Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1226/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının hüquqi varisinin nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh1 və digər cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-91/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçının hüquqi varisi Orayav Sergey tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh1 İddiaçı əridir və onların övladı olmamışdır. Digər Cavabdeh2 Cavabdeh1 başqa nikahdan olan nəvəsidir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 29,22 kv.m olan 1 otaqlı mənzil (bundan sonra – mübahisəli mənzil) İddiaçı məxsus olmuş, cavabdehlə birgə nikah dövründə əldə edilməmişdir. İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29,22 kv.m olan 1 otaqlı mənzildə qeydiyyatda olmaqla orada yaşayır. Həmin mənzilə dair 23 sentyabr 2021-ci il tarixdə iddiaçı ilə onun əri Cavabdeh1 arasında, bundan 15 gün sonra, yəni 08 oktyabr 2021-ci il tarixdə isə sonuncu ilə nəvəsi Cavabdeh2 arasında daşınmaz əmlakın bağışlanması müqavilələri bağlanmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair onunla Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, 18 oktyabr 2021-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər məqsədli şəkildə onun ahıl, savadsız, xəstə olmağından sui-istifadə edərək, onu aldadaraq əmlakını ələ keçiriblər. Cavabdeh2 keçən il bir neçə dəfə guya babasına baş çəkmək adı ilə gələrək onu da çox istədiyini deyirdi. Onun özü hazırda yeriməkdə çətinlik çəkir və dörd ayaqlı əsa ilə güc-bəla ilə hərəkət edir. Keçən il onun ayaqlarında problem yarandığından, xəstələndiyindən yatağa düşdü və həmin ərəfədə yenə də Cavabdeh2 onlara gəlib getdi. Özünü ona mehriban göstərərək, hər zaman qulluğunda durmağa hazır olduğunu deyirdi. O, yəhudi xalqının nümayəndəsi olmaqla cəmiyyətə üzvdür və oradan müəyyən dəstəklər görür. Xəstə olan zaman Cavabdeh2 ona adını bilmədiyi sənədə qol çəkdirdi, bunu onunla əsaslandırdı ki, kommunal ödənişləri icra etməyə ona kömək məqsədilə edir. O da savadsız olduğundan hara nə çəkdiyini bilmədi. O qədər ağrıyırdı ki, onun bu çarəsiz halından istifadə edəcəyi ağlına da gəlməzdi. O gündən sonra Cavabdeh2 onlara gəlməyi dayandırdı. Nə bilərdi ki, onu aldadıb əmlakını ələ keçirib, niyyətinə nail olandan sönra gəlmir. Xeyli müddət keçəndən sonra Cavabdeh2 ondan mənzildən çıxmağı tələb etdi. Sonra məlum oldu ki, Cavabdeh2 onu aldadaraq qanunsuz yolla əldə etdiyi xx.xx.2021-ci il tarixli etibarnamə ilə onun adından həmin əmlakı ilkin olaraq xx.xx.2021-ci il tarixində digər Cavabdeh1 bağışlamış, o da həmin əmlakı xx.xx.2021-ci il tarixində Cavabdeh2 bağışlamışdır. O, əri Akifdən işin əsil vəziyyətini soruşduqda o, ilkin olaraq etiraf etdi ki, guya Cavabdeh2 onu da aldadıb, deyib ki, kimsəyə deməsin, həmin əmlakı bir yolla Cavabdeh1 adına rəsmiləşdirəcək və o, da sonra həmin əmlakı ona bağışlayar ki, gələcəkdə o, babasına baxar. Cavabdeh1 deyir ki, o, Aynura inandığından, ona çoxlu vədlər verdiyindən və bu məsələnin gizli olmağını dediyindən bu barədə ona nəsə deməmişdir. Bildirir ki, ona qarşı həm notariat orqanı, həm də adları qeyd olunan cavabdehlər tərəfindən oyunlar edilmiş, qanunvericiliyin tələbləri kobud səkildə pozulmuş, aldatma yolu ilə onun iradəsi ziddinə onun əmlakından məhrum ediblər. Bir daha qeyd edir ki, onun 82 yaşı var, yeriməkdə çətinlik çəkir, savadı yoxdur, yazıb-oxuya bilmir. Belə olan halda notariat orqanı tərəfindən onun adından məzmununu, mahiyyətini bilmədiyi etibarnamə verilməsi nə dərəcədə qanunidir? Belə ki, Bakı şəhəri 30 saylı notariat ofisi vasitəsilə onun evində tərəfindən Cavabdeh2 guya verilmiş (halbuki həmin etibarnamənin məzmununu bilməmiş, etibarnamə onun iradəsi ziddinə, aldatma yolu ilə verilmişdir) etibarnamə qanuni deyil. Notariat orqanı da üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməmiş və nəticədə onun əmlakından məhrum olmasına səbəb olmuş, ona ağır ziyan vurmuşdur. Aynur ondan xx.xx.2021-ci il tarixində etibarnamə alaraq 5 gün sonra, yəni xx.xx.2021-ci il tarixində Cavabdeh1 onun əmlakını bağışlamış, o, da 15 gün sonra, yəni xx.xx.2021-ci il tarixində Cavabdeh2 bağışlamışdır. Onu da qeyd edir ki, əldə etdiyi məlumata görə Cavabdeh2 guya onun adından aldığı etibarnamədə əmlakı Cavabdeh1 bağışlamaq səlahiyyətini verdiyini xüsusilə qeyd etdirib və səlahiyyətlərini başqa şəxsə verilməsini də göstərib. Bu faktın özü də sübut edir ki, Cavabdeh2 öz qanunsuz niyyətinə nail olmağı, gələcəkdə özünü şübhələrdən yayındırmaq üçün ərinə bağışlanmaq səlahiyyəti verilməsini xüsusilə vurğulatdırıb. Haqlı sual yaranır: əgər onun əmlakı ərinə bağışlamaq kimi niyyəti var idisə, nə üçün birbaşa ona bağışlamamış və ona bağışlamaq səlahiyyətini Cavabdeh2 vermişdir? Yaxud onun əmlakı Cavabdeh2 bağışlamaq fikri var idisə, niyə birbaşa ona bağışlamamışdır? O da maraqlıdır, o nə üçün əmlakını Cavabdeh2 bağışlamaq niyyətinə düşsün və yaxud da əmlakının hansı yolla olursa, olsun ona bağışlanılmasına şərait yaratsın ki? Onun Azərbaycanda bircə evi, əmlakı var, o da hazırda mülkiyyətindən qanunsuzluqla çıxarılmış, lakin hazırda yaşadığı və qeydiyyatda olduğu evidir. Onun hazırda orada yaşamağı, qeydiyyatda olmağı da baş verən oyunların iradəsi ziddinə olduğunu sübut edir.
4. Məhkəmə baxışının gedişində İddiaçı xx.xx.2023-cü il tarixdə öldüyündən onun vəsiyyət üzrə vərəsə olan qardaşı Orayav Sergey iddiaçının hüquqi varisi kimi prosesə daxil olmuşdur.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-91/23 saylı iş üzrə 29 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ü.Yusifova) iddia rədd edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, xx.xx.2021ci il tarixli və xx.xx.2021-ci il tarixli bağışlama müqavilələrində mənzilin hər hansı şərtlə bağışlanması qeyd olunmamışdır. İddiaçı Cavabdeh2 ona və əri Cavabdeh1 baxacağı təqdirdə evi ona bağışlayacağını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin, iş materiallarında olan CD diskdən görünür ki, tərəflər evin bağışlanmasını qeyd edirlər. Tam səmimi və mehriban bir şəraitdə iddiaçı və onun əri Cavabdeh1 nəvəsinə və onun ailəsinə xeyir-dua verirlər. Göründüyü kimi, iddiaçı könüllü razılıq əsasında sözügedən mənzili Cavabdeh2 bağışlamışdır. İddiaçının vəkili və nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli vəsiyyətnamədən görünür ki, İddiaçı vəsiyyətnamə ilə ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını qardaşı Orayav Sergeyə vəsiyyət edir. Məhkəmə, vəsiyyətnaməyə münasibət bildirərək qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı məhkəmədə mübahisə gedərkən qardaşına vəsiyyətnamə vermişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçının hüquqi varisi Orayav Sergey apellyasiya şikayəti vermiş və şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdeh tərəfindən təqdim olunmuş həmin çəkiliş müqavilənin bağlandığı və bacısının da buna razı olduğu, baş verənlərdən xəbərinin olduğu kimi əsla qiymətləndirilə bilməz. Çünki, cavabdehin də bildiyi kimi Aynur əmlakı öz adına keçirdikdən sonra evə gəlməmişdir. Belə ki, məhkəmənin Cavabdeh2 bacısıgilə baxacağı səbəbindən əmlakı ona bağışlamasına dair qeydləri üzrə bildirir ki, haqlı sual yaranır, yaxşı həmin vaxt bacısıgil deyilən kimi xəstə, özlərinə baxa bilmirdilərsə və əmlakı da bu məqsədlə bağışlamışdılarsa, bəs necə ola bilir ki, bacısı həmin hadisədən sonra iki il yaşaya bilmiş, öz işlərini görmüşdür? Əgər bacısı bu iki ildə yaşamışdırsa o zaman deyilən hallar, bacısının guya ona baxması məqsədilə bir anda evi cavabdehlərə bağışlama fikri absurd olur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının hüquqi varisinin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
12. Cavabdeh1 sonuncu məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətini qəbul edərək təmin olunmasını xahiş etmişdir.
13. Digər Cavabdeh2 nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçının hüquqi varisi Orayav Sergey tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
20. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
21. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır.
22. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
23. Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarları üzrə ifadə edilmiş hüquqi mövqelərə görə, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.
24. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
25. Kollegiya hesab edir ki, hazırkı iddia tələbinin əsaslı olub-olmaması yuxarıda qeyd edilən qanunvericilik normaları əsasında və onların şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Qərarındakı hüquqi yanaşmaya uyğun şəkildə müəyyən edilməlidir.
26. Mülki Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.
27. Kollegiya hesab edir ki, məhkəmə mübahisəyə hüquqi qiymət verərkən məsələyə formal yanaşmamalı, bağışlama müqaviləsinin bağlanmasında tərəflərin iradə ifadəsinin nədən ibarət olmasına diqqət yetirməli, tərəflər arasında əslində hansı münasibətlərin olmasına, bağışlama müqaviləsinin bu münasibətə, tərəflərin həqiqi niyyətinə uyğun olubolmamasına, bu müqavilənin başqa bir əqdi pərdələyib-pərdələmədiyinə qiymət verməlidir.
28. Baxılan işdə birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, göstərilən maddi və prosessual hüquq normalarına uyğun bir araşdırma aparmamış, iddiaçının irəli sürdüyü dəlillərə lazımi şəkildə qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır.
29. İddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən 04 iyul 2022-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, evi bağışlamaq istəməmiş, notarius ona heç nə izah etmədən sənədləri imzalatdırmışdır.
30. Həmin məhkəmə iclasında Cavabdeh1 da izahatında Cavabdeh2 onlara baxacağını bildirdiyindən və onlar yaşlı və xəstə olduqlarından mənzili Aynura bağışlamağa razılıq verdiklərini, lakin Aynurun sözünə əməl etmədiyini, onlara baxmadığını bildirmişdir.
31. Beləliklə, işdən mübahisəsiz qaydada müəyyən olunur ki, mübahisəli müqavilənin bağlandığı dövrdə tərəflər arasında münasibətlər normal olmuş, iddiaçı xəstə və yaşlı olduğundan Cavabdeh2 onun qayğısına qalmış, iddiaçının ona inamı yaranmış və səlahiyyətlərini etibar etmişdir. Etibarnamə xx.xx.2021-ci il tarixdə verilmiş, iddiaçı mənzilin Cavabdeh1 bağışlamaq səlahiyyətini Cavabdeh2 etibar etmiş, sonuncu da həmin etibarnamə əsasında etibarnamənin verilməsindən 5 gün sonra mənzili xx.xx.2021-ci ildə Cavabdeh1, sonuncu da 15 gün sonra xx.xx.2021-ci ildə mənzili Cavabdeh2 bağışlamışdır.
32. Mülki Məcəlləyə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (359.1).
33. Göründüyü kimi, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Əksinə, qanunun imperativ tələbindən göründüyü kimi təmsilçinin etibarnaməyə əsaslanan səlahiyyətə görə təmsil edilən adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanunla müəyyən edilmiş qaydada təmsilçiyə etibarnamə vermiş şəxs bağlanmış müqavilənin onun iradə ifadəsini əks etdirmədiyini o halda mübahisələndirə bilər ki, etibarnamə qanunsuz olsun və ya təmsilçi etibarnamə ilə ona həvalə edilmiş səlahiyyətlərdən kənara çıxsın.
34. Sadalanan əsasların mövcudluğunu, eləcə də təmsilçinin digər tərəflə pis niyyətlə razılığa gəldiyini iddia etdiyi halda etibar edən bununla bağlı zəruri sübutları məhkəməyə təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Prosessual qanunvericiliyin bu normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur.
35. Mülki Məcəlləyə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2).
36. Kollegiya qeyd edir ki, Cavabdeh2 iddiaçının mənzili ona bağışlamaq niyyəti və iradə ifadəsi olduğu halda bunu nəyə görə birbaşa həyata keçirmədiyini izah edə bilməmişdir. Bundan əlavə, hadisələrin baş vermə ardıcıllığı - etibarnamənin verilməsindən cəmi 5 gün sonra Cavabdeh1la, bundan 15 gün sonra isə Cavabdeh2 ilə bağışlama müqavilələrinin bağlanması onu deməyə əsas verir ki, Cavabdeh2 iddiaçının (təmsil edilənin) iradə ifadəsi üzrə düzgün hərəkət etməmiş, digər tərəflə pis niyyətlə razılığa gələrək iddiaçının iradə ifadəsinə zidd müqavilə bağlamış, son nəticədə özü üçün əqd bağlanmasına nail olmuşdur.
37. Kollegiya yuxarıda qeyd olunanları, həmçinin daxili inamını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçının mülkiyyətindəki mənzilin bağışlanmasında razılıq verilməsinə əsas olmuş şərait və motiv, müqavilələrə qədər və sonrakı danışıqlar, aralarındakı münasibətlər və Cavabdeh2 sonrakı hərəkətləri mübahisələndirilən müqaviləni bağlayarkən iddiaçının həqiqi iradə ifadəsinin olmamasını, bu müqavilənin əlverişsiz şərtlərlə bağlanılmasını təsdiq edir.
38. Göründüyü kimi, mübahisələndirilən müqavilələr bağlanarkən müqavilənin forması, məzmunu və subyekt tərkibinə dair tələblərə əməl olunsa da, bu müqavilələr əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə cavab verməmiş, satıcının iradə ifadəsinin zədələnməsi ilə bağlanmışdır.
39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisələndirilən birinci müqavilə üzrə əldə edən Cavabdeh1 iddianı qəbul etmiş, Cavabdeh2 onları aldatdığını göstərmişdir.
40. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin iddianı etiraf etməsi MPM-in 106.3-cü maddəsinin tələbinə əsasən iddiaçını ən azı həmin hissədə, yəni 23 sentyabr 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması hissəsində sübutetmə vəzifəsindən azad edir.
41. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, mübahisələndirilən müqavilələr bağlanarkən iddiaçının iradə ifadəsi zədələnmiş, müqavilələr onun iradə ifadəsini əks etdirməmiş, iddiaçı, eləcə də Cavabdeh1 digər Cavabdeh2 tərəfindən onlara qulluq göstəriləcəyinə dair vədlər verilməklə aldadılmışlar. Ona görə də ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 29,22 kv.m olan 1 otaqlı mənzilə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2021-ci il tarixli və Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri etibarsız hesab edilməlidir.
42. Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
43. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının hüquqi varisi Orayav Sergey tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin olunsun. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 29,22 kv.m olan 1 otaqlı mənzilə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 23 sentyabr 2021-ci il tarixli və Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri etibarsız hesab edilsin. Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli, 06 oktyabr 2021-ci il qeydiyyat tarixli çıxarış və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı, Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, 18 oktyabr 2021-ci il qeydiyyat tarixli çıxarış və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.