Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1258/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-836/2020 nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurduğu mənəvi ziyana görə 400000(dörd yüz min) manat və ödənilmiş 30(otuz) manat dövlət rüsumu əvəzi alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, barəsində Lənkəran rayon Polis şöbəsində ********* cinayət işi başlanmış və X1 Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Lənkəran rayon Prokurorluğunun prokuror köməkçisi Cavabdeh xx.xx.2017-ci il tarixdə müdafiəçi dəvət etmədən ondan aldatma yolu ilə izahat almış, (latın qrafikası ilə yazıb-oxuya bilmir) nəticədə xx.xx.2017-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərar prosessual pozuntulara yol verlməklə tərtib edilməklə yanaşı, 1 il sonra ona verilmişdir. Bundan sonra həmin qərardan şikayət vermiş və həmin qərar Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 6(106)-21/2018 saylı qərarı ilə ləğv edilmiş və 68-C-17 saylı material hərtərəfli araşdırılması üçün Lənkəran Rayon Prokurorluğuna göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi hesab etmişdir ki, İddiaçı başqa cinayət işi üzrə təqsirləndiriən şəxs statusunda olduğuna və polis əməkdaşlarından etdiyi şikayətı məhz, onun polis əməkdaşları tərəfindən əsassız olaraq təqsirləndirilməsınin bir hissəsi olduğuna görə, onun şikayəti barədə araşdırma aparılan zaman o, vəkil və yaxud mütəxəssis ilə təmin edilməli idi. Bundan başqa, həmin qərarda qeyd olunmuşdur ki, Lənkəran Rayon Prokurorluğunun müstəntiqi üzrə stajoru Cavabdeh xx.xx.2017-ci il tarixdə diaqnostika tomoqrafiyasından keçirilməsi, kim tərəfindən ora aparılması, hansı qismdə 282 nömrə ilə qeydiyyata alınması, xx.xx.2017-ci il tarixdə BİT-də ilkin tibbi müayinə zamanı qançır izlərinin hansı şəraitdə törədilməsi araşdırılmamışdır. Cinayət Prosessual Məcəlləsinin tələbinə əsasən cavabdeh həmin qərarın surətini 48 saat müddətində verməli olduğu halda, barəsində ittiham hökmü çıxarılandan və o, məhkum statusuna keçəndən sonra vermişdir. X1 Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən cəzasını ümumi rejimli 10 saylı CCM-də çəkməlidir. Həmin rejimdə cəza çəkən məhkumlar açıq havada gəzmək, sərbəst hərəkət etmək, ailə üzvləri ilə uzunmüddədli (üç gün) görüşmək və s. kimi hüquqları vardır. Cavabdehin hərəkətləri ucbatından qərardan şikayət verdiyinə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, 40 gün qapalı şəraitdə saxlanılmışdır. Bundan başqa, qapalı şəraitdə saxlanıldığına görə, 15 oktyabrda ad günü olan oğlu Aqil Məmmədovun və 17 oktyabrda ad günü olan atası Ağa Məmmədovla görüşə və onların doğum günlərini keçirə bilməmişdir. Nəticədə, hətta ailə üzvləri də mənəvi iztirablara məruz qalmış və hər iki ad günü keçirilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-836/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul ediməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini, iddia tələbi ilə eyni məzmunda əsaslandırmış, həmçinin göstərmişdir ki, dəfələrlə məhkəmənin sədrinə və hakimə müraciət edərək onun məhkəmə iclasında iştirakının təmin olunması üçün zəruri tədbirlər görülməsini xahiş etsə də iştirakı təmin edilməmişdir. Belə ki, üç ildən çoxdur ki, cəzaçəkmə müəssisəsində cəzaçəkdiyi üçün sərbəst məhkəməyə gəlməsi mümkün deyildir. Ona görə də məhkəmə iclasında iştirak edə bilməməsinin səbəbi hakimin bu barədə qərar qəbul etməməsi və üzrlü səbəbdən iştirak edə bilməməsidir. Buna görə də, ilk cavabdehlə, əsl cavabdehin əvəz edilməsinə onun razılığının olub-olmamasını dəqiqləşdirməmiş, həmçinin iddia tələbini dəyişmək hüququndan məhrum olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini və apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahat verdi, həmçinin bildirdi ki, hazırki işə rayon məhkəməsində baxılarkən hakim çəkişmə prinsipini təmin etməyib. Onun həbsdə olduğunu bilə-bilə işə baxılmasında iştirakını təmin etməyib. O, azadlıqda deyil, istədiyi vaxt istədiyi yerə gedə bilmir. Bu halda o, necə məhkəmə iclasında iştirak edə bilərdi. Hakim məhkəmə iclasında onun iştirakını təmin etmədən, ciddi prosessual pozuntulara yol verməklə qərar qəbul edib, onu hüquqlarından məhrum edib. Məhkəmə iddiaçının razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz edə bilərdi. Bütün şikayətlərində göstərilir ki, onun hüquqları pozulub. Onun burada şikayəti prokurorluğun işçisindəndir, süründürməçiliyə eyni zamanda vəkilin iştirakı olmadan ifadəsi alındığına görə mənəvi ziyan dəyib. Eyni zamanda oğlu və atası ad günlərində iştirak edə bilmədiyi üçün psixi sarsıntılar keçirib. Bundan başqa vəkilinin də iştirakı ilə bağlı xərclər yaranıb. İşə baxılması vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərildiyi kimi, bu Qanun təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya suiistifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin göstərilən müddəalarına əsaslanaraq qeyd edir ki, Lənkəran Rayon Prokurorluğunun prokuror köməkçisi işləmiş Cavabdeh hazırkı iddia tələbi üzrə cavabdeh şəxs olmadığına görə İddiaçı ona qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia qaldırmaqda haqlı olmamışdır. Odur ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi cavabdeh olmayan şəxsə qarşı verildiyinə görə rədd edilməlidi. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəlləsinin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas olsa da, iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırkı iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin prosessual pozuntulara yol verdiyi hallar istisna olmaqla, iddianın təmin edilməməsi ilə bağlı iş üzrə gəldiyi nəticə ümumən düzgün olmuşdur. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də apellyasiya baxışı zamanı ona mənəvi zərər vurulması ilə bağlı hansısa mötəbər dəlilə istinad etməmişdir. Mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdehin iddiaçıya mənəvi zərər vurması isə inandırıcı və ağlabatan görünmür. İkincisi, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Cavabdehin təqsiri prokurorluq orqanlarının yaxud məhkəmənin hansısa qərarı ilə də təsdiq edilməmişdir. Belə ki, cavabdehin iddiaçının müraciəti üzrə cinayət mühakimə icraatı qaydasında araşdırma apararaq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməsi və həmin qərarın birinci instansiya məhkəməsi tərəfindən qanuni hesab edilməsi, lakin sonradan Şirvan Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilməsi o demək deyil ki, cavabdeh qanunsuz fəaliyyət göstərmiş və bunun nəticəsində də iddiaçıya zərər vurmuşdur. Cavabdeh prokurorluq orqanının əməkdaşı kimi qanunla ona verilmiş səlahiyyətləri çərçivəsində cinayət barədə verilmiş məlumatlar üzrə araşdırma aparmaqla prosessual fəaliyyətini həyata keçirmişdir. Bu fəaliyyət zamanı təbii ki, araşdırmanı cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun aparmalıdır. Lakin həmin fəaliyyət zamanı hansısa məsuliyyətə səbəb olmayan hərəkətlərə yol verməsi yaxud araşdırmanı tam və hərtərəfli aparmaması iddiaçıya zərər vurma kimi qiymətləndirilə bilməz. Eyni zamanda cavabdehin bu fəaliyyəti nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi də inandırıcı deyildir. Bundan əlavə, apellyasiya baxışı zamanı iddiaçı Lənkəran Rayon Prokurorluğunun əsl cavabdeh kimi tanınması, hər bir cavabdehdən ayrı-ayrılıqda dəymiş mənəvi ziyana görə 400000(dörd yüz min) manatın tutularaq ona ödənilməsini xahiş etmişdir. Əvvəla, iddiaçı cavabdehi onsuzda Lənkəran Rayon Prokurorluğunun vəzifəli şəxsi kimi yerinə yetirdiyi işlə bağlı cavabdeh qismində göstərmiş və ona qarşı tələb yönəltmişdir. İkincisi, Lənkəran Rayon Prokurorluğu özü də müstəqil dövlət orqanı olmadığından, yəni ayrıca hüquqi şəxs olmadığından cavabdeh hesab oluna bilməz. Çünki, Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi, prokurorluq orqanının vəzifəli şəxsi kimi Cavabdeh Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulmuş tədbirləri qanunsuz etmiş olsaydı belə, yenə də təqsiri olub-olmamasından asılı olmayaraq vurulmuş ziyana görə özü şəxsən məsuliyyət daşımamalıdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi işə iddiaçının məhkəmə iclasında iştirakını təmin etmədən baxmışdır. Belə ki, iddiaçının barəsində çıxarılmış ittiham hökmü ilə əlaqədar cəzaçəkmə müəssisəsində cəza çəkməsi əvvəlcədən məhkəməyə bəlli idi. Təbii ki, bu cür vəziyyətdə onun sərbəst şəkildə məhkəməyə gəlməsi də mümkünsüz idi. Bu barədə iddiaçı tərəfindən məhkəməyə məlumat da verilmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının müraciətini nəzərə almadan işə onun iştirakı olmadan baxmışdır. Ona görə işə, iddiaçının iştirakını təmin etmədən baxıldığından şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-836/2020 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 836/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1258/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1258/2021
05.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver