Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1263/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “avtomobilin özünün və özü yoxdursa dəyərinin qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: avtomobilin özünün və özü yoxdursa dəyərinin qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X23 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin özünün və özü yoxdursa dəyərinin qaytarılması” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 1731/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2018-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı 2006-cı il buraxılışlı “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobili X18 10000 manata satmışdır.
2. “Elektron notariat” X1 xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı X16 mülkiyyətində olan “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə bağlı etibarnamə vermişdir.
3. xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X26 (etibarnamə əsasında X24) 2006-cı il buraxılışlı “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 16000 manata satmışdır.
4. “Elektron notariat” X1 xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobilə dair X3 hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə bağlı etibarnamə vermişdir.
5. “Elektron notariat” X1 xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobilə dair X2 hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə bağlı etibarnamə vermişdir.
6. “Elektron notariat” X1 xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, X8 Zülfiyyə Rafiq qızının mülkiyyətində olan “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobilə dair X14 etibarnamə vermişdir (nəqliyyat vasitəsindən istifadə hüquq).
7. xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2006-cı il buraxılışlı “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobili X25 10000 manata satmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı “avtomobilə dair şəhadətnamənin ləğv olunması, nəqliyyat vasitəsinin qanuni sahibliyinə qaytarılması, etibarnamələrin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına buraxılış ili 2006-cı il olan, **-VX-*** dövlət qeydiyyat nömrəli HUNDAİ AZERA markalı avtomobilə dair verilmiş şəhadətnamənin ləğv olunması, Buraxılış ili 2006-cı il olan, **-VX-*** dövlət qeydiyyat nömrəli HUNDAİ- AZERA markalı nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq faktiki qanuni sahibi olaraq ona qaytarılması, Bakı şəhəri, 6 saylı notariat ofisi tərəfindən X10 adına verilmiş xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi 54846 olan etibarnamənin etibarsız sayılması, Bakı şəhəri 6 saylı “Səyyar ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən X11 adına verilmiş xx.xx.2022-ci il tarixli reyester nömrəsi 1361 olan etibarnamənin etibarsız hesab edilməsi, cavabdeh tərəfindən ona dəymiş 10000 mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı “iddia ərizəsinə əlavə” başlıqllı ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırda cavabdeh avtomobili satdığını özü etiraf edir. Hətta satldıqdan sonra ona pul vermədiyini də özü etiraz ərizəsində bir daha etiraf edir. Əgər o, avtomobili cavabdehə satmışdırsa, nə səbəbdən maşını polis işçiləri idarə etdiyi zaman yolda ondan almışlar. Burdan da cavabdehin yalanı üzə çıxır. Əgər onun cavabdehə borcu var idisə, onda ondan pulu məhkəmə yolu ilə tələb edə bilərdi. Bir sözlə, cavabdeh avtomobili satdığını və ona pul vermədiyini özü də etiraf etməklə ona qarşı dələduzluq etdiyini özü etiraf etmişdir. Lakin avtomobili satsa da, ona pul verməmişdir. Ona görə də, həmin avtomobilin ozünü, özü yoxdursa dəyərini yəni 15500 manat pulu cavabdehdən tələb edir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə ortaq bir tanışları vasitəsi ilə tanış olmuşdur. Bir müddət sonra isə onların aralarında isti münasibətlər (kişi ilə qadın arasında olan yaxın münasibətlər) yaranmağa başlamışdır. O, cavabdehə hər bir sirrini, hər bir sözünü etibar edib demişdir. Tanışlıqlarından bir müddət keçmişdir. Onun bu müddətdə bəzi maddi sıxıntıları yaranmışdır. Ona görə də, bir az kefi yox idi. Cavabdeh də bunu hiss etmiş və ondan bunun səbəbin soruşduqda, o, demək istəməmişdir. Lakin cavabdeh bunu deməyini təkid etmiş və o da maddi cəhətdən sıxıntısının olduğunu, cavabdeh isə ona təkidlə bu işdə kömək etmək istədiyini bildirmişdir. O isə təbii ki, cavabdehin ona edəcəyi köməkdən imtina etmişdir. Cavabdeh isə bunu demək olar ki, düz üç gün təkid etmişdir. Sonra ona bildirmişdir ki, onda maşına görə ona baş etibarnamə versin, cavabdeh isə ona pul versin, bununla da o da narahat olmasın. O da sonuncuda bu söhbətdən sonra razılaşmışdır. Lakin o, pulu götürməmişən əvvəl gedib aralarında hər şey düzgün olsun deyə, cavabdehin ona verəcəyi pul vəsaitini qaytarana kimi onun X15 2019-cu il tarixdə baş etibarnamə ilə aldığı, ili 2006-cı il olan **-VX-*** dövlət qeydiyyat nömrəli HUNDAİ-AZERA markalı avtomobilə görə Mirzəyev İlqar ona baş etibarnamə vermiş, o isə sonra da cavabdehə baş etibarnamə vermişdir. Sonra o, cavabdehlə aralarında olan razılığa görə ona ancaq baş etibarnamə vermişdir, maşını isə özü idarə etmişdir. O, cavabadehə maşını deyil, yalnız sənəd vermişdir, bu da aralarında etibar olsun deyə bağlanmış görünüş üçün bir əqd idi. Bundan sonra o, cavabdehdən 3600 ABŞ dolları pul götürmüş, lakin üstündən 2 ay keçmiş cavabdeh müxtəlif bəhanələr gətirərək təkidlə götürdüyü pulu ona geri qatarmağını bildirmişdir. Hətta cavabdeh aralarında sözsöhbət də yaratmışdır. O da məcbur olub cavabdehə bildirmişdir ki, onun 3600 ABŞ dollar pulunu tapıb qaytaracaqdır. Cavabdeh isə bunu eşitdikdə bildirmişdir ki, guya onun 11000 AZN manatı borcu var. O isə ona niyə şər atmaq istədiyini bildirmiş, onun cəmi 3600 ABŞ dolları borcu olduğunu bir daha cavabdehə xatırlatmışdır. Cavabdeh isə bunu danmışdır. O da məcbur qalıb onun “WHATSAPP” yazışmalarını çıxartdırmışdır. O, bu yazışmaları çıxartdıqda cavabdehin ona qarşı münasibətlərində nələrə şahid olmuşdur ki, dəli olmaq dərəcəsinə çatmışdır. Belə ki, o Günel adlı baxıcı biri ilə onun barəsində çox əxlaqa sığmayan sözlər ifadələr işlətmişdir. Həmin SMS-lərdə də onun avtomobilinin cavabdehdə olmasını məhz borca görə olduğunu etiraf edirmişdir. Hətta onun cavabdehlə yazışmalarında isə onun 3600 ABŞ dolları ona borcunun olduğun özü də etiraf etmişdir. Cavabdeh isə sonradan ondan 11000 manat tələb etmişdir. O, cavabdehə onun 11000 manat borcunun olduğunu nəyin əsasında sübut etdiyini bildirdikdə, cavabdeh isə buna hər hansı sübut, fakt və dəlil gətirə bilməmişdir. Bildirir ki, baş etibarnamə ilə aldığı 10-VX357 dövlət qeydiyyat nömrəli HUNDAİ-AZERA markalı avtomobil ilə yolda hərəkətdə olarkən X33 İdarəsinin əməkdaşları onu saxlatdıraraq ona bildirmişlər ki, maşın axtarışdadır, dərhal maşını onlara təhvil verməlidir və beləcə maşını ondan alaraq cərimə meydançasına aparmış, orada da cavabdehə təhvil vermişlər. Sonradan o, bu məsələni araşdırdıqda ona məlum olmuşdur ki, onun avtomobili Cavabdeh adına sənədləşdirilərək, özgəninkiləşdirilmişdir ve hazırda onun mülkiyyətidədir. Beləcə cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmış və onun xəbəri olmadan onun cavabdehə verdiyi baş etibarnamədən istifadə edərək gedib avtomobili öz adına sənədləşdirmişdir. Halbuki, o, cavabdehə olan borcundan hətta 1000 manatı cavabdehə ödəmişdir. Həmçinin, cavabdehin vəkilinə pul verilməli olduqda o cavabdehə olan borcundan 1500 manat pulu da cavabehin vəkilinə ödəmişdir və beləcə cavabdehə cəmi borcundan 2500 manat ödəmişdir. Onun cavabdehə cəmi 3500 manatı borcu qalmışdır. O, həmin pulları ödəməkdən də boyun qaçırmamışdır. Cavabdeh isə ona qarşı düzgün mövqe tutmayaraq, onu aldadaraq onun hazırda bazar qiyməti 15500 manat dəyərində olan avtomobilini, həmçinin bazar qiyməti 5000 AZN manat olan dövlət nömrə nişanını ona olan cəmi 3500 manat borc müqabilində öz adına sənədləşdirmişdir. Həm ondan borcunun çox hissəsini almış və həm də onun etbarından sui-istifadə edərək əsassız varlanmaq istəmişdir. Belə ki, nəqliyyat vasitəsini baş etibarnamə əsasında satmışdır. O, avtomobili təsadüfən satılmaq üçün internetdə elana qoyduğunun şahidi olmuşdur. Bununla bağlı onda sübut da vardır. Məlumat üçün bildirir ki, dələduzluqla avtomobili mənimsəmə cavabdehin birinci dəfə etdiyi bir əməl deyil, cavabdeh bunu bir dəfə də etmişdir. Belə ki, o, sonradan cavabdehin barəsində maraqlananda bilmişdir ki, cavabdehin ondan əvvəl barəsində dələduzluqla maşın oğurluğunda Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsində cinayət işi də olmuşdur. Hətta bununla bağlı əgər tələb olunsa zərərçəkmiş Sənan adlı şəxsi də şahid kimi məhkəməyə dəvət edə bilər. Bütün bunlardan başqa cavabdeh onun azyaşlı oğlunun istifadəsində olan mobil telefona zəng vuraraq oğlunu aldadaraq, anasının və qayınanasının mobil telefonlarını almış və sonuncu da anasına və qayınanasına onun barəsində həqiqətə uyğun olmayan ifadələr işlətmiş, onlara hədə-qorxu gəlməyə başlamışdır. Həmin gündən başlayaraq onların ünvanına təhqirlər söyləmiş və hədə qorxular gəlmiş, tez-tez onları narahat etmişdir. Bunun nəticəsində də anasının vəziyyəti tez-tez pisləşmiş, o vaxdan da onda mütamadi olaraq dəyişgən təzyiq problemi yaranmışdır. Həmçinin, onun ailəsini dağıtmaq üçün əlindən gələni etmiş, hətta onun barəsində qayınanasına onu alçaldacaq ifadələr işlətmişdir. Halbuki, o, cavabdehlə münasibəti olanda ona hər hansı vədlər verməmişdir. Cavabdeh onunla münasibətə başladıqda ailəli olduğunu bilmiş və onun cavabdehlə ötəri görüşdüyünü bilmiş və buna etirazı olmamışdır. Cavabdehin hərəkətlərindən sonra artıq ailəsində söz-söhbət yaranmış və cavabden onun həm ailədə, həm də valideynləri yanında nüfuzunu aşağı salmışdır. Bu isə ona mənəvi ziyan və iztirab vermişdir. Hətta işlədiyi idarəyə onun rəisinə də zəng vuraraq onun barəsində alçaldıcı ifadələrlə onu pisləmiş və onun nüfuzuna işdə də xələl gətirəcək ifadələr işlətmişdir. Bunun nəticəsində onun əsəblərində güclü problemlər yaranmış və səhhətində daim gərginlik olmuşdur. Cavabdeh ona maddi ilə bərabər mənəvi ziyan da vurmuşdur. Hətta rəisinə isə bildirmişdir ki, guya onun cavabdehə 12000 manat borcu vardır. Bildirir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeçiliyində dövlət müəssisəsində işləməklə dövlətə xidmət edən bir dövlət məmurudur və hər gün işə gedibgəlir. İşi elədir ki, ona gedib gəlmək üçün maşın vacibdir, o, marşurutdan istifadə etməklə işinə vaxtı-vaxtında gedib-gələ bilməz. Həm də işi stresli iş olduğu üçün o, işdən çıxanda yorğun olur və bu stres və yorğunçuluqla marşurutdan istifadə edib evə getmək ona çətindir. Həmçinin, o, uzun illərdir ki, maşından istifadə edir. Cavabdehin onu avtomobilindən məhrum etməsi onun büdcəsinə də maddi ziyan vurmuşdur. Belə ki, həm səhər və axşam işə taksi xidmətindən istifadə etməklə gedib gəlmək ona maddi ziyan vurur. Bundan başqa, ailə işlərini görmək üçün də mütəmadi olaraq taksi xidmətindən istifadə etmişdir. Həmçinin, bildirir ki, cavabdeh Günel adlı falçı vasitəsi ona qarşı cadu etmiş, onun barəsində təhqiredici ifadələr işlətmiş və bunu SMS yazışmalarında da etiraf etmişdir və o, həmin SMS yazışmalarını sübut kimi da işə əlavə etmişdir. Cavabdehin hərəkətləri nəticəsində o arzu olunmaz vəziyyətə düşmüşdür, xüsusilə yalan məlumatlar əsasında (nəticələri qeyd etmək-şəxsi və ya ailə həyatının sirrinin açılması, yalan məumatlar əsasında işdə nüfuzunun aşağı düşməsi, peşəkar fəaliyyətin davam etdirilməsinin mümkün olmaması, qanuni hüquqların və mənafeyin pozulması və s.) hansı ki, ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Ona görə də, ona cavabdeh tərəfindən vurulan həm maddi, həm də mənəvi ziyanın ödənilməsini qanunvericilikdə də nəzərdə tutulduğu kimi cavabdehdən tələb edir.
11. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1731/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “avtomobilin özünün və özü yoxdursa dəyərinin qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə müəyyən edilir ki, 2006-cı il buraxılışlı “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobil X16 mülkiyyətində olarkən iddiaçı avtomobillə bağlı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə bağlı cavabdehə etibarnamə vermişdir. Hazırda iddiaçı cavabdehlə arasında borc münasibətlərinin olduğunu və cavabdehin vermiş olduğu borc müqavilində avtomobilə dair etibarnamə verdiyini qeyd etsə də, göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Whatsapp” adlı sosial şəbəkədən olan çıxarışlar da göstərilənləri sübut edə bilməmişdir. Məhkəmə iclası zamanı cavabdeh tərəf iddiaçı tərəfindən təqdim edilmiş “Whatsapp” adlı sosial şəbəkədən olan yazışmaların tətqiqinə etiraz etməmiş, əlavə olaraq qeyd etmişdir ki, həmin yazışmalarla cavabdeh iddiaçıya borc şəklində pul verdiyini etiraf etməmiş və əgər həqiqətən də belə bir hal olsaydı, iddiaçı cavabdehə etibarnamə vermək yerinə, tərəflər arasında borc müqaviləsi bağlanıla biləcəyini vurğulamışdır. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Belə olan halda, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri, cavabdehdən borc kimi 3600 ABŞ dolları məbləğində pul almasını və bunun müqabilində cavabdəhə etibarnamə verməsini sübut edə bilməmiş, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Ümumiyyətlə, göstərilənlər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan 2006-cı il buraxılışlı “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olmuş, daha sonra iddiaçı xx.xx.2018-ci il tarixdə həmin avtomobili X5. X26 isə xx.xx.2021-ci il tarixdə avtomobili Cavabdeh satmışdır və avtomobil cavabdehin mülkiyyətində verilmişdir. Qeyd edilməlidir ki, həmin müqaviləni satıcı qismində etibarnamə əsasında X24 imzalamışdır. Sonradan isə cavabdehin avtomobili özgəninkiləşdirərək xx.xx.2022-ci il tarixdə X6. Hazırda avtomobil onun mülkiyyətindədir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının cavabdehə qarşı avtomobilin və ya onun dəyəri kimi 15500 manat pulun tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ yoxdur. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İş materilları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə avtomobili X9, sonuncu da avtomobili xx.xx.2021-ci il tarixdə Cavabdeh satmışdır və bu zaman müqaviləni etibarnamə ilə X24 imzalamışdır. Göründüyü kimi xx.xx.2018- ci il tarixdə iddiaçının mülkiyyətindən çıxmış, bundan sonra X26 mülkiyyətində olan əmlakla bağlı müstəqil şəkildə sərəncam verərək, əmlakını cavabdehə satmışdır. Nəticədə, məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirilən avtomobilin mülkiyyətçisi olmadadığından Cavabdeh münasibətdə hazırkı (avtomobilin özünün və özü yoxdursa dəyərinin qaytarılması) iddianı qaldırmaqda sübyektiv hüququ yoxdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı cavabdehə xx.xx.2020-ci il tarixdə etibarnamə ilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüquqları vermiş və bundan bir il ərzində etibarsızlıqla məhkəmədə iddia qaldıra biləcəyi təqdirdə iddia qaldırmamışdır. Belə ki, məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırda iddia tələbini dəyişdirmiş və məhkəmədən avtomobili və ya onun dəyərini tələb etmişdir. Yəni hazırda iddiaçı cavabdehə məxsus olmuş qeydiyyat şəhadətnaməsini və ya cavabdeh tərəfindən başqa şəxslərə verilmiş etibarnamələri mübahisələndirmir. Ona görə də, hazırkı iddiaya MM-in 354-cü maddəsi tətbiq edilə bilməz.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 354.1, 354.2, 390.1-ci maddələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına Mülki Prosessual Məcəllənin 10.10, 14.2, 77.1, 78.1, 80, 81, 88, 119.1, 200-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1731/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2006-cı il buraxılışlı “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobili X25 10000 manata satmışdır. Qanunvericiliyə əsasən müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlımübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Məhkəmə iddiaçının iddia tələblərini dəyişərək avtomobilin ozünü, özü yoxdursa dəyərini yəni 15500 manat pulu cavabdehdən tələb etsə də, ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinin dəyişdirməməsinə diqqət yetirməmişdir. Belə ki, iddiaçı avtomobilin ozünü, özü yoxdursa dəyərini yəni 15500 manat pulu cavabdehdən tələb edilməsi ərizəsi verməsi ilə yanaşı o cavabdehin hərəkətləri nəticəsində o arzu olunmaz vəziyyətə düşmüşdür, xüsusilə yalan məlumatlar əsasında (nəticələri qeyd etmək-şəxsi və ya ailə həyatının sirrinin açılması, yalan məumatlar əsasında işdə nüfuzunun aşağı düşməsi, peşəkar fəaliyyətin davam etdirilməsinin mümkün olmaması, qanuni hüquqların və mənafeyin pozulması və s.) hansı ki, ona mənəvi iztirablar formasında mənəvi zərər dəyməsini də iddia etmiş və bu zərəri 10000 manat məbləğində qiymətləndirmişdir. Məhkəmə isə qətnaməsində iddianın bu hissəsinə qiymət verməmişdir. Yuxarıda istinad edilən hallar, işin faktiki dəlilləri birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin faktlar nöqteyi nəzərindən əsassız olmasını təsdiq edir və qətnamənin qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə görə ləğv edilməsi üçün əsasdır. Məhkəmə işin obyektiv və ədalətli həlli baxımından iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi şahid qismində ifadə verə bilən X20 iş üzrə dindirilməsinə cəhd etməmişdir. Halbuki, o ifadəsi ilə cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi bəzi halların əsassız olmasını göstərə bilər. İşin materiallarından görünür ki, mübahisə predmeti olan 2006-cı il buraxılışlı“Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olmuş, daha sonra iddiaçı xx.xx.2018ci il tarixdə həmin avtomobili X18 10000 manata satmışşdır. “Elektron notariat” X1 xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Əliyeva X12 İlqar Arif oğlunun mülkiyyətində olan “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı etibarnamə vermişdir (nəqliyyat vasitəsindən istifadə hüquq). Məhkəmə iddiaçının subyektiv hüquqa malik olmaması kimi nəticəyə gələrkən nəzərə almamışdır ki, iddiaçı avtomobili baş etibarnamə əsasında İlqar Mirzəyevdən öz aralarında alqı-satqı edib almaqla faktiki avtomobilin mülkiyyətçisi olmuşdur. Məhkəmə X16 mülkiyyətində olan əmlakla bağlı müstəqil şəkildə sərəncam verərək, əmlakını cavabdehə satmasını qeyd etsə də, nəzərə almamışdır ki, onlar arasında alqı-satqı ilə bağlı pul verilməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh özü etiraf edir ki, o, avtomaşını X18 pul verib almayıb, guya iddiaçıya həmin vaxt 3600 ABŞ dolları və 5000 manat pul ödədikdən sonra iddiaçı ona həmin maşın üçün maşının sahibi X16 ona verdiyi etibarnamə əsasında xx.xx.2020-ci il tarixdə ona idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə etibarnamə verərək və maşını ona təhvil vermişdir. Məhkəmə cavabdehin bu yalanlarını təkzib etmək üçün iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallara diqqət yetirməmiş və ya yetirmək istəməmişdir. Belə ki, iddiaçı izahatında göstərmişdir ki, baş etibarnamə ilə aldığı 10-VX- 357 dövlət qeydiyyat nömrəli HUNDAİ-AZERA markalı avtomobil ilə yolda hərəkətdə olarkən X33 İdarəsinin əməkdaşları onu saxlatdıraraq ona bildirmişlər ki, maşın axtarışdadır, dərhal maşını onlara təhvil verməlidir və beləcə maşını ondan alaraq cərimə meydançasına aparmış, orada da cavabdehə təhvil vermişlər. Göründüyü kimi, avtomaşın cavabdehə iddiaçının etibarından sui-istifadə edilməklə, başqa sözlə aldatma yolu ilə mülkiyyətinə keçmiş, o da bundan istifadə edərək avtomaşını avtomobili özgəninkiləşdirərək xx.xx.2022-ci il tarixdə X6. Başqa sözlə, bu alqı-satqıdan pul qazanaraq, iddiaçı həm maşınından və maşının satılmasından əldə edilən gəlirdən məhrum etməklə qanunsuz və əsassız olaraq iddiaçının hesabına varlanmışdır.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
17. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş ərizədə etiraf edir ki, maşının mülkiyyətçisi İlqardır, amma maşını Fəriddən almışdır. İddiaçının cavabdehə 3600 ABŞ dolları borcu olduğu üçün görünüş üçün əqd bağlanmışdır. 5000 manata birinci instansiya məhkəməsində qiymət verilməmişdir.Cavabdeh etiraf edir ki, maşını Fəriddən almışdır. Onlar iddianın predmetini dəyişməyiblər, iddia ərizəsinə əlavə veriblər. Zərurət olarsa X26 məhkəməyə çağrılıb dindirilə bilər. Mənəvi zərər hissəsinə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilməmişdir.
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı iddianın predmetini və əsasını dəyişməklə bildirmişdir ki, cavabdeh avtomobili satsa da pulu ona verməmişdir. Ona görə də avtomobilin özünü, özü yoxdursa dəyəri 15500 manat pulu cavabdehdən tələb edir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edir, təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq normaları:
19. Mülki Məcəllənin 21.1-ci maddəsində qeyd edilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (Maddə 21.2)
20. Mülki Məcəllənin 157.2-ci maddəsində qeyd edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 77.3.-cü maddəsində qeyd edilir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məcəllənin 78.1-ci maddəsində qeyd edilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi “cavabdeh tərəfindən iddiaçıya dəymiş 10000 mənəvi zərərin ödənilməsi” hissəsində rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, mübahisə predmeti olan 2006-cı il buraxılışlı “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobil əvvəl iddiaçının mülkiyyətində olmuş, daha sonra iddiaçı xx.xx.2018-ci il tarixdə həmin avtomobili X5. X26 isə xx.xx.2021-ci il tarixdə avtomobili Cavabdeh satmışdır və avtomobil cavabdehin mülkiyyətində verilmişdir. Daha sonra avtomobil cavabdeh tərəfindən özgəninkiləşdirilərək xx.xx.2022-ci il tarixdə X4, hazırda avtomobil onun mülkiyyətindədir.
27. İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlili olaraq Cavabdeh adına buraxılış ili 2006-cı il olan, **-VX-*** dövlət qeydiyyat nömrəli HUNDAİ AZERA markalı avtomobilə dair verilmiş baş etibarnamənin görünüş üçün bağlandığını iddia edərək, avtomobilin və ya onun dəyəri məbləğində pulun ona qaytarılmasını iddia etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir.
28. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
30. Digər tərəfdən iş materiallarından göründüyü kimi, mübahisəli “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə X7 və hazırda onun mülkiyyətindədir. Göründüyü kimi, iddiaçı avtomobilin mülkiyyətçisi olmadığı üçün əmlakı başqasının qanunsuz sahibliyindən alınması və s. ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilir ki, “...Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
32. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının avtomobil və ya onun dəyərinin ödənilməsi ilə bağlı tələbini təmin edilməməsi ilə bağlı nəticəyə gəlməkdə haqlı olmuşdur.
33. İddiaçının apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbinə əlavəsi iddia tələbinin dəyişdirilməsi kimi qiymətləndirilmiş, onun cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərlə bağlı tələbinə qiymət verilməmişdir.
34. Bu dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir k, iddia ərizəsində iddiaçı o cümlədən mənəvi zərərə görə də pul tələb etmiş, sonradan onun tərəfindən “iddia ərizəsinə əlavə” təqdim edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə iddia ərizəsinə əlavəni iddia tələbinin azaldılması kimi qəbul etmişdir.
35. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərlə bağlı tələbinə münasibətdə qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən istinad etdiyi hallar – ilkin tələbinin əsasını təşkil edən faktiki hallar sübuta yetirilməmişdir. İddiaçının mənəvi zərərlə bağlı tələbi də birbaşa olaraq bu faktiki hallarla bağlı olduğu üçün iddia tələbi həmin cavabdehdən iddiaçıya vurulan mənəvi zərərin tutulması tələbinə dair hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı iddia edir ki, mübahisəli “Hyundai-Azera” markalı 10VX357 dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin hərəkətlərinin nəticəsi olaraq onun sahibliyindən alındığı üçün o əmlakından məhrum olmuş, bu səbəbdən ona mənəvi zərər dəymişdir. Lakin iş materiallarının araşdırılması zamanı avtomobilin iddiaçının sahibliyindən qanunsuz halda alınması və s. hallar öz təsdiqinin tapmamışdır. Belə olan halda iddiaçıya mənəvi zərər vurulması halı da öz təsdiqini tapmır.
36. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarında qeyd edilir ki, “...Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir... 4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər...Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 37.Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1731/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilərək, İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən iddiaçıya dəymiş 10000 manat mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
38. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1731/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən iddiaçıya dəymiş 10000 manat mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev