Məhkəmə qərarları › İş №2(103)-12252/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12252/2021

23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12252/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1463/2021 nömrəli, 26.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC-nin verdiyi apellyasiya şikayətinin geri qaytarılmasına dair həmin Məhkəmənin 17.11.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 MMC-nin Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1463/2021 nömrəli, 26.08.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 MMC-nin verdiyi şikayət təmin edilməyərək Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etmirlər. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(009)- 1463/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat Cavabdeh1 MMC-dən tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(009)- 1463/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, mülki iş apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sonradan Cavabdeh1 MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(009)-1463/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10655/2021 saylı, 03.11.2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin MülkiProsessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək düzgün olaraq hesab etmişdir ki, Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Kollegiya qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli qərardadının ləğvi üçün hüquqi əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. qərara a l d ı: Cavabdeh1 MMC-nin şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar