Məhkəmə qərarları › İş №2(103)-1248/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1248/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1248/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2-yə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRXİ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi və DƏDRXİ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsi cəlb edilməklə “ipoteka müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(004)-2557/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2-yə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsi cəlb edilməklə “ipoteka müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ilə Cavabdeh2 arasında bağlanmış, 14.10.2014-cü il tarixli **********58114 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və girov qoyulmuş Qusar şəhəri Əzizbəyov küçəsindəki 186 saylı mənzilin yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qusar rayon sakini Cavabdeh1 14.10.2014-ci il tarixli **********58114 saylı "Kredit müqaviləsi ilə öz evinin təmiri üçün illik 19% olmaqla 48 ay müddətinə 18200 USD məbləğində kredit almışdır. Daha dəqiqi, həmin kredit alanın dediyinə görə, o, USD ilə deyil, manatla kredit almışdır. Sonradan dollar qalxandan sonra bilib ki, USD ilə kredit verilib və gecikməyə düşüb. Onun bu hadisələrdən xəbəri olmamışdır. Həyat yoldaşı X4 ona və ona məxsus RX seriyalı ******* nömrəli çıxarışla onlara məxsus Qusar şəhəri Əzizbəyov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 89 kv.metr ümumi, sahəsi olan 3 otaqlı 186 nömrəli fərdi yaşayış evini Bank qarşısında yüklü etmişdir. Bu evi onlar birgə nikah dövründə almışlar. Nikahları 25.08.1989-cu il tarixdə Qusar rayonunda qeydə alınmışdır. Onun birgə nikah dövründə alınmış evin girov qoyulmasından xəbəri olmamışdır. Heç bir işlə bağlı indiyədək ona məlumat verilməmişdir. Qeyd olunan mübahisə predmetini birgə nikah dövründə əldə etmişlər. Yəni, notariat kontorunda ipoteka müqaviləsi necə rəsmiləşdirilməsindən onun xəbəri olmayıb. Bundan əlavə ümumiyyətlə həmin müqavilənin surətini evdə yoldaşının sənədlərindən tapmışdır. Ehtimal edir ki, müqavilə bağlanarkən onun adından ərizə verilib, lakin bildirir ki, onun həmin ərizədən xəbəri olmayıb. Daha doğrusu, Notariat kontorlarında aldığı məsələhətə görə onun ərizəsi olmasaydı, müqavilə bağlanmazdı. Bu səbəbdən ehtimal edir ki, ola bilsin, müqavilə bağlanarkən işə ərizə qoyulub, lakin həmin ərizədəki imza ona məxsus deyil. İpoteka müqaviləsi bağlanarkən o, notariat kontoruna dəvət olunmamış və razılıq ərizəsi verməmişdir. Əgər ərizə olsa belə, onun tərəfindən imzalanmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(004)- 2557/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin bütün hallarını araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən imzalanmaması açıqaşkar göründüyü halda, ekspert saxta rəy verərək, imzanın onun tərəfindən imzalandığını yazmışdır. Bununla da, iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. İddiaçı razılıq ərizəsi verməmişdir. Məhkəmə tərəfindən yenidən komisyon ekspertiza keçirilməli, imza yoxlanılmalı idi. Məhkəmə heç bir əsas olmadan yalnız məhkəmə qətnaməsi olmasına əsaslanaraq, iddianı təmin etməmişdir. Hesab edir ki, müqavilə etibarsızdır və iddia təmin edilməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Qusar Rayon Məhkəməsinin 05.09.2019-cu il tarixli, 2(029)-38/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi qismən təmin edilərək, 14.10.2014-cü il tarixli **********58114/ip Ns-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və mülkiyyət hüququ ilə cavabdeh X3 məxsus Qusar şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 0.04 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, 89 kv.m. ümumi, 45,7 kv.m yaşayış, 43,3 kv.m yardımçı sahəsi olan 186 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin hərracda satılması və 14.10.2014-cü il tarixli **********58114 N°-li kredit müqaviləsi üzrə borclu Cavabdeh1 cəmi 23936,46 (iyirmi üç min doqquz yüz otuz altı dollar qırx altı sent) ABŞ Dolları və 13.02.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 21 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehlər X1 və İddiaçı birgə qaydada iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, İpoteka predmeti olan cavabdeh X3 Qusar şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, 89 kv.m. ümumi, 45,7 kv.m yaşayış, 43,3 kv.m yardımçı sahəsi olan 186 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 48000.00 (qırx səkkiz min) manat müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində X3 məxsus Qusar şəhəri, M.Əzizbəyov küçəsi 189 saylı fərdi yaşayış evinin boşaldılması və orada yaşayan X2 həmin fərdi yaşayış evindən çıxarılması, iş üzrə 445 (dörd yüz qırx beş) manat təşkil edən ekspertiza xərcinin cavabdehlər X1 və İddiaçı birgə qaydada tutulmaqla 150 (bir yüz əlli) manat "xxxx" MMC-nin hesabına və 295 (iki yüz doxsan beş) manat isə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə Qusar rayon məhkəməsinin həmin qətnaməsinin hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımasına, məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə ipoteka müqaviləsi bağlanarkən iddiaçının adından verilmiş ərizənin onun özü tərəfindən imzalanmasına, habelə ipoteka müqaviləsi bağlanan zaman qanunvericiliyin tələblərinin pozulmadığına istinad edərək, iddianın əsassız olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsini işin hallarını ətraflı araşdıraraq düzgün qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müqavilənin etibarsızlığına dair istinad etdiyi hallar iddianın təmin edilməsi üçün əsas deyildir. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində onun əri ilə birgə nikah dövründə əldə etdiyi daşınmaz əmlakın ipoteka qoyulmasından onun xəbəri və razılığının olmadığına, işdə olan onun adından verilmiş razılıq ərizəsinin isə onun tərəfindən imzalanmadığına istinad etmişdir. Qeyd edilən halların araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə 14 oktyabr 2014-cü il tarixli 7E/05/4873 reyestr nömrəli ərizədə olan imzanın İddiaçı özü tərəfindən icra olunması müəyyən edilmişdir. Bundan başqa iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, X3 məxsus Qusar şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, 89 kv.m ümumi, 45,7 kv.m yaşayış, 43,3 kv.m yardımçı sahəsi olan 186 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi zamanı qanunvericiliyin tələblərinə tam riayət olunmuşdur. İddiaçı apellyasiya şikayətində iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyinin mötəbər olmadığını, bu səbəbdən də iş üzrə yenidən komisyon ekspertizanın keçirilməsi zərurəti olduğunu bildirsə də, həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı dəlil göstərə bilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edilən ekspert rəyinin işin hallarına uyğun olması və ekspertiza sahəsində təcrübəsi olan səlahiyyətli ekspert tərəfindən verilməsini nəzərə alıb, həmin rəyin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mötəbər sübut kimi qəbul edilməsini düzgün hesab edir. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən kollegiya dəlilləri əsaslı hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(004)- 2557/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar