Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2074/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin avqust 2015-ci il tarixli, 2(009)-2476/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində olan alimentin miqdarı dəyişdirilib artırılaraq, 04 aprel 2010-cu il tarixdə anadan olmuş Ələskər-zadə Sona Mirnatiq qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 23 mart 2008-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 04 aprel 2010-cu il tarixdə Ələskər-zadə Sona Mirnatiq qızı anadan olmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 avqust 2015-ci il tarixli, 2(009)-2476/2015 saylı qətnaməsi ilə nikahları pozulmuş və azyaşlı uşağın onun yanında saxlanılması qərara alınmış və azyaşlı Ələskərzadə Sona Mirnatiq qızının saxlanması üçün cavabdehdən hər ay 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılmaqla, aylıq qazancının bir hissəsi kimi tutulmalıdır. Belə ki, cavabdehlə nikahları pozularkən aylıq qazancının az olmasını ona bildirdiyindən, azyaşlı uşağın saxlanması üçün hər ay 300 manat sabit qaydada aliment verilməsinə onunla razılaşdıqlarından məhkəmənin qətnaməsinə əsasən 300 manat sabit alimentin ona ödənilməsi qət edilmişdir. Həmin vaxtdan 5 il keçmiş, ötən 5 il ərzində, istehlak qiymətləri artmış, uşağın saxlanması bahalaşmışdır. Həmçinin, hazırda ona məlum olmuşdur ki, cavabdeh "xxxx" şirkətində işləməklə aylıq əmək haqqı 3800 manat təşkil edir. Aylıq əmək haqqının 3800 manat təşkil etməsini mediasiya sesiyasında cavabdeh özü də etiraf etmişdir. Ona görə də xahiş edir ki, aliment məbləği artırılaraq cavabdehin aylıq gəlirlərinin ¼ hissəsi həcmində təyin edilsin. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qismən qəbul etdiyini bildirərək izah etdi ki, cavabdehin əmək haqqının 50%-i uşaqların saxlanılması üçün tutula bilər. Belə ki, cavabdehin birinci nikahından 14 yaşında iki uşaqları var, həmin uşaqların saxlanılması üçün onun əmək haqqından 33,5 % faiz aliment tutulur. Ona görə də, iddiaçıdan olan uşağının saxlanılması üçün cavabdehdən onun əmək haqqının yalnız 16.5 %-i miqdarında aliment tutula bilər. Qalan hissədə alimentin artırılmasını qəbul etmir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, nümayəndəsi və vəkilinin izahatında göstərilənlərlə razı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 2(009)- 2476/2015 saylı, 20 avqust 2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 23 mart 2008-ci il tarixdə Bakı nikah evində bağlanaraq 482 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, 04 aprel 2010-cu il tarixdə anadan olmuş Ələskər-zadə Sona Mirnatiq qızı anası İddiaçı yanında saxlanılmış, 04 aprel 2010-cu il tarixdə anadan olmuş Ələskər-zadə Sonra Mirnatiq qızı yetkinlik yaşına çatanadək onun saxlanılması üçün Cavabdeh 24 iyun 2015-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 300 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ 437827 nömrəli doğum haqqında şəhadtənamənin surətindən görünür ki, Ələskər-zadə Sona Mirnatiq qızı 04 aprel 2010-cu ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh ilə vətəndaş İddiaçı arasında olan nikahın pozulması akt qeydləri kitabında 2017-ci ilin sentyabr ayının 08 günündə 173 № ilə qeyd edilmişdir. Məhkəmə elektron sistemindən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsi əsasında "xxxx" MMC-də kompüter sistemlərin layihələşdirilməsi üzrə asistent vəzifəsində işləyir və əmək haqqısı 4556,0 manat təşkil edir. Təqdim olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2333/2018 nömrəli, 28 fevral 2018-ci il tarixli qətnaməsindən görünür ki, 11 iyun 2008-ci il təvəllüdlü X3 və 11 iyun 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 fevral 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (digər gəlirlərinin) üçdə bir hissəsi həcmində aliment tutularaq iddiaçı X2 xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşağı iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Qanunla 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə Ələskər-zadə Sona Mirnatiq saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. İddia tələbi tam təmin olunduğu halda, hər iki nikahdan olan uşaqların saxlanılmaları üçün tutulan alimentin miqdarının cavabdehin əmək haqqının 50 faizindən çox olacağı barədə cavabdehin dəlilinə gəldikdə, məhkəmə həmin dəlillə aşağıdakılara görə razılaşmır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. “İcra haqqında” Qanununun 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. “İcra haqqında” Qanununun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Məhkəmə qeyd edir ki, cavabdehin əvvəlki nikahından olan iki övladı üçün məhkəmə qətnaməsinə əsasən onun əmək haqqından 1/3 hissədə aliment tutulduğu halda, hazırki iddia tələbi üzrə cavabdehin ikinci nikahından olan bir övladına görə əmək haqqından 1/4 hissədə aliment tutulması, cavabdehin əmək haqqının 70 faizindən az hissəsini təşkil etdiyindən cavabdehin dəlili əsaslı sayıla bilməz. Beləliklə, mhəkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(005)-2476/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Ələskərzadə Sona Mirnatiq qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (digər gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-2074/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2074/2022
05.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver