Məhkəmə qərarları › İş №2(103)-1238/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1238/2024

02.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1238/2024 02.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (Maraqlı şəxs olmaqla) qarşı iş üzrə (Açar sözlər: yetkinlik yaşına çatmış övlada görə aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X8 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh və Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə cavabdeh vaxtilə qeyri-rəsmi nikahda olmuş və nikahlarından Rza adlı övladları dünyaya gəlmişdir. Sonradan iddiaçı ilə cavabdeh ayrılmış, cavabdeh maraqlı şəxslə ailə həyatı qurmuşdur. Cavabdeh iddiaçıya onların qeyri-rəsmi nikahlarından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qərarı əsasında hər ay 300 manat sabit pul məbləğində aliment ödəmişdir. X4 yetkinlik yaşına çatdığından atası tərəfindən ona alimentin ödənilməsi dayandırılmışdır. Mübahisənin əsasını isə onun uşaqlıqdan İ qrup əlil olması təşkil etmişdir. Belə ki, hal-hazırda qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, dərin kəmağıllıq, idiotiya, kobud nitq və hərəki-dayaq aparatının pozuntusundan əziyyət çəkir, kənar şəxslərin himayəsinə ehtiyacı var. Mütəmadi olaraq müayinə və müalicə olunur. Belə olan halda iddiaçı cavabdehdən övladlarının saxlanılması üçün hər ay sabit pul məbləğində alimentin tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi onun tələbini qismən təmin edərək, cavabdehdən İ qrup əlil övladının saxlanılması üçün əlavə xərc qismində 300 manat məbləğində aliment tutmuşdur. Cavabdeh və onun arvadı, yəni maraqlı şəxs alimentin tutulmasından narazı qalaraq, ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (bundan sonra mətndə – birinci instansiya məhkəməsi) müraciət edərək, övladları X2 üçün əlavə xərc qismində cavabdehdən hər ay 400 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Sonradan iddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, X1 üçün əlavə xərc qismində cavabdehdən hər ay 500 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2003-cü il tarixdən faktiki olaraq ailə quraraq, ər-arvad kimi yaşamağa başlamışlar. Birgə ailə həyatlarından xx.xx.2004-cü il təvəllüdlü X10 doğulmuşdur. O, vaxtilə Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2010-cu il tarixli, 2(006)-1188/2010 nömrəli qiyabi qətnaməsi ilə onun iddiası təmin edilmiş, Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X1 üçün əvvəlki dövr, yəni 2007, 2008, 2009-cu illər üçün hər ay sabit pul məbləğində 200 manatın, yetkinlik yaşına çatanadək saxlanılması üçün isə xx.xx.2010-cu il tarixdən başlayaraq hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi bu illər ərzində icra edilmişdir. Lakin artıq övladı yetkinlik yaşına çatdığından aliment məbləği tutulmur. Bununla belə, Rzanın diaqnozunda dəyişiklik yoxdur. Övladları Rza uşaqlıqdan əlildir, ona yüngül kəmağıllıq, nitq və hərəkət dayaq aparatının pozğunluğu diaqnozu qoyulmuşdur və həmin diaqnoza uyğun müalicə alır. Buna baxmayaraq cavabdeh hazırda övladlarının saxlanılması ilə bağlı xərclərdə iştirak etmir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli (2(006)-4190/2023 nömrəli iş üzrə, hakim C.Tağıyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət olunan xx.xx.2023-cü il tarixdən başlayaraq 21 yanvar 2004-cü il təvəllüdlü X9 münasibətdə əlavə xərc üçün aliment qismində hər ay 300 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1, 81.2, 81.3-cü maddələrinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına istinadən əsaslandırmışdır.

7. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçının ağır xəstəlikdən əziyyət çəkən, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladının saxlanmasında cavabdehdən iştirakını tələb etmək hüququ var, lakin tələb edilən əlavə xərc qismində alimentin məbləği cavabdehin maddi vəziyyətinə uyğun deyil. Belə ki, cavabdehin təqdim etdiyi sənədlərdən göründüyü kimi, o, ikinci dəfə ailə həyatı qurmuşdur və həmin nikahdan iki övladı var. Həmin övladlarının da qayğısına qalmalıdır və əlavə xərclərə ədalətli şəkildə cəlb edilməlidir.

8. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh və Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

9. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərardad qəbul edərək, Maraqlı şəxs mülki iş üzrə maraqlı şəxs qismində tanımış və apellyasiya şikayətini baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verən Cavabdeh qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. O, apellyasiya şikayətini belə əsaslandırmışdır ki, hakim qətnamədə Ailə Məcəlləsinin 81-ci maddəsini düzgün tətbiq etməyərək bildirmişdir ki, iş materiallarına əlavə olunmuş tibbi sənədlər toplusundan görünür ki, tərəflərin faktiki münasibətlərindən doğulmuş yetkinlik yaşına çatmış övladları xx.xx.2004-cü il təvəllüdlü X10 uşaqlıqdan İ qrup əlildir. Hal-hazırda qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, dərin kəmağıllıq idiotiya, kobud nitq və hərəki-dayaq aparatının pozuntusundan əziyyət çəkir, kənar şəxslərin himayəsinə ehtiyacı var. Mütəmadi olaraq müayinə və müalicə olunur. Müalicəsi üçün apteklərdən dərman preparatları və s. alınır. xx.xx.2004-cü il təvəllüdlü X9 İ qrup əlillik müddətsiz olaraq təyin edilmişdir. Digər sözlə ifadə etdikdə, onun ömrünün sonunadək kənar şəxslərin himayəsinə, müayinə və müalicəyə, dərman preparatlarının alınmasına və s. ehtiyacı olacaqdır. Ailə Məcəlləsinin həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarından müəyyən olunur ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları birbirindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidmət deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. İddiaçı yalnız tibbi sənədləri təqdim etməklə kifayətlənərək məhkəmədən xahiş etmişdir ki, X1 üçün Cavabdeh hər ay 500 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılsın. İddia tələbinin əsas dəlili kimi göstərmişdir ki, övladları Rza uşaqlıqdan əlildir, ona yüngül kəmağıllıq (debillik), nitq və hərəkət dayaq aparatının pozğunluğu diaqnozu qoyulmuşdur və həmin diaqnoza uyğun müalicə alır. Buna baxmayaraq, cavabdeh hazırda övladlarının saxlanılması ilə bağlı xərclərdə iştirak etmir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı formal mülahizələrdən ibarət iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əgər həqiqətəndə X6 əlavə xərclərə ehtiyacı vardırsa bu xərclərin nədən ibarət olması və çəkilən real əlavə xərcləri, eynzi zamnda gələcəkdə zəruri əlavə xərclərin məbləği göstərilməmişdir. Birinci instansiya məhkəməsi isə bununla bağlı araşdırma aparmamışdır. Halbuki, Ailə Məcəlləsinin, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarında yuxarıda qeyd edilən hallarla bağlı ətraflı şərh verilmişdir. Məhkəmə qeyd edilən qərarı mübahisələndirilən qətnamədə göstərsə də, onun tələblərini nəzərə almadan formal olaraq qətnamədə göstərmişdir. Halbuki hakim qətnamə qəbul edərkən tətbiq etdiyi maddi hüquq normasını hazırki iddia tələbinin əsaslılığını əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi əlil övladlarına dövlət tərəfindən hansı qaydada tibbi müalicə, müayinə və qayğı göstərilməsini, həmçinin müəyyən məbləğdə müavinət və müvafiq imtiyazları alıb-almamasını, bir sözlə iddiaçının real maddi durumunu araşdırmamışdır. Həmçinin cavabdeh birinci instansiya məhkəməsinə uzun müddətdir ki, işsiz olduğunu, heç bir yerdən gəlirinin olmamasını bildirmişdir. Onlar ailədə iki az yaşlı övladı, anası və həyat yoldaşı olmaqla, 5 nəfərdən ibarətdirlər. Bu səbəblərə görə maddi çətinliklərinin olduğunu bildirmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır.

11. Birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verən Maraqlı şəxs qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. O, apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları araşdırmamış və düzgün qiymət verilməmişdir. Belə ki, Cavabdeh onun əridir, onunla 2010-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu evlilikdən 2 övladları olmuşdur. O və həyat yoldaşı Cavabdeh heç bir yerdə işləmirlər, başqa gəlir yerləri yoxdur, hal-hazırda onların ailələrinin maddi durumu olduqca ağırdır, uşaqların saxlanılmasında maddi sıxıntıları var. Bugünə kimi ailənin maddi tələbatları onun valideyinləri tərəfindən ödənilir. Çünki cavabdehin səhhətində olan problemlərə görə əmək qabiliyyəti yoxdur və onu işə götürmürlər. O, qaraciyər çatışmazlığından əziyyət çəkir. İddiaçının kifayət qədər maddi imkanı var və uşağın təlabatının ödənilməsində ikinci bir şəxsin maddi köməkliyinə ehtiyacı yoxdur. Məhkəmənin qəbul etdiyi qərəzli qətnamə, cavabdehin, onun və ailə üzvülərinin konstutitsyon, maddi və prosessual hüquqlarını pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmiş, əlavə olaraq izahatında bildirmişdir ki, işsizdir və 100 manat miqdarında aliment ödəyə bilər.

14. Məhkəmə iclasında iştirak etmiş cavabdeh İddiaçı apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmiş, əlavə olaraq izahatında bildirmişdir ki, X10 pensiya olaraq cəmi 470 manat pul alır, dərmanları isə dövlət tərəfindən qarşılanmır. X6 bir aylıq saxlanılması üçün təxmini olaraq 1500 manat pul xərclənilir.

15. Maraqlı şəxs isə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

16. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

17. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

18. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh və maraqlı şəxs tərəfindən iddia tələbinin qismən təmin olunmuş hissəsində mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı həmin hissə üzrə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni həll edərkən, bütün zəruri məsələlərə diqqət etməmişdir. Odur ki, apellyasiya şikayətləri qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi təmin edilmiş hissə üzrə dəyişdirilməlidir.

28. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh vaxtilə qeyri-rəsmi nikahda olmuş və nikahlarından Rza adlı övladları dünyaya gəlmişdir. Sonradan iddiaçı ilə cavabdeh ayrılmış, cavabdeh maraqlı şəxslə ailə həyatı qurmuşdur. Cavabdeh iddiaçıya onların qeyri-rəsmi nikahlarından doğulmuş xx.xx.2004cü il təvəllüdlü övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qərarı əsasında hər ay 300 manat sabit pul məbləğində aliment ödəmişdir. X3 yetkinlik yaşına çatdığından atası tərəfindən ona alimentin ödənilməsi dayandırılmışdır. Mübahisənin əsasını isə onun uşaqlıqdan İ qrup əlil olması təşkil etmişdir. Belə ki, hal-hazırda qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, dərin kəmağıllıq, idiotiya, kobud nitq və hərəki-dayaq aparatının pozuntusundan əziyyət çəkir, kənar şəxslərin himayəsinə ehtiyacı var. Mütəmadi olaraq müayinə və müalicə olunur. Belə olan halda iddiaçı cavabdehdən övladlarının saxlanılması üçün hər ay sabit pul məbləğində alimentin tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi onun tələbini qismən təmin edərək, cavabdehdən İ qrup əlil övladının saxlanılması üçün əlavə xərc qismində 300 manat məbləğində aliment tutmuşdur. Cavabdeh və onun arvadı, yəni maraqlı şəxs alimentin tutulmasından narazı qalaraq, ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

29. Verilmiş şikayətlərin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra mətndə - Ailə Məcəlləsi) ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir.

30. Ailə Məcəlləsinin Beşinci bölməsi ailə üzvlərinin aliment öhdəliklərini nəzərdə tutur. “Aliment öhdəliyi” dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

31. Ailə Məcəlləsinin 80-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar.

32. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi).

33. Ailə Məcəlləsinin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

34. Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür.

35. Ailə Məcəlləsinin 81-ci maddəsində isə valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

36. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və digər hallar daxildir.

37. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər olsun.

38. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarı).

39. Hazırki mübahisə üzrə tələb Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəasına aiddir və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış X10 üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlıdır.

40. Belə ki, iddiaçı və cavabdehin qeyri-rəsmi nikahlarından doğulmuş X6 yetkinlik yaşına çatmasına baxmayaraq, İ qrup əlil olması, bunun nəticəsində də əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması işin mübahisəsiz haldır. Ehtiyacı olan maddi yardım isə ona birbaşa göstərilən tibbi xidmət ilə bağlıdır. Belə ki, iş materiallarından X6 xəstəliyi ilə əlaqədar olaraq açıq şəkildə zəruri dərman vasitələrinə ehtiyyac duyduğu görünür. Qeyd olunanlarla hazırki mübahisənin predmet və əsasları qarşılıqlı təhlil edildikdə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə İ qrup əlil övladlarının saxlanılması üçün əlavə xərc qismində aliment tumaqda haqlı olmuşdur.

41. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı müəyyən edilərkən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları mütləq şəkildə nəzərə alınmalıdır.

42. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir.

43. Hazırda alimentin ödənilməsi vəzifəsi daşıyan cavabdeh işsizdir, ailəlidir və xx.xx.2015-ci il təvəllüdlü Namilə, xx.xx.2013-cü il təvəllüdlü Əli adlı iki azyaşlı övladı var.

44. Cavabdehin ailə vəziyyəti araşdırıldıqda, onun digər iki övladına münaisbətdə də vəzifə və qayğılar daşıdığı, bununla yanaşı hazırda işsiz olduğu müəyyən edilir. Nəzərə alınmalıdır ki, cavabdehdən yetkinlik yaşına çatmış övladına münasibətdə aliment tutularkən, alimentin miqdarı elə həddə müəyyən edilməlidir ki, həmin məbləğ digər iki azyaşlının təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb olmasın.

45. Həmçinin cavabdeh məhkəmə iclasındakı izahatında işsiz olduğu üçün 100 manat məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. Onun 300 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanının olması işin hallarından müəyyən edilməmiş, eləcə də iddiaçı tərəfindən də bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

46. Nəzərə alınmalıdır ki, X4na Dövlət tərəfindən də 470 manat məbləğində müavinət verilir və bununla yanaşı övladlarını saxlamaq hər iki valideynin vəzifəsi olduğundan onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən də ödənilməlidir.

47. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları rəhbər tutaraq belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə İ qrup əlil övladlarının saxlanılması üçün birbaşa göstərilən tibbi xidmətlər nəticəsində yaranan əlavə xərclərin ödənilməsi üçün tutulacaq alimentin miqdarı azaldılmalı və 200 manat məbləğində müəyyən edilməlidir. Həmin məbləğ tərəflərin maddi vəziyyəti ilə müqayisədə yolveriləndir.

48. Odur ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət olunan xx.xx.2023-cü il tarixdən başlayaraq 21 yanvar 2004-cü il təvəllüdlü X9 münasibətdə əlavə xərc üçün aliment qismində hər ay 300 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilməli, həmin hissə üzrə əlavə xərc üçün hər ay tutulacaq alimentin miqdarı 200 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsində kassasiya şikayətinə baxılmasının mümkünlüyü üçün ilk meyar iddianın qiyməti ilə bağlıdır. Həmin Məcəllənin 112.1-ci maddəsində iddianın qiymətinin müəyyən edilməsi qaydaları öz əksini tapır. Həmin maddədə iddianın qiymətinin tələb olunan pulun məbləği, əmlakın dəyəri, ödəmələrin məcmusu ilə müəyyən olunması qeyd olunmuşdur. O cümlədən, qeyd olunan Məcəllənin 112.1.3-cü maddəsində iddianın qiymətinin alimentin alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə hesablanması müəyyən olunmuşdur. Hazırki mülki iş üzrə isə alimentin bir il ərzində məcmusu 5000 manatı keçmədiyindən qətnamədən kassasiya şikayəti verilə bilməz.

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(006)-4190/2023 nömrəli qətnaməsi “Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət olunan xx.xx.2023-cü il tarixdən başlayaraq 21 yanvar 2004-cü il təvəllüdlü X9 münasibətdə əlavə xərc üçün aliment qismində hər ay 300 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilsin. Həmin hissə üzrə əlavə xərc üçün hər ay tutulacaq alimentin miqdarı 200 manat məbləğində müəyyən edilsin. Birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar