Məhkəmə qərarları › İş №2(103)-1252/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1252/2023

14.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1252/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: aliment borcunun silinərək, aliment öhdəliyinə qismən xitam verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinərək, aliment öhdəliyinə qismən xitam verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3156/2022 saylı, 31 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh ilə ailə həyatı qurmuş və nikahları 01 mart 2007-ci il tarixdə Bakı şəhəri Nizami rayon X3 Dövlət Qeydiyyat şöbəsində 137 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikahlarından 09 yanvar 2005-ci il tarixdə X8 adlı bir uşaqları doğulmuşdur. Nikaha daxil olduqdan sonra bir müddət münasibətləri yaxşı olsa da, lakin xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən onlar ayrılmışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3583/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən hər ay 900 (doqquz yüz) manat sabit pul məbləğində məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdır. Bundan sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4659/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3583/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (azaldılaraq) İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3320/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur.

2. İş materiallarında olan Bakı şəhəri Nizami rayon X3 Dövlət Qeydiyyat şöbəsi tərəfindən 01 mart 2007-ci il tarixdə verilmiş AZ-İ № 282312 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2007-ci ilin mart ayının 01 günündə 137 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir.

3. İş materiallarında olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3583/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, qətnaməyə əsasən xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən hər ay 900 (doqquz yüz) manat sabit pul məbləğində məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdır.

4. İş materiallarında olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4659/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, qətnaməyə əsasənxx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3583/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (azaldılaraq) İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinərək, aliment öhdəliyinə qismən xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3583/2020 saylı qətnaməsi və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(006)-4659/2021 saylı icra sənədinə əsasən hesablanmış 12.447 manat məbləğində aliment borcunun silinərək həmin hissədə aliment öhdəliyinə qismən xitam verilməsi və iddiaçının aliment borcunun 522 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci ildə Bakı şəhərində rəsmi nikaha daxil olmuş və nikahları 137 № ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X8 adlı övladları dünyaya gəlmişdir. Münasibətləri uzun illər normal olmuşdur. Hazırkı iş üzrə Cavabdeh ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək birgə nikahdan anadan olmuş övladları xx.xx.2005-ci il təvəllüdlü X1 üçün ondan sabit pul məbləğində aylıq 1.000 manat məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin mülki işə baxılan zaman o, iddia tələbini qismən qəbul edərək aylıq 900 manat məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsinə razılıq vermişdi. Məhz buna görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3583/2020 saylı qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan sabit pul məbləğində hər ay 900 manat məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, aliment məbləğinin hesablanması xx.xx.2022-ci il tarixdən başlanmışdır. Faktiki olaraq onlar 2021-ci ilin sentyabr ayınadək bir yerdə yaşamışlar və övladlarının xərclərini iddiaçı çəkmişdir. Məhz bu səbəbdən cavabdeh heç zaman aliment borcu ilə bağlı şikayət etməmişdir. Artıq 2021-ci ilin əvvəllərində münasibətləri tamamilə korlanmağa başlamış, lakin bu dövrdə də yenə birlikdə yaşamışlar və o, aliment öhdəliyini icra etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3320/2021 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bundan sonra həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(006)-4659/2021 saylı icra sənədinə görə xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3583/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (azaldılaraq) ondan Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutulması qərara alınmışdır. 2021-ci ilin iyul ayından sonra onun əlilliyə görə aldığı pensiya dayandırılmış və avqust ayından onun ödəməli olduğu aliment qanunvericiliyə görə 193 manat təşkil edir. Cavabdeh sentyabr ayında birgə yaşadığı mənzildən getdikdən sonra fürsətdən istifadə edərək, guya bu müddət ərzində onun aliment ödəmədiyini və onun 12.450 manat aliment öhdəliyinin olmasını irəli sürmüşdür. Cavabdeh 2020-2021-ci illər ərzində alimentlə bağlı heç zaman icra məmuruna şikayətlər etməmişdir. Çünki aliment məbləğini tam olaraq əldə etmişdir. Yalnız sentyabr ayında onlar faktiki olaraq ayrılandan sonra alimentlə bağlı şikayətlər etməyə başlamışdır. Sentyabr ayında o, COVİD-19 virusuna yoluxduğundan və aldığı pensiya dayandırıldığından o, aliment öhdəliyini 2021-ci ilin sentyabr ayından 2022ci ilin yanvar ayınadək icra edə bilməmişdi. 2022-ci ilin fevral ayında 375 AZN, mart ayında 275 AZN, aprel ayında isə 300 AZN məbləğində aliment ödəmişdir. Məhkəmə qətnamələrinə əsasən onun aliment üzrə öhdəliyi 13.347 AZN təşkil edir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-3156/2022 saylı, 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov), İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinərək, aliment öhdəliyinə qismən xitam verilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı aliment borcunun qismən ödənilməsini, həmçinin tərəflərin faktiki olaraq 2021-ci ilin sentyabr ayınadək bir yerdə yaşamasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Ailə Məcəllənin (bundan sonra - AM) 29.1, 29.2, 56.1 və 75.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 76.1, 76.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri

11. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçıvin apelyasiya şikayətində göstərilmişdir ki, tərəfindən 2021-ci ilin sentyabr ayınadak cavabdehlə birlikdə yaşamasını təsdiq edən fotoşəkillər, övladının təhsil haqqını ödəməsini təsdiq edən qəbzlər və aylıq aliment ödənişlərini əks etdirən qəbzlər təqdim edilmiş, məhkəmə isə qətnamədə həmin sübutlarla bağlı heç bir qeyd aparmamışdır. Bundan başqa məhkəməyə şifahi vəsatətlə müraciət edilərək, onun və cavabdehin anten məlumatlarının götürülməsi xahiş edilmiş, lakin, məhkəmə bu vəsatətidə təmin etməmişdir. Cavabdeh 2020-2021-ci illər ərzində alimentlə bağlı heç zaman icra məmuruna şikayətlər etməmişdir. Çünki aliment məbləğini tam olaraq əldə etmiş, yalnız sentyabr ayında onlar faktiki olaraq ayrılandan sonra cavabdeh alimentlə bağlı şikayətlər etməyə başlamışdır. Məhkəmə isə işin faktiki hallarını və təqdim edilmiş sübutları nəzərə almadan iddia tələbini rədd etmişdir. Məhkəmə onların hansı müddətdən ayrı yaşamalarını müəyyənləşdirməmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:

14. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

20. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

21. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

22. Maddə 75: 75.1. Valideyinlər uşaqlarını saxlamağa borcludurlar; 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

23. Maddə 76.2. Valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

24. Maddə 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

25. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

26. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

27. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

28. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

29. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Maddə 76.2. bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4. Bəhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Birinci instansiya məhkəməsi İddiaçı aliment borcunu qismən ödəməsini və həmçinin tərəflərin faktiki olaraq 2021-ci ilin sentyabr ayınadək bir yerdə yaşamasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməməsini nəzərə alıb hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinərək, aliment öhdəliyinə qismən xitam verilməsi tələbinə dair” iddiası təmin edilməməlidir.

44. İddiaçı qətnamədən verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmiş və apelyasiya şikayətini belə əsaslandırmışdir ki, tərəfindən 2021-ci ilin sentyabr ayınadak cavabdehlə birlikdə yaşamasını təsdiq edən fotoşəkillər, övladının təhsil haqqını ödəməsini təsdiq edən qəbzlər və aylıq aliment ödənişlərini əks etdirən qəbzlər təqdim edilmiş, məhkəmə isə qətnamədə həmin sübutlarla bağlı heç bir qeyd aparmamışdır. Məhkəmə işin faktiki hallarını və təqdim edilmiş sübutları nəzərə almadan iddia tələbini rədd etmişdir. Məhkəmə onların hansı müddətdən ayrı yaşamalarını müəyyənləşdirməmişdir.

45. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, maddi hüquq normalarının tələblərinə uyğun qiymətləndirib hesab edir ki, apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Belə ki, İddiaçı şikayətdə qeyd etdiyi hallarla bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim edilməmişdir.

46. Məhkəmə kollegiyası iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş apelyasiya şikayətini nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

47. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır.

48. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

49. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

50. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlillərini qiymətləndirərək, həmin dəlilləri əsassız hesab edir.

51. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmamasının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürməsindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

52. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, o, faktiki olaraq onlar 2021-ci ilin sentyabr ayınadək cavabdehlə bir yerdə yaşamışlar və övladlarının xərclərini o, çəkmişdir. Məhz bu səbəbdən cavabdeh heç zaman aliment borcu ilə bağlı şikayət etməmişdir. Artıq 2021-ci ilin əvvəllərində onların münasibətləri tamamilə korlanmağa başlamış, lakin bu dövrdə də yenə birlikdə yaşamışlar və o, aliment öhdəliyini icra etmişdir. Cavabdeh 2021-ci ilin sentyabr ayında birgə yaşadıqları mənzildən getdikdən sonra fürsətdən istifadə edərək, guya bu müddət ərzində onun aliment ödəmədiyini və onun 12.450 manat aliment öhdəliyinin olmasını irəli sürmüşdür. Yalnız sentyabr ayında onlar faktiki olaraq ayrılandan sonra iddiaçı alimentlə bağlı şikayətlər etməyə başlamışdır.

53. Kollegiyanın qənaətinə görə sübutetmə yükü, yəni iddiaçının yaranmış aliment borcunu ödədiyini sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür və kollegiya hesab edir ki, iddiaçı həmin halları sübuta yetirə bilməmişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir (“Mahmudov Rusiyaya qarşı”, “Qavazov Bolqarıstana qarşı” və sair işlər).

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”.

56. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

57. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Lakin, iş materiallarından göründüyü kimi, İddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir.

59. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.

60. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3156/2022 saylı, 31 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar