Məhkəmə qərarları › İş №2(103)-1239/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1239/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1239/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçıların nümayəndəsi X6 və Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Maraqlı şəxs4, Maraqlı şəxs5 cəlb etməklə Cavabdeh ASC-yə qarşı “siğorta ödənişlərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-329/2021 saylı işi üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "Paşa Sığorta» ASCdən İddiaçı1 xeyrinə 7000 manat sığorta ödənişi məbləğinin, 5000 manat əldən çıxmış fayda məbləğinin, 5000 manat mənəvi zərər məbləğinin, 1000 manat vəkil xərcləri məbləğinin, ümumilikdə 18000 manat məbləğində pul vəsaitinin tutulması, İddiaçı2 xeyrinə 7000 manat sığorta ödənişi məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın kserosurəti ilə, Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsində yerləşən 51 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına 10.01.2018-ci il tarixdə qeydiyyata alınmışdır; RAT ********** saylı, 20.02.2019-cu il tarixli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə, sığortalı İddiaçı1 Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsində yerləşən 51 saylı fərdi yaşayış evini "xxxx" ASC-də 19.02.2020-ci il tarixədək sığortalamışdır. Sığorta haqqı 15000 manat məbləğində müəyyən edilmişdir; «Tələbin ilkin sahibi» qismində İddiaçı1 ilə «Tələbin yeni sahibi» qismində İddiaçı2 arasında bağlanmış tələbin güzəşti barədə 13.09.2019-cu il tarixli müqaviləsi ilə, İddiaçı1 ünvan 1 ünvanında baş vermiş sığorta hadisəsi nəticəsində fərdi yaşayış evinə əmlaka dəymiş zərərə görə sığorta öhdəliyi daşıyan "xxxx" ASC-yə qarşı malik olduğu hüquqları və tələbləri qismən, yəni 7000 manat həddində İddiaçı2 güzəşt edir. Hesablanmış və bu müqavilə ilə sesiya edilməyən sığorta ödənişi İddiaçı1 xeyrinə alınması üçün güzəşt edilir. Müqavilə imzalandığı gündən öhdəlik daşıyan "xxxx" ASC-yə qarşı 15000 manat ödənişin (kompensasiyasının) alınması hüququ və tələbi İddiaçı2 keçir. Tələblər və hüquqlar İddiaçı2 olduğu vəziyyətdə keçir. Güzəşt edilən tələbin məbləği 7000 manatdır; Füzuli rayon İcra Hakimiyyəti Başçısının Aparatının 13.02.2020-ci il tarixli məktubu ilə, Horadiz şəhəri 20 Yanvar küçəsində yerləşən İddiaçı1 məxsus olan kommunal mənzil işğal zamanı yandırılmış və dağıdılmışdır. 2014-cü il tarixdə həmin mənzil dövlət tərəfindən tam bərpa olunmuşdur; Azərbaycan Respubliksının Mərkəzi Bankının sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspertlər X2 və X10 tərəfindən verilmiş 09.12.2020-ci il tarixli ekspert rəyindən görünür ki, fərdi yaşayış evinə 2019-cu ilin yaz aylarında baş vermiş təbii fəlakət (leysan yağışları ilə bağlı yer sürüşmə-çökməsi və il ərzində olan yeraltı təkanlar) hadisələri nəticəsində zərər dəymişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə RPA ********** saylı icbari sığorta müqaviləsi qüvvədə olduğu dövrdə «İcbari sığortalar haqqında» AR Qanununa əsasən təbii fəlakətlər - zəlzələ, leysan, yer sürüşməsi, o cümlədən subasma sığorta hadisələri nəticəsində zərər dəymişdir. ünvan 2 ünvanında yerləşən yaşayış evinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün 22033,77 manat məbləğində pul vəsaiti tələb olunur (zərər dəyib); Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyət Xidmətinin ünvan 1 ünvanının yerləşdiyi ərazinin mühəndis-geoloji şəraiti haqqında arayışı ilə Vizual mühəndis-geoloji baxış zamanı sözügen ünvanda İddiaçı1 məxsus fərdi yaşayış evinin yerləşdiyi sahədə təbii təsirindən çökmə-sürüşmə prosesinin baş verməsi qeydə alınmışdır. Proses nəticəsində tikilinin divarlarında və torpaq qatında müxtəlif ölçülü və istiqamətli çatlar, deformasiyalar əmələ gəlmişdir; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 22.06.2021-ci il tarixli məktubu ilə, İddiaçı1 29.10.2020-ci il tarixli müraciəti əsasında ona məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazidə aparılmış vizual mühəndisgeoloji baxış zamanı, sahədə təbii amillərin təsirindən çökmə prosesinin baş verməsi müəyyən olunmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1448 saylı, 09 sentyabr 2021-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə fərdi yaşayış evinin tikililərinə hansı səbəblərdən zərər dəyməsi göstərilmədiyindən və o cümlədən Azərbaycan Respublikası FHN-nin Tikintiyə Nəzarət Dövlət Agentliyinin müvafiqmütəxəssis rəyi təqdim edilmədiyindən tikilidə yaranmış qüsurların hansı səbəbdən baş verməsini müəyyən etmək mümkün olmamışdır. (səh.13, 12, 6, 9, 141, 150, 195, 199). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-329/2021 saylı işi üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Maraqlı şəxs4, Maraqlı şəxs5 cəlb etməklə cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" ASCdən İddiaçı1 xeyrinə 7000 manat sığorta ödənişi məbləğinin, 5000 manat əldən çıxmış fayda məbləğinin, 5000 manat mənəvi zərər məbləğinin, 1000 manat vəkil xərcləri məbləğinin, ümumilikdə 18000 manat məbləğində pul vəsaitinin tutulması, İddiaçı2 xeyrinə 7000 manat sığorta ödənişi məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddiası təmin edilməməsi, məhkəmə xərcləri iddiaçılara aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub hesabına köçürülməsi qət edilmişdir. Qətnamədə «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1, 1.1.19, 1.1.18; «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 36.1; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 76.1, 77.1, 119.1, 217.3, 217.4; Mülki Məcəllənin 21.1, 21.2-ci 935.1.8 maddələrinə istinadən qeyd edilmişdir ki, 02.03.2020-ci il tarixdə iddiaçı "xxxx" ASC-yə müraciət edərək sığorta olunan Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsində yerləşən 51 saylı fərdi yaşayış evi baş vermiş təbii fəlakət hadisəsi nəticəsində zədələnmiş və sığorta müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini xahiş etmişdir. Lakin "xxxx" ASC baş vermiş hadisənin sığorta hadisəsi olmadığını əsas tutaraq sığorta ödənişinin verilməsindən imtina etmişdir. Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən İddiaçı1 məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazidə aparılmış vizual mühəndis-geoloji baxış zamanı, sahədə təbii amillərin təsirindən çökmə prosesinin baş verməsi müəyyən olunmuşdur.Məhkəmə iclasında təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunmuş məktublarda İddiaçı1 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikililərinə hansı səbəblərdən zərər dəyməsi göstərilmədiyindən və o cümlədən Azərbaycan Respublikası FHN-nin Tikintiyə Nəzarət Dövlət Agentliyinin müvafiq mütəxəssis rəyi təqdim edilmədiyindən tikilidə yaranmış qüsurların hansı səbəbdən baş verməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə qərardadın ikinci sualı üzrə qeyd olunur ki, tikiliyədəymiş ziyanın səbəbi müəyyən edilmədiyindən qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Belə olan halda isə baş vermiş hadisə sığorta hadisəsi hesab olunmadığına görə, cavabdeh təşkilat sığorta ödənişinin verilməsindən düzgün imtina etmişdir.Beləliklə, iddia tələbi iddiaçıların xeyrinə ayrı-ayrılıqda 7000 manat sığorta ödənişinin ödənilməsi hissəsində əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. cavabdeh tərəfindən sığorta müqaviləsi üzrə öhdəliklərin pozulması nəticəsində iddiaçıya əldən çıxmış fayda kimi 5000 manat maddi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmadığından, həmin hissədə də tələb əsassız və təmin edilməməlidir.Məhkəmə vurulmuş mənəvi ziyan görə 5000 manat məbləğində pulun tutulması hissədə də tələb əsaslı hesab edilə bilməz. İddiaçı1 cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.Hüquqlarının müdafiəsi üçün çəkilən 1000 manat xərcin tutulması tələbi üzrə iddiaçı belə xərcin çəkilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və həmçinin iddia tələbi digər hissələrdə də təmin edilmədiyindən prosessual qənaət prinsipini nəzərə almaqla həmin hissədə də tələb təmin edilməməlidir. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək, Nəsimi rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli, 2(006)-329/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və verilmiş iddia tələblərinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şikayətdə qeyd edilmişdir ki, çökmə ümumiyyətlə özü təbii fəlakət deyil, çökmə elə təbii fəlakət olan yer sürüşməsinin məntiqi sonluğudur. Əgər yer sürüşməsi yoxdursa, onun nəticəsi kimi çökmə də olmayacaqdır. Çünki yer sürüşməsi özü bir təbiət hadisəsidir və özünü müvafiq hərəkətlərdə ehtiva edir. Məhz bu hərəkətlilik nəticəsində də sonrakı yekun vəziyyət yaranır ki, bu da çökmə ilə yekunlaşır. Deməli, çökmə yer sürüşməsinin sonluğudur, hansı ki sürüşmə nəticəsində arzuolunmaz nəticəni əmələ gətirir.Bu iki anlayış çox hallarda eyni işlədilir, bunun səbəbi isə yer sürüşməsinin nəticəsi kimi çökmənin ortada olması bunu müəyyən edir. Məhz Füzuli rayon İcra Hakimiyyəti Başçısının Aparatının 10.10.2019-cu il tarixli, 1/562 məktubunda ilk olaraq mübahisəli ərazidə yer sürüşməsinin baş verdiyi qeyd olunmaqla, hadisədən sonra onun nəticələri barədə göstərilir (baxmayaraq ki, işə baxmış məhkəmə həmin məktubları qəsdən mülki işə əlavə etməmişdir). Sürüşmə (çökmə) prosesləri əksər hallarda dağ yamacları, dağ ətəkləri, çay, göl və dəniz sahilləri və s., üçün xarakterikdir və nəticədə, evlərə, binalara və bu kimi digər tikililərə ziyan dəyir. Belə bir mövqe artıq məhkəmə təcrübəsində yaranmış və məhkəmələr yer sürüşməsini çökmə ilə eyni anlamda tətbiq edirlər. Çünki çökmə yer sürüşməsinin nəticəsi oduğundan, həm də onun tərkib hissə sayılır.Məhkəmə qətnaməsində Respublika Seysmoloji Xidmət Mərkəzinin 04.11.2020-ci il tarixli məktubuna istinad edərək vurğulayır ki, Füzuli rayonu və Horadiz şəhərinin əraziləri seysmik zonaya daxildir və 2019-cu ilin yanvar ayından 2020-ci ilin yanvar ayına kimi yer altı təkanlar baş vermişdir (qətnamənin 3-cü səhifəsinin 5-ci abzası tam səkildə). Eləcə də, mülki işə əlavə edilmiş müstəqil ekspertlər tərəfindən verilmiş rəylərdə bir mənalı şəkildə mübahisəli ərazidə yer sürüşməsinin olması səbəbindən iddiaçılara ziyanın vurulması barədə göstərilir. Özü də diqqətlə fikir verdikdə, yer sürüşməsinin çökmə ilə enyi anlamda işlədilmişdir (qətnamənin 3-cü səıhifəsinin sonuncu və davamı 4- cü səhifədə və 4-cü səhifəsinin 1-ci abzası tam şəkildə). Ancaq bütün bunlara baxmayaraq, işə baxmış məhkəmə bunlara əhəmiyyət verməmişdir. Məhkəmənin qəbul etmiş olduğu cavab məktubu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən vizual mühəndis- geoloji baxışı əsas götürmüşdür. Göründüyü kimi, hər hansı bir köklü araşdırmanı deyil, ancaq vizual baxış göstərilir (baxmayaraq ki, işə baxmış məhkəmə həmin məktubları qəsdən mülki işə əlavə etməmişdir). Bunun üçün də həmin idarə tərəfindən vaxtı ilə cavabdehə ünvanlanmış 10.02.2020-ci il tarixli məktubda qeyd etdiyi halları eyni ilə olduğu kimi yenidən növbəti arayışında göstərmişdir.Hətta iş üzrə ekspertiza təyin edilərək mübahisəli fərdi yaşayış evində baş vermiş qüsurların hansı səbəbdən baş verməsini müəyyən olunmaması səbəbindən dəqiqləşdirilməmişdir. Lakin iş üzrə ekspertiza təyin edilərək yer sürüşməsi ilə çökmə anlamının ilk növbədə fərqləri, onlar arasında oxşarlıqlar və s., bu kimi digər xüsusatları özündə əks etdirən mütəxəssis və ya ekspert rəyi alınmalı olduğu edilməmişdir. Yalnız cavabdeh orqanın özünün irəli sürdüyü fikirləri əsas götürərək yer sürüşməsinin çökmə olmaması qənaətinə gəlmiş və nəticədə də mübahisə üzrə sığorta hadisəsinin baş verməməsi kimi qiymət verilmişdir. Çünki işə baxmış məhkəmə ilk növbədə sığorta hadisəsinin baş verib- verməməsini müəyyənləşdirməyə çalışmışdır (qətnamənin 5-ci səhifəsinin 5-ci abzası). Yer sürüşməsi və çökmə anlayışları hüquqi termin deyil, coğrafi anlamdadırlar. Mütləq qaydada bu anlayışların açıqlmasını özündə əks etdirən mütəxəssis rəyinin olmasının vacibliyi öndə durur. Ancaq bunların heç biri yerinə yetirilməmiş və yalnız cavabdehin özünün irəli sürmüş olduğu fikirlər əsasında məsələyə yanaşılmışdır. Mülki Məcəllənin qeyd olunan norması sığorta hadisəsini iki istiqamətdə müəyyən edir. Bunlardan biri hadisələr, digəri isə hallardır. Yəni, sığorta hadisəsi üzrə təkcə hadisələrin özünün deyil, həm də onun nəticələri də sığorta hadisəsi hesab olunmalıdır. Bu tələb normativ baxımdan məcburi olmasına baxmayaraq, işə baxmış məhkəmə bu normaya əhəmiyyət verməmişdir. Bunun səbəbi isə, işə baxmış məhkəmə iddia tələblərinin rədd edilməsini ancaq sığorta hadisəsinin müəyyən edilməsi istiqamətində qurmuş və hazırkı iş üzrə sığorta hadisəsinin olmamasını əsaslandırmaqla iddianı rədd etmişdir. Lakin sığorta hadisəsinin müəyyənləşdirməsi üçün isə lazımi tədbirləri görməmişdir. Bu tələb normativ baxımdan məcburi olmasına baxmayaraq, işə baxmış məhkəmə bu normaya əhəmiyyət verməmişdir. İddia tələbi üzrə maddi ziyanın təmin olunmaması hissəsi Mülki Məcəllənin (bundan sonra MM) qeyd olunan bu norması işə baxılarkən məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Ancaq işə baxan məhkəmə iddiaçının bu hüququnu təmin etməmişdir. Zərərin ödənilməsi ilə bağlı iddiaçını bu hüquqdan "sübut etməməsi" kimi qələmə verməklə məhrum etmişdir. Qeyd edilən hüququn tətbiqi mütləqlik xarakteri daşımır, ona görə ki, zərərin vurulması zərər çəkmiş şəxs tərəfindən sübut etmək mahiyyəti ilə eynilik təşkil etmir. Bu o deməkdir ki, zərərçəkmiş şəxsin ona vurulmuş zərəri sübut edə bilməməsi, şəxsə qarşı vurulmuş ziyanın olmamasını yarada bilməz. Məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən münbahisə üzrə sığorta hadissinin baş verib-verməməsini tam şəkildə araşdırmaması olmuşdur. Yalnız cavabdehin təqdim etmiş olduğu hansısa məktublar əsasında işdə sığorta hadisəsinin olmaması nəticəsinə gəlmişdir. Buna baxmayaraq, lazımi araşdırma, mütəxəssis və ya ekspert rəyləri alınmamış və nəticədə işə baxmış hakim özünün gəldiyi nəticəni öz qətnaməsində sübut edə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Füzuli rayon İcra Hakimiyyətinə, Azərbaycan respublikası Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilmiş sorğulara göndərilmiş cavablarda müvafiq olaraq qeyd edilmişdir ki: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində təbii fəlakətin (torpaq yerdəyişməsi, sürüşmə, çökmə) baş verməsi barədə Füzuli Rayon İcra Hakimiyyətində hər hansı rəsmi sənəd aşkar edilməmişdir. Bu məsələ ilə bağlı aidiyyəti üzrə Respublika Seysmoloji Mərkəzinə müraciət edilməsi məqsədəuyğundur. Agentlik və onun tabeliyində olan qurumlar ölkə ərazisində bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak edir, habelə tikintiyə dövlət nəzarətinin, tikinti layihələrinin ekspertizasının, dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsinin, dcvlətin sifarişi əsasında layihələndirmə işlərinin, tikinti materiallarının və konstruksiyalarının sınaqlarının həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.Agentlik məhkəmə ekspertizasının keçirilməsinə cəlb edildikdə tabeliyimizdə olan təsərrüfat hesablı qurumlarda çalışan mütəxəssislər öz xidməti vəzifələrindən ayrılır, bəzi hallarda rayonlara ezam olunurlar ki, bu da həmin qurumların əsas işlərində yubanmalara və gecikmələrə səbəb olur, eyni zamanda dövlətin sifarişləri və ya mülki müqavilələr ilə götürülmüş öhdəliklərin /axtında icra olunmasına maneələr yaradır.Qeyd olunanları nəzərə alaraq, ekspertiza xərclərinin Mülki-Prosessual Məcəlləsinin 117-ci və 118-ci maddələrinə əsasən tərəflərdən əvvəlcədən tutularaq, məhkəmənin depozit hesabına köçürüldükdən sonra Agentliyə müraciət edilməsi və ya məhkəmə tikinti- texniki ekspertizalarının keçirilməsinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin və ya özəl məhkəmə ekspertlərinə həvalə olunmasını xahiş etmişlər; - Füzuli rayon İHB-nın Horadiz şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş 17.10.2022-ci il tarixli, 298 saylı arayışda İddiaçı1 və İddiaçı2 hal-hazırda Bakı şəhərində yaşadıqları bildirmişdir. İddaçılar İddiaçı1 və İddiaçı2 qohumu X3 iştirakı ilə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı ümumi sahəsi 9,40 x 7,40 ölçüdə olmaqla, 69 kv/m olduğu, otaqlarında 6 hissədən ibarət olmaqla 1x5 sm ölçüdə çartlar əmələ gəldiyi, çatlar eyni ölçülü olmaqla evin fasad hissəsində də müşahidə edilmiş, evin ətrafina qum-çınqıl yayıldığı üçün torpaq sürüşmə əlamətləri vizual olaraq müşahidə edilməmiş, evin ilkin təməl hissəsində isə qismən çökmə əlamətləri müşahidə edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək, sorğularda hadisənin baş verdiyini, lakin həmin hadisənin sığorta hadisəsi olmadığının qeyd edildiyini, evə dəymiş ziyanın məbləğini sığortadan tələb etdiklərini, birinci instansiya məhkəməsinin icraatı zamanı verilmiş sorğularda hadisə olmadığının qeyd edilmədiyini, hadisə olmadığı barədə məlumatın son sorğulara cavab məktubunda qeyd edildiyini, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin bir neçə qərarında çökmə və sürüşmə hadisələrinin eyniləşdirildiyini, mübahisənin evin çökməsi ilə əlaqədar olmadığını,mübahisənin evin altındakı torpaq sahəsinin sürüşməsi ilə əlaqədar olduğunu, qarşı tərəfin imtina məktubunda baş verən hadisənin çökmə hadisəsi olması səbəbilə sığorta ödənişinin edilə bilməyəciyini qeyd etdiklərini, çökmənin sürüşmə hadisəsinin nəticəsində baş verdiyini, həmin çökmə nəticəsində evdə çatların yarandığını bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə çökmə hadiəsinin baş verdiyini, lakin İcbari Sığortalar haqqında qanuna əsasən çökmənin təbii fəlakət olmadığını,çökmə hadisəsinin baş verdiyini, ancaq sürüşmə hadisəsinin baş vermədiyini, çökmə ilə bağlı X4 müraciət etdiklərini, çatların müşahidə olunması ilə bağlı mütəxəssislərin qarşı tərəflə əlaqə saxlağa çalışdığını, lakin qarşı tərəfin həmin vaxt evdə olmadığını bildirdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Maraqlı şəxs4, Maraqlı şəxs5 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisə olmasını müəyyən edən 36-ci maddəsi münasibətlərin tənzimlənməsi üzrə nəzərdən keçirilməlidir: 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri. 36.2. Bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə risklər üzrə sığorta təminatları tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsində müəyyən edilir. 36.3. Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: 36.3.1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər; 36.3.2. sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi; 36.3.3. hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması; 36.3.4. qrunt sularının səviyyəsinin dəyişməsi; 36.3.5. suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 883, 885, 911-913, 922 – 927,935; Mülki Prosesual Məcəllənin 77, 216-220, 227, 233, 358-360 və 362-ci maddələrinə, İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 3, 4, 13, 15 - 18, 21, 35-37-ci maddələrinə istinadən və mübahisə edilən dəlillərə əsasən nəzərdən keçirən məhkəmə kollegiyası hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri (təkzibedilməz sübutlarla təsdiq edilmədiyindən) birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddəsinə əsasən Daşınmaz əmlakın təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi (halı) nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yəni yer sürüşməsi halı təbii fəlakət formasında olmalıdır ki, hadisə sığorta hadisəsi hesab olunsun. İddiaçı əmlakın çökməsinin sürüşmə nəticəsində olması ilə əsaslandırmağa cəhd etmişdir. Lakin edilən sorğular belə və ya digər təbii fəlakətin olduğunu təsdiq etməmişdir. Qeyd edilənlərdən görünür ki, apellyasiya əsassızdır. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Bərşad oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-329/2021 saylı işi üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar