Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1257/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı, ezamiyyə xərcləri və gecikdirilmiş günlər üçün ödəncin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(005) 206/2023 nömrəli qərardadından İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən əmək haqqı və ezamiyyə xərcləri üçün 101655 manat və ödənişin gecikdirilməsinə görə 121986 manat, cəmi 223641 manat vəsaitin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-206/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən ödənilməmiş 62100 (altmış iki min yüz) manat məbləğində əmək haqqı, ezamiyyət dövrü üçün 3400 (üç min dörd yüz) manat və əmək haqqının gecikdirilməsinə görə 248400 manat ödənc, ümumilikdə 313900 (üç yüz on üç min doqquz yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bununla yanaşı İddiaçı nümayəndəsi-vəkili Vəkil xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-206/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 6779/2023 saylı qərardadına əsasən, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsi və mülki işin, İddiaçı verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinin müzakirə edilməsi üçün apellyasiya baxışından çıxarılaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(005)- 206/2023 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(005)-206/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı nümayəndəsi-vəkili Vəkil şikayət verərək, qərardadın ləğv edilməsi və verilmiş apellyasiya şikayətinin baxılması üçün Apellyasiya İnstansiyası Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həqiqətən iddiaçının vəkili və nümayəndəsinə qətnamə elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixində çatdırılmışdır. Ancaq iddiaçının özünə qətnamə rəsmi olaraq xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Bunu iş materiallarında olan poçt konverti təsdiq edir. Məlum olduğu kimi, apellyasiya şikayəti qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yəni iddiaçı xx.xx.2023-cü il tarixədək apellyasiya şikayətini verə bilərdi. Vəkilə verilən etibarnamədə məhkəmə qərarlarından şikayət vermə şəlahiyyəti verilmişdir. Ancaq, iddiaçının belə bir səlahiyyəti vəkilə verməsi, onun özünün müstəqil olaraq bununla bağlı qərar verməsini məhdudlaşdırmır. Bundan başqa, nəzərə alınmalıdır ki, vəkillər və vəkillik fəaliyyəti haqqında qanuna əsasən, vəkil öz fəaliyyətini təmsil etdiyi şəxsin tapşırıqlarına müvafiq olaraq həyata keçirir. Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya şikayəti vermək qərarını iddiaçı xx.xx.2023-cü il tarixdə vermişdir, elə həmin gün apellyasiya instansiyası məhkəməsində onu təmsil etmək üçün vəkillə müqavilə bağlamışdır və bunun əsasında vəkilə xx.xx.2023-cü il tarixdə order verilmişdir. Bundan sonra, vəkil tərəfindən xx.xx.2023cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(005) 206/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-206/2023 nömrəli qətnaməsi iddiaçı tərəfin nümayəndəsi və vəkilinə xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə çatdırılmışdır. Həmçinin iş materiallarında olan etibarnamədən görünür ki, iddiaçı tərəfindən Vəkil verilən etibarnamədə məhkəmələr tərəfindən qəbul edilmiş qərarlardan şikayət vermək səlahiyyətinin də etibar edilməsi nəzərdə tutulmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayəti isə 17 oktyabr 2023-cü il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi iddiaçı tərəf üçün apelyasiya şikayəti verilməsi üçün son gün xx.xx.2023-cü il tarix olmasına baxmayaraq, apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti İddiaçı tərəfindən müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qərardadın ləğvi üçün əsas təşkil etmir. Belə ki, şikayətin dəlillərindən də göründüyü kimi mübahisələndirilən qətnamə iddiaçının nümayəndəsi-vəkilinə elektron kabinet vasitəsi ilə məhz 13 sentyabr 2023-cü il tarixdə təqdim edilmişdir, həmin qətnamənin iddiaçıya həmin tarixdən sonra, yəni 18 sentyabr 2023-cü il tarixdə təqdim edilməsi isə iddiaçıya münasibətdə qətnamədən apellyasiya şikayəti vermək üçün müddət axımının 18 sentyabr 2023-cü il tarixdə başlaması üçün əsas vermir, çünki MPM-nin nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir (maddə 74.1.). İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (maddə 74.2.). İddiaçının adından Vəkil verilən etibarnamədə məhkəmələr tərəfindən qəbul edilmiş qərarlardan şikayət vermək səlahiyyətinin də etibar edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi nümayəndə qətnamənin ona 13 sentyabr 2023-cü il tarixdə çatdırılmasından məlumatlı olmuş və həmin müddətdən qanunla nəzərdə tutulmuş 1 ay ərzində apellyasiya şikayəti vermək üçün də səlahiyyətli olmuşdur. Digər tərəfdən şikayətdə qeyd edilmişdir ki, iddiaçı tərəf 16 oktyabr 2023-cü il tarixdə apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin halın mövcudluğu müddətin ötürülməməsi üçün əsas deyil, çünki nümayəndə-vəkil qətnamənin ona artıq 13 sentyabr 2023-cü il tarixdə çatdırıldığından məlumatlı idi və həmin müddət ərzində onun etibarnaməsi qüvvədə olmuşdur ki, nümayəndə-vəkil bu müddətdə iddiaçıya zəruri prosessual hərəkətlərin edilməsi barədə məlumat verməsi üçün etibarnamə ilə ona verilmiş səlahiyyətlərdən istifadə etməsinə hər hansı maneə olmamışdır. Başqa sözlə, iddiaçı 13 sentyabr 2023-cü il tarixdən 1 ay ərzində vəkillə müvafiq müqavilə bağladıqdan sonra həmin müddət daxilində də şikayət elektron kabinetə yerləşdirilməli idi. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bu baxımdan, qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının nümayəndəsi-vəkilinin şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlmiş, onun bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(005) 206/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-1257/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1257/2024
15.01.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver