaçı arasında 24 aylıq kredit müqaviləsi bağlanmışdır. Müqavilədən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı məxsus Bakı şəhəri, H.Əliyev prospektindəki 73/1 saylı evin 29-cu mənzili “xxxx” ASC qarşısında eyni tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. xx xxx 2013-cü il tarixdə bağlanmış müqavilə ilə ipotekadakı mənzil Bakı şəhəri, Ə.Əliyev küçəsi, 1956/1989-cu məhəllədəki 26 saylı evin 604-cü mənzili ilə dəyişdirilmişdir. 2016-cı ilədək kredit üzrə iddiaçı ödənişlər etmiş və hesablamalarına görə borcunu bağlamışdır. Lakin bugünlərdə iddiaçıya məlum olmuşdur ki, mənzili yüklülükdən azad olunmamışdır. İddiaçı banka müaciət etmiş və bankdan ona bildirmişdirlər ki, ödənişlərdə gecikmələr olduğuna görə ödənişlər cərimə və faizlərə silindiyindən, iddiaçının borcu tam bağlanmamışdır. Cavabdehin iddiaçıdan tələb etdiyi borc qanunsuzdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla "Bank Standard” Qapalı Səhmdar Cəmiyyəti arasında 2008-cu il fevralın 05-də 24 aylıq kredit müqaviləsi bağlanmışdır. Bu müqavilənin təminatı olaraq eyni tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyətindəki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektindəki 73/1 saylı evin 29-cu mənzili ipoteka ilə yüklü edilmişdir. xx xxx 2013-cü ildə bağlanmış müqavilə ilə ipotekadakı mənzil Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1956/1989-cu məhəllədəki 26 saylı evin 604-cü mənzili ilə dəyişdirilmişdir (çünki birinci ev ümumi söküntu planı üzrə sökülürdü). Əri şəhiddir (bunu təsdiq edən sənədi məhkəməyə təqdim etmişlər), maddi vəziyyəti yaxşı olmadığına görə, krediti gecikmələrlə ödəmişdir, 2016-cı ilədək kredit üzrə ödənişlər etmişdir və təxmini hesablamalarına görə borcunu bağlamışdır (qrafikdə nəzərdə tutulan məbləği gecikmələrlə də olsa, artıqlaması ilə ödəmişdir). 2020-ci ilin təxminən fevral mart aylarında ona məlum oldu ki, mənzili yüklülükdən azad edilməyib. Banka müraciət etmiş, bankdan bildiriblər ki, ödənişlərdə gecikmələr olduğuna görə, ödənişlərin cəriməyə və müqavilə müddətindən sonrakı dövrə də hesablanmaqla faizlərə silindiyindən, guya borcum qalmaqdadır və buna görə də, əmlak yüklülükdən azad edilməyəcək. Kredit və ipoteka müqavilələri 2008-ci ilin fevralında 2 il müddətinə bağlanmışdır və müddətləri 2010-cu ilin fevralında bitmişdir. Sonuncu ödəniş 2016 cı ildə edilmişdir. Ehtimal ki, ondan tələb edilən borcun qanunsuz olmasına (müqavilə müddətindən sonraya müqavilədəki faiz dərəcəsilə faiz borcu hesablanması və sairə) və iddia müddətinin keçməsinə görə məhkəmədə mənə qarşı iddia qaldırmırlar. Borcun qalıb-qalmamasından asılı olmayaraq, kredit öhdəliyi müddətin keçməsinə görə xitam olub. Birinci instansiya məhkəməsinin hakimi, götürüb qətnaməni məsələyə heç bir dəxli olmayan mülahizələrlə "əsaslandırıb": məsələn: "Öhdəlik tam yerinə yetirilmədiyinə görə ipoteka müqaviləsi etibarsız hesab edilə bilinməz" (qətnamənin ikinci səhifəsinin sonu - üçüncü səhifəsinin əvvəli), yaxud yazır ki, cavabdeh borcu ödədiyini sübut edə bilməmişdir. Əvvəla iddiaçı borcun olub-olmamasına deyil, müddətin keçməsinə görə öhdəliyə xitam veriməsinə dair maddi hüquq normalarına istinad edib (əqdin etibarsızlığının bura nə dəxli). İkincisi isə, iddiaçı borcunu ödədiyini bildirdiyi və vəkilinin borcun bitib - bitmədiyini müəyyən etmək üçün ekspertiza keçirtmək haqqında vəsatətini təmin etmədiyi halda, hakim hansı əsasla məhz maraqlı tərəfin - kreditor cavabdehin təqdim etdiyi maliyyə arayışına əsasən borcun olması nəticəsinə gəlmişdir. İddiaçının vəkilinin borcun bitib - bitmədiyini müəyyən etmək üçün ekspertiza keçirtmək haqqında vəsatətini "iş uzun müddətdir icraatdadır, vaxt yoxdur" mülahizəsilə təmin etməyən hakim işin karantinə görə aylarla baxıla bilinməməsinin bədəlini hansı mənəvi keyfiyyətlə şəhid ailəsinə ödətdirir (ipoteka qoyulmuş mənzil şəhid ailəsi olduğumuza görə verilmişdir). Məhkəmə həmçinin nəzərə almamışdır ki, iddiaçı iddia ərizəsini əsaslandırmağa borclu deyildir və iddia tələbi iddia ərizəsində göstərilən maddi - hüquq normaları sırasında olmayan başqa maddi hüquqi normalarla əsaslıdırsa, təmin edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, xx xxx 2013-cü il tarixli “xxxx” MMC, İddiaçı və “xxxx” QSC arasında bağlanmış üçüncü şəxsin xeyrinə müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən “xxxx” MMC ona məxsus olan Bakı şəhəri, Ə.Əliyev küçəsi, 1956/1989-cu məhəllədəki 26 saylı evin 604-cü mənzilini tam və İddiaçı ona məxsus olan Bakı şəhəri, H.Əliyev prospektindəki 73/1 saylı evin 29 saylı mənzilini tam dəyişmişlər. Həmin müqavilə ilə eyni zamanda “xxxx” ipoteka predmetini dəyişərək Bakı şəhəri, H.Əliyev prospektindəki 73/1 saylı evin 29 saylı mənzilin yüklülüyünü müəyyən etmişdir. “xxxx” QSC-nin xx xxxxxx 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilə “xxxx” QSC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən 20,230 manat məbləğində kredit verilmişdir. Eyni zamanda məktubda qeyd edilmişdir ki, İddiaçı sözügedən kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə “xxxx” QSC qarşısında 5277,97 manat əsas, 18919,44 manat faiz borcu vardır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 294.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Həmin Məcəllənin 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 311.1-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il müddət keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, İddiaçı cavabdeh qarşısında öz üzərinə götürmüş olduğu öhdəliyi tam yerinə yetirdiyinə istinad etsə də, bu halı təsdiqləyən hər hansı mötəbər və mümkün sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçının müddətin keçməsi ilə bağlı öhdəliyə xitam verilməsi barədə dəlili də əsaslı sayıla bilməz. Belə ki, hər hansı tələb üzrə müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur və qanunvericilikdə müəyyən edilmiş hallarda iddianın rədd olunması üçün əsasdır. Baxılan iş üzrə Bank ipoteka ilə təmin edilmiş kredit öhdəliyi üzrə kredit borcunun qaytarılması barədə tələb irəli sürməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)- 1121/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1225/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1225/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver