Məhkəmə qərarları › İş №2(103)-1251/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1251/2025

17.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1251/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X7 qarşı iş üzrə (Açar sözlər: alimentin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı “aliment ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-5299/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X16 doğulmuşlar.

2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1913/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X10 ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində 722 nömrəli akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün İddiaçı yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün X5 yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay İddiaçı əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq X6 ödənilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2312/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1913/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinin “xx.xx.2011-ci il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün X5 yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay İddiaçı əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq X6 ödənilməsi” hissəsində ləğv olunması, iddia tələbinin həmin hissədə təmin edilməməsi, X10 ilə İddiaçı birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X13 İddiaçı himayəsində saxlanması, qətnamənin mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh X7 qarşı “alimentin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat alimentin cavabdeh Əzizova (Əliyeva) Nərmin Nizam qızından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı iddia tələbini yuxarıda qeyd olunan işin hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, birgə nikahdan olan uşaqlar onun himayəsinə verilmişdir. Hazırda cavabdeh işləyir, lakin uşaqların saxlanılması xərclərində iştirak etmir. Bununla bağlı mediasiya sessiyası da olmuş, lakin qarşı tərəf gəlməmişdir.

6. Cavabdeh X11 məhkəmə iclasında bildirmişdir ki, iddia tələbini qəbul etmir. 250 manat əmək haqqı alır. Kirayədə qalır, uşaqların saxlanılmaları üçün aliment ödəməyə maddi imkanı yoxdur.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 5299/2024 nömrəli qətnaməsi ilə (hakim K.B.Xudayev) iddia tələbi qismən təmin edilmiş, cavabdeh X3 xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulma vaxtının xx.xx.2024-cü il tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab etmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahından olan uşaqlarının saxlanması üçün tutulan sabit pul məbləğində alimentin miqdarı hər ay hər uşağa 150 manat müəyyən edilməlidir. Çünki uşaqların saxlanması hər iki valideynin borcudur, iddiaçı əmək qabiliyyətli olmaqla, uşaqların maddi təminatının ödənilməsində cavabdehlə bərabər iştirak etməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75.1-75.4, 78.1, 78.2, 100.2-ci maddəsinə, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 13, 19-cu maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin alimentin tutulması hissəsində dəyişdirilməsini və hər ay hər bir uşaq üçün 75 manat olmaqla ümumilikdə 150 manat məbləğində alimentin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, hazırkı halda məhkəmə onun maddi və ailə vəziyyətini və diqqətəlayiq digər halları nəzərə almamışdır. Belə ki, məhkəmə onun orta təhsilli olmağını, hər hansı bir peşə sahibi olmamağını, əvvəllər heç bir yerdə işləməməyini, iş təcrübəsinin olmamasını, kirayədə qalmağını və s. bu kimi halları nəzərə almamışdır. Onun ali təhsili və müvafiq ixtisası olmadığı üçün normal əmək haqqı olan işdə işləyə bilmir. Həmçinin, nikahı pozulana qədər evdar olduğu və heç bir yerdə işləmədiyi üçün iş təcrübəsi də yoxdur. Buna görə də işəgötürənlər onu işə götürməkdən və normal əmək haqqı verməkdən imtina edir. Hazırda o, güclə yarım ştat bir iş tapmış və aylıq əmək haqqı 250 manatdır. Həmin pul ilə həm kirayədə qalmaq, həm də dolanmaq mümkün deyil. O ki, qaldı ayda 300 manat aliment də ödəyə. Hələ ki, valideyinlərinin maddi yardımı sayəsində güclə dolanır. Digər tərəfdən, uşaların əvvəlki təminat səviyyəsi ilə bağlı məsələyə qiymət verərkən də məhkəmə səhvə yol vermişdir. Belə ki, uşaqların əvvəlki təminat səviyyəsində heç bir dəyişiklik baş verməmişdir. Çünki omların ailəsində işləyən, qazanc gətirən və ailəni təmin edən hər zaman iddiaçı olmuşdur. İddiaçı hazırda da eyni işində qalmaqda davam edir və qazancı daha da artmışdır. Uşaqların təminatı da eyni səviyyədə qalmaqda davam edir. Beləliklə də, iddiaçının onun verdiyi alimentə heç bir ehtiyacı yoxdur. Belə ki, iddiaçı məhkəmə prossesizamanı təkcə evdə işləyən qulluqçuya 500 manat ödədiyini bildirmişdir. Bu isə onun kifayət qədər maddi imkana malik olduğunu, uşaqların kifayət qədər təmin olunmasını və iddiaçının onun ödəyəcəyi alimentə ehtiyacı olmadığını sübut edir. Lakin məhkəmə bu halı da nəzərə almamışdır.

12. Qətnamədən iddiaçı da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddianı qismən təmin edərkən iki uşağın mənafeyini nəzərə almamışdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə bu minumum həddi belə nəzərə almamışdır. Həmçinin nəzərə almaq lazımdır ki, 2025-ci ildə bu məbləğ daha da artacaq. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə minumim həddən də aşağı alimen təyin etməklə (hər uşaq üçün 150 manat) bu normanı pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı cavabdehin apellyasiya şikayətinə qarşı etiraz verərək belə əsaslandırmışdır ki, cavabdehin qeyd etdiyi xüsusatlar onun uşaqların saxlanılmasında, onların xərclərinin qarşılanmasında iştirak etmək vəzifəsini istisna edən hallar deyil. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh işləyir, kifayət qədər gəliri var. Hətta fərz etsək ki, işləmir, bu hal özü də onun apellyaisya şikayətinin təmin üçün əsas ola bilməz. Çünki o, gənc insandır, sağlamlıq imkanları yaxşıdır və istənilən sahədə normal işləyə bilər. Göstərilən halları nəzərə alaraq cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

15. İddiaçının apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı öz apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, 2.000 manat əmək haqqı alır, onun 1.100 manatının kreditin ödənilməsinə sərf edir, aylıq xərci aldığı əmək haqqından çoxdur. Cavabdeh avtomobil ilə bağlı mübahisə açdığına görə bu tələbi irəli sürmüşdür. Cavabdehin tələb olunan alimenti ödəməyə imkanı var.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh öz apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, onun ali təhsili yoxdur, 16 yaşında ailə həyatı qurub. Ailəli olduğu müddətdə ailəyə iddiaçı baxıb. O, kirayədə qaldığı üçün iddiaçı uşaqları öz yanına apardı ki, onlara yaxşı baxacaq. İddiaçı onun uşaqları ilə ünsiyyətinə imkan vermir. İddiaçı uşaqlara bildirib ki, o, avtomobil ilə bağlı mübahisədən geri çəkilsin, onda uşaqları ilə görüşə bilər. Hazırda tələbədir, işləmir, atasının maddi dəstəyi ilə dolanır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34, hissə İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

20. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

21. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.

22. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2024-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə iddianın təmin olunmayan hissəsində iddiaçı, təmin olunan hissəsində isə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarı hissəsində dəyişdirilməlidir.

27. Kollegiya ilkin olaraq iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin yüksək gəlir əldə etməsi barədə iddiaçı tərəfindən sübutlar məhkəməyə təqdim edilməmişdir.

28. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, aliment ödəyən valideynin az qazanca malik olması və ya digər əlavə xərclərə (kirayə haqqı ödəməsi və s.) məruz qalması onu uşaqlarını saxlamaq və onların maddi təminatını ödəmək vəzifəsindən azad etmir.

29. Kollegiya tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cavabdehdən tutulmalı olan alimentin miqdarını qanunvericiliyin tələblərinə və işin hallarına uyğun hesab edir.

30. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, uşaqları saxlamaq və onların maddi tələbatlarını ödəmək hər iki valideynin vəzifəsidir.

31. Bununla belə, kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan xx.xx.2024-cü il tarixli qərarını nəzərə alaraq bu nəticəyə gəlir ki, tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı, qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir.

32. Hazırki işdə bir uşağın saxlanmasına görə aliment 150 manat həddində müəyyən edildiyindən, cavabdehdən iddiaçının xeyrinə 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin 0.43 mislində (345 x 0.43 = 150 manat) aliment tutulmalıdır.

33. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 5299/2024 nömrəli qətnaməsi dəyişdirilsin. xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X3 İddiaçı xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar