Məhkəmə qərarları › İş №2(103)-1268/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1268/2023

27.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1268/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, cərimə borcunun tutulması və qalan məbləğin qaytarılması”, “cərimə borcunun silinməsi” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X4 iştirakı ilə, iddiaçı “Kristal Abşeron" MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, cərimə borcunun tutulması və qalan məbləğin qaytarılması tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" MTK-ya qarşı cərimə borcunun silinməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-425/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı "Kristal Abşeron” MTK, onunla Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ********* saylı payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə yerləşən 2 saylı binanın, 66,6 kv.m. sahədən ibarət olan 2 otaqlı 1 saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılaraq, iddiaçı "Kristal Abşeron” MTK-ya təhvil verilməsi, mənzil satıldıqdan sonra Cavabdeh1 ödədiyi 30588 manat məbləğində vəsaitdən, onun "Kristal Abşeron” MTK-ya ödəməli olduğu 13634 manat cərimə məbləği çıxmaqla, qalan 16954 manat məbləğində vəsaitin Cavabdeh1 qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Cavabdeh1 qarşılıqlı iddia ilə müraciət edərək, İddiaçı MTK ilə onun arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ********* saylı payçı müqaviləsi üzrə ona hesablanmış 13634 manat cərimə borcunun silinməsi, həmin mənzilin qalan pulunun hissə-hissə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-425/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MTK-ya qarşı cərimə borcunun silinməsi və əsas borcun hissə-hissə ödənilməsinin təmin edilməsi tələbinə dair qarşılıqlı iddiasının əsas borcun hissə-hissə ödənilməsinin təmin edilməsi hissəsində baxılmamış saxlanılması qərara alınmışdır.

4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-425/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, "Kristal Abşeron” MTK ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ********* nömrəli payçı müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (onların yetkinlik yaşına çatmayan uşaqları, X2 və X3) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə yerləşən 2 saylı binanın, 66,6 kv.m. sahədən ibarət olan 2 otaqlı 1 saylı mənzilindən bütün əşyaları ilə birlikdə çıxarılmaları, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə yerləşən 2 saylı binanın, 66,6 kv.m. sahədən ibarət olan 2 otaqlı 1 saylı mənzilinin iddiaçı "Kristal Abşeron” MTK-ya təhvil verilməsi, Cavabdeh1 iddiaçı "Kristal Abşeron” MTK-nın xeyrinə 3500 manat məbləğində cərimə borcunun tutulması, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh1 iddiaçı "Kristal Abşeron” MTK-ya qarşı "cərimə borcunun silinməsi” tələbinə dair qarşılıqlı iddiasının isə rədd edilməsi qət edilmişdir.

5. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 421.2, 423.2, 424.2, 424.3, 425.1, 427.3, 442, 448.1, 462.1, 463.1, 465.2, 467; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "Kristal Abşeron” MTK ilə cavabdeh (payçı) Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ********* nömrəli payçı müqaviləsinə əsasən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə tikilməkdə olan 2-ci binasında, 1-ci blok, 1-ci mərtəbə, 1 nömrəli, 2 otaqlı mənzili tikib, təmir etməklə (təmirli şəkildə) cavabdehə təhvil verməyi, cavabdeh isə həmin mənzili qəbul edib, mənzilin ümumi dəyərini təşkil edən 116875 manat məbləğində pulun 16000 manat hissəsini ilkin ödəniş kimi, qalan 100875 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən müddətdə və məbləğdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinə əsasən cavabdeh ilk ödənişi xx.xx.2019-cu il tarixdə sonuncu ödənişi isə xx.xx.2024-cü il tarixdə etməklə hər ay 1681,25 manat (sonuncu ay 862,50 manat) məbləğində pul ödəməli idi. Qeyd edilən mənzil müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə təhvil verilmiş və o, həmin mənzilə köçərək, hazırda digər cavabdeh (həyat yoldaşı) Cavabdeh2 və uşaqları X5 və X7 ilə birlikdə mənzildə yaşayır. Lakin Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək, müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Nəticədə onun iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2021-ci il tarixdə bildiriş göndərilərək, 28 dekabr 2018-ci il tarixli payçı müqaviləsinin 8.1-ci maddəsinin tələbləri onun nəzərinə çatdırılmış və müqavilə üzrə gecikdirilmiş müddət, habelə müqavilənin ləğv edilməsi barədə ona məlumat verilməklə, mənzilin 3 gün ərzində boşaldılması tələb edilmişdir. Lakin bu bir nəticə verməmiş, cavabdeh bundan sonra da ödənişlərin edilməsi ilə bağlı iddiaçı ilə razılıq əldə edə bilməmiş, o cümlədən həm ödəniş etməmiş, həm də mənzildən çıxmamışdır. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə 16000 manat məbləğində ilkin, bundan sonra xx.xx.2021-ci il tarixədək cəmi 14488 manat, ümumilikdə 30588 (həqiqətdə 30488 manat) manat məbləğində ödənişin edildiyini, aylar üzrə gecikdirilmiş məbləğin 38686 manat təşkil etdiyini, Cavabdeh1 həmin məbləği ödəməkdən imtina etdiyini, bu səbəbdən müqavilə şərtlərinə görə ona 13634 manat məbləğində cərimənin hesablandığını bildirmiş və müqavilənin ləğv edilməsini, Cavabdeh1, onun həyat yoldaşı, yəni digər Cavabdeh2 uşaqları ilə birlikdə mənzildən çıxarılmasını, mənzilin boşaldılmasını və təhvil verilməsini, mənzil satıldıqdan sonra ümumilikdə ödənilmiş 30588 manat puldan hesablanmış 13634 manat cərimə borcunun çıxılmasını və qalan 16954 manat pulun Cavabdeh1 qaytarılmasını tələb etmişdir. İddiaçı qarşılıqlı iddianı qəbul etməmişdir. Cavabdeh1 ona qarşı qaldırılmış iddianı qəbul etməmiş, ödənişləri lazımi qaydada etmədiyini və 38686 manat məbləğində borcunun yarandığını etiraf etmiş, lakin ödənişləri məqsədli və qərəzli olaraq gecikdirmədiyini, gecikdirmənin Covid-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında karantin rejiminin tətbiq edilməsi səbəbindən əmək fəaliyyəti ilə məşğul ola və gəlir əldə edə bilməməsi, habelə uşağının dializ xəstəliyindən əziyyət çəkməsi və mütəmadi olaraq müalicəyə ehtiyacının olması ilə bağlı olduğunu, bu səbəbdən cərimə borcunun da əsassız olaraq hesablandığını bildirmiş və ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilərək, hesablanmış cərimə borcunun silinməsini tələb etmişdir. İlk iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməli, tərəflər arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ********* nömrəli payçı müqaviləsi ləğv edilməlidir. Məhz həmin müqavilənin bağlanması Cavabdeh1 mübahisəli mənzilə köçməsi və həmin mənzildə ailəsi, yəni Cavabdeh2 və uşaqları ilə birlikdə yaşaması üçün əsas olmuşdur. Lakin bu müqavilənin ləğv edilməsi ilə cavabdehlərin mənzildə yaşaması üçün mövcud olan hüquqi əsas aradan qalxmışdır. Başqa sözlə, müqavilənin ləğv edilməsi onların həmin mənzildən çıxarılmasını hüquqi baxımdan şərtləndirir. Bu səbəbdən məhkəmə ilk iddia tələbini cavabdehlərin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildən çıxarılmalı və mənzil iddiaçıya təhvil verilməlidir. Cavabdehlərin uşaqları, yəni X5 və X7 da hazırda həmin mənzildə onlarla birlikdə yaşayır. Bu şəxslərin mənzildən çıxarılması hüquqi nəticə etibarı ilə onların yetkinlik yaşına çatmayan bu uşaqlarının da mənzildən çıxarılmasına səbəb olur. Belə ki, bu uşaqlar yetkinlik yaşına çatmadıqlarından hazırkı mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyillər və bu səbəbdən hazırkı tələb onlara qarşı irəli sürülə bilməz. Onların hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri, yəni atası Cavabdeh1 və anası Cavabdeh2 qoruyur. Ona görə bu şəxslərin mübahisəli mənzildən çıxarılması, hüquqi nəticə etibarı ilə özündə həmçinin, onların uşaqlarının da mənzildən çıxarılmasını şərtləndirir. Mənzilin boşaldılması özündə məhz həmin əmlakda yaşayan şəxslərə məxsus olan bütün əşyalarının çıxarılmasını özündə ehtiva edir. Başqa sözlə, iddiaçı mənzilin boşaldılması tələbini həmin əmlakda cavabdehlərə, habelə əmlaka aidiyyəti olan digər şəxslərə məxsus olan hər bir əşyanın çıxarılmasını və mənzilin onlara bütün əşyalardan tam azad şəkildə təhvil verilməsini təmin etmək məqsədi ilə irəli sürmüşdür. Bu səbəbdən məhkəmə mənzilin boşaldılması tələbi ilə bağlı belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildən çıxarılarkən mənzildə olan bütün əşyalar da mənzildən çıxarılmalıdır. Başqa sözlə, mübahisəli mənzil bütün əşyalardan azad şəkildə iddiaçıya təhvil verilməlidir. Məhkəmə, ilk iddia tələbinin cərimə borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə iddiaçı ilə Cavabdeh1 arasında həmçinin, cərimə məbləğinin ödənilməsi haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cədvəl üzrə ödənişləri gecikdirdiyi təqdirdə, gecikdirilmiş məbləğin hər gününə görə 0,1 faiz həcmində cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) həmin müqavilənin 8.7-ci bəndində öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımi qaydada icra edilməməsi səbəbindən yaranmış borc məbləğinə cərimənin hesablandığını və hesablanmış məbləğin 13634 manat olduğunu bildirərək, hüquqi nəticə etibarı ilə bu məbləğin Cavabdeh1 tutulmasını tələb edir. Məhkəmə, işin hallarını, o cümlədən xx.xx.2018-ci il tarixli payçı müqaviləsi üzrə ümumilikdə 30488 manat məbləğində pulun ödənildiyini, yaranmış borc məbləğinin 38686 manat olduğunu nəzərə alıb, belə qənaətə gəlir ki, "Kristal Abşeron” MTK tərəfindən tənasübsüz surətdə yüksək cərimə məbləği hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, tələb edilən cərimə məbləği azaldılmalı və 3500 manat məbləğində müəyyən edilməli, məhz bu məbləğdə cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, ilk iddia tələbinin mənzil satıldıqdan sonra ödənilmiş pul vəsaitindən cərimə məbləği silinməklə qalan məbləğin Cavabdeh1 qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, bu tələbi irəli sürməklə iddiaçı nəticə etibarı ilə ondan cavabdehin xeyrinə pulun tutulmasını tələb edir. Halbuki, belə bir tələbin irəli sürülməsi üçün subyektiv hüquq sahibi iddiaçı deyil, məhz Cavabdeh1dur. O, isə belə bir tələb irəli sürməmişdir. Həmçinin, hazırda bu məsələ ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və olması mümkün də deyil. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci maddəsinə əsasən həmin müqavilə ləğv edildikdən sonra iddiaçının mənzili digər şəxsə satmaq hüququ, mənzili satıldıqdan sonra isə əldə edilmiş vəsaitdən xərcləri çıxmaqla qalan məbləğin cavabdehə qaytarılması vəzifəsi yaranır. Bununla belə, cavabdehlər mübahisəli mənzildən çıxarıldıqdan və mənzil iddiaçıya təhvil verildikdən sonra iddiaçı mənzilin satılmasında sərbəst olacaq və hər bir halda müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əsasən mənzil satıldıqdan sonra cavabdehlə hesablaşmağa (haqq-hesab aparmağa) məcbur olacaqdır. Tərəflər arasında bu məsələ ilə bağlı mübahisənin də mənzil satıldıqdan və ya cavabdehlərin mənzildən çıxarılmasından sonra yaranması mümkündür. Bu səbəbdən ilk iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Məhkəmə, ilk iddia tələbinin cərimə borcunun tutulması hissəsi ilə bağlı nümayiş etdirdiyi hüquqi mövqeyi və gəldiyi nəticəni əsas götürüb, belə qənaətə gəlir ki, iddiaçı Cavabdeh1 cavabdeh "Kristal Abşeron” MTK-ya qarşı cərimə borcunun silinməsi tələbinə dair qarşılıqlı iddiası əsassızdır və rədd edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 425/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və İddiaçı MTK-nın iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109, 112, 423; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3, 109, 109-2.1, 110.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddianın həcminin artırılması barədə iddia ərizəsində göstərilən iddiaçıya qarşı və yalnız işin məhkəmədə baxılmağa hazırlanmasına qədər verilə bilər. Tərəflər arasında bağlanmış müqavilə əslində kooperativə üzv daxil olmasına dair bağlanmış payçı müqaviləsidir. Deməli, Cavabdeh1 ilkin ödədiyi 16000 manat kooperativə daxil olmaq üçün üzvlük haqqıdır. Kooperativ üzvü kooperativdən yalnız MTK-nın ümumi yığıncağının qərarı əsasında çıxarıla bilər və bu halda onun pay dəyəri tam məbləğdə özünə qaytarılmalıdır. Bu halda, kooperativdən çıxan payçının üzərinə hər hansı başqa öhdəliklərin qoyulması nəzərdə tutulmamışdır. Deməli payçı müqaviləsində cərimənin ödənilməsi haqqında müddəa qanunda nəzərdə tutulmayan əsassız müddəadır, hansı ki əhəmiyyətsiz hesab edilməlidir. Ona görə məhkəmənin cavabdeh tərəfindən iddiaçıya 3500 manat cərimənin ödənilməsi haqqında qərarı qanunsuzdur. Göstərilənlərdən başqa, onun MTK qarşısında öz öhdəliklərini icra edə bilməməsi, yəni üzvlük haqqının qalan hissəsinin ödənilməməsi, onun istifadəsinə verilən mənzilin MTK-ya qaytarılması üçün əsas ola bilməz. Bu halda MTK ona təklif edə bilər ki, pay hüququnu təcəssüm edən mənzilə olan hüquq və öhdəliklərini başqa şəxsə (üzvə) satsın. Lakin MTK tərəfindən ona belə bir təklif edilməmiş və icazə verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etdiklərini, cavabdehlərin prosesi qəsdən uzatdıqlarını, birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət vermədikləri üçün tələbin cərimə hissəsi ilə bağlı məsələnin həllini məhkəmənin mükahizəsinə buraxdıqlarını bildirmişdir.

8. Cavabdeh1 nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Nərimanov RPİ İŞ-də təqsirləndirilən şəxs X8 ilə bağlı təxirəsalınmaz istintaq hərəkətlərində iştirak etdiyini nəzərə alıb, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin ərizəyə qeyd edilən faktı təsdiq edən sübutlar əlavə etməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüququ və apellyasiya insyansiya məhkəməsinin mövqeyi:

9. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109- 112,152-164, 324, 385-390, 405-424, 560, 600-601, 646-649-cu maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109-118; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80-82, 119, 217.4, 372, 385, 386, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticəyə gəldiyindən, habelə göstərilmiş nəticələr işin sübut edilməli olan hallarına tam uyğun gəlməyərək, ilk iddia üzrə tələbdən kənar mövqe sərgiləndiyindən qətnamə cərimənin tutulması hissəsində ləğv edilməklə, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk iddia üzrə iddiaçının şikayət vermədiyi nəzərə alınaraq qeyd edilməlidir ki, qarşılıqlı iddia və apellyasiya şikayətinin dəlilləri üzrə cavabdehin subyektiv mülahizəli tələbi müstəvisində mötəbər və mülki icraata (müqavilə üzrə öhdəliklərə) aid olan sübutların təqdim edilməməsi, ilk iddianın tam rədd edilməsinə, qarşılıqlı iddianın və apellyasiya şikayətinin tam təmin edilməsinə əsaslar müəyyən etmir. Lakin mülki prosessual qanunvericiliyin tələbləri baxımından birinci instansiya məhkəməsi iddia üzrə dəyərləndirməni zəruri prosessual tələblər (iddia tələbi) həddində aparmamış, ilk iddia üzrə iddianın prosessual mahiyyəti baxımından və müqavilə münasibətlərindən irəli gələrək, tərəflərin hüquq və vəzifələrinə müvafiq (qeyd edilən hissədə) işin hallarına uyğun olmayaraq Cavabdeh1 iddiaçı "Kristal Abşeron” MTK-nın xeyrinə 3500 manat məbləğində cərimə borcunun tutulmasını qət etmişdir. Qeyd edilməlidir ki, tələbin pulun tutulması hissəsi mənzil satıldıqdan sonra ödənilmiş pul vəsaitindən cərimə məbləği silinməklə qalan məbləğin Cavabdeh1 qaytarılması olsa da, məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci maddəsinə əsasən həmin müqavilə ləğv edildikdən sonra iddiaçının mənzili digər şəxsə satmaq hüququ, mənzili satıldıqdan sonra isə əldə edilmiş vəsaitdən xərcləri çıxmaqla qalan məbləğin cavabdehə qaytarılması vəzifəsi yarandığını, cavabdehlərin mübahisəli mənzildən çıxarıldıqdan (mənzil iddiaçıya təhvil verildikdən) və mənzilin satıldıqdan sonra cavabdehlə hesablaşmağa (haqq-hesab aparmağa) hüquqların yarandığı, və hazırkı mərhələdə bu hissədə mübahisənin yaranmadığı barədə qənaətə gələrkən düzgün nəticə hasil etsə də, tələbin müstəqil hissəsi olmayan cərimə məbləğinin azaldılması və tutulması üzrə (qanunda göstərilən müstəsna hallara istinad etmədən) iddia tələblərindən kənara çıxaraq səhv nəticəyə gəlmişdir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən: Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

11. Cavabdehin hazırlıq iclasından sonra ilk iddianın dəyişdirilməsi isə, hazırlıq iclasından sonra verilmiş qarşılıqlı iddianın verilməsindən sonra verilmiş və buna etiraz etməyən cavabdehin ailə üzvlərinin adlarının dəqiqləşməsi ilə əsaslandırıldığından, kollegiya qarşılıqlı iddianın da olduğu kimi, ilk iddia üzrə iddianın həcminin artırılması barədə ərizənin icraata qəbulunun birinci instansiya məhkəməsi tərəfindən edilən prosessual pozuntu kimi qiymətləndirməyə əsasların olmaması və bu əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsindən asılı olmasının istisna edilməməsi kimi qiymətləndirir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən: İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

13. Kooperativdən yalnız MTK-nın ümumi yığıncağının qərarı əsasında çıxarıla bilməsi üzrə cavabdehin dəlilinə münasibətdə qeyd edilməlidir ki, müqavilədə belə şərt olmadığından və bu tələbin əsası müqavilə öhdəliyindən irəli gələn əsas olduğundan, nə müqaviləni, nə də ki, müqavilənin qeyd edilən müddəasını cavabdeh mübahisələndirmədiyindən, habelə müqavilənin və onun müddəasının etibarsızlığına dəlalət edən hallar müəyyən edilmədiyindən, bu dəlil də digər dəlillər kimi əsassızdır.

14. Belə ki, tərəflər arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, ********* saylı payçı müqaviləsinin 8.1, 8.6 və 8.7-ci bəndlərinə əsasən: cədvəl üzrə ödənişlərin 2 (iki) ay müddətindən artıq gecikdirildiyi halda, “MTK” müqaviləni bir ay müddətində ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra mənzilin qalıq borcu bağlanır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır. “Payçı” tərəfindən “MTK” ilə imzalanmış kredit müqaviləsinə üzrə təqdim olunmuş ödəniş cədvəlin əsasən kredit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrı-ayrılıqda 2 (iki) ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda qeyd olunan müqavilənn predmeti olan mənzil “MTK”-nın balansına keçir və “Payçı” qeyd-şərtsiz evi boşaltmalıdır. “Payçı” verilmiş cədvəl üzrə ödənişləri gecikdirərsə, gecikdirdiyi məbləğin hər günə görə 0.1 faiz cərimə hesablanır. Cərimə ödənişləri ödənildikdən sonra aylıq ödənişlər qəbul edilir.

15. Qeyd edilməlidir ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu anlamda diqqətə çatdırılmalıdır ki, mülki icraatın hədləri baxımından mübahisələndirilən dəlillərin məhkəmənin özü tərəfindən müəyyən edilməsi mümkün deyildir. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz və tələbdən kənar dəlillərin müzakirəsi isə prosessual cəhətdən və dispozitiv imkandan (diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal olaraq yolverilməzdir.

16. İddiaçının ümumilikdə cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi tələbi isə əsaslıdır və qalan hissədə təmin edilməsini istisna edən hallar müəyyən edilmir.

17. Məhkəmə xərclərinə dair kollegiya hesab edir ki, apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumuna dair məhkəmə xərcləri onu ödəyənlərin özlərinə aid edilməlidir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-425/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – Cavabdeh1 iddiaçı "Kristal Abşeron” MTK-nın xeyrinə 3500 manat məbləğində cərimə borcunun tutulması hissəsində ləğv edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar