Məhkəmə qərarları › İş №2(103)-1259/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1259/2023

25.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1259/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:aliment məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(009)-2074/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 yanvar 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 23 mart 2008-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 04 aprel 2010-cu il tarixdə Ələskər-zadə Sona Mirnatiq qızı anadan olmuşdur.

2. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(009)- 2476/2015 saylı qətnaməsi ilə nikahları pozulmuş və azyaşlı uşağın onun yanında saxlanılması qərara alınmış və azyaşlı Ələskər-zadə Sona Mirnatiq qızının saxlanması üçün cavabdehdən hər ay 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin avqust 2015-ci il tarixli, 2(009)-2476/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində olan alimentin miqdarı dəyişdirilib artırılaraq, 04 aprel 2010-cu il tarixdə anadan olmuş Ələskər-zadə Sona Mirnatiq qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə nikahları pozularkən aylıq qazancının az olmasını ona bildirdiyindən, azyaşlı uşağın saxlanması üçün hər ay 300 manat sabit qaydada aliment verilməsinə onunla razılaşdıqlarından məhkəmənin qətnaməsinə əsasən 300 manat sabit alimentin ona ödənilməsi qət edilmişdir. Həmin vaxtdan 5 il keçmiş, ötən 5 il ərzində, istehlak qiymətləri artmış, uşağın saxlanması bahalaşmışdır. Həmçinin, hazırda ona məlum olmuşdur ki, cavabdeh “Simbrella” şirkətində işləməklə aylıq əmək haqqı 3800 manat təşkil edir. Aylıq əmək haqqının 3800 manat təşkil etməsini mediasiya sesiyasında cavabdeh özü də etiraf etmişdir.

5. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(009)- 2074/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Ələskər-zadə Sona Mirnatiq qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (digər gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 76.1.1, 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(009)-2074/2022 saylı qətnaməsinin ləğv edilməsini və xx.xx.2010-cu il təvəllüdlü Ələskər-zadə Sona Mirnatiq qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (digər gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. .

8. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(004)-2333/2018 saylı qətnaməsi ilə onun digər nikahından olan 11 iyun 2008-ci il təvəllüdlü X2 və 11 iyun 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 fevral 2018-ci il tarxindən başlayaraq, hər ay qazancının 1/3 (üçdə bir) hissəsini aliment qismində X4 xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edilənlər tərəfindən məhkəmə iclasları zamanı bildirilsə də, məhkəmə məsələyə heç bir aidiyyəti olmayan mövqe irəli sürmüşdür. Apellyasiya şikayətində qeyd edilir ki, qanun norması uşaqların fərqli ailələrdən olduğunu seçmədiyinə görə üç uşağın hər birinə bərabər şəkildə aylıq gəlirinin 1/6 hissəsi məbləğində aliment ödənilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsassız hesab edərək, onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

13. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır.

14. Maddə 76.1.3 Aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı qədər aliment tutulur.

15. Maddə 76.2. Aliementin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

16. Maddə 112.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

25. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, o, birinci instansiya məhkəməsində onun digər nikahdan olan iki uşağa aliment ödədiyini bildirsə də, buna hüquqi qiymət verilməmiş və nəzərə alınmamışdır.

26. Kollegiya qeyd edir ki, cavabdehin qeyd edilən dəlili əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qeyd edilən halları nəzərə almadan Ələskər-zadə Sona Mirnatiq saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən olunmasını ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. İddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin məhz icra haqqında qanunun tələbləri baxımından 70 faizdək tutmalarının aparılmasının yolverilənliyi barədə etirazına, bu qanuna istinad edən birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə kollegiya qeyd edir ki, hazırki halda iddia tələbinə mübahisəni birbaşa tənzimləyən bu sahədə xususi qanun olan Ailə qanunvericiliyin tələbləri baxımından yanaşılmalıdır. Həmin qanunvericiliyin tələblərində isə müəyyən edilir ki, valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı qədər aliment tutulması nəzərdə tutulmuşdur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda aliment tutulmalı uşaqdan başqa cavabdehin digər nikahdan 2 uşağı mövcuddur və qanuni qüvvədə olan qətnamə ilə onlara da cavabdehin qazancı və digər gəlirlərinin 1/3 hissəsində aliment tutulur. Qanunvericilikdə 3 uşağa münasibətdə alimentin hansı qaydada tutulmalı olması tənzimlənmişdir. Kollegiya qeyd edir ki, xx.xx.2010-cu il təvəllüdlü Ələskər-zadə Sona Mirnatiq qızı digər nikahdan olan uşaqlarla birlkdə yaşamasa da, aliment öhdəliyini icra etməli olan şəxs onların hər birinə münasibətdə atalarıdır və ödənilən aliment yalnız həmin şəxsin qazanc və gəlirlərindən tutulur.

29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə uşağın saxlanılması üçün alimentin iddia tələbində göstərilən qaydada tutulması digər uşaqlara münasibətdə ədalətsiz olardı. Belə ki, tələbdə qeyd edilən formada alimentin tutulması halında ödənilməli olan aliment digər uşaqların hər birinə düşən alimentin məbləğindən artıq olur. Halbuki, xx.xx.2010-cu il təvəllüdlü Ələskər-zadə Sona Mirnatiq qızına münasibətdə aliment müəyyən edilərkən digər nikahdan olan iki uşaqda nəzərə alınmaqla 3 uşağa görə qazanc və gəlirlərinin yarı hissəsi əsas götürülməklə alimentin müəyyən edilməsi hər uşağa münasibətdə tarazlığa və eyni mənafelərin qorunmasına xidmət edər. Bu halda uşaqlarla yanaşı aliment ödəyən şəxsin də mənafeləri qanunun tələbi baxımından qorunmuş olar. Belə olan halda kollegiya bu qaydada uyğun olaraq alimentin müəyyən edilməsini, yəni cavabdehin qazancının (başqa gəlirlərin) 1/6 hissəsində ədalətli və ağlabatan hesab edir.

30. Ali məhkəmənin 28 mart 2016-cı il tarixli Plenum qərarında qeyd edilmişdir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. 31.“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76,78 və 112 maddələrinin şərh edilməsinə dair” Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən qanunvericinin alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə qoyduğu vəzifələrdən biri də tərəflərin maddi və ailə vəziyyətini müəyyən etməkdir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir.

32. “Uşaq hüquqları haqında” Azərbaycan Respublikasının Qanununa əsasən bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin vəziyyəti ilə bağlı qeyd edilənləri nəzərə almamışdır.

34. Göstərilən xüsusatlar ümumilikdə nəzərə alınmaqla kollegiya hesab edir ki, cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü Ələskər-zadə Sona Mirnatiq qızının saxlanılması üçün qazancının və digər gəlirlərinin 1/6 hissəsi miqdarında müəyyən edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(009)- 2074/2022 saylı qətnaməsi dəyişdirilsin. Qətnamə qüvvəyə mindiyi gündən etibarən hesablanmaqla Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Ələskər-zadə Sona Mirnatiq qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (digər gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar