Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1257/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X7 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment sazişinin pozulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli “Uşaqları saxlamaq barədə” sazişin ləğvi, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 üçün alimentin hər uşağa görə hər ay 170 manat olmaqla, cəmi 340 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Uşaqları saxlamaq barədə” sazişin 3.1-ci bəndinə əsasən, iddiaçı uşaqların qidalanması, geyinməsi, oyuncaqlarının alınması, əylənməsi və digər gündəlik xərclərini ödəmək üçün cavabdehə aylıq 3.500 BƏƏ dirhəmi və ya onun ekvivalenti 960 ABŞ dolları vəsait ödəməyi öz üzərinə götürmüşdür. Lakin saziş bağlandığı zaman iddiaçı Əbu Dabini aprarıcı neft şirkətlərindən birində neft kəşfiyyat əməliyyatları ilə bağlı müşahidəçi vəzifəsində işləmiş və aldığı əmək haqqı hesabına uşaqların saxlanılması üçün qeyd olunan vəsaiti ödəmişdir. Hazırda isə heç yerdə işləmir, hər hansı gəliri yoxdur. Bu hal məhkəməyə təqdim olunmuş sənədlərlə sübuta yetirilmişdir. Lakin məhkəmə bu sübutlara əhəmiyyət və düzgün qiymət verməyərək qətnaməni yalnız cavabdehin uydurma ifadələrinə müvafiq olaraq əsaslandırmışdır. Halbuki, cavabdeh tərəfindən məhkəmə baxışı zamanı təqdim edilmiş şəkillər və elektron rabitə vasitəsilə əldə edilmiş “səs yazılarının” ümumiyyətlə məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi yolverilməzdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə sosial şəbəkədə olan Nariman Qurbanov adı ilə istifadəçinin profil şəkillərini, mənbəyi məlum olmayan telefon yazışmaların şəkilləri və səs yazıları təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, hazırda heç yerdə işləmir. Ona görə də sazişdə qeyd olunan məbləğdə alimenti ödəməyə maddi imkanı çatmır. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, xx.xx.2019-cu il tarixədək xarici şirkətdə işləmiş, lakin həmin vaxtdan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Buna görə də Azərbaycana qayıtmış, lakin burada da pandemiya ilə əlaqədar iş tapa bilməmişdir. Odur ki, göstərilənlərə əsasən, şikayətinin təmin olunmasını xahiş edir. İddiaçının nümayəndəsi də, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh və onun nümayəndəsi isə, apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İşdə olan sənədlərdən və tərəflərin izahatlarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(005)-3574/2012 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X5 analarının himayəsinə verilməsi qət edilmişdir. İddiaçı işi ilə əlaqədar olaraq X9, Əbu Dabi şəhərində yaşadığı müddətdə Cavabdeh da uşaqları ilə birlikdə bir müddət həmin şəhərdə yaşamış və xx.xx.2017-ci ildə tərəflər arasında “Uşaqları saxlamaq barədə” saziş bağlanmışdır. Sazişə əsasən, İddiaçı uşaqların təhsil və tibbi yardım üzrə xərclərini, uşaqların anaları ilə birlikdə həmin şəhərdə yaşamaları ilə bağlı icarə xərclərini və gündəlik xərclərini ödəməyi öz üzərinə götürmüşdür. “Gündəlik xərclər” başlıqlı 3.1-ci bənddə qeyd olunmuşdur ki, İddiaçı uşaqların qidalanması, geyinməsi, oyuncaqlarının alınması, əylənməsi və digər gündəlik xərcləri ilə bağlı aylıq 3500 BƏƏ dirhəmi və ya onun ekvivalenti 960 ABŞ dolları miqdarında vəsaiti ödəməyi üzərinə götürür. İddiaçı sazişdən irəli gələn öhdəliklərini 2019-cu ilin mayı ayınadək icra etmişdir. Daha sonra Cavabdeh uşaqları ilə birlikdə Bakı şəhərinə qayıtmış və onun müraciəti əsasında Bakı şəhəri 9 saylı Notariat Kontorunun 8İ-3906 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Nərimanov rayon İcra və Probasiya şöbəsində xx.xx.2020-ci il tarixdə icraat başlanılmış və borclu İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh xeyrinə 14.653 manat ödəniş edilmişdir. Hazırda iddiaçı, 2019-cu ilin dekabr ayından etibarən hazırkı vaxtadək işsiz olduğunu, buna görə də maddi vəziyyətinin cavabdehlə aralarında bağlanmış uşaqların saxlanılması barədə xx.xx.2017-ci il tarixli sazişdə nəzərdə tutulmuş vəsaiti (960 ABŞ dolları) ödəməyə imkan vemədiyini bildirərək, həmin sazişin pozulmasını və birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün ondan hər ay 170 manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Ailə Məcəlləsinin 95.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquqi əqdlərin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması barədə normaları tətbiq olunur. Həmin Məcəllənin 95.4-cü maddəsinə əsasən tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Mülki Məcəllənin 422.1-ci və 422.2-ci maddələrinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Göründüyü kimi, qanunverici tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda aliment ödənilməsi barədə sazişin aralarındakı razılığa müvafiq olaraq dəyişilməsi və ya pozulması (ləğv edilməsi), belə razılıq olmadıqda isə maraqlı tərəfin iddiası əsasında məhkəmə qaydasında dəyişilməsi və ya pozulması (ləğv edilməsi) imkanını nəzərdə tutmuşdur. Birinci instansiya məhkəməsi, hazırkı iş üzrə aliment barədə sazişin pozulması barədə iddianı rədd edərkən, iddiaçının hal-hazırda işsiz olduğunu qeyd etməsinə baxmayaraq, cavabdehin etirazından sonra BƏƏ-də yerləşən “Baker Hughes” şirkətində xx.xx.2019-cu il tarixədək işlədiyini, bununla da, iş üzrə əhəmiyyətli halları məhkəmədən gizlətməyə cəhd etməsini, həmçinin, qeyd olunan şirkətlərdə işinə xitam verilməsinə dair sənədlərin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini təqdim edə bilməməsini nəzərə alaraq və qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Uşaqları saxlamaq barədə” saziş birgə nikahlarından anadan olmuş uşaqların təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin edir və məhkəmə baxışı zamanı həmin sazişin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kollegiya, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini hazırkı işin hallarına tətbiq edərək, rayon məhkəməsinin gəldiyi bu qənaətlə razılaşmır. Ona görə ki, həqiqətən də işdə olan sənədlərdən görünür ki, aliment barədə sazişin bağlandığı vaxt iddiçı həmin sazişdən irəli gələn öhdəliklərini icra edə bilmək üçün kifayət qədər maddi vəsaitə malik olmuş, lakin sonradan - 2019-cu ilin dekabr ayından etibarən sonuncu iş yerindən ayrılaraq, hazıra kimi işsiz olduğundan onun maddi vəziyyətində aliment barədə öhdəliyin eyni qaydada icrasını mümkünsüz edəcək dərəcədə əsaslı dəyişiklik baş vermişdir. Belə ki, “X14 & Services LLC” şirkətinin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli, HR/800153/18 saylı əmək müqaviləsinə xitam bildirişində qeyd olunmuşdur ki, layihələrin azalması və biznesin idarə edilməsi tələblərindən onun şirkətlə bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən xitam verilir. Bununla da, ona 1 aylıq xəbərdarlıq müddəti verilir və xx.xx.2018-ci il onun son iş günü kimi qeydə aiınır. Son haqq hesabın aparılması üçün İnsan resursları departamentinə hesabat verməsi xahiş edilir. “Baker Hughes” şirkətinin xx.xx.2020-ci il tarixli, ******* saylı xidmət şəhadətnaməsindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “Baker Eastern S.A. şirkəti”nin Abu Dabi ofisinin işçisi olmuşdur. Onun son iş vəzifəsi sahə supervayzeri olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2020-ci il tarixli, **********2 saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “X11” altsisteminə əsasən hal-hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Cavabdeh isə qeyd olunanları təkzib edərək, iddiaçının maddi vəziyyətində heç bir dəyişiklik olmadığını, onun hal-hazırda xarici şirkətlərin birində işləməyə davam etdiyini bildirsə də, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X3rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Belə olan halda, Kollegiya, qeyd olunanları birlikdə qiymətləndirərək, bu qənətə gəlir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Uşaqları saxlamaq barədə” saziş ləğv edilməli (pozulmalıdır). Kollegiya, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün iddiaçıdan tutualacaq alimentin yeni miqdarı ilə bağlı isə bildirir ki, iddia bu hissədə qismən təmin olunmalıdır. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə, dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 170 manatdır. Kollegiya hesab edir ki, iddiaçı hər ay uşaqların saxlanılması üçün ondan tutulacaq alimentinin miqdarının yaşayış minimumu həddində - 170 manat məbləğində müəyyən edilməsini tələb etsə də, bu məbləğ baxılan işin halları baxmından uşaqların mənafeyi üçün uyğun hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün iddiaçı təərfindən aliment barədə sazişdə onların təhsil, müalicə, gündəlik və əyləncə xərclərinin yüksək standartlarda qarşılanması nəzərdə tutulmaqla iddiaçı tərəfindən uzun müddət təmin edilmişdir. Hazırda uşaqların saxlanılması üçün minimum yaşayış miqdarı həddində alimetin təyin edilməsi isə onların əvvəlki yaşayış səviyyəsi ilə mənafelərinə uyğun olmayan şəkildə kifayət qədər əhəmiyyətli fərq yaradacaq. Ona görə də, məhkəmə kollegiyası, hesab edir ki, uşaqların əvvəlki təminat səviyyələrinin mümkün qədər saxlanılması baxımından İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər hay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti qismən edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4169/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli “Uşaqları saxlamaq barədə” saziş pozulsun (ləğv edilsin). İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1257/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1257/2021
10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver